Məhkəmə qərarları › İş №1(004)-217/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-217/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-217/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X9 iclas katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X7 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Qanuni nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 dövlət büdcəsi vəsaiti hesabına təyin edilmiş vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X12 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X13 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X13 Azərbaycan Respublikası Milli X4 sədridir və Azərbaycan Respublikası Milli Məclisinin dördüncü və beşinci çağırış deputatı olmuşdur. X10 tərəfindən gözləmədiyi halda “Facebook” sosial şəbəkəsində şərəf və ləyaqəti alçaldılaraq, eyni zamanda işgüzar nüfuzuna zərər vurularaq nalayiq formada təhqir olunmuşdur. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə saat 20:21-də Eynulla Fətullayev öz facebook səhifəsində özünə məxsus profildə onun şəkilini qoyaraq ona ünvanlanmış yazı vermişdir. Həmin yazıda qeyd edilir ki, “X8 babası haqqında maraqlı və düşündürücü hadisə nəql edir. 30-cu illərdə Ordubadda hələ də Sovetləri qəbul etməyib, silaha sarılan qaçaq bəylər mübarizə aparmış, ara-bir İrana keçib, qayıdıb yeni quruluşa qarşı partizan müharibəsi taktikasından istifadə edirmişlər. Lakin günlərin bir günü NKVD-nin cəsusu Quliyevin babası qaçaqların gizləndiyi yeri göstərir, onları satır. Qaçaqlar silahlı müqavimət göstərir, çoxu döyüş meydanında qəhrəmancasına həlak olur. Digərləri həbs olunur və sürgünə göndərilir. Onlardan biri and içir ki, nə zamansa satqını cəzalandıracaq. İllər keçdikdən sonra qaçqınlardan biri sürgündən Ordubada qayıdır... X24 babasını yaxalayır, qulaqlarını kəsir, mismarla ağaca taxır... Özünü isə öldürür. Genetikaya dərin inam və ehtiramla!”. Beləliklə qeyd olunan yazıda babası satqınlıqda ittiham olunmaqla yanaşı qulaqlarının kəsilməklə ağaca taxılmağı, xüsusi ironya ilə “genetikaya dərin inam və ehtiramla" ifadəsi işlədilməklə ağır təhqirə və böhtana məruz qalmışdır. Həmin yazı Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyi və seçki dövründə dərc edilməklə bu çirkin təbliğat xarakteri daşımış, məqsədli şəkildə ona qarşı aparılmaqla bilavasitə onun nüfuzdan salınmasına və təhqir edilməsinə yönəlmiş, seçki zamanı onu ləkəmək məqsədi güdülmüşdür. Baxmayaraq ki, onun babası X14 1967-ci ildə Ordubad rayonunun Üstüpükən kəndində Aşura günü məsciddə dünyasını dəyişmişdir. Ərizədə qeyd edilmişdir ki, xx xxxxx 2007-ci ildə Yasamal Rayon Məhkəməsinin qərarı ilə Qaçqın və Məcburi Köçkünlərin X5 sədri Tatyana Çaladzenin ərizəsi əsasında hazırda barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş jurnalist Eynulla Fətullayev 2005-ci ildə dərc etdiyi "Qarabağ gündəliyi" adlı silsilə yazılarında xocalıları təhqir etməkdə təqsirli bilinmiş və ona 2 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa Azərbaycan Respublikası MTN-də istintaqı aparılan cinayət işi ilə əlaqədar E.Fətullayev Bayıldakı istintaq təcridxanasından MTN-in təcridxanasına köçürülmüş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham elan edilmişdir. Eyni zamanda istintaq orqanı tərəfindən E.Fətullayevə külli miqdarda vergidən yayınmaya görə də (213.2.2-ci maddə) ittiham verilmişdir. xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Ağır X18 üzrə Məhkəməsi tərəfindən E.Fətullayevə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Eynulla Fətullayev xx xxx 2011-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılmışdır. Lakin məhkumluq həyatı Eynulla Fətullayevi islah etməmiş və heç bir ədavəti olmadığı halda özünə məxsus facebook səhifəsində ona məxsus şəkili paylaşaraq, şəklin üst hissəsində babası haqqında ona ünvanlanmış həqiqətə uyğun olmayan təhqirdən ibarət ifadələr işlətməklə yenidən cinayət törətmişdir. Belə ki, Eynulla Fətullayevin facebook sosial şəbəkəsində çoxsaylı dostu və izləyicisi, həmin izləyicilər arasından isə həm də onun ortaq dostları vardır. Belə bir təhqir mənəvi və fiziki sarsıntıların dərəcəsində ona mənfi təsir göstərmiş, şərəf və ləyaqəti ayaqlar altına sərilmiş, işgüzar nüfuzunu, eyni zamanda ictimaiyyət arasında illərlə bahasına qazandığı hörmət və ehtiramını puç edilməyə cəhd edilmişdir. Eynulla Fətullayev insan hüquq və azadlıqlarının, böhtan və təhqirin nə demək olduğunu yaxşı bilməsinə baxmayaraq onun haqqında mənfi imic formalaşdırmaq məqsədi ilə qeyd olunan yazını özünə məxsus profildən paylaşmışdır. Halbuki, onun babası nüfuzlu şəxs olmaqla yanaşı öz dövrünün tanınmış vətənpərvər şəxsi olmuş, əgər Eynulla Fətullayevin babası ilə və ya nəslinin hər hansı bir nümayəndəsi ilə ədavəti olmuşdursa bunu yalnız qanuni yollarla həll etmək olar, həmin faktlarla bağlı ona qarşı hüquq mühafizə orqanlarına müraciət edilə bilərdi. Göstərilənlərə əsasən ərizəçi hesab edir ki, şərəf və ləyaqətinin nəlayiq formada qəsdən alçaldılması ilə ona maddi və mənəvi zərər vurulmuş, psixi sarsıntılar keçirmiş, barəsində şikayət verilmiş E.Fətullayevin məqsədi onu və ya qohumlarından hər hansı birini qanuna zidd hərəkət etməyə təhrik etmək və bu hərəkəti isə onun adı ilə bağlamaq olmuşdur. Şikayət ərizəsində diqqətə çatdırılmışdır ki, ərizəyə sübut olaraq X3 öz facebook səhifəsində qoyduğu fotoşəkil və həmin şəkilin altında yayılan təhqir dolu ifadələrin fotoşəkilləri əlavə edilmişdir. Belə ki, hazırki xüsusi ittiham qaydasında verilmiş ərizə hər hansı qərəzli münasibətin və prinsipiallığın nəticəsi deyildir, hər şeydən ali olan ədalətin bərpasına yönəlmiş addımdır. Odur ki, qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayət ərizəsində X10 barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılması, onun xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsi və onun barəsində CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş ən ağır cəza, yəni 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərar qəbul qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X11 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Qanuni nümayəndə məhkəməyə X7 adından vəsatət təqdim edərək onun nümayəndəsi qismində işə buraxılmasını xahiş etmişdir. Məhkəmə X2 məcburi qaydada gətirilməsi barədə qərar qəbul etmiş, lakin Yasamal RPİ-nin 26-cı PB-nin xx xxxxxx 2020-ci il tarixli 092-15111 nömrəli məktubundan müəyyən edilmişdir ki, onun qeydiyyatda olduğu ünvan sökülmüş və hazırda harada yaşaması barədə heç bir məlumat yoxdur. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 məhkəmənin hazırlıq iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X7 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Qanuni nümayəndə şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək xüsusi ittiham qaydasında şikayətin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallar əsasında vəkil Qanuni nümayəndə bildirmişdir ki, ilkin olaraq məhkəməyə təqdim edilmiş və qeydiyyatdan keçmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinin giriş hissəsində texniki səhv olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 təvəllüdü “1976“ əvəzinə “1975” kimi qeyd edilmiş, bundan başqa həmin ərizə X7 özü tərəfindən imzalanmasına baxmayaraq yenə də texniki səhv olaraq imzadan sonra “Xüsusi ittihamçı X7 əvəzinə” sözləri qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 dövlət büdcəsi vəsaiti hesabına təyin edilmiş vəkil Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X15 bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək vəzifəsi həmin ərizəni vermiş şəxsin üzərinə düşür, yəni xüsusi ittiham qaydasında şikayət vermiş şəxs ərizəni Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq tərtib etməli, məhkəmə aidiyyətini düzgün müəyyən etməli, eyni zamanda məhkəmə iclasında şəxsən iştirak etməlidir, belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin məhkəmə iclasında üzrsüz səbəbdən iştirak etməməsi ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi üçün birbaşa olaraq əsas rolunu oynayır. X1 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məzmunundan aşkar surətdə görünür ki, o, Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinin xüsusi ittihamçı X7 əvəzinə imzalanması qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş ilkin notarial qaydada verilmiş etibarnamədən isə görünür ki, X13 tərəfindən vəkil Qanuni nümayəndə ümumi olaraq ərizə vermək hüququ verilməsinə baxmayaraq xüsusi ittihamçı kimi ərizə vermək, bununla da onun adından hər hansı bir şəxsi cinayət məsuliyyətinə cəlb edilməsini tələb etmək hüququ verilməmişdir. Yalnız məhkəməyə ərizə verildikdən sonra yeni etibarnamə verilmiş və sonuncu verilmiş etibarnamədə xüsusi ittiham qaydasında ərizə vermək hüququ vəkilə etibar edilmişdir. Bundan başqa xüsusi ittihamçı özü şəxsən məhkəmə iclasında iştirak etməli və ona CM-nin 296-cı maddəsi ilə məsuliyyət barədə xəbərdarlıq edilməlidir. Eyni zamanda işin hallarından görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 hazırda qeydiyyatda olduğu ünvan Yasamal rayonu İ.Qutqaşınlı küçəsi döngə 16 söküldüyündən onun hazırda yaşayış yeri müəyyən edilməmiş, xüsusi ittiham qaydasında şikayət ərizəsinə isə barəsində şikayət verilmiş şəxsin yaşayış yeri üzrə aidiyyəti məhkəmə tərəfindən baxılmalıdır. Odur ki, göstərilənlərə əsasən X15 xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini və ona əlavələri, şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1)şikayət həmin məhkəməyə aid olmadıqda; 2)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3)şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4)cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6)cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7)şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8)şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1) şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Həmin Məcəllənin 302.3-cü maddəsinə görə məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin imperativ tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Dolayısı ilə xüsusi ittiham qaydasında yol verilmiş nöqsanların yenidən əlavə ərizə təqdim etməklə aradan qaldırılmasının mümkünlüyü göstərilməmişdir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1)şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2)törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3)cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4)şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5)cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6)şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikasının CPM-nın 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 299.11-ci maddəsinə görə məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş bu Məcəllənin 299.8 və 299.9-cu maddələrində göstərilənlər nəzərə alınmaqla cinayət prosesi iştirakçılarının məhkəmənin hazırlıq iclasına gəlməməsi, həmin iclasın keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə mane olmur. Həmin Məcəllənin 88.5-ci maddəsinə görə xüsusi ittihamçı şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və üzərinə qoyulmuş vəzifələri yerinə yetirir. Həmin Məcəllənin 103.4-cü maddəsinə görə cinayət işinə məhkəmə baxışında xüsusi ittihamçının nümayəndəsi təmsil etdiyi şəxsin əvəzinə iştirak edə bilər. Məhkəmənin hazırlıq iclasında hər bir halda həll edilməli olan məsələlərlə bağlı məhkəmə qeyd edir ki, yuxarıda sadalanan Azərbaycan Respublikası CPM-nin müvafiq normalarının məzmunundan göründüyü kimi yalnız xüsusi ittiham qaydasında şikayətin materiallarında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilə bilər. Qeyd olunur ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məhkəmənin hazırlıq iclasında hər bir halda baxılmalı olan məsələ olmaqla yanaşı, həmin məhkəməyə aid olmaması müəyyənləşdirildiyi təqdirdə məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən hallardan biridir. Hazırlıq iclasında məhkəmə şikayətin həmin məhkəməyə aid olmadığını aşkar etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 12-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə isə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Həmin Qərarın 5-ci bəndinə görə isə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda adı qeyd edilmiş Qərarından da göründüyü kimi kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə internet informasiya ehtiyatlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı nəzərdə tutulur, hüquqi ünvanı məlum olmadıqda isə barəsində şikayət verilmiş şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə görə isə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Hazırki işin hallarından isə müəyyən edilir ki, ərizədə göstərilən məlumatlar xaricdə qeydə alınan “Facebook” sosial şəbəkəsində yayılmışdır. Məhkəmə hazırlıq iclasında məhkəmə tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 məhkəməyə məcburi gətirilməsinə dair qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərarın icrası ilə əlaqədar Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 092- 15111-1220 nömrəli məktubdan müəyyən edilir ki, Yasamal rayonu İ.Qutqaşınlı küçəsi, 16 saylı ünvanda yerləşən ev sökülmüşdür. Hal-hazırda X2 harada yaşaması barədə heç bir məlumat yoxdur. Belə olan halda məhkəmə tətəfindən xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmə aidiyyətini müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nın 88.4.1-ci maddəsinə görə isə xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. İş materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixli xüsusi ittiham qaydasında şikayət ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin ərizədən müəyyən edilir ki, barəsində şikayət verilmiş X2 doğulduğu il “1975” kimi qeyd edilmiş və xüsusi ittihamçı X7 əvəzinə imzalanmış, lakin imzalanyan şəxsin adı, soyadı və ata adı göstərilməmişdir. Ərizəyə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli notarial qaydada təsdiqlənmiş etibarnamədən müəyyən edilir ki, X13 bütün instansiya məhkəmələrində onu təmsil etməyi və adından ərizə verməyi Qanuni nümayəndə etibar etmişdir. Lakin buna baxmayaraq yuxarıda qeyd edildiyi kimi ilkin xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində X2 əvəzinə imzalayan şəxsin adı göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X7 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Qanuni nümayəndə məhkəməyə xx xxxxxxx 2020-ci və xx xxxxxxx 2020-ci il tarixli xüsusi ittiham qaydasında şikayətə əlavələr təqdim etmişdir. xx xxxxxxx 2020-ci il tarixli ərizə xüsusi ittihamçının əvəzinə vəkil Qanuni nümayəndə, xx xxxxxxx 2020-ci il tarixli ərizə isə xüsusi ittihamçının özü tərəfindən imzalanmışdır. xx xxxxxxx 2020-ci il tarixli ərizəyə əlavə edilmiş eyni tarixli notarial qaydada təsdiq edilmiş etibarnamədən isə müəyyən edilir ki, X13 xüsusi ittiham qaydasında nümayəndəsi kimi təmsil etməyi, zərərçəkmiş şəxsin xüsusi ittihamçı qismində tanınmasını tələb etməyi Qanuni nümayəndə etibar etmişdir. Xüsusi ittihama əlavələrdə barəsində şikayət verilmiş X2 doğum tarixinə müvafiq düzəliş edilmişdir. X13 özü məhkəmə iclasına gəlməmiş və hansı ərizənin onun iradə ifadəsini əks edirməsinə dair münasibətini bildirməmişdir. Məhkəmə şikayət və ona əlavələri tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində xüsusi ittiham qaydasında şikayət ərizəsinə əlavə nəzərdə tutulmamışdır. Qüvvədə olan cinayət və cinayət-prosessual qanunvericiliyinin məzmunu əsasən imperativ xarakterli olmaqla onun müddəalarının şəxslərin vəziyyətinin ağırlaşdırılması istiqamətində genişləndirici şəkildə təfsir və ya tətbiq edilməsinə yol verilə bilməz. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 15-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxarkən məhkəmələrin diqqəti zərər çəkmiş şəxsin irəli sürdüyü ittihamı müdafıə etmək hüququnun təmin edilməsinə dair prosessual normaların tələblərinə əməl edilməsinə yönəldilməlidir. Xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın müdafiəsi zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirak edərək onun tərəfindən sübutların təqdim edilməsindən, vəsatətlər qaldırılmasından, müdafiə tərəfinin təqdim etdiyi sübutların tədqiqində, məhkəmə çıxışlarında iştirak etməsindən ibarətdir. Bu zaman xüsusi ittihamçı barəsində şikayət verilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan irəli sürdüyü ittihamı dəyişmək və ya ondan tamamilə imtina etmək hüququna malikdir. Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarının məzmunundan göründüyü kimi, xüsusi ittihamçı irəli sürdüyü ittihamın məzmununu onun ağırlaşdırılması istiqamətində dəyişdirə bilməz. Odur ki, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə əlavə hazırki məhkəmənin hazırlıq iclasında baxılmasının predmeti ola bilməz və məhkəmə yalnız ilkin verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinə baxaraq hüquqi qiymət verməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X13 tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının CPM-si ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X13 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar