Məhkəmə qərarları › İş №1(004)-223/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-223/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-223/2023 17.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 26 oktyabr 2022-ci il tarixdə saat 10:00 bradələrində Nəsimi rayonu, “Papanin” adlanan yerdə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,375 qram psixotrop maddə olan metamfetamini 20 manat pul müqabilində 01 ədəd şəffaf rəngli sellofan bükümdə alıb əldə edərək üzərində saxlamaqla yaşadığı Abşeron rayonu, Gənclər şəhərciyi 1 ünvanına daşımış, 27 oktyabr 2022-ci il tarixdə saat 00:30-da Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı Abşeron rayonu, Gənclər şəhərciyi 1 ünvanının qarşısında saxlanılaraq oğurluq cinayətində şübhəli bilindiyi üçün həmin polis bölməsinə aparılıb üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli idman şalvarının-sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,375 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 26 oktyabr 2022-ci il tarixdə səhər saatlarında o, Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Papanin” deyilən yerdə bir nəfər üzdən tanıdığı, lakin barəsində heç bir məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün 20 manata psixotrop maddə metamfetamin əldə etmişdir. 27 oktyabr 2022-ci il tarixdə saat 00:30 radələrində o, Abşeron rayonu, Gənclər şəhərciyi 1 ünvanının qarşısında 600 manat müqabilində Şahid1 aldığı mopeddə oturan zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşmış və özlərini təqdim edərək Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları olduqlarını bildirmişdirlər. Bundan sonra həmin polis əməkdaşları ona həmin mopedin oğurluq olmasını bildirib onu Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına dəvət etmişdirlər. O, polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla Polis Bölməsinə getmişdir. Orada polis əməkdaşları ondan üzərində qanunla gəzdirilməsi qadağan edilən əşya və ya hər hansı maddələrin olub-olmadığını soruşmuşlar və o səmimi olaraq polis əməkdaşlarına üzərində psixotrop maddə metamfetamin olduğunu bidirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli idman şalvarının sağ yan olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin psixotrop maddə metamfetamini 26 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Papanin” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları ona məxsus psixotrop maddə metamfetamini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Əməlindən peşmandır. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində həmin mopedin onun tərəfindən deyil, Şahid1 tərəfindən oğurlanaraq ona satıldığı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifаdəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. 22 oktyabr 2022-ci il tarixdə o oğurladığı mopedi Təqsirləndirilən şəxs satmışdır. Bundan sonra o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etməsindən, saxlamasından və daşımasından xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifаdəsində göstərmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs tərəfindən X2 məxsus "Tufan M50" markalı mopedin və X8 məxsus "Kuba X-BOS" markalı mopedin oğurlanması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Şahid1 onlar tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada Məhəmməd etdiyi əməli etiraf edərək oğurladığı mopedin birinin Təqsirləndirilən şəxs satdığını bildirmişdir. Bundan sonra 27 oktyabr 2022-ci il tarixdə, saat 00:30 radələrində Abşeron rayonu, Gənclər şəhərciyi 1 ünvanının qarşısında olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər ona moped oğurluğunda şübhəli olduğunu bildirib, onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə gətməli olduğunu bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə 28-ci PB-nə gəlmişdir. Polis bölməsində olan zaman Xancana üzərində hər hansı daşınması qanunla qadağan olunmuş əşyanın olub olmaması barədə sual vermişlər və onların bu sualına cavab olaraq Xancan hazırda üzərində bir büküm psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra bölmənin xidməti otaqların birində ona təyin olunmuş vəkilin iştirakı ilə video çəkiliş keçirməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qeyriqanuni və ya qanuni nə varsa, təqdim etsin. Bu təklifə əsasən Xancan əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü könüllü оlаrаq çıхаrıb pоlis əməkdаşlаrınа təqdim еtmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan psixiotrop maddə olan metamfetamindir. Həmin metamfetamini 26 oktyabr 2022-ci il tarixdə tarixdə Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixiotrop maddə olan metamfetaminə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalarıvə ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Təqsirləndirilən şəxs bildirdi ki, Yasamal rayonu ərazisində 3-4 gün bundan əvvəl “Kuba-X Bos” markalı mopedi dostu X3 ilə birlikdə oğurladığını etiraf etmiş, eyni zamanda bundan baqşa narkotik vasitə istifadəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu səmimi etiraf edərək əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd səffaf selefona bükülmüş bükümü təqdim etmiş, həmin bükümün içərsində metamfetamin olduğunu bildirərək, həmin maddəni 26 oktyabr 2022-ci il tarixdə saat 10:00 radələrdə Nəsimi rayonu Papanin adlanan ərazidə tanimadığı kişi cinsli şəxsdən 20 manata almış və üzərində saxlamışdır ki, istifadə etsin. 27 oktaybr 2022-ci il tarixdə saat 00:30 radələrdə Abşron Gənclər şəhərciyi 1 ünvanının qarşısında saxlanılaraq, Yasamal RPİ-nin 28ci PB-ne gətirildiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd səffaf selefona bükülmüş bükümdə ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olundu. Aşkar olunmuş bükümdə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 167 saylı möhürü ilə möhürlənərək götürüldü. Eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Leobank”a bank məxsus 4098.5844.5230.7859 nömrəli hesab kartı və bir ədəd “Xiaomi Mi A1” markalı 8651.8103.7297.365/00 ve 8651.8103.7297.373/00 imei kodlu ***-***-**-** və ***-***-**-** GSM nömrələrində istifadə olunan mobil telefon tərəfimdən subut əhəmiyyəti kəsb etdiyindən götürüldü. (i.v. 27-28) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 27 oktyabr 2022-ci il tarixli 6/6239 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Azərbaycan Respublikası DİN Zərflər üçün № 167” dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs.. aşkar olunmuş maddə...” sözləri və imzalar qyed edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.375 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının Qanunu ilə təsdiq edilmiş ‘'Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in (Siyahı İ) daxildir. (i.v. 33-37) “Diskə baxış keçirilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd faylda 08 dəqiqə 21 saniyə müddətində olan görüntülərin olduğu müəyyən edildi. Görüntülərdə Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasında həmin bölmənin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülməsi, zərfdə qablaşdırıldıqdan sonra möhürlənməsi və həmin zərfin iştirakçılar tərəfindən imza edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümün içində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, 26 oktyabr 2022-ci il tarixdə saat 10:00 bradələrində Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını və 27 oktyabr 2022-ci il tarixdə saat 00:30-da polis əməkdaşları tərəfindən Abşeron rayonu, Gənclər şəhərciyi 1 ünvanının qarşısında saxlanıldığını bildirdiyi müəyyən edilmişdir. (i.v. 90) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2022-ci il tarixli 7838 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 102-103) “Maddi sübut kimi tanımaq haqqında” 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə 1,375 qram psixotrop maddə olan metamfetamin, eləcə də Təqsirləndirilən şəxs üzərindən Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut qismində tanınmışdır. Ekspert tədqiqatından sonra qalıq 1,325 qram qram psixotrop maddə olan metamfetaminin iş üzrə sübut əhəmiyyətini nəzərə alaraq maddi sübut qismində saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir. (i.v. 126-127) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin təmiz çəkisi 1.375 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 27 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:30-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 16) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 4(004)-921/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 76-80) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 91) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.325 qram çəkisi olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 27 oktyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş psixotrop maddə metamfetamin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi, 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 27 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Yasamal RPİ-nin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 1.325 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar