Məhkəmə qərarları › İş №1(004)-213/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-213/2021

05.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-213/2021 05.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, “Silk way” şirkətində sürücü işləyir, evli, Yardımlı rayonu, Televar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 1 mart 2021-ci il tarixdə saat 02:20-də Yasamal rayonu, Moskva prospekti 5 ünvanında tanışı Zərərçəkmiş şəxs ona “papaqlı oğlan” deyərək səslənib çağırmasına görə aralarında yaranmış mübahisə zamanı yumruq ilə sonuncunun üz nahiyəsindən vuraraq yerə yıxması nəticəsində Zərərçəkmiş şəxs sağ yanağın iç səthinin cırılması ilə müşayiət olunmuş qansızması və sağ said nahiyəsinin hematoması kimi bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 28.02.2021-ci il tarixdə saat 17 radələrində tanışı Emil və Elşənlə birlikdə taksi ilə Sumqayıt şəhərindən, Bakı şəhərinə, 20 Yanvar dairəsi yaxınlığında yerləşən “Günəş” restoranına getmişlər. Dostları ilə birlikdə “Günəş” restoranında əyləşib yemək yeyib, biraz vaxt keçirmişlər. Daha sonra restorandan çıxıb biraz ətrafda gəzib, yaşadıqları evə getmək üçün piyada “xxxx” ASC-nin qarşısından “Şamaxinka” adlanan əraziyə doğru getmişlər ki, orada taksiyə əyləşib yaşadıqları evə getsinlər. Onlar C.Cabbarlı adına kinostudiyanın yaxınlığında, Yasamal rayonu, Moskva prospekti 5 ünvanında yerləşən dayanacağa çatan zaman bir nəfər şəxsin onu papaqlı oğlan deyərək səslənib çağırdığını eşitmişdir. Dayanacağa doğru dönüb baxdıqda həmin şəxsin əvvəldən tanıdığı Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Sadiqin onu dostlarının yanında adını bildiyi halda papaqlı oğlan deyərək çağırması ona pis təsir etdiyindən, Sadiqə doğru yaxınlaşıb, “nə üçün onu papaqlı oğlan deyərək çağırdığını” soruşmuşdur. Bundan sonra onların aralarında sözlü mübahisə yaranmış və o, yumruq zərbəsi ilə Sadiqin sağ üz nahiyəsindən bir dəfə vurmuşdur. Sadiq zərbənin təsirindən yerə yıxılmış, bu zaman dostları Elşən və Emil onu tutaraq geri çəkmişlər. Daha sonra o, dostları ilə birlikdə hadisə yerindən uzaqlaşıb getmiş, 20-25 dəqiqə sonra hadisə yerinə geri qayıtdıqda polis əməkdaşlarını görmüş və onlarla birlikdə polis bölməsinə getmişdir. Yekun olaraq o zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışdığını bildirmiş, bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, 01.03.2021-ci il tarixdə saat 02 radələrində dostu Elməddin ilə görüşmək məqsədilə taksilə Şamaxanika adlanan əraziyə getmişdir. Taksidən Yasamal rayonu, Moskva prospekti 5 ünvanında yerləşən dayancaqda düşmüşdür. Həmin vaxt gecə olduğundan ətrafda heç kim olmamışdır. Taksidən düşüb Elməddinlə görüşüb bir qədər söhbət edib hal-əhval tutduqdan sonra Elməddin getmişdir. Bundan sonra o, yaşadığı evə getmək üçün taksi gözləmişdir. Bu zaman tanışı Təqsirləndirilən şəxs və yanında iki nəfər şəxslə birlikdə piyada ona doğru yaxınlaşdığını görmüşdür. Eldayağın başında papaq olduğu üçün o, zarafatyana sonuncuya papaqlı oğlan deyə səslənmişdir. Bundan sonra Eldayaq ona doğru yaxınlaşaraq “nə üçün papaqlı oğlan deyə səsləndiyini" soruşmuşdur. O, Eldayağa üzrxahlıq etmiş, bu zaman onların aralarında sözlü mübahisə yaranmış, Eldayaq yumruq ilə onun sağ üz nahiyəsindən vurmuş və o, yumruq zərbəsinin təsirindən yerə yıxılmışdır. Bu zaman Eldayağın yanında olan dostları onları aralamışlar, daha sonra onlar getmişlər. Yekun olaraq o Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş üzrə şahid qismində göstərilmiş Şahid1 icraat zamanı verdiyi, məhkəmədə tədqiq edilən, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair yekun protokolun 47-48-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 28.02.2021-ci il tarixdə dostu Eldayaq onu Bakı şəhərində yerləşən Günəş restoranına qonaq getməyi təklif etmiş, o, razılaşmışdır. O, Eldayaq və dostu Emil ilə birlikdə Sumqayıt şəhərindən, Bakı şəhərinə, 20 Yanvar dairəsi yaxınlığında yerləşən Günəş restoranına getmişlər. Dostları ilə birlikdə Günəş restoranında əyləşib yemək yeyib vaxt keçirmişlər. Daha sonra restorandan çıxıb ətrafda gəzib, yaşadıqları evə getmək üçün piyada xxxx ASC-nin qarşısından Şamaxinka adlanan əraziyə doğru getmişlər ki, oradan “bir manatlıq taksi”lərə əyləşib yaşadıqları evə getsinlər. Dostları ilə birlikdə C.Cabbarlı adına kinostudiyanın yaxınlığına, Yasamal rayonu, Moskva prospekti 5 ünvanında yerləşən dayanacağa çatan zaman bir nəfər şəxsin Eldayaqı papaqlı oğlan deyərək səslənib çağırdığını eşitmişdir. Dayanacağa doğru dönüb baxdıqda tanımadığı bir nəfər şəxsi görmüşdür. Eldayaq həmin şəxsə doğru yaxınlaşıb, “nə üçün papaqlı oğlan” deyərək çağırdığını bildirmişdir. Bu zaman Eldayaq ilə həmin şəxs arasında sözlü mübahisə yaranmış, Eldayaq həmin şəxsin sağ üz nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vurmuşdur. Həmin şəxs zərbənin təsirindən yerə yıxılmış, Emil və o, Eldayaqı tutaraq geri çəkmişdir. Daha sonra onlar birlikdə hadisə yerindən uzaqlaşıb getmişlər, təxminən 20- 25 dəqiqə sonra hadisə yerinə geri qayıtdıqda polis əməkdaşlarını görmüşlər və birlikdə polis bölməsinə gəlmişlər. İş üzrə şahid qismində göstərilmiş Şahid2 icraat zamanı verdiyi, məhkəmədə tədqiq edilən, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair yekun protokolun 50-51-ci vərəqlərində olan ifadəsində digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha öz ifadəsi ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: “Hadisə yerinə baxış keçirilməsi barədə” 01 mart 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, Moskva prospekti 5 ünvanıdır. Baxış zamanı həmin ünvanda avtobus dayanacağı yerləşir. Baxış keçirilən zaman zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə yerini göstərərək Təqsirləndirilən şəxs tərəfindən məhz həmin yerdə döyüldüyünü bildirmişdir. Yaxınlıqda 20 Yanvar körpüsü, Azərbaycan X1 İnstitutu, C.Cabbarlı adına kinostudiya yerləşməsi müəyyən edilmişdir. Avtobus dayanacağının arxası açıq sahədir, ətrafda yaşayış binası, iaşə obyektləri yoxdur. Baxış zamanı hadisə yerində video müşahidə kamerası aşkar edilməmişdir. (i.v. 7-8) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 01 mart 2021-ci il tarixli, 134 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki aşkar edilmiş xəsarətlər - sağ yanağın iç səthinin cırılması ilə müşayiət olunmuş qansızması və sağ said nahiyəsinin hematoması küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 01.03.2021-ci ildə törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. (i.v. 14-16) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 mart 2021-ci il tarixli arayışından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 46) “Sübutların qiymətləndirilməsi barədə” 10 mart 2021-ci il tarixli qərardan görünür ki, material üzrə ifadələr, baxış protokolu və ekspertiza rəyi sübut növü kimi qəbul edilmişdir. (i.v. 56-59) Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıb. Ona dəymiş ziyanı tamamilə ödəyib. Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışıb. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar