Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-222/2023 17.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X8 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X3 X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 bu hadisədən əvvəl tanımamış, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi cənab Orxan Məmmədlinin sədrliyi ilə onun cavabdeh X5 qarşı qaldırdığı mülki iddia üzrə keçirilən məhkəmə iclası zamanı tanımış, cavabdehin vəkili qismində iştirak etmişdir. Təbii ki, onun cavabdehin vəkili qismində iştirak etməsi və qanunla müəyyən edilmiş və ona verilmiş səlahiyyətlər çərçivəsində onunla zidd mövqedə olması normal haldır. Lakin bu ona o haqqı vermir ki, onun məhkəmə iclasında söysün, təhqir etsin, barəsində nalayiq ifadələr işlətsin və üzərinə tüpürsün. Həqiqətən Azərbaycan vəkilinin bu cür hərəkət etməsi utancvericidir, Azərbaycan hüquq sisteminə ziddir. “Vəkillərin davranışı haqqında” Əsasnamənin 2.4-cü maddəsində qeyd edilir ki, loyallıq - Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Lakin görünür ki, 28 ildir ki, vəkil olaraq fəaliyyət göstərən cavabdeh bu əsasnamədən xəbərsizdir. Onun bu cür hərəkətləri nəinki vəkilə, heç bir Azərbaycan qadınına yaraşmaz. Onun vəkil olması məhkəmə iclas zalında üstümə tüpürməsinə, mənə “alçaq”, “şərəfsiz”, “arvadından, qızından xəbərsiz” deyərək məni ağır formada təhqir etməsinə haqq vermir. Həqiqətən bu cümlələri yazmaq onun üçün çox utancvericidir, həmin an nələr keçirdiyini, hansı hissləri yaşadığını, mənəvi sarsıntının izah edə biləcəyi söz yoxdur. Bildirmək istəyir ki, 22 il Azərbaycan Respublikasının X6 xidmət etmişdir və bu xidmət illərində kişi olmağına baxmayaraq heç kəsi bu formada təhqir edərək, onun şərəf və ləyaqətini alçatmamışdır. Qeyd edir ki, yuxarıda sadaladığı hadisələr məhz məhkəmə iclas zalında baş vermişdir. Bu barədə video görüntü və audio səs yazıları da vardır və həmin görüntülər ilə şəxsən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sədri hörmətli İslam Əliyevin köməkliyi ilə tanış olmuş və İslam müəllim də onun hərəkətlərini qınamışdır. Bu barədə tərəfındən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına şikayət etmiş, hələ ki, yekun qərar qəbul edilməmişdir. Bu barədə məhkəmə iclas katibi tərəfındən də imza edilmiş akt tərtib edilmişdir və iddia ərizəsinə əlavə ediləcəkdir. Cavabdehin onu bu cür ağır formada təhqir etməsi, özdə məhkəmə iclas zalında, kənar şəxslərin qarşısında bu cür hərəkəti və ona həm məhkəməyə hörmətsizlik olmasın, həm də qadın olduğuna görə cavab verə bilməməyi bu günə qədər onu çox ağır formada sarsıtmışdır. Qadın, hətta Azərbaycan vəkili olan bir qadın Azərbaycan kişisini, 22 il X6 şərəflə xidmət etmiş Azərbaycan polisini bu formada ağır təhqir etməyə haqlıdır mı? Yuxarıda da qeyd etdiyi kimi məsələdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sədri cənab İslam Əliyevin, hakim Orxan Məmmədlinin də məlumatları vardır və görüntülər məhkəmədə saxlanılır. Məhkəmədən tək xahişi budur ki, ədalətli məhkəmə araşdırılması aparılsın, yəni, araşdırma zamanı digər hallar, yəni onun vəkil olması və s. kimi hallar nəzərə alınmadan, qeyri-prosesual münasibətlərə yol verilmədən, vəkil olmasına görə ayrı-seçkilik qoyulmadan araşdırılma aparılsın və barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülsün. Heç şübhəsiz ki, onun əməlində AR-nın CM-nin 148-ci maddəsinin tərkib hissəsi vardır. Adam onu məhkəmə iclas zalında proses iştirakçılarının, məhkəmənin önündə ağır formada təhqir etmiş, şərəf və ləyaqətini alçatmışdır. Bu əməldə CM-nin 148-ci maddəsinin tərkib hissəsi olmasa əgər hansı əməldə ola bilməsi onun üçün böyük sual yaradacaqdır. Hesab edir ki, məhkəmə hazırki müraciəti üzrə işə qərəsiz, obyektiv baxaraq qeyri-prosesual pozuntulara yol verməyəcəkdir. Qeyd olunanlara əsasən yalan olduğunu biləbilə, şərəf və ləyaqətini ləkələyən, cəmiyyət içində şərəf və ləyaqətini nalayiq formadan qəsdən alçatdığına görə ünvan 1 ünvanında faktiki yaşayan X2 Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 şikayətin icraata qəbul edilməsini və X1 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən X3 bildirdi ki, şikayət tam əsassızdır, CPM-nin tələblərinə uyğun deyildir. Ona görə də şikayətin icraata qəbul edilməsində imtina edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə əməlin nə vaxt törədilməsi, şikayətin verildiyi tarix göstərilməmişdir. CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer. Şikayətdə onun verldiyi tarix qeyd edilməmişdir, şikaytəin sonunda yalnız 2023-cü il qeyd edilmişdir. Həmçinin şikayətdə şəxsin CM-nin 147-ci maddəsi ilə yəni, “böhtan” əməlinin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, böhtanın nədən ibarət olması, həmçinin hansı tarixdə böhtan əməlinin törədilməsi şikayətin məzmunundu dəqiq göstərilməmişdir. Belə olduğu təqdirdə CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin şikayətdə şəxsin CM-nin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi göstərilsə də, CM-nin 147-ci maddəsinin 2 tövsifedici əlaməti vardır: 147.1 və 147.2. Məhz bu baddələrin hansı ilə cinayət məsuliyyətinə cəlb edilməsini, şikayətdə törədilməsi qeyd edildiyi əməlin məhz CM-nin 147.1 və ya 147.2-ci maddəsinin tərkibini yaratmasını əsaslandırmamış və dəqiqləşdirməmişdir. Bundan əlavə şikayətin mətnində törədilməsi qeyd edilən əməlin CM-nin 148-ci maddəsinin, yəni “təhqir” cinayətinin yaratdığını qeyd edilsə də, şikayətin nəticə hissəsində CM-nin 147-ci maddəsi ilə, yəni “böhtan” əməlinin törədilməsi ilə məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Şmumiyyətlə şikayətin mətnində hansı əməlin CM-nin 147-ci maddəsinin hansı tövsifedici əlamətini təşkil etməsi ümumiyyətlə əsaslandırılmamışdır. Qeyd edilənlərə əsasən şikayət həm də əsassızdır. CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-222/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-222/2023
17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver