Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-219/2022 10.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs: xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir uşaq atası, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə saat 09 radələrində Nəsimi rayonu “Kubinka” adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 1,030 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 11:30-da ünvan 2 ünvanının qarşısında olarkən Yasamal RPİnin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı polis bölməsinə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 1,030 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitədən yandırıb tüstüsünü sinəsinə çəkmək yolu ilə istifadə etmişdir. Adətən qəbul etdiyi narkotik vasitəni «Kubinka» küçəsində tanımadığı kişi cinsli şəxslərdən pul ilə alaraq istifadə etmişdir. Sonuncu dəfə isə tutulduğu gün, yəni 02 fevral 2022-ci il tarixdə saat 09 radələrində Nəsimi rayonu «Kubinka» adlanan ərazidə tanımadığı, lakin üzdən görsə xatırlaya biləcəyi bir nəfər kişi cinsli şəxsdən öz istifadəsi üçün 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan «kokosu» 20 manata alaraq özündə saxlamışdır. Həmin şəffaf sellofan bükümü qeyd etdiyi maddə ilə birlikdə əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlamışdır ki, sonra müvafiq şərait yarandıqda həmin narkotik vasitəni istifadə etsin. Ona narkotik vasitəni satan şəxs təxminən 50 yaşlı olmaqla, orta boylu və arıq bədən quruluşlu olmuşdur. Qeyd etdiyi şəxslə bir qədər söhbət etdikdən sonra bilmişdir ki, onda narkotik vasitə olan «kokos» vardır. Həmin gün narkotik vasitəni aldıqdan sonra yaşadığı evə qayıtmışdır. Bir neçə saat sonra, yəni 02 fevral 2022-ci il tarixdə saat 11:30-da tək olaraq ünvan 4 ünvanının qarşısında dayanan vaxt ona iki nəfər mülki geyimdə kişi cinsli şəxs yaxınlaşıb özlərini Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşı kimi təqdim etmişlər. Həmçinin həmin şəxslər ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu ehtimal etdiklərini bildirib onun özləri ilə birlikdə ərazi üzrə Yasamal RPİ-nin 26-cı polis bölməsinə getməsini bildirmişlər. Polis əməkdaşlarına etiraz etməyərək Yasamal rayon polis idarəsinin 26-cı polis bölməsinə getmişdir. Polis bölməsinə çatdıqda şəxsiyyəti müəyyən edilmiş, həmçinin Yasamal RPİnin 26-cı PB-nin təhqiqatçısı Rüfət Mustafazadə tərəfindən polis bölməsinin xidməti otaqlarından birində ona hüquqları izah edilərək aydınlaşdırılmışdır. Həmçinin ona üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Bundan imtina etmədikdə hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 22 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. X7 vəkil qismində polis bölməsinə gəlmiş və ona təqdim edilmişdir. Həmin vəkilin hüquqi yardımından imtina etməmişdir. Həmçinin şübhəli şəxs qismində tutulmağı ilə bağlı müvafiq sənədləşmə aparılmışdır. Daha sonra ona üzərində şəxsi axtarış və götürmənin video çəkilişlə aparılacağı izah edilmiş və həmin çəkilişdən imtina etməmişdir. X3 tərəfindən aparılan şəxsi axtarış və götürmədə o, müdafiəçi Nofəl Əhmədov, onu polis bölməsinə gətirmiş mülki geyimli əməkdaşlar iştirak etmişlər. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ondan üzərində olan daşınması və saxlanılması qanunsuz hesab edilən hər-hansı bir əşyanı, maddəni təqdim etməyi tələb edilmişdir. Bu zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibində olan şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin bükülünün içərisi açıldıqda orada qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli heroinə oxşar maddənin olması müəyyən edilmişdir. Sorğu zamanı həmin maddənin narkotik vasitə olan kokos, yəni heroin olduğunu, saxlanıldığı günü «Kubinka» adlanan ərazidə şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata aldığını və əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyaraq gəzdirdiyini demişdir. Sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya maddə aşkar edilməmişdir. Üzərindən götürülmüş qeyd edilən maddə təhqiqatçı tərəfindən boş zərfə qoyularaq zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən zərfin üzəri və sonradan tərtib edilmiş protokol tərəflərindən tanış olduqdan sonra imzalanmışdır. Üzərindən aşkar edilmiş bükümdəki maddə məhkəmə kimyəvi ekspert tədqiqatından keçirilmiş və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, həmin bükümdəki təmiz çəkisi 1,030 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs ifadəsini davam edərək qeyd edilən narkotik vasitə olan heroini bədənində ağrıları olduğuna görə öz şəxsi istifadəsi üçün almışdır. Həmçinin həmin maddəni istifadə etmək üçün üzərində saxlamışdır. Lakin tutulduğu üçün həmin maddəni istifadə edə bilməmişdir. Qeyd edilən maddəni digər şəxsə satmaq və ya pay vermək kimi məqsədi olmamışdır. Narkotik vasitəni ona satan şəxsi tanımamışdır. Həmin şəxsin hər-hansı bir anket məlumatı ona məlum deyildir. Həmin şəxs 50 yaşlarında, orta boylu, qarayanız, bir qədər arıq idi və saçları tökülmüşdür. Narkotik vasitəni hər dəfə eyni şəxsdən deyil, üzdən tanıdığı şəxslərdən təsadüf şəklində narkotik vasitəni almışdır. Əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Qeyd edilən narkotik vasitənidə kiməsə satmaq və ya vermək niyyəti olmamışdır. Saxlanılarkən və şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. Əməlini etiraf etməsini və səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 26-cı polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində polis kapitanı xüsusi rütbəsi ilə xidmət edir. 02 fevral 2022-ci il tarixdə Yasamal RPİ-nin 26cı PB-nin əməliyyat müvəkkili Şahid1 ünvan 5 ünvanında pasport qeydiyyatında olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı verilmişdir. Həmin məlumat Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəhbərliyinə raport şəklində məruzə edildikdən sonra, müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün Şahid1 və onun iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Müvafiq əmrə əsasən qrupun rəhbəri Şahid1 təyin edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 02 fevral 2022-ci il tarixdə saat 11:30-da ünvan 6 ünvanının qarşısında zahiri əlamətləri əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs müəyyən edilmiş və onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmçinin həmin şəxsin Təqsirləndirilən şəxs olması tərəflərindən müəyyən edildiyi üçün ona qanunsuz olaraq narkotik vasitə əldə etməsində şübhəli olması bildirilərək onu özləri ilə ərazi üzrə Yasamal RPİ-nin 26-cı polis bölməsinə gətirmişlər. Bundan sonra Yasamal RPİ-nin 26-cı polis bölməsinin inzibati binasında müvafiq araşdırmanın aparılması 26-cı polis bölməsinin təhqiqatçısı polis mayoru Rüfət Mustafazadəyə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və prosessual qanunvericiliyə müvafiq olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, onun öz istəyinə uyğun şəkildə hüquqlarının Dövlət tərəfindən vəkillə müdafiəsi təmin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə onun üzərində şəxsi axtarış və götürülmə aparılmışdır, Həmçinin həmin prosessual hərəkət video çəkilişlə müşaiyət edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra o, üzərində digər başqa əşya və maddə olmadığını qeyd etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz gödəkçənin ciblərinə, şalvarın yan və arxa ciblərinə o cümlədən ayağındakı ayaqqabının içərisinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli bükümə baxış keçirilmiş, həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin maddə bir ədəd içərisi boş olan zərfin içərisinə qoyularaq üzəri DİN-in «zərflər üçün 170 saylı» möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olduğunu, həmin maddənin özünə məxsus olduğunu, öz istifadəsi üçün Nəsimi rayonu ərazisində «Kubinka» adlanan küçədən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Göstərilənlərlə yanaşı müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı hər-hansı bir qanuna zidd davranışın olub-olmaması sorğu edilmiş, sonuncu özünə qarşı heç bir qanunsuz hərəkətin edilmədiyini bildirmişdir. Həmin prosessual sənədləşmə protokol iştirakçılarına ucadan oxunmuş, doğru tərtib edildiyi üçün hər birinin imzası ilə təstiq edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/674 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,030 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 1428 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-02/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının tətbiq edilməsi barədə Sumqayıt Şəhər Probasiya Şöbəsi təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-336/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək ilə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün hissəsi 01 (bir) il azaldılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkum barəsində Amnistiya aktının tətbiq edildiyi xx.xx.2022-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 01 il 11 ay 26 gün təşkil etmişdir. Həmin qərardan görünür ki, ümumiyyətlə həmin hökm üzrə cəzasının çəkilməsinə başlanılmamışdır və təyin edilmiş qəti cəza çəkilməmiş qalmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyata düşmədiyi üçün, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edildikdən sonra onun 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Bununla da hazırkı iş üzrə CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli olduğundan və Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 01 il 11 ay 26 gün olduğundan və həmin çəkilməmiş cəzanın 01 il hissəsi azaldıldığından, həmin hökm üzrə cəzasının çəkilməmiş hissəsi 11 ay 26 gün qalmışdır. Çəkilməmiş həmin 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı iş üzrə əhəmiyyət kəsb edir. Çünki Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından sonra Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 11 ay 26 gün azadlığın məhdudlaşdırılması hissəsi hazırkı hökmlə təyin edilən cəzaya tamamilə və ya qismən birləşdirilməlidir. Həmçinin Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X9 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, evli olmasını, himayəsində azyşalı uşağının olmasını, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu vaxtdan sonra barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilənədək olan müddətdə həbsdən azad olunmasına dair qərar və ya məlumat olmamışdır. Buna görə də cəzasının əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş qəti cəzanın çəkilməmiş qalan 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası (02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla) hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 01 il 02 ay (bir il iki ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 02 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 manat (səksən bir manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,980 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-219/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-219/2022
10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver