Məhkəmə qərarları › İş №1(004)-212/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-212/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-212/2025 17.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1980-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Masallı şəhəri, Vidadi küçəsi, ev 19-da qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, o, 05 yanvar 2025-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,773 qram olmaqla, təmiz çəkiləri 0,438 qram, 0,163 qram və 0,172 qram ağ rəngli kristallik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 3 (üç) ədəd bükümdə əldə edib özündə saxlayaraq daşımış, 06 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin ə21məkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 21:35-də ünvan 1 ünvanının qarşısında saxlanılaraq, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin inzibati binasına aparılmış, Şöbədə onun üzərində aparılmış şəxsi axtarış zamanı ümumi təmiz çəkisi 0,773 qram olan psixotrop maddə metamfetamin təmiz çəkiləri 0,438 qram, 0,163 qram və 0,172 qram olmaqla 3 (üç) ədəd bükümdə və üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd elektron tərəzi onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, o, narkotik vasitə istifadəçisidir. 05 yanvar 2025-ci il tarixdə o, Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manat müqabilində özünün istifadə etməsi məqsədi ilə 03 ədəd bükümdə psixotrop maddə olan metamfetamin almışdır. 06 yanvar 2025-ci il tarixdə o, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 24B ünvanda yerləşən binanın 5-ci blokda olan liftdən çıxan zaman polis əməkdaşları onu saxlayaraq, yaşadığı mənzilə aparın orada axtarış aparmışlar. Həmin vaxt onun üzərində psixtrop maddə olan metamfetamin olmuşdur. Bundan sonra həmin şəxslər onu Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə aparmışdırlar. Orada olan zaman müdafiəçinin iştirakı ilə video çəkiliş həyata keçirilməklə ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, o da əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı psixotrop maddə metamfetamini təqdim etmişdir. Onun üzərində elektron tərəzi olmamışdır. O, narkotik vasitə istifadəçisi olsa da, heç bir vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, pul müqabilində narkotik vasitə satmamışdır. Lakin bəzən başqa şəxslərə narkotik vasitə bağışlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06 yanvar 2025-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə ondan və şöbənin əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün yəni, 06 yanvar 2025-ci il, tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlməli olduğunu bildirmişlər, Araz isə onların bu təklifi ilə razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Orada polis əməkdaşının və müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla ona təklif olunmuşdur ki, üzərində qeyri qanuni əşya varsa, təqdim etsin. Bundan sonra Araz əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 3 ədəd bükümdə olan kütlələri və 1 ədəd qara rəngli kiçik həcmli elektron tərəzini masanın üzərinə qoymuş, polis əməkdaşının sualına cavab olaraq həmin bükülünün içərisində olan psixotrop maddə metamfetamini tanımadığı şəxsdən 50 manata şəxsi istifadə etmək məqsədilə alıb üzərində saxladığını bildirmişdir. Daha sonra həmin psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 3 ədəd bükümdə olan kütlələri və 1 ədəd qara rəngli kiçik həcmli elektron tərəzini təqdim etdi. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan maddələrin el arasında “patı” kimi tanınan metanfitamin olduğunu və həmin kütlələri xx.xx.2025-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən 50 manata şəxsi istifadə etmək məqsədilə aldığını bildirdi. Bundan əlavə elektron tərəzidən də narkotik vasitə və psixotrop maddələri alarkən çəkilərdə aldanılmaması üçün üzərində daşıdığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr və 1 ədəd qara rəngli kiçik həcmli elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən hər biri ayrı-ayrılıqda 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 169 saylı möhürü ilə möhürlənərək götürüldü. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. (i.v. 32-34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 07 yanvar 2025-ci il tarixli 6/24 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş, üzərində “.Təqsirləndirilən şəxs (imza)…” yazılan və imzalar olan iki ədəd zərfdə qablaşdırılmış, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,438 qram, 0,163 qram, 0,172 qram, ümumi təmiz çəkiləri 0,773 qram olan ağ rəngli kristallik maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 1 (bir) ədəd elektron tərəzinin üzərində psixotrop maddə - metamfetamina məxsus izlər aşkar edildi. Metamfetamin iz şəklində olduğu üçün təmiz çəkisini müəyyən etmək və bükümlərdə olan metamfetaminlərlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. (i.v. 48-50) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 PHŞ-in “Sağlamlığa zərər vurmanın təyini haqqında” (canlı şəxsin ekspertizası) xx.xx.2025-ci il tarixli, 15 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. (i.v. 91-93) “Baxış keçirmə haqqında” 09 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Xiaomi Redmi” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı telefonun üzərində iki ədəd, yəni ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrə olması aşkar olunmuşdur. Telefonun “Whatsapp” tətbiqinə baxış zamanı Elməddin Fəxrət adı ilə qeydiyyatdan keçmiş şəxsin adından “Qaqa biraz ot istəyirdime gəlim götürüm” daxil olan yazılı mesaj, +**********59 nömrəsilə qeydiyyatdan keçmiş nömrədən “qaqaş, 2 dənə t götürdüm haqhesabdan çıx” daxil olan səs mesajı və “ sənə 2 t lazımdı” göndərilmiş yazılı mesajı, Dima adı ilə qeydiyyatdan keçmiş nömrədən “Evdəsən brat? 15 düz qoş eləyərsən, alınar?” göndərilmiş yazılı mesaj, cavabda “hə” yazılı mesajı, “Onda gəlirəm də” daxil olan yazılı mesajı, ***-***-**-** nömrəsilə qeydiyyatdan keçmiş nömrədən “Araz abi, axşamın xeyir, nəyinsə var” daxil olan yazılı mesaj, cavab olaraq “Axşamın xeyir, yox axşam olacaq” göndərilmiş səsli mesaj, daxil olan yazılı mesaj, ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçmiş nömrədən “Gəlir, gəlsin xəbər edərəm” göndərilmiş yazılı mesaj, “Hə yaxşı qaqaş, onda sabah gələrəm də, indi gec olacaq,sən götür hazır elə mənə 20 manatlıq mən sabah gəlib götürərəm” daxil olan səsli mesaj, cavab olaraq “Ok, oldu” göndərilmiş yazılı mesaj, ***-***-**-** nömrəsilə qeydiyyatdan keçmiş nömrədən “Qaqaş sən allah bağışla, başıma biraz iş gəldi alındıra bilmədim” gönədrilmiş səsli mesaj, cavab olaraq “Qaqaş eybi yox allah bağışlasın, sabah nəsə alındıra bilərsən, ondan birin tapıb verə bilərsən mənə” və “Qaqaş salam necəsən, dərman işin neylədin qardaş” daxil olan səsli mesaj və yazılı mesaj mətnləri müəyyən olundu. (i.v. 96-100) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2025-ci il tarixli 28 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 143-144) “Sübutların qiymətləndirilməsi haqqında” 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 0,773 qram olan psixotrop maddə - metamfetamin və üzərində psixotrop maddə metamfetamina məxsus izlər olan bir ədəd elektron tərəzi, eləcə də 06 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntü olan bir ədəd disk, şəxsi axtarış zamanı sonuncunun üzərindən aşkar edilərək götürülmüş, üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan bir ədəd “Xiaomi Redmi” markalı mobil telefon, "xxxx" MMC-dən 06 fevral 2025-ci il tarixli, BKC/LGL-1852/25 nömrəli məktubla göndərilmiş bir ədəd və "xxxx" MMCdən 07 fevral 2025-ci il tarixli, 2269 nömrəli məktubla göndərilmiş bir ədəd CD disk maddi sübut kimi tanınmışdır. (i.v. 156-168) Məhkəmə, təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitələri satmaq niyyəti olmamasına dair ifadəsini cinayət işi üzrə irəli sürülmüş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi özünü müdafiə xarakteri daşımaqla cinayət işi üzrə mötəbər sübutlarla təkzib edildiyinə görə ittihamın həlli üçün kifayət edən sübut növü kimi qəbul edilə bilməz. Bundan başqa, cinayət əməlinin törədildiyi zaman qüvvədə olan “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında qeyd olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış niyyəti olmadan sadəcə dostlarına və tanışlarına həmin bükümləri bəxşiş şəklində verməsi məzmunda ifadəsini, təqsirləndirilən şəxsin mobil telefonuna baxış zamanı ona göndərilən “Qaqa biraz ot istəyirdime gəlim götürüm”, “qaqaş, 2 dənə t götürdüm haqhesabdan çıx”, “Evdəsən brat? 15 düz qoş eləyərsən, alınar?”, “Araz abi, axşamın xeyir, nəyinsə var”, “Abi, çıxdım evdən, axırıncı pulumdu, xayiş edirəm yaxşı qoyda onu” məzmunlu yazılı və səs mesajları, üzərində daşıdığı psixotrop maddə olan metamfetaminin 03 bükümdə olması və üzərində kiçik həcmli elektron tərəzi daşımasını nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:35-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 13) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 4(004)-16/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 yanvar 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 71-75) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14 mart 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün MTCM-nə keçirilmişdir. Masallı Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.(i.v. 115-117). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Masallı Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli hökmü üzrə məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.3-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.683 qram çəkisi olan metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 06 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntü olan bir ədəd disk, şəxsi axtarış zamanı sonuncunun üzərindən aşkar edilərək götürülmüş, üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan bir ədəd “Xiaomi Redmi” markalı mobil telefon, "xxxx" MMC-dən 06 fevral 2025-ci il tarixli, BKC/LGL-1852/25 nömrəli məktubla göndərilmiş bir ədəd və "xxxx" MMC-dən 07 fevral 2025-ci il tarixli, 2269 nömrəli məktubla göndərilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 06 yanvar 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 06 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər BPİ-nin Təhcizat şöbəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.683 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntü olan bir ədəd disk, şəxsi axtarış zamanı sonuncunun üzərindən aşkar edilərək götürülmüş, üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan bir ədəd “Xiaomi Redmi” markalı mobil telefon, "xxxx" MMC-dən 06 fevral 2025-ci il tarixli, BKC/LGL-1852/25 nömrəli məktubla göndərilmiş bir ədəd və "xxxx" MMCdən 07 fevral 2025-ci il tarixli, 2269 nömrəli məktubla göndərilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar