Məhkəmə qərarları › İş №1(004)-218/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-218/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-218/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 24 B-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan Rasim və Elçin adlı şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə saat 07 radələrində Yasamal rayonu, D.Bünyadzadə küçəsi 230 ünvanının qarşısından vətəndaş Zərərçəkmiş şəxs məxsus 1992-ci il buraxılışlı, mühərrik tutumu 1500 kb sm olan, açıq boz rəngli, dəyəri 3400 manat təşkil edən “VAZ-2106” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşını gizli talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin yaxınlığında yerləşən avtomobil təmiri sexində dəmirçi-rəngsaz işləmişdir. Orada işləyən zaman onunla birlikdə 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olduğu soyadını xatırlamadığı “Rasim” adlı şəxs tez-tez onun yanına müxtəlif avtomaşınlar gətirmişdir. 2019-cu ilin noyabr ayının əvvəllərində Rasim onun yanına gələrək ona “VAZ-2106” makalı avtomobildə estetik problemlərin olduğu üçün və təmirə ehtiyacı olduğunu bildirərək, həmin avtomobili Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən binanın həyətindən onun usta kimi fəaliyyət göstərdiyi sexə sürüb gətirərək təmir etməyi ondan xahiş etmişdir. O Rasimin bu xahişi ilə razılaşmış və onlar xx xxxxxx 2019cu il tarixdə saat 07 radələrində görüşərək birlikdə taksi ilə Yasamal rayonu, D.Bünyadzadə küçəsi 230 ünvanına getmişlər. Qeyd olunan ünvanda Rasim ona həmin avtomobili göstərib onun açarının sınıq olduğunu bildirərək, ondan avtomobilin qapısını açmağı xahiş etmişdir. O həmin avtomobilə sürücü tərəfindən yaxılaşıb əlində olan dəmir parçası ilə avtomobilin qapısını açdıqdan sonra, sükan arxasına əyləşərək vintaçan ilə maşının mühərrikini işə salmışdır. Bundan sonra Rasim onun yanında əyləşmiş və onlar onun avtomobil təmiri sexi istiqamətinə getmişlər. Hərəkərə başlayandan bir müddət sonra “üç tac” adlanan binaların yanında olan zaman avtomobildə elektrik problemləri yaranmış və Rasim ona Qaradağ rayonunun ərazisində yerləşən elektrik ustası tanıdığını bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Rasim həmin usta ilə əlaqə saxlamış və bundan sonra həmin usta ona məxsus (055) *** ** ** mobil telefon nömrəsinə zəng edərək olduğu yeri izah etmiş və o avtomobili üzü Qaradağ rayonu, Puta qəsəbəsi istiqamətinə idarə etmişdir. Həmin qəsəbəyə çatdıqdan sonra Tofiq adlı bir şəxs ilə görüşmüşlər və avtomobili onun həyətində saxlayıb, oradan getmişlər. Onun həmin avtomobilin oğurluq olmasından xəbəri olmamış, sadəcə avtomobildə rəngsaz işləri görmək üçün oradan götürmüş və avtomobil köhnə olduğu üçün açarlarının olmaması onda heç bir şübhə doğurmamışdır. Lakin yekun məhkəmə iclasında son sözündə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini etiraf edərək, əməlindən peşman olduğunu bildirdi və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasındazərərçəkmiş şəxs qismində dindirilmişZərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 2M nömrəli binada yaşayır və“VAZ-2106” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşın mülkiyyət hüququ ilə ona məxsusdur. xx.xx.2019-cu il tarixdə, saat 17 radələrində avtomaşınını yaşadığı binanın qarşısında saxlayıb evə getmişdir. Ertəsi gün, yəni xx.xx.2019-cu il tarixdə, saat 08:30 radələrində özünə məxsus avtomaşının axşam saxladığı yerdə olmadığını görüb və bu barədə DİN-in “102” xidmətinə məlumat vermişdir. xx.xx.2019-cu il tarixdə polis əməkdaşları ona avtomaşınının Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən həyətlərin birində tapdıqlarını barədə məlumat vermişlər. Bundan sonra o Yasamal RPİ 29-cu PŞ-nə getmiş və orada avtomaşınına baxıb və ona heç bir maddi ziyan yetirilmədiyini, onun yalnız sürüldüyünü görüb və təhvil almışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onun avtomobili estetik və texniki yaxşı vəziyyətdə olduğunu və heç bir təmirə ehtiyacı olmadığını bildirmişdir. Son olaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyan tam ödəniliydiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən 69 nömrəli həyət evində ailə ilə birlikdə yaşayır. xx.xx.2019-cu il tarixdə, saat 09 radələrində evə gələn zaman həyətdə “VAZ-2106” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşının park edildiyini görmüşdür. Əvvəllər həmin avtomobili görməmiş və onun kimə məxsus olmasını anasında soruşduqda, anası həmin avtomaşının nasaz olduğu üçün 2 nəfər şəxsin gəlib qardaşı Tofiqdən həmin avtomaşını həyətdə saxlamağı xahiş etdiyini bildirmişdir. Bundan sonra təxminən saat 18 radələrində evdən ona zəng edərək polis əməkdaşlarının evlərinə gəlib avtomaşınla maraqlandığını bildirmişlər. O dərhal Tofiqlə telefon əlaqəsi saxlayıb bu barədə ona xəbər vermişdir. Sonradan bilmişdir ki, həmin avtomaşın oğurluqdur. Məhkəmənin sualına cavab olaraq, həmin avtomobilə diqqətlə baxmağını, lakin umumi baxdıqda avtomobilin estetik cəhətdən təmirə ehtiyacı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsindəgöstərdiki,xx.xx.2019-cu il tarixdə, təxminən səhər saat 07 radələrində bir nəfər tanımadığı şəxs (055) ***-**-** nömrəsindən onun istifadəsində olan 077(050) ***-**-** nömrəyə zəng edərək özünü Elmar kimi təqdim etmiş və onun nömrəsini tanışı, onun birlikdə 14 saylı CÇM-də cəza çəkdiləri Elçin adlı şəxs verdiyini bildirərək idarə etdiyi avtomaşınla Qaradağ rayonu, Lökbatan qəsəbəsində hərəkətdə olarkən nasazlıq yarandığından avtomaşını müvəqqəti olaraq onun həyətində saxlasını ondan xahiş etmişdir. O həmin şəxsə yaşadığı evin yerini başa salmış və təxminən 15-20 dəqiqə sonra 2 nəfər şəxs açıq boz rəngli “VAZ-2106” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşını onun yaşadığı Qaradağ rayonu, Puta qəsəbəsi, ev 69-un həyətinin qarşısına gətirmişlər. Darvazanın qarşısına çıxaraq həmin şəxslərlə görüşüb, avtomaşını onun həyətində saxlamalarına icazə vermiş və onlar avtomaşını həyətə saldıqdan sonra həyətin darvazasını bağlamış, bu zaman həmin şəxslər bildirmişlər ki, həmin gün axşam və ya ertəsi gün səhər saatlarında gəlib avtomaşını götürəcəklər. xx.xx.2019-cu il tarixdə, axşam saatlarında Yasamal RPİ 29-cu PŞ-nin bir neçə əməkdaşı yaşadığı ünvana gələrək həyətində olan “VAZ-2106” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşının oğurluq olduğunu bildirib və onu 29-cu PŞ-yə dəvət etmişlər. Məhkəmənin sualına cavab olaraq, həmin avtomobil estetik cəhətdən təmirə ehtiyacı olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və götürmə haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanının qarşısıdır. Həmin ünvanın qarşısında avtomaşın saxlanılması üçün dəmir konstruksiyadan ibarət qarajlar var. Bundan əlavə hadisə yerinin ətrafında hündür mərtəbəli yaşayış binaları və fərdi tikili evlər müşahidə edilir. Vətəndaş Zərərçəkmiş şəxs hadisə yerinə gəlib əli ilə avtomaşını saxladığı yeri binanın birinci mərtəbəsinin qarşısını göstərib bildirdi ki, xx.xx.2019-cu il tarixdə şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər tərəfindən ona məxsus açıq boz rəngli **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşının qapısını açaraq qaçırıblar. (i.v. 6-7) “Baxış keçirilməsi və götürmə haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, avtomaşın “Vaz-2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı aşkar edilən ünvan ünvan 2 ünvanıdır. Həmin ünvanın göy rəngli dəmir darvazası var. Darvazadan içəri daxil olanda sağ tərəfdə kürsülü 2 mərtəbəli fərdi yaşayış evi inşa edilib. Həyətin yeri daş piltə ilə örtülüdür. Darvazadan daxil olanda üzbəüz qapısı olmayan üstü yarım örtülü maşın saxlama üçün nəzərdə tutulmuş qaraj var. Həmin qarjda vətəndaş Zərərçəkmiş şəxs məxsus, açıq boz rəngli qaçırılan **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşın sönülü vəziyyətdə aşkar edildi. Avtomaşının qapı və şüşələrində sındırma və ya qırma izləri aşkar edilmədi. Avtomaşının salonunda rulun altında yerləşən vanionda sındırma əlamətləri aşkar edildi. Eyni zamanda naqilləri bir-birindən ayrılmış vəziyyətdədir. Avtomaşının mühərrik və digər ehtiyyat hissələri, yəni motorxanada gözlə görülən ehtiyyat hissələri yerindədir. Avtomaşının digər yerlərində əzik izləri aşkar edilmədi. (i.v. 11-13) “İfadənin yerində yoxlanılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə küçəsi 230 ünvanına çatarkən avtomaşından düşərək xx.xx.2019-cu il tarixdə, səhər saat 07:00 radələrində “Rasim” adlı tanışı ilə birlikdə həmin ünvana gələrək blokun qarşısında park edilmiş və qapıları açıq vəziyyətdə olan “Vaz-2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşını zamokun üzərində olan vint açan vasitəsilə mühərriki işə saldığını və onu Qaradağ rayonu, Puta qəsəbəsində Tofiq Abbasovun həyətində gizlətdiklərini bildirmişdir. Daha sonra avtomaşınla Qaradağ rayonu, Puta qəsəbəsi istiqamətində sürməyi təklif etdi və qəsəbənin girişində yerləşən “Qırmızı Market”dən sonrakı döngədən sola dönməyi təklif etdi. Təqsirləndirilən şəxs Qaradağ rayonu, Puta qəsəbəsi, Yuxarı Puta küçəsi ev 69 ünvanına çatdıqda yenidən avtomaşını saxlamağı təklif etdi və avtomaşından düşərək həmin ünvanda yerləşən mavi rəngli darvazanı göstərərək oğurladıqları “Vaz- 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşını həmin ünvanın həyətində gizlətdiklərini bildirdi. (i.v. 49-52) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/2045 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən, hərəkət hissələri yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı, 1992-ci il buraxılışlı mühərrik tutumu 1500sm3 olan, açıq boz rəngli “Vaz-2106” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 27 il istismar müddəti nəzərə alaraq, xx xxxxxx 2019-cu il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 3400.00 manat müəyyən edilir. (i.v. 134-135) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə cinayət yolu ilə əldə edilmiş və xx.xx.2019-cu il tarixdə Yasamal RPİ-nin 29-cu PB-nin təhqiqatçısı, polis kapitanı Toğrul Hüseynzadə tərəfindən götürülmüş 1992-ci il buraxılışlı, mühərrik tutumu 1500 sm³ olan, açıq boz rəngli “VAZ-2106” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübüt kimi tanınmış və təqsirləndirilən və zərərçəkmiş şəxslər tanış olduqdan sonra Zərərçəkmiş şəxs geri qaytarılmışdır. İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, baxış və götürmə aparılması protokolu, ifadənin yerində yoxlanması protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, həmçinin iş üzrə toplanmış digər sənədlər iş üzrə sübut növü kimi qəbul olunmuşdur. (i.v. 148-152) “xxxxxxx” MMC-dən təqdim edilmiş xx.xx.2020-ci il tarixli müştəri zənglərinin detallaşması məlumatlarına əsasən Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrədən edilən zənglərin anten dairəsi xx.xx.2019-cu il tarixdə saat 07:22- 07:47 aralığında Qaradağ rayonu, Lökbatan qəsəbəsi və Puta qəsəbəsi olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177.2.1-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüqu-qunun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yük-sək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşya-larda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu sə-bəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyri-nə keçirməsində ifadə olunur. Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq və məhkəmə baxışı zamanı təqsirini etiraf etməsədə, son sözündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini etiraf edərək, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. CM-in: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 66.4-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.4-ci maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 03 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 05 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2017-ci ildə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərar ilə 03 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Yasamal RİŞ xx.xx.2018-ci il tarixli arayışına əsasən cəzasını tam çəkdiyi üçün şöbənin qeydiyyatından çıxardılıb. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 1(004)-176/10 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müdətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş 3 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 il 4 ay 16 gün müddətinə azadlıqdn məhrum etmə növündə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəzaya qismən birləşdirilməklə 5 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 7(010)- 322/2017 saylı qərarından görünür ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.3-cü və 67.1-ci maddələrinə əsasən, 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilmiş, cəzasının sonu xx.xx.2017-ci il olan Təqsirləndirilən şəxs çəkilməmiş qalan cəzasının 03 (ay) 20 (iyirmi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qərar dərhal icra edilmişdir. Məhkum şərti olaraq azad olunma dövrü ərzində qəsdən cinayət törədəcəyi təqdirdə Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin ediləcəyi izah edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən 03 ay 20 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 tərəfindən daxil olmuş xx.xx.2020-ci il tarixli 016-93989/1220 nömrəli məktubdan görünür ki, 05 (beş) il müddətinə nəqliyyat vasitəsini idərə etmək hüququndan məhrum edilməklə, 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş vətəndaş Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 1(004)-176/2010 nömrəli hökmünün surəti qəbul edildiyi tarixdən ötən müddətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 göndərilməmişdir. Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü üzrə olan əməllərdən biri ehtiyatsızlıqdan törədildiyindən, digər əməl isə böyük ictimai təhlükə törətməyən cinayətin təsnifatına aid olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin həmin hökm üzrə olan əsas cəzasını çəkib qurtarsa da, hökm üzrə çəkilməmiş əlavə cəzası olduğundan CM-nin 83.4-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə,saat 22:40-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 73-74) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-405/2020 nömrəli, xx xxxx 2020ci il tarixli qərarından görünür ki, CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 01 (bir) ay 06 (altı) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir; (i.v.105-107) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-459/2020 nömrəli, xx xxxx 2020ci il tarixli qərarından görünür ki, CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. (i.v. 127-132) Odur ki, Təqsirləndirilən şəxs ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, onun cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 1(004)-176/2010 nömrəli hökmü ilə təyin edilmiş 5 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzasını çəkmədiyindən həmin cəza CM-nin 67.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunan cəzaya tam birləşdirilməklə, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut bir ədəd 1992-ci il buraxılışlı, mühərrik tutumu 1500 sm3 olan, açıq boz rəngli “Vaz-2106” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaslərı üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X1 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 55 (əlli beş) saata görə 330 (üç yüz otuz) manat və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 1(004)-176/2010 nömrəli hökmü ilə təyin edilmiş 5 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası CM-nin 67.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunan cəzaya tam birləşdirilməklə, ona qəti olaraq 5 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut bir ədəd 1992-ci il buraxılışlı, mühərrik tutumu 1500 sm3 olan, açıq boz rəngli “Vaz-2106” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş xx xxxx 2020-ci il tarixli 9/2045 saylı ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 55 (əlli beş) saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar