Məhkəmə qərarları › İş №1(004)-222/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-222/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-222/2021 06.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1991-ci il tarixində Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olan, ali təhsilli, məhkum olunmayan, ünvan 2, mənzil 3-də qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki və hüquqi şəxslərin, hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, eləcə də epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, о, əsas fəaliyyət növü reklam və tikinti işlərinin görülməsi olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri vəzifəsində işləməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə şərtləşdirilmiş karantin rejimi dövründə sərbəst hərəkət etmələrindən ötrü qanunvericiliklə müəyyən edilmiş qaydalardan kənar şəkildə ayrı-ayrı şəxslərə sair şəxsi niyyətlə gəlir əldə etmək məqsədilə elektron icazələri qanunsuz təşkil edərək heç bir yerdə işləməyən Şahid2, Şahid1, Şahid4, Şahid5, Şahid3 və qeyrilərini, ümumilikdə 594 nəfər şəxsi direktoru olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə “satıcı”, “sürücü”, “reklam mütəxəssisi”, “menecer” və digər vəzifələrə işə götürmə barədə “icazə.e-gov.az” portalına ünvan 1 ünvanında istifadəsində olan mobil telefon və “Notebook” vasitəsilə yalnış məlumatlar daxil edib həmin şəxslərə 2020-ci ilin iyun ayının əvvəllərindən 05 yanvar 2021-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda ümumilikdə 1190 ədəd elektron icazənin qanunsuz verilməsini təşkil etməklə «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli, 120 nömrəli, 02 aprel 2020-ci il tarixli, 124 nömrəli, 18 aprel 2020-ci il tarixli, 144 nömrəli, 28 oktyabr 2020-ci il tarixli, 427 nömrəli və 08 dekabr 2020-ci il tarixli 488 nömrəli Qərarlarının tələblərinə riayət etməyərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni «Koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmaqla öz qulluq səlahiyyətlərindən, yəni işə götürmək səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin bu sahədə qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “xxxx” MMC-nin təsisçisi və direktorudur. 3 ay olar ki, şirkət öz faktiki fəaliyyətini dayandırmışdır. Şirkət rəhbəri olduğundan dost-tanışların təkidli xahişləri ilə təxminən 500-dən çox vətəndaşı guya MMC-yə usta, sürücü və ya satıcı vəzifəsində işə götürüb həmin adamlara 10-50 manat pul müqabilində icazə arayışları vermişdir. Prosesinin mexanizmi belə qurulmuşdur ki, ona məxsus olan XİAOMİ PRO 6 markalı mobil telefonda ***-***-**-** saylı mobil telefonla qeydiyyatdan keçmiş “WhatsApp” proqramı vasitəsi ilə ona müraciət etmiş şəxslər öz şəxsiyyət vəsiqələrininin fotoşəkillərini göndərir, o isə bu şəxsiyyət vəsiqəsinin məlumatları əsasında onları yuxarıda qeyd etdiyi formada işə götürüb karantin postlarından sərbəst hərəkət etmələri üçün icazə arayışının elektron versiyasının yenidən ona göndərmişdir. Bundan sonra isə həmin şəxs ya nağd formada ya da ki, xxxx tərəfindən ona verilmiş 4169-7332-1286-8348 saylı karta pul köçürmüşdür. İcazələrin hamısını standart olaraq bütün ölkə üçün vermişdir. İşdə ona heç kim köməklik etməmişdir. Onun işləri olduğundan dost-tanışı bu kartdan onun xahişi ilə istifadə etmişdir. Buna baxmayaraq həmin adamların bu işə heç bir aidiyyəti yoxdur. 05 yanvar 2021-ci il tarixə o saxlanılan zaman ona məxsus olan yuxarıda qeyd etdiyi mobil telefon aparatı və kartı polis əməkdaşlarına təhvil vermişdir. 2020-ci ilin iyun ayından başladığı vaxtlarda ilkin olaraq heç bir maddi-maraq olmadan icazələri yazmışdır. Lakin son aylarda isə artıq qeyd etdiyi kimi 10-50 manat pul qarşılığında bu icazələri vermişdilər. Bu işdən təxminən 4000- 5000 manat pul qazanmışdır. Əməlindən səmimi peşmandır. O ilk 2020-ci ilin iyun ayından etibarən belə icazələri verməyə başlamışdır. Sonradan karantin rejimi aradan qaldırılmış və o icazələrin verilməsini dayandırmışdır. 2020-ci ilin dekabr ayında isə karantin dövründə yenə də müraciət edən şəxslərə icazələr verməyə başlamışdır. O 2020-ci ilin iyun ayının əvvəllərindən 05 yanvar 2021-ci il tarixdək ümumilikdə 594 nəfər şəxsə icazə vermişdir. Lakin bir şəxsə müxtəlif vaxtlarda bir neçə dəfə icazə verdiyinə görə ümumilikdə portalda onun şirkətinin adına 1190 elektron icazə aşkar edilmişdir. O icazələri istifadəsində olan mobil telefon və işlətdiyi NoteBook vasitəsilə yaşdığı ünvan 2 ünvanında yerləşən 3 nömrəli mənzilində “İcazə-e.gov.az” portalına daxil olaraq vermişdir. İfadəsinin sonunda əməlindən peşman olduğunu, barəsində yüngül cəza tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayından etibarən ölkə ərazisində sərbəst hərəkət etmək məhdudlaşdırıldığından ümumi dost tanışlardan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Səməd özünü ona postlardan sərbəst keçmək üçün icazə alan şəxs kimi təqdim etmişdir. O da sərbəst hərəkət etmək istədiyindən Səməddən bunun üçün nə lazım olduğunu soruşduqda ona şəxsiyyət vəsiqəsinin şəklini və onun hesabına pul köçürülməsinə dair çekin şəklini istəmişdir. Səməd demişdir ki, 50 manat pulun müqabilində bütün ölkə üzrə sərbəst hərəkət üçün icazə yaza bilər. O da sərbəst hərəkət etmək üçün qeyd etdiyi yəni 2020-ci ilin oktyabr ayında Səmədin “WhatsApp” proqramı vasitəsi ilə ona göndərdiyini kartına yaşadığı evin yaxınlığındakı “Kaktus” restoranın yanındakı Million aparatından istifadə edib 50 manat pul köçürmüşdür. Köçürmə qəbzini və şəxsiyyət vəsiqəsinin fotoşəklini ona “WhatsApp” proqramı vasitəsi ilə göndərdikdən sonra o isə elektron formada icazəni ona göndərmişdir. Bu icazədən istifadə edib karantin postlarından bir neçə dəfə istifadə etmişdir. Bundan sonra isə bir dəfə də eyni qaydada karantin sərtləşdiyi zaman 2020-ci ilin dekabr ayında eyni qaydada icazə almışdır. Bir dəfə də tanışı Şahid1 üçün eyni qaydada icazə almışdır. Səmədin hansı üsulla icazə almasından onun heç bir xəbəri olmamışdır. O elə bilmiş ki, hər şey qanuni yolla həll olunub. Çünki postlardan keçən zaman da polis əməkdaşları həmin icazəni yoxlayıb qaydasında olduğuna əmin olduqdan sonra onu buraxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid4, ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 və Şahid5 eyni xususuatlar üzrə ifadələr verərək Şahid3 dediklərini bir daha təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 01.02.2021-ci il tarixli 70/KEŞ №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasına yoluxması ilə əlaqədar labarator müayinənin cavabı olmadığından, həmin tarixlərdə onun qeyd olunan virusa yoluxubyoluxmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs virusa yoluxduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla bədənində, paltarında və ya digər formada “Covid-19” virus infeksiyasını bir yerdən başqa yerə daşıması və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir (cild 1, i/v 117-119). İş materiallarında olan 05 yanvar 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdə ünvan 2 ünvanının yaxınlığında saxlanılmış və özünü icazəsi ilə istifadəsində olan “Xiomi pro 6” markalı mobil telefona baxış keçirilən zaman telefonda çoxsaylı vətəndaşlara qanunsuz icazələrin verilməsini təsdiq edən danışıqlar, PDF formasında sənədlər və digər sübut əhəmiyyətli məlumatlar aşkar edilmişdir. Həmin görüntülərin surəti çıxarılaraq protokola əlavə edilmişdir (cild 1, i/v 10-14). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanuni hesab edilmişdir (cild 1, i/v 20). İş materiallarında olan 07 yanvar 2020-ci il tarixli “İcazə.e-gov.az” icazə portalına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə «icazə.e-gov.az» icazə portalına Baş İdarənin kompyüter otağında xüsusi proqram təminatı vasitəsi ilə XMİÜ üzrə baş əməliyyat müvəkkili X3 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmiş ki, “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən X6, Şahid5, Şahid2 və qeyrilərinin ümumilikdə 594 nəfər şəxsi MMC-də “satış mütəxəssisi”, “reklam mütəxəssisi”, “menecer”, “sürücü”, “satıcı” və digər işçi kimi qeydiyyadan keçirməklə onlara şərtləşdirilmiş karantin rejimi dövründə ölkə ərazisi üzrə sərbəst hərəkətinə icazə qeyriqanuni şəkildə verilmişdir. İcazələrin bəziləri fərd şəklində ayrı-ayrı şəxslərə, bəziləri isə şəxsin özü ilə yanaşı idarə etdiyi nəqliyyat vasitəsinə də verilmişdir. Həmin şəxslərin bəzilərinə icazə müxtəlif vaxtlarda bir neçə dəfə verilmişdir. Ümumilikdə 1190 dəfə icazə verilməsi ilə bağlı PDF formasında sənəd aşkar edilmişdir. Həmin 1190 ədəf PDF formasında icazə sənədləri bir ədəd CD diskə köçürülərək protokola əlavə edilmiş, həmçinin iş üzrə əhəmiyyət kəsb etdiyindən qeyd olunan şəxslərin siyahısı və icazələrinin surəti 22 vərəqdə çıxarılaraq protokola əlavə edilmiş, CD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilməsi nəzərə alınmışdır (cild 1, i/v 22-45). İş materiallarında olan 08 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 116). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-23\2021 nömrəli 08.01.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 78-82). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11.01.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, i/v 86). İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 02 fevral 2021 -ci il tarixli **********551400 nömrəli məktubdan görünür ki, “Vergi ödəyicilərinin dövlət reyestri”ndə olan məlumatlara əsasən xx xxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 15 dekabr 2012-ci il tarixdə ********** nömrəli VÖEN-lə fiziki şəxs (fərdi sahibkar) kimi vergi uçotuna alınmışdır.Həmçinin Təqsirləndirilən şəxs 15 fevral 2016-cı il tarixdən “xxxx” MMC-nin (VÖEN: **********) rəhbəridir (cild 1, i/v 89). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 326\2021 nömrəli 03.04.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay, yəni 07 iyun 2021-ci il tarixinədək uzadılmışdır (cild 1, i/v 107-112). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 364\2021 nömrəli 13.04.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 1, i/v 113-115). İş materiallarında olan AZ-İ seriyalı 926160 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Səfərzadə (Hüseynzadə) Günel İbrahim qızı 19 mart 2014-cü il tarixində nikah bağlamışdırlar (cild 1, i/v 142). İş materiallarında olan AZ-İİİ seriyalı 468397 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23.12.2014-cü il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs, anası X1r (cild 1, i/v 143). İş materiallarında olan AZ-İİİ seriyalı 940732 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 16.04.2017-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs, anası X1r (cild 1, i/v 144). İş materiallarında olan 26 aprel 2021-ci il tarixli “Bank məlumatlarına baxış keçirilməsinə dair” protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi “xxxx”ASC-dən aldığı 4169-7332-1286-8348 nömrəli Debet kartından ödəniş əməliyyatları üzrə 16 vərəqdən ibarət çıxarışa baxış keçirilmişdir. Məlum olmuşdur ki, həmin hesab 01.11.2020-ci il tarixdən 08.01.2021-ci il tarixdək olan məlumatları əks etdirir. Bank kartı vasitəsi ilə həm pul köçürmə əməliyyatları, həm pul mədaxil etmə əməliyyatları, həm də kart vasitəsi ilə müxtəlif ödəniş əməliyyatları (mobil nömrəyə və internet ödənişi, başqa hesaba köçürmə) həyata keçirilmişdir. Bank tərəfindən təqdim edilmiş məlumatlar istintaq materialları ilə uyğunluq təşkil etmişdir. Belə ki, istintaq zamanı toplanmış ifadələrdən görünür ki, karantin dövründə sərbəst hərəkət etmələri üçün təşkil edilmiş elektron icazələr müqabilində ayrı-ayrı şəxslər tərəfindən pul vəsaitləri Təqsirləndirilən şəxs hazırkı kartına göndərilmişdir. 01.11.2020-ci il tarixdən 08.01.2021-ci il tarixədək olan məlumatlardan görünür ki, başqa bank kartlarından, həmçinin «Million», «E-manat» və digər ödəmə terminalları vasitəsi ilə Təqsirləndirilən şəxs 4169-7332-1286-8348 nömrəli Debet kartının hesabına həmin müddət ərzində əsasən 10-60 manat məbləğlərdə pul vəsaitləri köçürülmüşdür. Həmin dövr ərzində karta 18.656,46 manat pul mədaxil edilmiş, 18.657,00 manat pul məxaric edilmişdir (cild 1, i/v 161). İş materiallarına əlavə edilmiş 05 may 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, içərisində 1190 ədəd PDF fayl formasında elektron icazə olan bir ədəd CD diskin sübut növü kimi qiymətləndirilməsi və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 1, i/v 169-175). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünun, şahidlərin ifadələri, maddi sübutlar, habelə işin digər materialları ilə hər iki maddəyə münasibətdə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıda göstərilən prinsip və müddəalarını da rəhbər tutur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun himayəsində iki nəfər azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1ci maddəsi üzrə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Başqa sözlə, ona dövlət və yerli özünüidarə orqanlarında, digər hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da təyin etməlidir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Qeyd edilənlər ilə yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 139-1.1-ci maddəsi ilə də müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası da təyin edilməlidir. Bununla yanaşı, Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən (cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxil olduğundan) Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəza qismən, əlavə cəza isə tam toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən artıq ola bilməz. Həmin Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə qanunun bu və ya digər tələblərini də nəzərə alır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilməli onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı 08.01.2021-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “CD disk iş materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 oğlunun vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 1(004)-222/21 nömrəli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir və sonradan həmin vəkildən imtina edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs Müdafiəçi1 məhkəmə baxışı göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 oğlunun vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, digər hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas cəzaları qismən, əlavə cəzanı isə tam toplamaqla Təqsirləndirilən şəxs oğluna cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, digər hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 08 yanvar 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğluna məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar