Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-222/2022 05.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talama məqsədilə 26 avqust 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metrostansiyasının yanında 1939-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Ağababa qızının əllərində olan polietilen torbaları daşımaqda və hərəkət etməkdə çətinlik çəkdiyini görüb cinayətkar niyyətini həyata keçirmək üçün ona yaxınlaşaraq həmin polietilen torbaların daşınmasında köməklik təklifinə razılıq alıb torbalardan birini daşımaqla onun ilə birlikdə piyada hərəkət edib Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsi 11 nömrəli ünvanda yerləşən sakinlərin dincəlməsi üçün nəzərdə tutulmuş xüsusi yerə çatdıqdan sonra Zərərçəkmiş şəxs məxsus qızıl materialdan olan bir cür sırğanı onun qulağından sərbəst şəkildə açaraq özgənin əmlakını açıq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 avqust 2021-ci il tarixdə bir nəfər yaşlı qadının əlində iki ədəd sellofan torba ilə ağır formada hərəkət etməsini görmüşdür. Onun qulağında olan qızıl sırğalar diqqətini cəlb etdiyindən həmin sırğaları ələ keçirmək qərarına gəlmişdir. Ona görə də həmin qadına yaxınlaşaraq torbaları daşımağa köməklik göstərməyi təklif etmişdir. Həmin yaşlı qadın ona bir söz demədən əlindəki torbalardan birini daşımaq üçün ona verdikdən sonra ondan irəlidə hərəkət etməyə başlamışdır. Bundan sonra bir müddət piyada gedib binaların arasına həyətə daxil olmuşlar. Həmin həyətdə məhəllə sakinlərinin dincəlməsi üçün ayrılmış xüsusi yerə çatdıqda qadın artıq yaşadığı ünvana çatdığını və daşıdığı torbanı verməyini bildirmişdir. O, da heç bir söz demədən daşıdığı içərisində meyvə olan torbanı yerə qoymuşdur. Həmin qadınla söhbət edərək nə yaxşı sırğalarının olmasını bildirmişdir. O, isə söhbət zamanı həmin sırğaları qızının verdiyini bildirmişdir. Qadının bu sözlərindən sonra o, astaca ona yaxınlaşaraq onun tərəfindən heç bir müqavimətlə qarşılaşmadan qulağında olan həmin sırğaları açmış və qadının yanında əlində saxlayıb baxırmış kimi etmişdir. Adını sonradan bildiyi Zərərçəkmiş şəxs torbaları götürmək üçün yerə əyilən kimi isə o, əlində ona məxsus olan bir cüt sırğa ilə birlikdə qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra lombarda gedərək ələ keçirdiyi bir cüt qızıl sırğanı 260 manat müqabilində Günel adlı qadına satmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı qaytarmasını, onunla barışıqı əldə etməsini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 avqust 2021-ci il tarixdə bir oğlan ona yaxınlaşıb əlindəki ağır kisənin daşınmasında köməklik etmişdir. Evin yaxınlığına çatan zaman ona məxsus kisələri yerə qoymuş və onun qulağındakı qızıl sırğa ilə maraqlanmağa başlamışdır. Daha sonra ona bir söz demədən əlini ataraq qulağından bir cüt sırğanı çıxarmışdır. Bundan sonra o, əyilib kisəni yerdən götürən zaman həmin oğlanın bir cüt sırğa ilə qaçıb getməsini görmüşdür. Onun arxasınca səsləmişdir. Lakin o, sürətlə qaçaraq uzaqlaşmışdır. Hazırda ona vurulmuş zərər ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 avqust 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı hər ikisi dindirmə zamanı verdikləri ifadələri təsdiq etmişlər (səh. 58-59). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 avqust 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, soyğunçuluq hadisəsi baş vermiş ünvan ünvan 4cəlməsi üçün ayrılmış xüsusi yerdir (səh. 53-57). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 13 aprel 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.2-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 23 iyun 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 26 avqust 2008-ci il tarixli 819 saylı əfv fərmanına əsasən cəzadan azad edilmişdir.Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il N ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2013-cü il tarixli qərarı ilə 0 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin 02 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 aprel 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qərarı ilə cəzası 03 il N aya endirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 iyul 2017- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin qərarı ilə CM-də dəyişiklik tətbiq olunaraq Azərbaycan Respublikası CM-in 178.1, 178.2.2-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilmiş, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 il N ay müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığından 29 sentyabr 2018-ci il tarixdə azad olunmuşdur (səh. 88-91, 100, 111). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal Rayon Məhkəməsinin 4(004)-698/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin müddəti xx.xx.2021-ci il tarixədək seçilmişdir (173-174). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-497/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (39-41, 82-85). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdə MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (səh. 214, 215-217). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X1 adlı övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsinlə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinin Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qərarı ilə cəzasının 03 il N aya endirilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 iyul 2017- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Xəzər Rayon Məhkəməsinin qərarı ilə CM-də dəyişiklik tətbiq olunaraq Azərbaycan Respublikası CM-in 178.1, 178.2.2-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 il N ay müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığından 29 sentyabr 2018-ci il tarixdə azad olunması halı onun əvvəllər məhkum edilmiş şəxs kimi qiymətləndirilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində çoxsaylı cəzanın yüngülləşdirən halların məcmusunun təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz və mütləq nəzərə alınmalıdır. Belə ki, cəza təyin edərkən bu kimi halların nəzərə alınmaması cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə zidd olardı. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi onun islah edilməsinə xidmət edə bilməz. Təqsirləndirilən şəxsə elə bir cəza təyin edilməlidir ki, o, həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Məhkəmə, həmçinin hesab edir ki, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən Sərəncamının müddəalarının hazırki iş üzrə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı (tutulduğu) müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək tutulduğu 10 (on) ay müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52- 1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 5 ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)- 222/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 05 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 10 (on) ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xətai rayonu M.Davud küçəsi 58 nömrəli ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-222/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-222/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver