Məhkəmə qərarları › İş №1(004)-225/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-225/2021

11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-225/2021 11.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Salyan rayonu, Marışlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, «xxxx» MMC Tikinti şirkətinin Salyan rayon filialında fəhlə işləyən, Salyan rayonu, Marışlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanda yerləşən «Caspian Plaza»nın arxasındakı avtobus dayanacağında sərnişini olduğu «xxxx» MMC-yə məxsus 14 saylı marşurut xətti üzrə hərəkət edən **-JZ-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun salonunda Zərərçəkmiş şəxs şəxsiyyəti istintaqa məlum olmayan qadınla mübahisə etməsini cuzi səbəb kimi göstərərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafelərinə toxunan hərəkətlər edib, özünü kənar şəxslərin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan Qorxmaz Qulyevlə mübahisə edərək nalayiq söyüşlərlə söyüb təhqir etmiş, ona qarşı zor təbiq edərək sifət nahiyəsindən bir dəfə yumruqla vurub ona burun sümüyünün yerdəyişməyən natamam sınığı, sağ gözətrafının qançırı və alt çənənin sıyrığı ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid adilən xəsarətləri yetirməklə, qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Salyan rayonu Marışlı kəndində qeydiyyatda olmaqla arvadı X3 və bir yaşlı qızı Aysu Mirzəyeva ilə birlikdə orada yaşamış, hazırda «xxxx» MMC Tikinti Şirkətinin Salyan rayon filialında fəhlə işləyir, 2020-ci ilinin noyabr ayının 9-dan 2021-ci ilin mart ayının 15-dək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində kirayə yaşamış və mart ayının ortalarında ailəsini rayona aparmışdır. Bundan başqa o, göstərmişdir ki, 12 mart 2021-ci il tarixdə təxminən saat 11 radələrində metronun «28 May» stansiyasının qarşısında 14 saylı «xxxx»MMC-yə məxsus sərmnişin avtobusuna əyləşmiş və oradan üzü metronun «20 Yanvar» stansiyası istiqamətində hərəkət etməyə başlamış, sərnişin avtobusu ünvan 3 ünvanda yerləşən dayanacaqda dayandıqda bir nəfər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs içəri daxil olmuş, həmin şəxs avtobusa mindikdən sonra bilmədiyi səbəbdən sürücü ilə mübahisə etməyə başlamış və sonra bir az qabağa gələrək avtobusda olan bir qadın sərnişinlə mübahisə etməyə davam etmiş, Zərərçəkmiş şəxs qadınla mübahisə etdikdən sonra ona əl qaldırmağa başlamış, həmin vaxt Qorxmaza iradını bildirərək «qadınla nə işin var» demiş, bu zaman Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etmiş, buna görə özünü cilovlaya bilməyərək Qorxmazın olduğu yerə yaxınlaşmış və ona heç bir söz demədən etmiş olduğu hərəkətlərə görə bir dəfə yumruqla üzünün sağ tərəfindən vurmuş, bu vaxt avtobusda olan tanımadığı sərnişinlər onları ayırmış, sonra Zərərçəkmiş şəxs avtobusu saxladaraq yerə düşmüş və ondan da yerə düşməsini tələb etmiş, ancaq Qorxmaza məhəl qoymayaraq avtobusda qalmış və avtobusla öz yoluna davam etmiş, sonradan isə Zərərçəkmiş şəxs onu yumruqla vurduğuna və xəsarət aldığına görə ondan polisə şikayət etməsini eşidibbilmişdir. Daha sonra o, göstərmişdir ki, yumruqla üzündən vurduğu Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamış, avtobusun içində yumruqla Qorxmazı vuran zaman hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində yerləşən «Caspian Plaza»nın arxasında yerləşən avtobus dayanacağı olmuş, həmin mübahisə və dava-dalaş təxminən beş dəqiqə davam etmiş, hadisə zamanı avtobusun içində tanımadığı 60-70 nəfər sərnişin olmuş, mübahisə zamanı heç bir xəsarət almamışdır. Əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, hazırda zərəçəkmiş şəxsin ona qarşı hər hansı tələb və şikayətinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu, Əhmədabad kəndində qeydiyyatda olsa da hazırda ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi, ev 1, mənzil 35-də yaşayır, heç bir yerdə işləmir və İİ qrup Qarabağ əlilidir. Bundan başqa o, göstərmişdir ki, 12 mart 2021-ci il tarixdə saat 12.30-da Bakı şəhəri, Yasamal rayonu Ş.Qurbanov küçəsi 2 saylı binanın qarşısında yerləşən avtobus dayancağında «xxxx» MMC-yə məxsus 14 saylı sərnişin avtobusuna əyləşmiş, avtobusa daxil olduqdan sonra salonda bir nəfər qadın ona dirsəyi ilə toxunmağa başlamış, həmin qadına tərəf dönərək avtobusda sıxlıq olduğunu nəzərinə çatdırmış, lakin həmin qadın onun sözlərinə məhəl qoymayaraq onunla mübahisə etməyə başlamış, bu zaman avtobusda olan bir nəfər tanımadığı təxminən 30-32 yaşlarında oğlan, yəni adının sonradan Əmrah olduğunu bildiyi şəxs üstünə gələrək heç bir söz demədən yumruqla burun və sağ göz nahiyyəsindən bir dəfə möhkəm zərbə endirmiş, həmin vaxt avtobusda olan tanımadığı şəxslər onları ayırmış və onu Əmrahın əlindən almış, sonra məsələni aydınlaşdırmaq üçün avtobusu saxlatdıraraq yerə düşmüş, onu vuran şəxsə də, yəni sonradan adını bildiyi Təqsirləndirilən şəxs da avtobusdan yerə düşməsini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs onun sözünə məhəl qoymayaraq avtobusdan yerə düşməmiş və avtobusda qalaraq yoluna davam edib hadisə yerindən uzaqlaşmış, sonradan isə xəsarət aldığı üçün Əmrahın bu hərəkəti barədə polisə şikayət etmişdir. Daha sonra o, göstərmişdir ki, onu yumruqla vurub xəsarət yetirən Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamış, Əmrah onu avtobusun içində yumruqla vuran zaman hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində yerləşən «Caspian Plaza»nın arxasındakı avtobus dayanacağı olmuş, hadisə zamanı avtobusun içində tanımadığı 60-70 nəfər sərnişin olmuş, hadisə zamanı sağ gözündən və burun nahiyəsindən xəsarət almış, həmin vaxt Təqsirləndirilən şəxs əl qaldırmamış və onu vurmamış, mübahisə və dava-dalaş təxminən 10 dəqiqəyədək davam etmişdir. Daha sonra o, məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olsa da təxminən 10 ildir ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, YYM-də yaşayır, 2015-ci ildən «xxxx» MMCdə sürücü işləyir və uzun müddət «xxxx» MMC-yə məxsus **-JZ-*** dövlət qeydiyyat nişanlı iri tutumlu sərnişin avtobusunu idarə etmiş, hazırda isə həmin avtobusu deyil, **- JZ-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edir. Bundan başqa o, göstərmişdir ki, «xxxx» MMC-də iki növbəli iş qrafiki əsasında işləmiş, belə ki, bir həftənin 5 günü saat 06.00-dan günorta 14.00-a kimi, növbəti həftənin 5 günü isə 14.00-dan 22.00-a kimi işləmiş, şənbə və bazar günləri isə istirahət etmiş, 12 mart 2021-ci il tarixdə qrafik üzrə səhər 06.00-dan işdə olmuş və «xxxx» MMC-yə məxsus **-JZ-*** dövlət qeydiyyat nişanlı iri tutumlu sərnişin avtobusunu idarə etmiş, həmin tarixdə avtobusu 14 saylı marşurut xətti üzrə hərəkət etdirmiş,yəni metronun «28 May» stansiyasından çıxaraq Biləcəri qəsəbəsində yerləşən Bakı Beynəlxalq Avtovağzalına işləmiş, 12 mart 2021-ci il tarixdə təxminən saat 11 radələrində metronun «28 May» stansiyasının qarşısında 14 saylı «xxxx» MMC-yə məxsus iri tutumlu sərnişin avtobusuna əvvəllər tanımadığı, sonradan adını bildiyi sərnişin Təqsirləndirilən şəxs minmiş, üzü metronun «20 Yanvar» stansiyası istiqamətində hərəkət edərkən ünvan 4 ünvanda yerləşən dayanacaqda bir nəfər əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs də minmiş, həmin şəxs avtobusa mindikdən sonra onunla mübahisə etməyə başlamış, belə ki, həmin şəxs kartı aparata toxundursa da gediş haqqı çıxılmadığına görə ona bir daha kartı aparata yaxınlaşdırmasını demiş, ancaq Qorxmaz aparat pulu çıxdı dleyib onunla yüngül söz mübahisəsi etmiş, sonra isə bir az avtobusun içinə doğru irəliləyib orada ayaqüstü dayanmış, həmin vaxt avtobusda təxminən 60-70 nəfər sərnişin olmuş və bir qədər sıxlıq yaranmış, Zərərçəkmiş şəxs, yəni az öncə onunla mübahisə edən sərnişin bir neçə dəqiqə sonra avtobusda olan bir qadın sərnişinlə mübahisə etməyə başlamış, onların səsini eşidərək sakitliyə dəvət etmiş, bu zaman avtobusda olan digər sərnişin Təqsirləndirilən şəxs onların mübahisəsinə müdaxil etmiş və Qorxmaza iradını bildirərək «qadınla nə işin var» demiş, bundan sonra Qorzxmazla Əmrah arasında avtobusun salonunda mübahisə yaranmış və Qorxmaz nalayiq ifadələr işlətdiyinə görə Əmrah yumruqla onun üzündən vurmuş, bu zaman avtobusda olan sərnişinlər onları ayırıb sakitləşdirmiş, sonra Qorxmaz ondan avtobusu saxlamağı xahiş etmiş və yerə düşərək avtobusda olan, yəni onu yumruqla vurmuş Əmrahın da yerə düşməsini tələb etmiş, ancaq Əmrah ona məhəl qoymayaraq yerə düşməmiş və avtobusda qalmış, sonra avtobusu idarə edərək öz yoluna davam etmiş, Zərərçəkmiş şəxs döyülməsi ilə bağlı Təqsirləndirilən şəxs polisə şikayət etməsini isə sonradan eşidib-bilmişdir. Daha sonra o, göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onların heç biri ilə əvvəllər münasibəti olmamış, sərnişinlər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs avtobusun içində, yəni salonda dalaşan zaman hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində yerləşən «Caspian Plaza»nın arxasındakı avtobus dayanacağı olmuş, həmin mübahisə və dava-dalaş təxminən beş dəqiqə davam etmiş, mübahisənin qarşısı digər sərnişinlər tərəfindən alınmışdır. Cinayət işinin 123-124-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 03 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 17-18-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 məhkəmə tibb ekspertizasının 12 mart 2021-ci il tarixli, 171 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədən səthində burun sümüyünün yerdəyişməyən natamam sınığı ilə müşaiyət olunmuş sağ gözətrafının qançırı və alt çənənin sıyrığı kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 12 mart 2021ci il tarixdə törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 49-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 17 mart 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı teleqramından görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti tələbi və mülki iddiası yoxdur. Cinayət işinin materiallarında olan AZ-İV seriyalı 413616 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 11 dekabr 2019-cu il tarixdə Salyan şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X2r. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə, ekspert rəyi, digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, hazırda zərəçəkmiş şəxsin ona qarşı hər hansı tələb və şikayətinin olmamasını, həmçinin himayəsində 1 azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Məhkəmənin belə mövqeyi «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası CMnin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya məhkəmə icraçısının iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçiə və L.X.Şəmmədovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçiə ibtidai istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, L.X.Şəmmədovaya isə məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, X5 isə məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar