Məhkəmə qərarları › İş №1(004)-219/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-219/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-219/2021 14.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi: Nümayəndə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs: xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 mart 2021-ci il tarixində saat 08:00 radələrində, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov və Abdulla Şaiq küçələri boyunca yerləşən Mərkəzi parka gəlmiş, həmin parkda idman alətlərinin quraşdırıldığı meydançada yetkinlik yaşma çatmayan xx.xx.2005ci il təvəllüdlü Zərərçəkmiş şəxs idmanla məşğul olmasını görüb ona yaxınlaşaraq söhbət edərkən sonuncunun qolunda “Mİ Band” markalı smart qol saatını gördükdə həmin saatı açıq talama yolu ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə dəyəri 75 manat təşkil edən “Mİ Band” markalı smart qol saatına baxıb geri qaytaracağına dair yalan vəd verib Zərərçəkmiş şəxs aldadaraq sonuncudan ona məxsus həmin smart qol saatını alıb öz qoluna bağlamış, Zərərçəkmiş şəxs israrla özünə məxsus smart qol saatını geri tələb etməsinə baxmayaraq həmin yerdən uzaqlaşıb gedərək zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 75 manat dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, yuxarıda qeyd olunan ünvanda yaşayır, subaydır, heç bir yerdə işləmir, əvvəllər 2017-ci ilin avqust ayının 16-da Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum edilmiş, cəzasını tam çəkib qurtarmış, həmin vaxtdan da Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 208B-də xalası ilə birlikdə yaşayır. Bakı şəhər sakini Zərərçəkmiş şəxs 05.03.2021-ci il tarixdən etibarən tanıyır, əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. 05.03.2021-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən «Mərkəzi park»a getmiş və parkda olduğu vaxt görmüşdür ki, iki uşaq parkda quraşdırılmış qurğularda məşq edirlər. Özü də əvvəllər idmanla məşğul olduğundan diqqətini cəlb etmiş və zərər çəkmiş şəxslə söhbət etmək üçün ona yaxınlaşmışdır. Onunla idmanla məşğul olmağın faydalarından və özünün də əvvəl idmanla məşğul olduğu barədə onunla söhbət etməyə başlamışdır. Qolunda “Mİ Band” markalı saatı gördükdə baxmaq istədiyini bildirərək ondan tələb etmişdir. Onun hər hansı tamah niyyəti olmamışdır. Saatı aldıqdan sonra Zərərçəkmiş şəxs israrla saatı ondan tələb etdikdə əsəbiləşmiş və saatı ona qaytarmamaq qərarına gəlmişdir. Saatı götürüb zərər çəkmiş şəxslə birlikdə parkın sonuna doğru birlikdə getməyi təklif etmişdir. Zərərçəkmiş şəxs əvvəlcə saatı ondan tələb etmiş, o isə saatı daha sonra qaytaracağını bildirmişdir. Parkın sonunda yolu keçdikdən sonra saatı qaytarmaq istəmiş, lakin zərərçəkmiş şəxs onun səsini eşitmədiyindən saatı ona qaytara bilməmişdir. Törətdiyi əməldən peşman olmasını, əməlini səmimi etiraf etməsini, vurulmuş ziyanın ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. O, hər səhər idman etmək məqsədilə müxtəlif vaxtlarda gah Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən «Mərkəzi park»a, gah da Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Bulvara gedirmiş. 05.03.2021-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən «Mərkəzi park»a getmiş və orada quraşdırılmış idman qurğularında məşq etməyə başlamışdır. Həmin vaxt ona bir nəfər tanımadığı şəxs yaxınlaşmış, idmanla bağlı ona məsləhətlər verməyə başlamışdır. Dərslərinin olması ilə əlaqədar telefonundan ona bildiriş gəlmiş, bu zaman həmin bildirişə baxmaq üçün qolundaki saata baxmışdır. Elvin adlı şəxs saatı görən zaman ondan həmin saatı baxmaq üçün tələb etmiş, əvvəl vermək istəməsə də, israrlı olduğunu görüb saatı ona vermişdir. Daha sonra saatı geri tələb etsə də, Elvin ona saatı verməmiş, birlikdə yol getməyi təklif etmişdir. Ona saatla bağlı və atasının iş yeri, üstündə pulun olub-olmaması ilə bağlı suallar vermiş, şübhələndiyi üçün ona yalan məlumatlar vermişdir. Təqsirləndirilən şəxs ona üstündə 20 manat pulu varsa, ona verməyi, bunun müqabilində saatını qaytaracağını bildirmişdir. O, təqsirləndirilən şəxsə hər hansı pul verməyəcəyini, saatını qaytarmağını xahiş etsə də, Təqsirləndirilən şəxs saatı ona qaytarmamışdır. Yolun sonuna çatdıqda ona “arxamca gəlsən sənin üçün pis olacaq” dediyinə görə, qorxub həmin ərazidən uzaqlaşmışdır. Dərhal binanın gözətçisinə məlumat vermişdir. Hadisə baş verən zaman yanında Ömər adlı bir neçə dəfə gördüyü onunla həmyaşıd şəxs olmuşdur. Ona məxsus smart qol saatı qara rəngdə olmuş, Mİ Band markalı olmuş, həmin smart qol saatını 2020-ci ilin dekabr ayında onlayn yolla 75 manata almışdır. Əvvəllər bu şəxs ona qarşı talama cinayətini törətməmişdir, birinci dəfədir ki, bu hadisə baş verir. Təqsirləndirilən şəxslə barışmır, onun cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid Əli qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası nəvəsidir, uşaq yaşlarından onun yaşadığı evdə yaşamışdır və o, Elvini böyütmüş, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. 06 mart 2021-ci il tarixdə saat 20 radələrində o, yaşadığı evində olmuş, həmin vaxt Elvin də evdə olmuşdur, harada olmasından xəbəri olmamışdır. Həmin tarixdə saat 21 radələrində ona Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları zəng vurmuşlar və bildirmişlər ki, Elvin tərəflərindən saxlanılmışdır və dindirilməsindən ötrü Yasamal RPİ-nin İstintaq şöbəsinə aparılır. O, polis əməkdaşlarından soruşmuşdur ki, Elvin hansı hadisəni törətmişdir, polis əməkdaşları ona bildirmişlər ki, Elvin soyğunçuluq cinayət əməlini törətmişdir, ona görə də onu polis idarəsinə aparırlar. O, bunu eşidən kimi Yasamal RPİ-nə qarşısına getmişdir. Orada gecə saatlarında ona məlum olmuşdur ki, Elvin bir nəfər cavan uşağın qolunda olan saatını götürmüşdür, bununla əlaqədar də saxlanılmışdır, Elvin polis idarəsində törətdiyi cinayət əməlini etiraf etmişdir. Sonradan Elvin onunla mobil telefon əlaqəsi vasitəsilə polis idarəsindən əlaqə saxlamış və ona demişdir ki, uşaqdan götürdüyü qara rəngli qol saatı evdə olan stolun üstündə qoymuş, həmin saatı götürüb istintaqa təqdim etsin. O da həmin gün evinə getmiş, növbəti gün qol saatını götürüb polis idarəsinə gəlmiş və qol saatını istintaqa təqdim etmişdir. O, Elvinin nə vaxt və harada cinayət əməlini törətməsindən, kiminlə cinayət əməlini törətməsindən xəbəri olmamışdır, polis əməkdaşlarından ona deməyindən sonra bilmişdir ki, Elvin cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli tamah niyyətilə deyil, başqa məqsədlə törətməsi barədə verdiyi ifadə özünümüdafiə məqsədi daşıyır. Lakin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ondan 20 manat məbləğində pul tələb etməsini, saatı yalnız bu halda qaytaracağını öz ifadəsində göstərmişdir. Eyni zamanda, təqsirləndirilən şəxs hadisə zamanı cibində 25-30 manat məbləğində pulun olduğunu bildirsə də, Şahid Əli qızı öz ifadəsində həmin halı təkzib etmiş, Təqsirləndirilən şəxs həmin gün hər hansı məbləğdə pul vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı verilən ifadələrlə Təqsirləndirilən şəxs cinayət əməlini tamah məqsədilə, maddi vəsait əldə etmək niyyətilə törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 02.05.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlandığı 08 ay 15 gün müddət nəzərə alınmaqla cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 500 manat miqdarında cərimə cəzası saxlanılmış, Yasamal Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli qərarı ilə həmin hökmlə təyin edilmiş 500 manat cərimə cəzası 300 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 11 mart 2021-ci il tarixli, 21-1/283783 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 02.05.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib ona təyin edilmiş 500 manat məbləğində cərimə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli qərarı ilə 300 saat ictimai işlər cəzası ilə əvəz edilmiş və cəza halhazıradək çəkilməmişdir. Bununla da təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Əvvəlki hökm üzrə təyin edilmiş cəza cərimə cəzası olmuşdur, sonradan həmin cəza ictimai işlər cəzasına hökmlərin icrası qaydasında dəyişdirilmişdir.. Lakin Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş üzrə müəyyən edilir ki, cinayət əməli yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmişdir. Zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmır, onun cəzalandırılmasını xahiş edir. Məhkəmə qeyd edilənləri və təqsirləndirilən şəxs barəsində olan hökm üzrə cəzasını çəkib qurtarmadan yenidən cinayət törətməsini təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, vurulmuş zərərin ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs 07.03.2021-ci il tarixdə saat 00:54 dəqiqədə şübhəli şəxs kimi tutulmuş, 08.03.2021-ci il tarixdə (həmin günü saat 15:18-də ifadəsi yerində yoxlandıqdan sonra) tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da 38 saatdan çox, yəni 2 gün həbsdə olmuşdur. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Mİ Band” markalı, smart qol saatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır, 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 02.05.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 500 manat cərimə cəzasının Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli qərarı ilə hökmlərin icrası qaydasında əvəzləşdirilərək üzərində saxlanılmış 300 saat ictimai işlər cəzası (01 gün azadlıqdan məhrum etmə cəzası 08 saat ictimai işlər cəzasına bərabər tutulmaqla) hazırki hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı tarixdən, yəni 14 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar