Məhkəmə qərarları › İş №1(004)-217/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-217/2021

10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-217/2021 10.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Tovuz rayonu, Mülkülü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Mülkülü kəndində qeydiyyatda olan və Abşeron rayonu Müşfiqabad qəsəbəsi 28 May küçəsi nömrəsiz evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə haqqında» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurma cinayət əməlini törətmişdir. Belə ki, o, 04 dekabr 2020-ci il tarixdə saat 10 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu icarəyə götürdüyü “Opel Zafira” markalı ** ZD *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 75 a ünvandakı avtobus dayanacağının yaxınlığında saxlayıb avtomobilində olan sərnişini düşürərkən orada taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs avtomobili həmin yerdə saxlamasına görə heç bir əsaslı səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətməsinə görə aralarında yaranmış mübahisə zamanı həmin yerdə sonuncunu yumruq zərbələri ilə sifət nahiyyəsindən bir neçə dəfə vuraraq ona alın nahiyyəsinin əzilmiş yarası, burun sümüklərinin və sol almacıq sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunmuş hər iki göz ətrafının və burun belinin qançırları kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 dekabr 2020-ci il tarixdə “Opel Zafira” markalı ** ZD *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Binə Ticarət Mərkəzinin qarşısından 6 nəfər şəxs götürüb Yasamal rayonu Moskva prospekti 75A ünvanın qarşısındakı avtobus dayanacağının yaxınlığına, yəni “Şamaxinka” adlanan yerdə avtomobilində olan müştəriləri düşürtməkdən üçün saxlamışdır. Müştərilərin birinin pulu xırda olmadığı üçün maşını saxlayıb onu bir qədər orda gözləməli olmuşdur. Həmin vaxt orada bir nəfər Yol Polis əməkdaşı və 2 nəfər taksi sürücüsü dayanmış, avtomobilini orada saxlayan zaman həmin 2 nəfər taksi sürücüsü ona orada maşını saxlamasına etiraz edib maşını oradan çıxarmasını tələb etmişdirlər. O, isə Yol Polis əməkdaşına bir dəqiqəlik pulunu alıb çıxardacağını bildirmişdir. Polis əməkdaşı etiraz etməyərək avtomobilin həmin yerdə saxlanılmasına heç bir qadağa olmadığını bildirmişdir. Lakin taksi sürücülərindən biri, adını sonradan bildiyi Akif adlı şəxs onun və atasının ünvanına nalayiq ifadə işlədərək ona tərəf gəlmiş və onu söyüb təhqir etmişdir. Akif onun yeni rəhmətə getmiş 1-ci Qarabağ Müharibəsi qazisi və veteranı olan atasını söyməsini qəbul edə bilməmiş və bir anlıq Akifdən heyif çımxaq istəmiş və sağ əli ilə yumruq tutub Akifin sifət nahiyəsindən vurmuş, Akif yerə yıxılmış, oradan uzaqlaşaraq çıxıb getmişdir. Müştəriləri “20 Yanvar” metrosunun yaxınlığında düşürüb yenidən hadisə baş verən yerə gəlmiş, lakin orada olan şəxslər demişlər ki, Akifi xəstəxanaya aparıblar. Hadisə zamanı orada o, Akif, avtomobilində olan 6 nəfər tanımadığı müştərilər, Akifin yanında olan taksi sürücüsü və Yol Polis əməkdaşı olmuşdur. Həmin hadisə təxminən 3-4 dəqiqə ərzində baş verib bitmişdir. Hazırda zərərçəkmiş şəxsə vurmuş olduğun ziyanı ödəmək imkanı yoxdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməldən səmimi peşman olmasını, atasının müharibə veteranı olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 04.12.2020-ci il tarixdə Emin adlı taksi sürücüsü ilə öz aralarında söhbət edən zaman, ağzından çıxan nalayiq ifadəyə görə "Opel" markalı avtomobilin sürücüsü maşından enib ona yaxınlaşaraq güya ki, onu söydüyünü ona bildirmişdir. Onunla kobud şəkildə danışmağa başlamış, sonra isə nalayiq söyüşlər söymüşdür. Ona onu söymədiyini, sadəcə olaraq Eminlə aralarında söyüşlə danışdığını bildirməsinə baxmayaraq, həmin şəxs qəfil yumruğu ilə ilk olaraq sifət, yəni qaş nahiyəsinə, sonra isə ikinci yumruqla burun nahiyəsinə, orada əyilib aşağı oturan zaman həmin şəxs onun başından iki əli ilə tutub sifət nahiyəsinə dizi ilə vurmuş, sonra isə hadisə yerindən çıxıb getmişdir. Hadisə təxminən 2-3 dəqiqə çəkmiş, orada o, həmin şəxs, Emin, X15 əməkdaşı və adlarını xatırlamadığı digər 2 nəfər şəxs olmuşdur. Hazırda Təqsirləndirilən şəxsdan şikayətçidir. Ona vurulmuş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Opel Zafira” markalı ** ZD *** dövlət nömrə nişanlı avtomobil onun bibisi X1 adına sənədləşdirilmişdir. Həmin avtomobili müvəqqəti olaraq 14 noyabr 2020-ci il tarixdə 14.02.2022-ci il tarixə qədər avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs vermişdir. 04 dekabr 2020-ci il tarixdə “Opel Zafira” markalı ** ZD *** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs olmuşdur. Şahların həmçin tarixdə kimisə döyməsi barədə ona Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları zəng etdikdən sonra məlumatı olmuşdur. Bundan sonra bu barədə Şahlardan soruşmuş, Şahlar isə ona bildirmişdir ki, belə bir hadisə olub, həmin şəxslə dalaşmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə dəfələrlə barışmağa cəhd etmək istəmişdir. Lakin zərərçəkmiş şəxs razılığa gəlməmiş onları evindən qovmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 eyni xususuatlar üzrə ifadə verərək X3 dediklərini bir daha təsdiq etmişdir. Şahid Şahid1 Pənah oğlu məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Pənah oğlu ifadəsində göstərmişdir ki, 04 dekabr 2020-ci il tarixdə idarə etdiyi “Mitsubushi Outlander” markalı avtomobillə Yasamal rayonu Moskva prospekti 75A ünvanın qarşısındakı avtobus dayanacağının yaxınlığında dayanan və müştəri gözləyən zaman Akifin sifətinin qan içində olduğunu görmüşdür. Orada olan yol polis əməkdaşı onu Akifin öz avtomobili ilə onu xəstəxanaya aparmışdır. Akifi kimin vurduğunu və nə səbəbə vurduğunu görməmiş, həmin hadisə vaxtı orada o, polis əməkdaşı, Akif və tanımadığı şəxslər olmuşdur. Həmin hadisə gördüyünə görə təxminən 1-2 dəqiqə ərzində baş verib bitmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 18 dekabr 2020-ci il tarixli, 983 nömrəli ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədən səthində alın nahiyyəsinin əzilmiş yarası, burun sümüklərinin və sol almacıq sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunmuş hər iki göz ətrafının və burun belinin qançırları kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 04 dekabr 2020-ci ildə törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir (cild 1, səh. 13-14). İş materiallarında olan 04 fevral 2021-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” və “şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokollardan məlum olur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi zamanı Təqsirləndirilən şəxs tanıyaraq, 04.12.2020-ci il tarixdə "Opel" markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Təqsirləndirilən şəxs onu vuraraq xəsarət yetirdiyini göstərmişdir (cild 1, səh. 35-37). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, səh. 41-42). İş materiallarında olan 07 aprel 2021-ci il tarixli “axtarışda olan şəxsin müəyyən edilərək tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2021-ci il tarixdə saat 17:05 radələrində tutulmuşdur (cild 1, səh. 71). İş materiallarında olan Tovuz Rayon Hərbi komissarlığının M/V seriyalı 006656 nömrəli vəsiqənin surətindən görünür ki, X4 müharibə veteranıdır (cild 1, səh. 92). İş materiallarına əlavə olunmuş qətimkan tədbiri seçmək haqqında 09 sentyabr 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 117-119). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmişin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməldən səmimi peşman olmasını, mərhum atasının müharibə veteranı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaların təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, haqqında “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 10 avqust 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına və X14 oğlunun vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-217/2021 saylı, 01.06.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X14 oğlunun vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 48 iş saatı həcmində hüquqi yardımla bağlı 288 (iki yüz səksən səkkiz) manat, məhkəmə icraatı zamanı göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07.04.2021-ci il tarixdən 09.04.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 10 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 288 (iki yüz səksən səkkiz) manat, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar