Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-217/2025 07.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X10, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X3 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X6 iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, Azərbaycan xalqı, dövləti və cəmiyyəti XX əsr dünya tarixinin yetirdiyi ən parlaq və heyrətamiz zəka sahiblərindən biri, Azərbaycan Respublikasının memarı, milli ideologiyamızın banisi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi mütərəqqi dövlətçilik ideyaları, müdrik siyasəti müasir mərhələdə uğurla inkişaf edir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin praqmatik və sistematik şəkildə həyata keçirilməsi nəticəsində çiçəklənən bir diyara çevrilən Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında özünün dinamik və hərtərəfli mövqeyi ilə seçilir. Zəngin tarixi ənənələrə köklənən Azərbaycan memarlığı və inşaat sənəti sürətlə inkişaf edərək dövrünün miras qoyduğu şəhərsalma əsərləri sayəsində hər birimizin yaşayış mühitinin formalaşmasında müstəsna rol oynamaqda davam edir. Ona görədir ki, Azərbaycanda son dövrlər tikinti sektoru çox sürətlə inkişaf etmiş, şərqlə qərbin elementlərinin özündə birləşdirən arxitektur binalar tikilmiş, Azərbaycanın şəhərləri o cümlədən paytaxtımız Bakı şəhəri günü gündən gözəlləşmişdir. Bütün bunlar isə nəticədə tikinti sahəsində nəinki Respublikada hətta ölkə hüdudlarından kənarda da, tanınan tikinti mütəxəsssislərinin yetişməsinə səbəb olmuşdur. Həmçinin dövlətin büdcəsində də tikinti sektorundan daxil olan vəsaitlər əhəmiyyətli dərəcədə artmışdır ki, bu da sonda Azərbaycanın iqtisadi qüdrətinin artması ilə nəticələnir. Lakin bütün bunlarla yanaşı tikinti sektorunun bu cür inkişafından istifadə edərək dövlətin iqtisadi maraqlarına, dövlətçiliyə ziyan vurmaqla vətəndaşları süni şəkildə problemlər yaratmaqla dövlətdən narazı salan “işbazlar” da mövcuddurlar və bütün hallarda öz mənfəətləri naminə bütün qanunsuzluqlara gedərək vətəndaşlar arasında haqlı narazılıqlar yaradırlar. Bildirmək istəyir ki, ünvan 1 ünvanında “Mütəfəkkir" MMC-nin inşa etdiyi yaşayış binasının idarə olunmasında Bil Məmmədov və onun oğlu Məmmədli Zəbı dəfələrlə qanunsuz hərəkətlər etmişlər. Məlumat üçün bildirir ki, xx.xx.2007-ci ildə Mütəfəkkir MMC-nin inşa etdiyi çoxmənzili yaşayış binasının üç korpusundan bir korpusunun uçması nəticəsində 25 dən çox insan həyatını itirmişdir. Həmin tarixdə "xxxx" MMC ilə bağlı Azərbaycan Respublikası Baş Prokururluğunda cinayət işi başlanmış və Ağır Cinayətlər məhkəməsinin (hakim Əflatun Qasımov) qərarı ilə "xxxx" MMC-nin bütün əmlakı dövlət tərəfindən müsadirə olunmuşdur. Həmin tarixdə MMC sədrinin yoldaşının sürücüsü kimi fəaliyyət göstərən Bil Məmmədov yaranmış qarşılıqdan istifadə edərək 15 iyun 2008-ci il tarixində binanın yeraltı avtodayanacaq üçün nəzərdə tutulmuş 345 kv.m sahəni tərtib edilmiş saxta müqavilə ilə mənimsəmişdir. "xxxx" MMC-nin layihəsində nəzərdə tutulmayan 100 kv.m sahəni 24 iyul 2008-ci il tarixində saxta müqavilə ilə mənimsəyərək orada qeyri-yaşayış sahəsi kimi (coffe yeri) icarəyə vermiş, 2-ci girişin 1-ci mərtəbəsində liftinin qabağını və arxasını bağlayaraq gözəllik salonu kimi satmışdır. Digər 1-ci blokun da liftin girişini bağlayaraq yerində qaraj tikmiş və satmışdır. Qarajın 2-ci mərtəbəsi isə avtoyuma, dəmirçi, rəgsaz, kimyəvi təmizləmə və sair avtomobil servisi kimi fəaliyyət göstərmiş və binanı gəlir mənbəyinə çevirmişdir. X12 2017-ci ildə bina sakinlərini aldadaraq mənzillərə çıxarış almaq adı ilə imza toplamış və "xxxx" MMMC-ni yaratmış və özünü MMC-nın sədri etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsində idarə heyətinin sədrinin səlahiyyət müddəti iki ildən artıq olmayan müddətə seçilməsi göstərildiyi halda B.Məmmədov 2017-ci ildən bir dəfə də olsun ümumi iclas keçirmədən saxta imzalarla özünü sədr kimi fəaliyyətini xx.xx.2024-cü il tarixədək davam etdirmişdir. Həmçinin vəzifə səlahiyyətlərindən suiistifadə edərək öz qızı X4 xx.xx.2023-cü il tarixindən "xxxx" MMMC-nin sədr müavini vəzifəsinə təyin etmiş, bina üçün heç bir fəaliyyəti olmadığı və heç bir sakin onu tanımamasına baxmayaraq 345 azn əmək haqqı müəyyən etmişdir. Müştərək cəmiyyətin balansına hal hazırkı tarixə qədər 2760 azn ( DSMF və digər xərclər xaric) ziyan vurmuşdur. Bina uçandan sonra yeraltı avtodayanacaq Nazirlər Kabinetinin 1 oktyabr 2009-cu il 257 №-li sərəncamı ilə sökülüb yenidən tikilmiş və hazırki tarixə qədər FHN-nin balansındadır. Buna baxmayaraq Bil Məmmədli və oğlu Zəbi Məmmədlinin heç bır sənədi, mənzil mülkiyyətçilərinin razılığı olmadığı halda sakinlər üçün nəzərdə tutulan yeraltı avtodayanacağı 14 il parking kimi işlətmiş, gündəlik və aylıq gəlirlər əldə etmişlər. 2024-cü ilin aprel ayında mənzil mülkiyyətçilərinin iştirakı ilə binanın ümumi yığıncağı keçirilmiş və həmin yığıncaqda Bil Məmmədli və Zəbi Məmmədli binanın idaretməsindən uzaqlaşdırılmışdır. Bunu qəbul edə bilməyən Zəbi Məmmədli dəfələrlə bina sakinlərinə, binanın idarə olunmasına maneələr yaradıb. Avtomobilini avtodayanacağın keçidində saxlayıb gediş-gəlişi bağlayıb, binanın ofisinə gecə saatlarında daxil olaraq 2750 azn pul mənimsəyib və faktla bağlı Yasamal RPİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Binanın işıq şiti yerləşən hissəni sındırıb, binanın mənfi ikinci mərtəbəsində yerləşən liftlər üçun nəzərdə tutulmuş işıq şitinə qanunsuz müdaxilə edib və s qanunsuz hərəkətlər edib. Bundan başqa, X2 Zəbi Bili oğlu tiktok sosial şəbəkəsində “www. patrul_saz” adlı istifadəçi profilində yuxarıda qeyd edilən binanın ərazisində videoçəkiliş edərək onun barəsində işlədiyi “ASAN xidmət” in adın çəkərək “dələduz”, “insanları aldadan insan”və s sözlər istifadə edərək işgüzar adına xələl gətirmişdir. Həmçinin, o bu video çəkilişdə hazırda "xxxx" MMMC-nin idarə heyətinin sədri vəzifəsində işləyən X8 və komendant, X1 barəsində heç vaxt həbs olunmadığı halda məhkum, dələduz və s. nalayıq sözlər işlətmişdir. Bildirmək istəyir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən cinayət təqibinin 3 növü vardır: xüsusi, ictimai, ictimai-xüsusi. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Odur ki, X2 Zəbi Bili oğlu barəsində müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrlə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 şikayətin icraata qəbul edilməsini və X6 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə şikayətin verildiyi yer göstərilməmişdir. Həmçinin şikayətdə şikayət vermiş şəxs və barəsində şikayət verilən şəxs haqqında məlumatlar (təvəllüdü, yaşayış yeri, məşğuliyyət növü, vəzifəsi) və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin nə vaxt və necə törədilməsi göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1 – 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer. Həmçinin şikayətdə şəxsin Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması xahiş edilsə də, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin 2 tövsifedici əlaməti vardır, 147.1 və 147.2-ci maddələr. Şikayətçi şikayətində məhz CM-nin 147.1 və ya 147.2-ci maddələrindən hansı ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını dəqiq göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) şikayətdə göstərilməlidir. Belə olduğu təqdirdə CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-217/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-217/2025
07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver