Məhkəmə qərarları › İş №1(004)-214/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-214/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-214/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 oktyabr 2023-cü il tarixdə saat 17:10-da Bakı şəhəri,Yasamal rayonu, Müstəqillik küçəsində yerləşən "xxxx" MTK-nın “Park Yasamal” Yaşayış Kompleksi ərazisindəki 15 nömrəli, 25 oktyabr 2023-cü il tarixdə,saat 18:30-da 40 nömrəli və 04 noyabr 2023-cü il tarixdə saat 19:00-da 39 nömrəli 12 mərtəbəli tək bloklu yaşayış binalarının damının giriş qapılarının kilidini sındırma yolu ilə binaya qanunsuz daxil olmaqla hər bir binadan metrinin qiyməti 17 manat olan 850 (səkkiz yüz əlli) manat dəyərində 50 metrə olmaqla cəmi 150 metrə uzunluğunda “MT2000-10 Lux” markalı mis əsaslı ərintidən hazırlanmış 7,7 mm diametrli ildırım ötürücüsü kabeli vahid niyyətlə əhatə olunan qəsdlə gizli talayıb ələ keçirərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MTK-ya ümumilikdə 2550 (iki min beş yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında iki azyaşlı övladı və arvadından ibarət ailə üzvləri ilə birlikdə yaşamış, heç yerdə rəsmi olaraq çalışmamış, fərdi qaydada təmir-tikinti sahəsində fəhlə kimi çalışmışdır. Əvvəllər Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 2023-cü ilin oktyabr ayında maddi çətinlik çəkməsi səbəbindən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə 18 oktyabr 2023-cü il tarixdə günün birinci yarısında Bakı şəhəri, Yasamal rayonu, MİDA Yaşayış Kompleksi “Park ünvan 3 ünvanına gedərək 15 nömrəli 12 mərtəbəli binanın damındakı mis əsaslı ərintidən hazırlnmış mis kabeli kəsib oğurlmaq qərarına gəlmiş və bu barədə müşahidələr apararaq fikrini dəqiqləşdirib ünvanı təyin etdikdən sonra ərazini tərk edərək günün ikinci yarısında təkrar həmin ünvana gələrək tək bloklu binanın girişindən sonuncu mərtəbəyə qalxaraq damın qapı kilidini sındırmaqla dama daxil olmuş və saat 17:10-da damın üzərindəki ildırım ötürücüsü mis kabelin 50 metrəlik hissəsini özü ilə apardığı kəlbətinlə kəsib topa şəklində əzib toplayaraq binanın arxasına atmış, sonra yerə düşüb həmin metalı oradan oğurlayıb yaşadığı ünvana tərəf aparmışdır. Yolda qarşıısına çıxan tanımadığı əlvan metal toplayanlara oğurladığı mis kabelləri əzilmiş vəziyyətdə özününkü adı ilə kiloqramını 9 manatdan satıb 45 manat pul əldə edib şəxsi məsrəflərinə xərcləmişdir. Aradan təxminən bir həftə keçmiş, yəni 25 oktyabr 2023-cü il tarixdə pula ehtiyacı olduğu üçün həmin ünvandan oğurluq etməyə qərar vermiş, saat 15 radələrində ərziyə gedərək müşahidə parıb 40 nömrəli binanın damından oğurluq edəcəyini dəqiqləşdirdikdən sonra ərazini tərk edib günün ikinci yarısında münasib hesab etdiyi saat 18 radələrində həmin ünvana qayıtmış və 40 nömrəli binanın damının qapı kilidini sındıraraq dama daxil olmuş və saat 18:30 radələrində 50 metrə uzunluğunda ildırım ötürücüsü mis metal kabellərini eyni qaydada özü ilə apardığı kəlbətinlə kəsib toplayaraq yerə atmış və sonra yerə düşüb oradan mis metalları oğurlayıb hadisə yerindən uzaqlaşmışdır. Yolda qarşısına çıxan tanımadığı VAZ-21011 markalı avtomobili iradə edən kişi cinsindən olan adını bilmədiyi və tanımadığı dəmir yığan şəxsə həmin mis kabelləri özününkü adı ilə 40 manata satmışdır. Bundan sonra, eyni qaydada 04 noyabr 2023-cü il tarixdə saat 13.00 dan 14.00 dək əraziyə gedərək müşahidə aparıb bu dəfə 39 nömrəli binadan oğurluq edəcəyini dəqiləşdirdikdən sonra ərazini tərk etmiş, günün ikinci yarısı axşam radələrində həmin ünvana gedərək 39 nömrəli binanın damındakı qapı kilidini sındıraraq dama daxil olmuş və oradan 50 metrə uzunluğunda ildırım ötürücüsünün mis metaldan ibarət kabellərini kəsib bükərək torbaya yığıb yerə atmış və sonra yerə düşərək həmin torbanı götürüb oradan uzaqlaşmışdır. Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində qarşısına çıxan tanımadığı metal yığanlara hər kiloqramını 9 manatdan satıb 45 manat əldə edərək şəxsi məsrəflərinə xərcləmişdir. 06 noyabr 2023-cü il tarixdə ünvan müəyyənləşdirmək üçün həmin əraziyə getmiş, saat 13:30-da 39 saylı binanın damına çıxaraq oradan ətrafdakı binalar üzərinə baxmaq istərkən saat 14 radələrində mühafizəçilər onu görmüş və damda nə iş gördüyünü və nə üçün gəldiyini soruşmuşlar. Özünü şübhəli apardığından onlar onu “Park Yasamal” kompleksinin rəhbərliyinin yanına aparacaqlarını dedikdə maddi çətinlik ucbatından 15, 39 və 40 nömrəli binaların damına çıxmaq üçün qapı kildini sındıraraq dama daxil olmuş və damlardakı ildırım ötürücüsü mis kabellərini kəsib oğurladığını etiraf etmişdir. Bundan sonra mühafizəçilər ona heç bir fiziki zor və psixi təsir göstərmədən “Park Yasamal” kompleksinin rəhbərliyinin yanına aparmış və oradada oğurluq etdiyini bir daha səmimi etiraf etmişdir. Bundan sonra onlar bu barədə polisə məlumat vermiş, Ysamal RPİ-nin 28-ci PB-nin əməkdaşları onu həmin PB-nə aparmışlar. Əməlindən peşimandır, iki körpə uşağı var, ailədə maddi gəlir gətirəni yoxdur və işi olmadığından oğurluq etmək məcburiyyətində olmuşdur. Metalın kəsilməsində istifadə etdiyi kəlbətin sındığından Yasamal rayon ərazisində dəqiq bilmədiyi ünvanda zibil qutusuna atmış, onunla oğurluqda başqa kimsə iştirak etməmiş və oğurluq etməyi ilə bağlı ailə üzvləri, yaxın doğmaları və ətrafındakılar məlumatsız olmuşlar. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, o, hüquqşünasdır və "xxxx" MTK-da işləyir. "xxxx" MTKnın “Park Yasamal” Yaşayış Kompleksinin ərazisindəki 15, 39 və 40 nömrəli 12 mərtəbəli yaşayış binalarının damında quraşdırılmış mis əsaslı ərintidən hazırlanmış ildırım ötürücüsü kabellərin hər metrinin qiyməti 17 manat təşkil etmişdir. Oğurluğun baş verdiyi 15, 39, 40 nömrəli binaların hər birindən 50 metrə olmaqla cəmi 150 metrə uzunluğunda “MT2000-10 Lux” markalı ildırım ötürücüsü kabel oğurlanmışdır. Oğurluğu törədən şəxs Təqsirləndirilən şəxs "xxxx" MTK-nın mühafizəçiləri tərəfindən tutularaq polis əməkdaşlarına təhvil verilmişdir. Həmin şəxs, özünün də etiraf etdiyi kimi 18 oktyabr 2023cü il, 25 oktyabr 2023-cü il və 04 noyabr 2023-cü il tarixlərdə "xxxx" MTK-nın “Park Yasamal” Yaşayış Kompleksi ərazisindəki 15, 39 və 40 nömrəli 12 mərtəbəli yaşayış binalarının damının giriş qapılarının kilidini sındırma yolu ilə dama daxil olmuş və orada şirkət tərəfindən quraşdırılmış mis əsaslı ərintidən hazırlanmış, hər binadan 50 metrə olmaqla ümumilikdə 150 metrə uzunluğunda ildırım ötürücüsü kabelləri kəsərək gizli olaraq talamışdır. Oğurluq nəticəsində "xxxx" MTK-ya ümumilikdə 2550 (iki min beş yüz əlli) manat məbləğində maddi ziyan vurulmuşdur. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Yasamal rayonu “MİDA” Yaşayış Kompleksində yerləşən "xxxx" MTK-nin“ Park Yasamal” Kompleksinin komendantıdır. 2023-cü ilin noyabr ayının əvvəllərində Yasamal rayonu “MİDA” Yaşayış Kompleksində yerləşən "xxxx"MTK-nin“Park Yasamal” Kompleksinin 15, 39 və 40 nömrəli binalarının damındakı, hər biri 50 metrə uzunluğunda olan mis əsaslı ərintidən hazırlanmış ildırım ötürücülərinin oğurlanması rəhbərliyə məlum olmuşdur. 06 noyabr 2023cü il tarixdə saat təxminən günorta saatlarında 39 nömrəli binanın damında bir nəfər sonradan adının Təqsirləndirilən şəxs olduğu məlum olan şəxsin saxlanılması barədə məlumat verilmişdir. Saxlanıldığı zaman həmin şəxs özü etiraf etmişdir ki, 18 oktyabr 2023cü il, 25 oktyabr 2023-cü il və 04 noyabr 2023-cü il tarixlərdə 15, 39 və 40 nömrəli binaların damına giriş qapısının kilidini sındırmaqla daxil olmuş və hər dəfəsində 50 metrə ölçüdə ildırım ötürücülərini oğurlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yenidən oğurluq etmək üçün 39 nömrəli binanın damına çıxmış və orada olan zaman mühafizəçilər tərəfindən saxlanılmışdır. Törədilmiş oğurluq hadisəsi barədə Yasamal RPİnin 28-ci PB-nə məlumat verilmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 110-112-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Yasamal rayonu “MİDA” Yaşayış Kompleksində yerləşən "xxxx" MTK-nin “Park Yasamal” Kompleksində mühafizə rəisi işləyir. "xxxx" MTK tərəfindən “Park Yasamal” Yaşayış Kompleksinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsində hər biri 12 mərtəbədən ibarət yaşayış binaları inşa edilmiş və əksəriyyəti yaşayış üçün sakinlərə satılmışdır. Tikintisi tamamlanmış hər bir binanın damında ildırımdan qorunma üçün şirkət tərəfindən “MT-2000-10 LUX” markalı ildırım ötürücüsü quraşdırılmış və hər damın üzərinə antendən şaxələnməklə 50 metrə mis əsaslı ərinti metaldan hazırlanmış mis kabeldən istifadə edilmişdir. Yaşayış binaları, binanın daxilində və damında şirkət tərəfindən quraşdırılmış hər bir avadanlıq, həmçinin tikintinin ərazisində quraşdırılmış və yeni daxil olmuş avadanlıqlar şirkətin mühafizəçiləri olaraq növbəlilik əsasında onun və və qeyriləri tərəfindən gecə-gündüz mühafizə edilir. 2023-cü ilin noyabr ayının əvvəllərində ərazini gəzərkən Yasamal rayonu “MİDA” Yaşayış Kompleksində yerləşən "xxxx" MTK-nin“Park Yasamal” Kompleksinin 15, 39 və 40 nömrəli binalarının damındakı, hər biri 50 metrə uzunluğunda olan mis əsaslı ərintidən hazırlanmış ildırım ötürücülərinin naməlum şəxs tərəfindən kəsilərək oğurlandığı mühafizəçi Şahid3 tərəfindən aşkar edilmiş və bu barədə mühafizə rəisi olaraq ona məlumat verildikdə oda öz növbəsində şirkətin rəhbərliyinə məlumat vermişdir. Rəhbərliyin göstərişi ilə bütün binalar onların tərəfimindən ciddi nəzarətə götürülmüşdür. 06 noyabr 2023-cü il tarixdə saat təxminən 14 radələrindən mühafizəçi Şahid3lə birlikdə 39 nömrəli binanın damında bir nəfər sonradan şəxsiyyəti məlum olan xx.xx.1987-ci ildə ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin gəzibdolaşdığını müşahidə etmiş və dərhal həmin binanın damına qalxıb Elşən adlı şəxsin orada nə iş gördüyünü soruşmuşlar. Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, damın üstünə ildırım ötürücüsü oğurlamaq üçün gəlmişdir. Bundan sonra dərhal Elşənlə birlikdə şirkətin filial rəhbərinin yanına getmiş və rəhbərlik tərəfindən də Elşən dinlənildikdə sonuncu bir daha etiraf etmişdir ki, o, 18 oktyabr 2023-cü il, 25 oktyabr 2023-cü il və sonuncu dəfə 04 noyabr 2023-cü il tarxlərdə 15, 39 və 40 nömrəli binaların damına, dama giriş qapısının kilidini sındırmaqla daxil olaraq hər dəfəsində 50 metrə ölçüdə ildırım ötürücülərini oğurlamış və xx.xx.2023-cü il tarixdəsaat 14 radələrində yenidən oğurluq etmək üçün gələrək 39 nömrəli binanın damına çıxıb orada ildırım ötürücüsü ararkən onlar tərəfindən saxlanılmışdır. Şirkətin filialnın müdüri tərəfindən bu barədə polisə məlumat vermək lazım olduğuna dair göstəriş verildikdə filialın komendantı Şahid1 Yasamal RPİ-nin 28-ci PB-nə ərizə ilə müraciət edib məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gələrək Təqsirləndirilən şəxs adlı şəxsi PB-nə aparmışlar. Komendant Şahid1 ona məlum olmuşdur ki, Elşən adlı şəxs PB-də olarkən bir daha etiraf edərək bildirmişdir ki, maddi çətinliyi ilə bağlı Yasamal rayonu “MİDA” Yaşayış Kompleksində yerləşən "xxxx" MTK-nin “Park Yasamal” Kompleksinin 15, 39 və 40 nömrəli binalarının damındakı, hər biri 50 metrə uzunluğunda olan mis əsaslı ərintidən hazırlanmış ildırım ötürücülərini kəlbətinlə kəsib tanımadığı metal tullantıları alıcılarına satmış və əldə etdiyi pulları şəxsi məsrəflərinə istifadə etmişdir. Filialın rəhbərliyinin deməsinə görə Təqsirləndirilən şəxs oğurluğu nəticəsində "xxxx" MTK-ya 2550 manat məbləğində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Yasamal rayonu “MİDA”Yaşayış Kompleksində yerləşən "xxxx" MTK-nin “Park Yasamal” Kompleksinin ofisinə aparılarkən saxlandığı və ya sonrakı vaxtlarda ona qarşı hər hansı fiziki zor, psixi təzyiq göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş X4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 114-116-cı vərəqlərində olan ifadəsində Şahid2 ifadəsində göstərilən xüsusatlatı təsdiq etməklə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri,Yasamal rayonu “MİDA” Yaşayış Kompleksində yerləşən "xxxx" MTK-nin“ Park Yasamal” Kompleksinin komendantı və digər işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 15, 39 və 40 nömrəli binaların damında quraşdırılmış mis əsaslı ərintidən hazırlanmış 150 metrə uzunluğunda mis kabellərin hər metrəsi 17 manat olmaqla 2550 manat olduğu göstərilmişdir. (i.v. 15) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri,Yasamal rayonu “MİDA” Yaşayış Kompleksində yerləşən "xxxx" MTK-nin“Park Yasamal” Kompleksinin 15, 39 və 40 nömrəli binalarının damının qapı kilidlərini sındırmaqla göstərilən binaların damında quraşdırılmış mis əsaslı ərintidən hazırlanmış 150 metrə uzunluğunda mis kabelləri oğurladığını yerində göstərməklə təsdiq etmişdir. (i.v. 16-28) “İfadənin yerində yoxlanılması haqqında” 08 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsini yerində təsdiq etmiş və maddi çətinliyi ilə əlaqədar Bakı şəhəri,Yasamal rayonu “MİDA” Yaşayış Kompleksində yerləşən "xxxx" MTK-nin“Park Yasamal” Kompleksinin 15, 39 və 40 nömrəli binalarının damının qapı kilidlərini sındırmaqla göstərilən binaların damında quraşdırılmış ildırım ötürücüsü antenlərdən hər biri 50 metrə uzunluğunda olan mis əsaslı ərintidən hazırlanmış 150 metrə uzunluğunda mis kabelləri oğurlayıb özününkü adı ilə tanımadığı metal yığan şəxlərə satdığını etiraf etmişdir. (i.v. 99- 101) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6309-9/9287 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 542,88 qram kütləli, təxminən 1 m uzunluğqlu və 7,7 mm diametrli kabel nümunəsinin mis əsaslı ərintidən hazırlandığı,xx.xx.2023,xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə orta bazar qiymətinin 1(bir) metr üçün 12(on iki) manat olduğu müəyyən edilmişdir. (i.v. 127-130) “Sübutların qiymətləndirilməsi haqqında” 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanması və həmin istintaq hərəkətinin videolentə alınmaqla elektron məlumat daşıyıcısı 1 ədəd DVD diskə köçürülmüş diskdəki məlumatlar, 542,88 qram kütləli, 1 m uzunluqlu və 7,7 mm diametrli kabel nümunəsi iş üzrə maddi sübut kimi tanınmaqla 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmış və kabel nümunəsi isə Yasamal RPİ-nin maddi sübutlar saxlanılan anbarına təhvil verilmişdir. (i.v. 142-154) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-nin: 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 oktyabr 2023-cü il tarixdə saat 17:10-da Bakı şəhəri,Yasamal rayonu, Müstəqillik küçəsində yerləşən "xxxx" MTK-nın “Park Yasamal” Yaşayış Kompleksi ərazisindəki 15 nömrəli, 25 oktyabr 2023-cü il tarixdə,saat 18:30-da 40 nömrəli və 04 noyabr 2023-cü il tarixdə saat 19:00-da 39 nömrəli 12 mərtəbəli tək bloklu yaşayış binalarının damının giriş qapılarının kilidini sındırma yolu ilə binaya qanunsuz daxil olmaqla hər bir binadan metrinin qiyməti 17 manat olan 850 (səkkiz yüz əlli) manat dəyərində 50 metrə olmaqla cəmi 150 metrə uzunluğunda “MT2000-10 Lux” markalı mis əsaslı ərintidən hazırlanmış 7,7 mm diametrli ildırım ötürücüsü kabeli vahid niyyətlə əhatə olunan qəsdlə gizli talayıb ələ keçirərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MTK-ya ümumilikdə 2550 (iki min beş yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6309-9/9287 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 542,88 qram kütləli, təxminən 1 m uzunluğqlu və 7,7 mm diametrli kabel nümunəsinin mis əsaslı ərintidən hazırlandığı,xx.xx.2023,xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə orta bazar qiymətinin 1(bir) metr üçün 12(on iki) manat olduğu müəyyən edilmişdir. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş hüquqi şəxsə məxsus 01 metrinin qiyməti 17 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 27 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6309-9/9287 saylı rəyində həmin kabelin 01 metrinin qiyməti 12 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsdən 150 metrə uzunluğunda “MT2000-10 Lux” markalı kabeli oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 1800 manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da tutulmuşdur. (i.v. 43) AZ-İİİ №272739 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014cü il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. (i.v. 73) AZ-İV №089022 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018ci il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxsdur. (i.v. 74) Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-875/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 92-95) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 117-118) "xxxx" MTK-nın sədr müavini Fikrət Məmmədov tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Hazırda heç bir şikayət və tələbləri yoxdur. Həbslə bağlı olmayan cəza təyin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən – xx.xx.2023-cü il tarixə kimi cəzasının 03 ay 10 gününü çəkmiş 05 ay 10 günü çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 1(009)-71/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. Lakin ona törətdiyi əmələ münasibətdə Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 07 noyabr 2023-cü il tarixdən 23 may 2024-cü il tarixədək olan 06 (altı) ay 16 (on altı) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Həbs” qətimkan tədbiri ləğv edilməli və onun barəsində “Başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 170 (bir yüz yetmiş) manat Təqsirləndirilən şəxs dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş 542.88 qram kütləli, təxminən 1 metr uzunluqlu və 7.7 mm diametrli kabel nümunəsi zərərçəkmiş hüquqi şəxs "xxxx" MTK-ya qaytarılmalı və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Zəfər” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 1(009)-71/2023 saylı hökmü ilə təyin olunmuş və 07 noyabr 2023-cü il tarixinə çəkilməmiş qalan 05 (beş) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 07 noyabr 2023-cü il tarixdən 23 may 2024cü il tarixədək olan 06 (altı) ay 16 (on altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesablanmaqla, 01 (bir) il 01 (bir) ay 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş 542.88 qram kütləli, təxminən 1 metr uzunluqlu və 7.7 mm diametrli kabel nümunəsi zərərçəkmiş hüquqi şəxs "xxxx" MTK-ya qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 170 (bir yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X2, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Zəfər” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar