Məhkəmə qərarları › İş №1(004)-220/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-220/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-220/2025 30.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X12 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Qazax rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qazax rayonu, Hüseynbəli ərazi dairəsi, Canallı kəndində qeydiyyatda olan və Bakı şəhərinin müxtəlif rayonlarında gündəlik kirayə evlərdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 03 fevral 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 430 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının qarşısına daşımış, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən o, 03 fevral 2024-cü il tarixdə saat 13:00-da ünvan 1 ünvanının qarşısında şübhəli bilindiyindən saxlanılaraq, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət edilmiş və həmin gün 26-cı Polis Bölməsinin inzibati binasında saat 14:05-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman sol əlində olan 01 ədəd qara rəngli sellofan paketin içərisindən olan 01 (bir) ədəd qırmızı rəngli sellofan bağlamada xeyli miqdarda təmiz çəkisi 430 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikasının CM-in 177 və 234.1-ci maddələri ilə məhkum olunmuş, narkotik vasitələrin aludəçisidir, bədənində ağrılar olduğu üçün narkotik vasitə qurudulmuş marixuana istifadə edir, onu narkotik vasitə istifadə etməyə heç kim məcbur etmir, belə ki, 03 fevral 2025-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 70 (yetmiş) manat pulun müqabilində 01 ədəd qırmızı rəngli sellofana bükülmüş narkotik vasitə marixuana almış, istifadə etmək üçün həmin vaxtı əlində olan 01 ədəd qara rəngli sellofan paketin içərisinə qoymuş, həmin gün, yəni 03 fevral 2025-ci il tarixdə, saat 13:00-da ünvan 1 ünvanının qarşısında olarkən, iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşlarını olduqları bildirib onu Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət etmiş, o da etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə yollanmış, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində hüquqlarının müdafiə olunmasından ötrü vəkil dəvət olunaraq ona təqdim edilmiş, həmin vəkilə hüquqlarını müdafiə etməsinə heç bir etirazının olmadığını bildirmiş, sonra Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ildə şübhəli şəxs qismində tutularaq, şübhəli şəxs qismində tutma haqqında qərarla tanış edilmiş, sonra polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü şəkildə təqdim etməyini təklif etmişlər, o, artıq ifşa olunduğunu başa düşərək, sol əlində saxladığı, içərisində 01 ədəd qırmızı rəngli sellofana bükülmüş narkotik vasitə marixuana olan 01 ədəd qara rəngli sellofan paketi masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi 01 ədəd qara rəngli sellofan paket açıldıqda içərisində 01 ədəd qırmızı rəngli sellofana bükülmüş narkotik vasitə marixuana olması müəyyən edilmiş, o, həmin qırmızı rəngli bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni saxlanılmazdan əvvəl, yəni 03 fevral 2025-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 70 manat pulun müqabilində alıb üzərində saxladığını bildirmiş, sonra üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, sonra təqdim etdiyi 01 ədəd bağlama sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülmüş, həmin bağlamanın üzəri iştirakçılar və onun tərəfindən imzalanmış, sonra onun üzərinə şəxsi axtarış aparılması haqqında protokol tərtib edilərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİnin 26-cı Polis Bölməsinin CA üzrə baş əməliyyat müvəkilli, polis kapitanı X2 ifadəsində göstərmişdir ki, 03 fevral 2025-ci il tarixdə, saat 13:00-da o, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X5 ilə birlikdə ünvan 1 ünvanda xidmət apararkən bir nəfər kişi cinsli şəxsin özünü şübhəli aparmasını diqqət çəkdiyi üçün həmin şəxsə yaxınlaşıb, özlərini təqdim edərək narkotik vasitələrin istifadəsində şübhəli bildiklərinə görə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət etmişlər, həmin şəxs buna etiraz etməyib, onlarla birlikdə 26-cı Polis Bölməsinə gəlmiş, Polis Bölməsində gəldikdə həmin şəxsin xx.xx.1978-ci ildə Qazax rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qazax rayonu, Hüseynbəli ərazi dairəsi, Canallı kəndində qeydiyyatda olan, Bakı şəhərinin müxtəlif rayonlarında gündəlik kirayə evlərdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, sonra Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, Təqsirləndirilən şəxs vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmiş, sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin vaxtı sol əlində olan 01 ədəd qara rəngli sellofanı masanın üzərinə qoymaqla təqdim etmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofanın içərisinə baxış keçirilərkən içərisində 01 ədəd qırmızı rəngli sellofan bağlama olması aşkar edilmiş, həmin bağlama açıldıqda içərisində yaşıl rəngli, ot tərkibli spesifik iyə malik olan, narkotik vasitə marixuyanaya bənzər vasitə aşkar edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə marixuana olmasını, həmin narkotik vasitəni saxlanılmazdan əvvəl, yəni 03 fevral 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Kubinka» deyilən ərazidən üz tanıdığı, lakin adını bilmədiyi şəxsdən 70 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirmiş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qırmızı rəngli sellofan bağlama sübut əhəmiyyətinə malik olduğundan həmin 01 ədəd qara rəngli sellofanın içərisinə qoyulmaqla qablaşdırılıb möhürlənərək götürülmüş, həmin qablaşdırmanın üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair təhqiqatçı tərəfindən protokol tərtib edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin CA üzrə əməliyyat müvəkilli, polis leytenantı X5 ondan əvvəl şahid qismində dindirilmiş X2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 20-ci vərəqəsində olan 03 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 79-81-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 fevral 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 47-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-7/225 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “1.imza Xəlilov.....” yazı və imzalar olan 1 (bir) ədəd qara rəngli polietilen bağlamada yazı və imzalar olan 1 (bir) ədəd qırmızı rəngli sellofanda təmiz çəkisi 430 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 48-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 70 (yetmiş) manat müəyyən edilmişdir. Cinayət işinin 123-130-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 429,95 qram çəkidə olan narkotik vasitə marixuana və DVD disk sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Yasamal RPİ-nə təhvil verilmiş, DVD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 121-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 560 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opiolidlərin və Psixotimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 87-89 və 95-109-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs X3 Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 241«A»; 242«A» və 38-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.1997-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il Amnistiya qərarının 3-cü maddəsinə əsasən azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Ağdam Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 243-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 39 saylı əfv fərmanına əsasən azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Tovuz rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2018-ci ildə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2023-cü ildə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin vaxtı sol əlində saxladığı 01 ədəd qara rəngli sellofan paketi masanın üzərinə qoymaqla təqdim edir və həmin paketdə olan 01 ədəd bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni saxlanılmazdan əvvəl, yəni 03 fevral 2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» deyilən ərazidən üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 70 manat pulun müqabilində əldə etməklə özü istifadə etməsi üçün üzərində saxlamaqla daşıdığını polis əməkdaşlarına bildirir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofan paketin içərisinə baxış keçirildikdə içərisində 01 ədəd qırmızı rəngli sellofan bağlama olması müəyyən edilir, həmin bağalamanın içərisinə baxış keçirildikdə içərisində yaşıl rəngli, ot tərkibli, spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər vasitə olması müəyyən edilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd bağlama sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülür. Həmin bağlamanın üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8); narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum edilməsinə, xx.xx.2023-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq 2 il keçmədən, 03 fevral 2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 03 fevral 2025-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx.xx.2025-ci il tarixli, 560 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Yasamal rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 429,95 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 429,95 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar