Məhkəmə qərarları › İş №1(004)-211/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-211/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-211/2025 23.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “28 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 14 avqust 1985-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, Ağcabədi rayonu, Sarıcalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən gündəlik evlərdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdə saat 12:00 radələrində 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığı bir ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 1,099 qram olan ağ rəngli kristallik maddə kustar üsualla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib saxlamış və 26 noyabr 2024-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi 35 ünvanının qarşısında saxlanılaraq, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nə gətirilib üzərinə şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1,099 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonunda gündəlik evlərdə kirayə yaşayır. 26 noyabr 2024-cü il tarixdə saat 12:00 radələrində metronun “20 Yanvar” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata bir ədəd şəffaf selefona bükülmüş psixotrop maddə metamfetamin almış və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Həmin tarixdə saat 16:00-da isə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 35 ünvanının qarşısında iki nəfər mülki geyimdə özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşıb özlərini təqdim edib onu Yasamal RPİ-nin 28-ci polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı Roman Məmmədov tərəfindən xidməti otağında ona hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş metamfetamini çıxarıb təqdim etmişdir. Aşkar edilmiş maddə iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik maddələrin satışı ilə məşğul olmur. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Əməlindən peşman olduğunu və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Yasamal RPİ-nin 28-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. Təqsirləndirilən şəxs adlı şəxsin psixotrop maddələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə Yasamal RPİ-nin 28-ci PŞ- nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə onun rəhbərliyi altında 26 noyabr 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. Həmin tarixdə saat 16:00 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 ünvan 3 ünvanının qarşısında olan zaman orada dayanmış, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ona psixotrop maddələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 28-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Orada xidməti otaqların birində Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı polis mayoru Roman Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olundqan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf selofana bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman içərisində ağ rəngli, kristallik şəkildə olan, psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman başqa qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi şəffaf selofana bükülmüş bir büküm ağ rəngli, kristallik şəkildə olan, psixotrop maddə metamfetaminə bənzər maddə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki ağ rəngli kristallik maddə psixotrop maddə olan metamfetamindir. O, həmin psixotrop maddə metamfetamini həmin gün saat 12 radələrində Yasamal rayonu, 20 Yanvar metrosunun yaxınlığında tanımadığı kişi cinsli şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs psixotrop maddələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü təqdim təqdim edərək, həmin bükümün içərsində metamfetamin olduğunu bildirərək, həmin maddəni 26 noyabr 2024-cü il tarixdə saat 12:00 radələrdə 20 yanvar metrosunun yaxınlığında tanımadığı kişi cinsli şəxsdən 20 manata almış və üzərində saxlamışdır ki, istifadə etsin. 26 noyabr 2024-cü il tarixdə saat 16:00 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılaraq, Yasama RPİ-nin 28-ci PŞ-nə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf selefona bükülmüş bükümdə ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuş, aşkar olunmuş bükümdə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 167 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v. 33-34). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2024-cü il tarixli, 6/5313 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №167” dairəvi möhür əksi, “(imza) şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,099 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 40-44). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X13 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 1147 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (i.v. 82-84). “Maddi sübut kimi tanınması haqqında” 01 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılarkən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi təmiz çəkisi 1,099 qram olan xeyli miqdarda ağ rəngli kristallik maddə kustar üsualla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması, məhkəmə bioloji ekspertizası tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 1,049 qram təşkil edən həmin psixotrop maddə metamfetamin hissəsi saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilməsi qərara alınmışdır (i.v. 93). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X9 daxil olmuş xx.xx.2024-cü il tarixli, 6660 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur ( i.v. 103). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 daxil olmuş xx.xx.2024-cü il tarixli, 14682 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə yuxarıda adı göstərilən mərkəzdə könüllü olaraq stasionar müalicədə olmuşdur. Diaqnoz “Opioid qəbulu nəticəsində asılılıq sindromu” ( i.v. 104). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 daxil olmuş 21 dekabr 2024-cü il tarixli, 3-28-29/2-281/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb ( i.v. 105). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 fevral 2025-ci il tarixli, 664 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 109-110). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/5313 saylı rəyi və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 664 saylı rəyinin sübut əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə götürülmüş 1,099 qram psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınması, tədqiqata sərf edildikdən sonra qalıq 1,049 qram psixotrop maddə metamfetamin saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsinin iş üzrə nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd DVD diskin sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş metamfetaminin mənbəyini müəyyən etmək istiqamətində zəruri əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə qərarın surətinin Yasamal RPİ-nin 28-ci PŞ-nə göndərilməsi, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi müəyyən olunmadığından barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, bu barədə materialın ayrılaraq Yasamal rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini könüllü təqdim etməsi xüsusatı rədd edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 112-117). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 07 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdə, saat 16:00-dan tutulmuş hesab edilmişdir (i.v. 27). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-1053/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 26 noyabr 2024-cü il tarixdən, saat 16:00-dan hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 72-76). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 04 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Hüseynov X3 Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən AR CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, daha sonra Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cu il tarixli hökmünə əsasən AR CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 04 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlandığı nəzərə alınaraq azad edilmiş, daha sonra Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən barəsində AR CM-in 128-ci maddəsi ilə başlanılmış sadələşdirilmiş icraat üzrə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir (i.v. 90-92). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-176/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 17 mart 2025-ci il tarixədək uzadılmışdır. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X5 adında övladı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs AR CM-nin müxtəlif maddələri ilə müxtəlif vaxtlarda dəfələrlə məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal, həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində azyaşlı övladının olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünə məxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir. Cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, əlavə obyekti ictimai təhlükəsizlik və insanın sağlamlığıdır. Onun üzərində şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda psixotrop maddə metamfetaminin aşkar edilməsi cinayət əməlinin ictimai təhlükəliliyini artıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də məhkum olunmasını, məhkumluğu ödənilməsinə rəğmən yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut – psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “28 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 26 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin saxlancına verilmiş 1,049 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “28 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “28 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar