Məhkəmə qərarları › İş №1(004)-218/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-218/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-218/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:40 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatında olan, barəsində həbs növündə qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, 17 avqust 2024-cü il tarixdə günorta saatlarında satış məqsədi olmadan Bakı şəhəri, Yasamal rayonu, «Şamaxinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən bir ədəd «Wİnston» markalı siqaret qutusunun içərisində təmiz çəkisi 11,46 qram bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuanam qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 16:20 dəqiqədə isə Yasamal Rayon Polis idarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq, Yasamal Rayon Polis idarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan açıq boz rəngli cins şalvarının sağ yan cibindəki bir ədəd «Wİnston» markalı siqaret qutusunun içərisindən təmiz çəkisi 11,46 qram bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək bildirmişdir ki, o, həmin cinayət əməlini törətməmişdir. Belə ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini qorxduğundan, ona fiziki təsir göstərildiyindən həqiqətdə olmadığı kimi vermişdir. Halbuki, o həmin əməli törətməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olmadığından barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini, ona fiziki təsir göztərildiyini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən tutulan zaman ona qarşı fiziki təsir göstərilməsi ilə ilə əlaqədar bildirdikləri məhkəmə araşdırması zamanı əldə edilərək iş materiallarında əlavə olunan və qanuniliyi mübahisələndirilməmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla təkzib olunur. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda heç bir yerdə işləmir. O, artıq xeyli müddətdir ki, müxtəlif adlı narkotik vasitələrdən istifadə edir. Bu onda artıq asılhq yaratdığı üçün istifadə etməyəndə ağrıları şiddətlənir və bu zaman məcbur olub hardansa narkotik vasitə tapıb qəbul edir. Belə ki, 17 avqust 2024-cü il tarixdə günorta saatlarında o, narkotik vasitə almaq üçün Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Şemaxinka” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün üzərində «Winston» sözləri yazhmış siqaret qutusunun içərisindəki narkotik vasitə olan qurudulmuş marixuananı alıb əynində olan açıq boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. O, həmin narkotik vasitə olan qurudulmuş marixuananı şalvarının sağ yan cibində gizlədib piyada hərəkət etməyə başlamışdır. Həmin gün saat 16:20 dəqiqədə o, yaşadığı ünvan 2 ünvanın qarşısında piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib birlikdə Yasamal Rayon ,Polis idarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına getmişdir. Orada onu xidməti iş otaqlarının birinə apararaq hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosundan Müdafiəçi1 adında vəkil dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona təhqiqatçı X4 tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra tələb edilmişdir ki, üzərində hər-hansı bir qeyri qanuni əşya varsa təqdim etsin. O, həmin an üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığım görüb əynində olan açıq boz rəngli cins şalvarın sağ yan cibində gizlətdiyi və üzərində «Winston» sözləri yazhmış siqaret qutusunun içərisindəki narkotik vasitə olan qurudulmuş marixuananı çıxardıb masanın üstünə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan həmin siqaret qutusunun içərisindəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini soruşduqda o, bildirmişdir ki, siqaret qutusunun içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin narkotik maddəni o, 17 avqust 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, «Şemaxinka» adlanan ərazidə üzdən tanıdığı lakin adı, soyadı, atasının adını bilmədiyi kişi cinsli şəxsdən cəmi 20 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə gözü qarşısında təhqiqatçı Fuad İsgəndərov tərəfindən içərisi boş olan zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzərinə iştirakçılar, müdafiəçisi və özü imza atmışdır. Bu barədə həmin vaxt protokol tərtib edilmiş və iştirakçılarla birlikdə o, imzalarla həmin protokolu təsdiq etmişdir. Üzərimdə aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı digər qeyriqanuni əşya aşkar olunmasada, əynində olan açıq boz rəngli cins şalvarın sol yan cibindən Çin istehsalı olmaqla üzərində 051-829- 59-85 mobil telefon nömrəsi yerləşdirilmiş bir ədəd qara rəngli «X8 6» markalı mobil telefon aşkar edilmiş və mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı Fuad İsgəndərov tərəfindən götürülmüşdür.Beləliklə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımaq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, hal-hazırda Yasamal Rayon Polis idarəsinin 29-cu Polis Şöbəsinin C/A üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs o, əvvəllər tanımamış, həmçinin onunla heç bir düşmənçiliyi, ədavəti və yaxud qohumluğu olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonunun ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Yasamal Rayon Polis idarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı Şahid2 və onun iştirakı ilə 17 avqust 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. O, 17 avqust 2024-cü il tarixdə saat 16:20 dəqiqədə əməliyyat qrupunun digər iştirakçısı Şahid2 ilə birlikdə ünvan 2 ünvanın qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq, özlərini ona təqdim edib sonuncunun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanmasında və daşınması şübhəli olduğunu bildirib Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis şöbəsinin inzibati binasına getmişdir. Oradakı xidməti iş otaqların birində təhqiqatçı, polis kapitanı X4 tərəfindən həmin şəxsə hüquqları izah olunmuş və vəkil kimi Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosundan Müdafiəçi1 dəvət etmişlər. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə'və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətin malik ola biləcək digər əşyaları və yaxud sənədləri təqdim etmək təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd «Winston» markalı siqaret qutusunu çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin siqaret qutusu Təqsirləndirilən şəxsla digər iştirakçıların gözü qarşısında açılan zaman içərisində bitki mənşəli, ot şəkilli spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş siqaret qutusunun içərisində olan narkotik maddənin konkret nə olması və onu haradan əldə etməsi soruşulmuş və həmin şəxs bildirmişdir ki, siqaret qutusunda olan narkotik maddə qurudulmuş marixuanadır və aşkar olunmuş narkotik maddəni 17 avqust 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonunun «Şamaxinka» deyilən ərazisində tanımadığı kişi cinsli şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da cinayət işi üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rüfət Mustafazadə tərəfindən icraata qəbul edilmişdir. (İ/V. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə (saat 16:20 dəqiqədən) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 19-20). “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd «Winston» markalı siqaret qutusunda bitki mənşəli, ot şəkilli spesifik qoxuya malik qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. (İ/V. 29-30). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 17 avqust 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, həmin CD-R diskdə əks edilmiş görüntülər 17 avqust 2024-cü il tarixdə saat 17:30 dəqiqədə qeydə alınır. Təbii işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal Rayon Polis idarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən aydın görünür ki, təhqiqatçı X3 qarşısındakı masa arxasında sol tərəfdən əyləşmiş şəxs, Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosunun müdafiəçisi Müdafiəçi1dur. Xidməti otaqda olan masanın qarşı tərəfində isə əynində açıq boz rəngli cins şalvarı, qara rəngli köynəyi və qara rəngli ayaqqabıları olan ayaq üstə dayanmış şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs yanında dayanmış şəxslər - adlan videoçəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməliyyat müvəkkilli, polis kapitanı Şahid1 və sahə inspektoru, polis kapitanı Şahid2dur.Videoçəkilişin davamında təhqiqatçı X4, şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, həmçinin ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklifədir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli cins şalvarının sağ yan cibindən «Winston» markalı siqaret qutusunu çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim edir. Təqsirləndirilən şəxsla digər iştirakçıların gözü qarşısında həmin siqaret qutusunun içərisinə baxılan zaman orada bitki mənşəli, ot şəkilli spesifik qoxuya malik narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra digər iştirakçılarla bərabər Təqsirləndirilən şəxs gözü qarşısında sonuncunun təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə təhqiqatçı Fuad İsgəndərov tərəfindən içi boş olan zərfə qoyulmuş və zərfin üzəri Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli cins şalvarın sağ yan cibindəki «Winston» markalı siqaret qutusunun içərisində aşkar olunmuş narkotik maddənin konkret nə olması və onu haradan əldə etməsi soruşulduqda həmin şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş siqaret qutusunun içərisindəki olan narkotik maddə qurudulmuş marixuanadır və həmin narkotik maddəni 17 avqust 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, «Şamaxinka» adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən 20 manata almış və özü üçün istifadə etmək məqsədi ilə üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı digər qeyri-qanuni əşya aşkar olunmasada, əynində olan açıq boz rəngli cins şalvarının sol yan cibindən çin Xalq Respublikası istehsalı olmaqla üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi yerləşdirilmiş bir ədəd qara rəngli «X8 6» markalı mobil telefon aşkar edilmişdir. Həmin mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı Fuad İsgəndərov tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 avqust 2024-cü il tarixli, 7/1373 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd «Winston» adlı siqaret qutusunda təmiz çəkisi - 11,46 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 11,46 qram, tədqiqata istifadə olunan miqdar 0,05 qram, qalıq isə 11,41 qram olmuşdur. (İ/V. 39-42). Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmişdir və o, Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. (İ/V. 63-64). Məhkəmə-narkoloji ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 7563 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs remissiya vəziyyətindədir, bu səbəbdən məcburi müalicəyə ehtiyacı yoxdur. (İ/V. 114-115). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-25/2025 saylı, 10.017.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 102-105). Azərbaycan Respublikası DlN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-191/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, (İ/V. 117-125). “Sübutların qiymətləndirilməsi” haqqında 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi, 11,46 qram olan, narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,41 qramlıq hissəsi məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış video görüntünün köçürüldüyü 01 ədəd DVD-R formatındakı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır.(İ/V. 192-201). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, Xidməti araşdırmalar idarəsində toplanmış material üzrə AR CPMnin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması şəxsi axtarış və götürmə aprılması protokolu və ona əlavə edilmiş video görüntü, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuanain şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir.Hazırkı cinayət əməlini törədən vaxt, yəni 17 avqust 2024-cü il tarixdə onun üzərində ödənilməmiş məhkumluğu olmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və onun cəzasını ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 11,41 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)- 218/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 132 (bir yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdən 19 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla 02 gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 11,41 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 132 (bir yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar