Məhkəmə qərarları › İş №1(004)-223/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-223/2020

16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-223/2020 16.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Xaçmaz rayonu, Qaraqurtlu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən “Avtoservisin” daş hasarının üzərindən aşaraq həyətə daxil olduqdan sonra orada ofis kimi istifadə olunan otağın pəncərəsinə bərkidilmiş taxta lövhəni söküb binaya qanunsuz daxil olaraq sonuncuya məxsus saxlanc yeri hesab edilən dəmir seyfi götürüb avtoservisin həyətinə gətirmiş, təmir sexlərinin birindən götürdüyü laqonda ilə həmin seyfin kilidini kəsib seyfin içərisində olan Zərərçəkmiş şəxs məxsus 1600 manat pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxsna istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,2020-ci ilin fevral-mart ayına qədər ünvan 1 saylı ünvanda yerləşən avtoyuma məntəqəsində yuyucu işləmişdir. İşlədiyi yerin yanında yerləşən avtoservisdə həm usta çilingər kimi, həm də ümumi servisə nəzarətçi kimi işləyən Zərərçəkmiş şəxs tanımışdır. O, yuyucu kimi işləməyinə baxmayaraq avtomobil təmirindən başı çıxdığı üçün arabir gedib avtoservisin içində olmuş, həmçinin avtoservisin bütün otaqlarına bələd olmuşdur. Lakin karantin rejimi başladığına görə işdən çıxmağa məcbur qalmışdır. Bakı şəhəri Nəsimi rayonu ərazisində dəmiryolu vağzalının yaxınlığında olan sutkalıq evlərdə kirayə yaşamışdır. Valideynləri xəstə olduqlarından onlara dərman vasitəsi almaq məqsədilə Zərərçəkmiş şəxs və onun şərikindən borc pul istəmiş, lakin onlar borc pul vermədiklərinə görə və ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2020ci il tarixdə bu məqsədlə Yasamal rayonu M.Sübhi küçəsində yerləşən avtoservisin qarşısına gəlmiş, ətrafda heç kimin olmadığından əmin olduqdan sonra hasardan qalxaraq avtoservisin həyətinə daxil olmuş, servisin həyətində namaz qılmaq üçün nəzərdə tutulan otağın qapısının açıq vəziyyətdə olduğunu aşkar edərək ora daxil olmuşdur. Həmin otağa daxil olub, otaqda olan taxta pəncərəni açaraq Eldarın ofis kimi istifadə etdiyi otağa daxil olub oradakı seyfdən pul oğurlamaq istəmişdir. Bu məqsədlə həmin seyfi servisin həyətindəki dəmir sexinə daşımış və orada olan laqonda ilə seyfin kilidini kəsmişdir. Seyfin kilidini kəsərkən içində olan pulların nömrə hissəsi yanmış və pullar yararsız vəziyyətə düşmüşdür. O, yanmış pulları saymış və orada 774 manat olduğunu aşkar etmişdir. Lakin pullar yararsız vəziyyətdə olduğundan onları götürməmiş və seyfdə qoyub çıxıb getmişdir. Hadisə yerindən isə gəldiyi üsul ilə qaçıb uzaqlaşmışdır. Aradan bir neçə gün keçdikdən sonra əməlindən peşman olmuş və özü Eldara zəng vuraraq hadisəni onun törətməsini bildirib pulların qaytarılması üçün ona vaxt verməsini xahiş etmişdir. Vurulmuş zərərdən 300 manat düzəldib qaytarmaq istəsə də Zərərçəkmiş şəxs şikayəti əsasında polis əməkdaşları tərəfindən saxlanıldığından heç bir pul ödənişi edə bilməmişdir. Verilmiş suallar əsasında Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs Eldar avtoservisdə olan kameralar vasitəsi ilə onun oradan oğurluq etməsini aşkar etmişdir. Bundan sonra o, Eldara törətdiyi əməli etiraf edərək polisə şikayət etməməsini, yaxın vaxtlarda pulunu geri qaytaracağını vəd etmişdir. Lakin sonradan maddi imkanı yaxşı olmadığına görə Eldarın pulunu qaytara bilməmişdir. Təqsirləndirilən şəxs eyni zamanda seyfdə 1600 manat deyil 774 manat pul olduğunu, həmin pullar isə laqondanın qığılcımlarından yanaraq yararsız vəziyyətə düşdüyünə görə götürmədiyini, buna görə də özünü ona verilmiş ittiham üzrə qismən təqsirli bildiyini qeyd edərək, zərərçəkmiş şəxsin ona qarşı şikayətini geri götürəcəyi təqdirdə vurulmuş zərəri gələcəkdə ödəmək niyyətində olduğunu, əks təqdirdə vurulmuş zərəri ödəməkdən imtina etdiyini bildirmişdir. Bundan başqa o, yararsız pulların Azərbaycan Respublikası Mərkəzi Bank vasitəsi ilə bərpasının mümkünlüyü barədə məlumatı olmamış, seyfdə 774 manat məbləğində saydığı puldan savayı hər hansı bir yararsız vəziyyətə düşmüş pul izlərini görməmişdir. Belə ki, oğurluq əməlini törətdiyi üçün yaranmış vəziyyətlə əlaqədar olaraq həyəcanlı olduğundan seyfin içinə diqqətlə baxmamışdır. Hətta onun bütün pulları deyil ehtiyacı olduğu 100 manat götürüb ordan getmək niyyəti olmuş, çünki həmin 100 manat pulu hadisədən əvvəl Zərərçəkmiş şəxs və onun şərikindən borc olaraq istəməsinə baxmayaraq ona verməkdən imtina etmişlər. Təqsirləndirilən şəxs son sözündə özünü tam təqsirli bilərək hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi, valideynlərinin xəstəlikdən əziyyət çəkmələri nəzərə alınmaqla barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ildən Yasamal rayonu, M.Sübhi küçəsi 170 saylı ünvanda yerləşən avtoservisdə çilingər işləyir, həmçinin həmin avtoservisə nəzarət edir. İşlədiyi avtoservisin içərisində ofis kimi istifadə etdilən otaq vardır, həmin otaqdakı seyf ona məxsus olmasa da, pullar əmanət olduğundan ona aid olmuş və törədilmiş cinayət əməli nəticəsində ona 1600 manat nəğd puldan savayı, seyfdəki yararsız vəziyyətə düşmüş sənədlərin bərpası üçün çəkilmiş xərclərlə bağlı da zərər dəymişdir. Lakin o, yalnız ona 1600 manat nəğd pul şəklində vurulmuş zərərin ödənilməsinə görə şikayət ərizəsi vermişdir. Zərərçəkmiş şəxs hadisə barədə bildirmişdir ki, servisdə ofis kimi istifadə edilən otağa bitişik namaz otağı vardır. Həmin namaz otağı ilə ofis otağı arasındakı pəncərə taxta ilə örtülmüşdür. O, xx.xx.2020-ci il tarixdə saat 22:50-də avtoservisin darvazasının qapısını zəncirlə bağlayıb evə getmiş, xx.xx.2020-ci il tarixdə saat 10:10 radələrində işlədiyi avtoservisə qayıdarkən namaz otağının qapısının açıq vəziyyətdə olduğunu aşkar etmişdir. O, namaz otağına daxil olduqda həmin otaqla ofisin arasında olan pəncərəni bağlayan taxtaların sökülərək yerə atıldığını görmüşdür. O, ofisə daxil olanda orada olan seyfin yerində olmadığını aşkar etmişdir. Bu zaman o, başa düşmüşdür ki, naməlum şəxs qapısı açıq olan namaz otağına daxil olaraq oradan ofis otağına pəncərədən keçməklə seyfi oğurlamışdır. Bundan sonra o, seyfi kəsilmiş vəziyyətdə dəmirçi sexində aşkar etmişdir. Seyfə baxış keçirdikdə isə onun qapısının laqonda ilə kəsilməsini və içərisində olan 1600 manat nəğd pulun oğurlandığını, eyni zamanda zəruri rəsmi sənədlərin (mülkiyyət hüququna dair çıxarış və s.) yarımçıq formada yanaraq yararsız vəziyyətə düşməsini aşkar etmişdir. Bundan sonra o, avtoservisə ətraflı nəzər yetirib başqa heç bir əmlakının oğurlanmadığına əmin olub dərhal avtoservisin girişində yerləşdirdiyi müşahidə kameralarına baxmışdır. Müşahidə kameralarını izləyərkən videogörüntülərdə təxminən üç ay əvvəl avtoservisdə olan avtoyuma məntəqəsində işləmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 06:50-də avtoservisin hasarından aşaraq həyətinə daxil olduğunu, təxminən 20-30 dəqiqə avtoservisin içərisində qaldıqdan sonra girdiyi kimi hasardan aşaraq avtoservisin həyətindən küçəyə çıxıb, sola doğru qaçaraq oradan uzaqlaşdığını görmüşdür. Bundan sonra o, dərhal Azərbaycan Respublikası DİN-nin “102 Zəng Mərkəzi”nə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Göstərilənlərlə yanaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları təkzib edərək bildirmişdir ki, o, hadisədən əvvəl ayrıca olaraq 720 manat pul, bundan əlavə 50 manat əskinaslardan ibarət 200 manat pulu seyfə qoymuşdur. O, pulu seyfə qoyarkən xeyli sayda içəridə xırda manatlıqlarla pul əskinaslarının olmasını görmüşdür. Daha sonra işçilərlə haq-hesab edib dəqiq olaraq hesablamışdır ki, seyfdən 1600 manat məbləğində nəğd pul oğurlanmışdır. Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, yararsız vəziyyətə düşmüş seyfin 650 manat qiyməti olmuş, eyni zamanda o, seyfdə kitabçanın arasındakı sənədlərin qismən yanaraq yararsız vəziyyətə düşdüyünü aşkar etsə də, heç bir pul əskinasının yanmış izlərini aşkar etməmişdir, əgər belə olsa idi pul əskinasının hər hansı bir hissəciyi seyfdə qalmış olardı. Ona görə də əminliklə deyə bilər ki, pullar seyfdən tam olaraq götürülmüşdür. Eyni zamanda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, yalnız seyfdən oğurlanmış 1600 (bir min altı yüz) manat nəğd pulun ona qaytarılmasını tələb etdiyini, yararsız vəziyyətə düşmüş seyfin dəyərini və rəsmi sənədlərin bərpasına xərclənmiş vəsaiti tələb etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid ifadəsində göstərmişdir ki, təxminən 20 ildir Yasamal rayonu B.Məcidov küçəsi 24 saylı ünvanda yerləşən 10 mərtəbəli binada mühafizəçi işləyir, iş vaxtı günaşırı olmaqla sutkalıq qrafik əsasında xidmət göstərir. Xidmət etdiyi bina ilə üzbəüz avtoservis yerləşir. Gün ərzində həmin avtoservis işlədiyi binanın qarşısında olduğuna görə orada işləyən işçilər ilə normal munasibəti yaranmışdır. Avtoyuma məntəqəsində işləmiş Elnuru tanımış və onunla da normal münasibəti olmuşdur. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat təxminən 06:50 radələrində iş yerinə gələrkən Elnurun avtoservisin hasarından aşaraq oradan uzaqlaşmasını görmüşdür. Lakin Elnur orada işçi olduğundan onun hasardan aşaraq çıxmasına görə hər hansı bir qanunsuz hərəkətdən şübhələnməmişdir. Təxminən aradan 2 saat keçdikdən sonra Eldar gələrək avtoservisdə seyfin laqonda vasitəsi ilə kəsildiyini və içərisindən ona məxsus 1600 manat pulun gizli olaraq talandığını bildirmişdir. Eldar ondan hər hansı şübhəli məqam görüb-görmədiyini soruşduqda o, avtoyumada işləyən Elnurun iki saat əvvəl hasardan aşaraq çıxıb getməsini gördüyünü demişdir. Məhkəmə Təqsirləndirilən şəxs, eyni zamanda şahidi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi iləmüəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafı ilə yanaşı şahidin, zərərçəkmiş şəxsinifadələri,məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclası zaman Təqsirləndirilən şəxs seyfdə yalnız 774 manat pul sayaraq aşkar etməsinə, həmin pul vəsaitlərini isə onun tərəfindən seyf açılarkən laqonda cihazının qığılcımlarından yanaraq yararsız vəziyyətdə olduğundan özü ilə götürməyərək seyfə geri qoymasına dair göstərdiyi məlumatları məhkəmə özünü müdafiə xarakterli məlumat olaraq qiymətləndirir və hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusu ilə onun qeyd olunan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan hadisə yerinə baxış və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxışda iştirak edən Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixdə onun işlədiyi və nəzarət etdiyi məkandan ona məxsus əmlakın oğurlanması cinayətinin törədildiyi yeri əyani olaraq göstərmiş, baxış zamanı hadisə yerinin Yasamal rayonu, M.Sübhi küçəsi 170 ünvanında yerləşən avtoservisin olması müəyyən edilmişdir. Baxış zamanı avtoservisin dəmirçi sexində 1 ədəd gümüşü rəngli, kilidi laqonda ilə kəsilmiş dəmir seyf aşkar olunmuşdur. Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin dəmir seyfin işərisində ona məxsus 1600 manat pul olmuşdur, seyfin kilidi laqonda ilə kəsilərək ona məxsus 1600 manat pul seyfdən oğurlanmışdır. Baxış zamanı hadisə yerində aşkar edilmiş bir ədəd dəmir seyf iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı hadisə yerində iş üzrə əhəmiyyət kəsb edəcək başqa hər hansı əşya və ya predmet, o cümlədən seyfdə pul əskinasları və ya onun yanmış hissəcikləri aşkar edilməmişdir. (iş vər.: 7-9) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli Yasamal RPİ-nin 27-ci PB-nin məktubundan müəyyən edilir ki, hadisə yerindən yayınmış Təqsirləndirilən şəxs olduğu yer müəyyənləşdirilək saxlanılmış və istintaqa təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istintaqa verdiyi ilkin ifadəsində seyfdən 1600 manat deyil, yararsız vəziyyətdə olan 774 manat pul götürdüyünü etiraf etmişdir. Bundan başqa iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(004)- 473/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimata məhkəmə nəzarəti qaydasında baxılarkən məhkəmə iclasında öz təqsirini tam etiraf edərək əməlindən peşman olmasını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, xx xxxx 2020-ci il tarixdə Yasamal rayonu, M.Sübhi küçəsi 170 ünvanında yerləşən avtoservisə hasardan aşaraq daxil olduğunu, avtoservisin həyətində namaz qılmaq üçün olan otağa daxil olduqda oradakı taxta pəncərənin açıq vəziyyətdə olmasını aşkar edib oradan Zərərçəkmiş şəxs ofis kimi istifadə etdiyi otağa daxil olub orada dəmir seyfi aşkar etməsini, həmin dəmir seyfi avtoservisin həyətinə çıxarıb dəmir sexində olan laqonda ilə seyfin kilidini kəsib içərisində olan pulu oğurladığını, bundan sonra yenidən avtoservisin hasarından aşaraq çölə çıxıb qaçaraq oradan uzaqlaşdığını bildirməklə ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha əyani olaraq hadisə yerində təsdiqləmişdir. (iş vər.: 99) İş materiallarında olan Yasamal rayonu, M.Sübhi küçəsi 170 ünvanında yerləşən avtoservisin müşahidə kameraları vasitəsi ilə qeydə alınmış hadisənin videogörüntüləri olan 01 ədəd CD disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 07 radələrində Yasamal rayonu, M.Sübhi küçəsi 170 ünvanında yerləşən avtoservisin hasarından aşaraq avtoservisin içərisinə qanunsuz daxil olmuş, təxminən 20 dəqiqə sonra avtoservisin hasarından aşıb küçəyə çıxaraq qaçıb uzaqlaşmışdır. (iş vər.: 90) Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxsicarəyə işlətdiyi obyektin yerləşdiyi binaya qanunsuz olaraq daxil olması və sonuncuya məxsus 1600 (bir min altı yüz) manat dəyərində pulunu oğurlaması, bununla da, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyiqismən etirafedici ifadəsi ilə yanaşı,zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. Beləliklə, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2005ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Qərarın 20-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna isə maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Qərarın 21-ci bəndinə görə məhkəmələrə tövsiyyə edilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməlinə görə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(004)-473/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 01 (bir) ay 21 (iyirmi bir) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (iş vər.: 50; 54-55; 76-77) Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli 1(004)-223/2020 nömrəli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxxxx 2020-ci il və xx xxxxxxxx 2020-ci il tarixli tələbnamələrdən və hökmün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 06 ay şərti sınaq müddəti ilə 05 ay müddətinə intizam xarakterli həri hissədə saxlama cəzasına məhkum olunmuşdur. Bundan başqa o, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2015ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 01 il 05 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs “28 May-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məcilisinin xx xxx 2016cı il tarixli Qərarının 1.5-ci bəndinə əsasən o, Xaçmaz rayon İcra Şöbəsinin xx xxxx 2016cı il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə təyin olunmuş aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il 05 ay 24 gün müddətinə islah işləri cəzasından azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ödənilmiş və hazırda onun üzərində məhkumluğu yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən halkimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti,o cümlədən cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd dəmir seyfin onun qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin iş üzrə maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X4 və X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X4 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat, X3 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə baxışı zamanı iş üzrə Zərərçəkmiş şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində ona vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki iddia ərizəsi verilmiş, lakin Azərbaycan Respublikası MPM-nin 149-152 maddələrinə əsasən ərizənin forma və məzmunu qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, eyni zamanda dövlət rüsumunun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim edilmədiyindən xx xxxxxxx 2020-ci il tarixli qərarla məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasınıümumirejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd dəmir seyfin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın və 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X4 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat, X3 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar