Məhkəmə qərarları › İş №1(004)-22/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-22/2022

01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-22/2022 01.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ali təhsilli, 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 noyabr 2019-cu il tarixdə saat 04 radələrində ünvan 2 ünvanında yerləşən “Qarabağ” kafesində müştəri qismində olduğu zaman həmin kafenin giriş hissəsində cərəyanötürücü cihaza qoşulmuş, Zərərçəkmiş şəxs məxsus üzərində 1 ədəd 15 manat dəyərində sim kart, 1 ədəd 10 manat dəyərində qobur və 1 ədəd 10 manat dəyərində ekran qoruyucusu olmuş 1 ədəd 2665 manat dəyərində “Samsung” markalı “S10” modelli **********55988 və **********55986 saylı İMEİ kodlar altında istifadə olunan mobil telefon aparatını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2700 manat maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin oktyabr ayının sonlarında o yolüstü yaşıl rəngli “Mercedes” markalı taksi avtomobilini saxlamış, həmin vaxt həmin avtomobili idarə edən Dilavər adlı taksi sürücüsü ilə təsadüfən tanış çıxmış, belə ki, o həmin şəxslə bir neçə il ondan əvvəl judo üzrə eyni idman zalına gedirmişlər. Buna görə də Dilavər ona öz nömrəsini vermişdir ki, harasa getmək lazım olanda o sonuncuya zəng etsin və Dilavər onu aparsın. 03 noyabr 2019-cu il tarixdə axşam saatlarında o, Yasamal rayonu Mətbuat prospekti “Tri korona” deyilən binaların yanında yaşayan tanıdığı bir qızın evində olmuş və 04 noyabr tarixinə keçən gecə saatlarında oradan çıxmış, elə həmin evin qarşısında həmin taksi sürücüsünə zəng etmişdir ki, onu gəlib oradan götürüb evinə aparsın. Həmin sürücü də razılaşaraq 10-15 dəqiqə sonra gəlib onu götürmüşdür. Bundan sonra onlar yol gedərkən o taksi sürücüsünə bildirmişdir ki, acmışdır, kabab yemək istədiyini bildirərək sonuncudan Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən “Qarabağ” kafesinə sürməsini xahiş etmişdir. Sürücü də razılaşmış və onlar həmin yerə getmişlər. Orada onlar oturub kabab yemişlər, o biraz araq da içmişdir. Orada olduqları zaman həmin sürücü kafenin xidmətçilərindən cərəyanötürücü naqil götürmək üçün yerindən durub kafenin giriş hissəsinə getmiş, sonra isə qayıdıb demişdir ki, naqil telefonuna uyğun gəlmir. Onlar orada 30-40 dəqiqə oturduqdan sonra durmuşlar, o Dilavərə demişdir ki, getsin avtomobilə əyləşib onu gözləsin, o ayaq yoluna gedib gələcəkdir. Dilavər də gedib avtomobilə əyləşmiş və onu gözləmişdir. O, kafedən çıxarkən görmüşdür ki, kafenin giriş hissəsində cərəyanötürücü naqilə bir ədəd “Samsung” markalı mobil telefon qoşulub. O həmin telefonu götürmək qərarına gəlmiş və naqildən çıxarıb cibinə qoymuşdur. Bundan sonra o keçib avtomobilə əyləşmiş, Dilavərdən xahiş etmişdir ki, sonuncu onu əvvəlcə “Nizami” m/s-nm yaxınlığında yerləşən Kubinka deyilən əraziyə, sonra isə Xırdalan şəhərində yerləşən evinə aparsın. Dilavər razılaşmış və onlar oradan uzaqlaşmışlar. Avtomobildə yol gedərkən o kafedən oğurladığı mobil telefonu cibindən çıxarıb əlində baxmış, sonra isə nömrəsini çıxarıb telefonu söndürmüşdür. Maddi vəziyyəti pis olduğundan o qərara gəlmişdir ki, həmin telefonu sataraq maddi gəlir əldə edər. Təxminən 10-15 dəqiqə sonra Dilavər onu “Nizami” m/s-nm qarşısına gətirmiş, o sonuncudan xahiş etmişdir ki, onu 5-10 dəqiqə gözləsin, tanıdığı bir şəxslə görüşüb qayıdacaqdır. Bundan sonra o avtomobildən düşüb Kubinka deyilən əraziyə getmiş və orada məhəllələrin birində əvvəllər tanıdığı Ceyhun adlı şəxsi gözləmişdir ki, oğurladığı mobil telefonu sonuncuya təklif etsin. Lakin o, Ceyhun adlı şəxs ilə görüşə bilməmiş və Dilavərin yanma qayıtmışdır. Bundan sonra Dilavər onu Xırdalan şəhərində yerləşən evinə aparmış və onlar orada sağollaşmışlar. Onun pula ciddi ehtiyacı olduğuna görə o, həmin gün bir neçə tanıdığı şəxslərə müraciət edərək oğurladığı həmin 1 ədəd “Samsung S10” markalı mobil telefonu sonunculara təklif etmiş, həmçinin xahiş etmişdir ki, alıcı tapmaqda ona köməklik etsinlər. Almaq istəyən şəxslər ona 300-400 manat pul təklif edirmişlər, lakin o öyrənmişdir ki, həmin telefonun mağaza dəyəri təxminən 1500-1700 manat təşkil edir, həmçinin telefon əla vəziyyətdə idi, çox az müddətdə istifadə olunduğu görünürdü. Buna görə də o telefonu ucuz qiymətə satmaq istəmirmiş və həmin telefon təxminən 5-6 gün onda qalmışdır. Sonradan o artıq pulsuz qala bilmədiyindən telefonu ucuz qiymətə satmaq qərarına gəlmiş və bir neçə dəfə Kubinka deyilən əraziyə gedib Ceyhunu axtarmış, bilirmiş ki, telefonu sonuncuya təklif etsə ondan həmin an alacaqdır. Bununla belə təxminən 10-11 noyabr 2019-cu il tarixdə o həmin mobil telefonu Ceyhun adlı şəxsə satmış, bunu müqabilində sonuncu ona 300 manat pul vermişdir. Həmin pulu o özünün və evdəkilərin ehtiyacına xərcləmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini, peşman olmasını, 2 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirdi ki, o, yaşadığı ünvanda yerləşən “Qarabağ” kafesində xidmətçi işləyir. Həmin kafe 24 saat iş rejimində işləyir. “Samsung S 10” markalı **********55988 və **********55986 saylı İMEİ kodları olan mobil telefonu o, 2019- cu ilin oktyabr ayında kredit şərtləri ilə 2665 manata almışdır. 04 noyabr 2019-cu il tarixdə gecə saat 02 radələrində o, işlədiyi kafeyə gəlmişdir. Həmin vaxt o və kababçı kafedə idilər. Təxminən saat 05 radələrində kafeyə iki şəxs müştəri daxil olmuşdur. Həmin şəxslər kafedə otaqların birində əyləşmişlər və yemək sifariş vermişlər. Həmin vaxt onun mobil telefonunun cərəyanı qurtardığı üçün o, telefonunu kafenin giriş hissəsində elektrik cərəyana sancıb masanın üzərinə qoymuşdur. Kafedə çörək bitdiyi üçün o, kafenin yaxınlığında yerləşən təndirxanadan çörək almağa getmişdir. O, çörək alıb təxminən 3-4 dəqiqə sonra geri qayıtmışdır. Kafeyə daxil olan zaman o elektrik cərəyanına taxdığı mobil telefonunun elektrik cərəyan naqilinin yerində olmadığını görmüşdür. Kababçı İlkin bildirmişdir ki, elektrik cərəyan naqilini müştərilər götürüb. O, müştərilərin əyləşdiyi otağa getmiş, mobil telefonunu elektrik cərəyanına qoymaq istəyən şəxs ona elektrik cərəyan naqilinin telefonuna uyğun gəlmədiyini bildirmiş, buna görə də o elektrik cərəyan naqilini götürüb kafenin giriş hissəsinə qayıtmışdır. O, mobil telefonunu təkrar naqilə taxmış və kafenin otaqlarını təmizləmiş, 15-20 dəqiqə sonra mobil telefonunu qoyduğu yerə qayıtdıqda telefonun yerində olmadığını aşkar etmişdir. Bundan əlavə o göstərmişdir ki, həmin vaxt mobil telefonun üzərində ona məxsus olan 15 manat dəyərində ***-***-**-** nömrəli 1 ədəd sim kart, 10 manat dəyərində qobur və 10 manat dəyərində ekran qoruyucusu olduğundan, həmçinin telefonun qiyməti 2665 manat olduğundan ona ümumilikdə 2700 manat maddi ziyan dəymişdir. Bu xüsusatı nəzərə almağı xahiş etmişdir. Həmçinin şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməməsini, təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, azadlıqdan məhrum edilməkdən əvvəl taksi sürücüsü işləyirmiş, 10- VP-456 dövlət qeydiyyat nişanlı, yaşıl rəngli “Mercedes E-class” markalı avtomobili idarə edirmiş. Təxminən 2019-cu ilin oktyabr ayının sonlarında o müştəri qismində bir nəfər Ruslan adlı şəxsi avtomobili ilə daşıyarkən sonuncu ilə tanış olmuş, onların arasında söhbət olmuş və söhbət zamanı ona məlum olmuşdur ki, onun köhnə məşq yoldaşı, hazırda “Cüdo” üzrə idman cəmiyyətinin sədri olan Mübariz Cəfərov həmin şəxsin doğma qardaşıdır. Həmçinin Ruslan özü də cüdo ilə məşğul olurmuş, keçmişdə onunla eyni idman zalına getdiyini bildirmişdir. Lakin o Ruslan ilə məşq etməmiş, sonuncunu xatırlamır, çünki Ruslan ondan yaşca kiçikdir. Bununla belə Ruslanla onun arasında tanışlıq yaranmış, sonuncu onun mobil nömrəmi götürmüşdür ki, taksi lazım olanda ona zəng etsin. 04.11.2019-cu il tarixdə saat 01 radələrində Ruslan ona zəng edib demişdir ki, o sonuncunu Yasamal rayonu Mətbuat prospektində yerləşən “tri korom” deyilən binaların qarşısından götürsün. O da razılaşmış və təxminən bir saat sonra həmin yerə gəlmiş, oradan Ruslanı götürmüşdür. Avtomobilə əyləşdikdən sonra Ruslan ondan xahiş etmişdir ki, o sonuncunu Xırdalan şəhərində yerləşən evinə aparsın. Bir az yol getdikdən sonra Ruslan ona ac olduğunu bildirmiş və demişdir ki, o avtomobili yaxınlıqda yerləşən “Qarabağ” kafesinin yanma sürsün. O da Yasamal rayonu M.Xiyabani küçəsinə dönmüş və avtomobili həmin kafenin qarşısında saxlamışdır. Sonra onlar həmin kafeyə daxil olmuşlar və kabinetlərin birində oturub kabab yemişlər, Ruslan bir az alkoqol içki qəbul etmişdir. Orada olan zaman onun mobil telefonunun cərəyanı zəiflədiyindən o, kafenin işçilərinə yaxınlaşaraq cərəyanötürücü naqil vermələrini xahiş etmiş, həmin zaman onlar ona başqa telefona qoşulmuş naqili çıxarıb vermişlər, lakin həmin naqilonun mobil telefonuna uyğun olmadığından o həmin naqili telefonuna qoşa bilməmişdir. Beləliklə onlar orada təxminən bir saat oturmuşlar, sonra isə Ruslan ona demişdir ki, o gedib avtomobilə əyləşsin, sonuncu da hesabı verib yaxınlaşacaq. O da gedib avtomobilinə əyləşmiş, bir neçə dəqiqədən sonra Ruslan da gəlib əyləşmişdir. Həmin zaman Ruslan ondan xahiş etmişdir ki, ilkin olaraq sonuncunu Nizami m/s-nın yaxınlığında yerləşən “Kubinka” deyilən əraziyə aparsın, sonra isə oradan Xırdalan şəhərində yerləşən evinə aparsın. O razılaşmış, Ruslanı “Kubinka” deyilən yerə aparmışdır. Orada Ruslan avtomobildən düşüb bildirmişdir ki, bir yerə gedib beş dəqiqəyə qayıdacaq. O da Ruslanı maşında gözləmişdir. Təxminən 10-15 dəqiqə sonra Ruslan qayıtmış və maşına əyləşmiş, bundan sonra onlar Xırdalan şəhərində yerləşən bazarın yanma getmişlər. Orada o Ruslanı düşürmüş, Ruslan ona 20 manat xidmət haqqı verib getmişdir. Bundan sonra o Ruslanı bir daha görməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxslərin ziyanları ödənilməmişdir. İş materiallarında olan doğum haqqında sənədlərin surətlərinə əsasən Təqsirləndirilən şəxs 10.02.2016-cı il təvəllüdlü X4, 18.01.2018-ci il təvəllüdlü X3 adlı uhaşları vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını, böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs 07.05.2021-ci il tarixdə tutulmuş, sonra o, 09 may 2021-ci il tarixdə həbsdən azad edilib və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün həbsdə qalmışdır. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsindəki “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur və o, 21.12.2021-ci il tarixdə tutulmuşdur, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış istintaq zamanı "xxxx" MMCdən əldə edilmiş anten məlumatlar, zənglər və sms mətnlərini əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən əldə edilmiş imei kodlar altında istifadə olunan nömrələri əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 ay (üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 ay 28 gün (iki ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən əldə edilmiş anten məlumatlar, zənglər və sms mətnlərini əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən əldə edilmiş imei kodlar altında istifadə olunan nömrələri əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın Təqsirləndirilən şəxsn məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar