Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-225/2025 05.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hal-hazırda Ədliyyə Nazirliyinin 14 saylı cəza çəkmə müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 15:56 radələrində ünvan 3 ünvanında yerləşən “Azel” şirniyyat evinə müştəri qismində daxil olaraq həmin obyektdə satıcı qismində işləyən Zərərçəkmiş şəxs1 digər müştəri ilə məşğul olmasından istifadə edərək masanın üzərinə qoyulmuş sonuncuya məxsus üzərində 10 manat məbləğində ***- ***-**-** GSM nömrəsi olan 2000 manat dəyərində “İphone 14” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2010 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində ünvan 4 ünvanında yerləşən “Bal kimi” şirniyyat evinə müştəri qismində daxil olaraq həmin obyektə satıcı qismində işləyən Zərərçəkmiş şəxs2 digər müştəri ilə məşğul olmasından istifadə edərək masanın üzərinə qoyulmuş sonuncuya məxsus üzərində 15 manat məbləğində ***-***-**-** GSM nömrəsi olan 800 manat dəyərində “Redmi Note 9S” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 815 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, görüb ki, əşya stolun üstündədir. Maddi səbəbdən götürmüşdür. Təzə uşağı dünyaya gəlmişdi, onun pula ehtiyacı var idi. Narkotik vasitə istifadə etmir. Qanını da yoxlayıblar. Azeldə Qumral xanıma aid telefonu götürmüşdür. Nəsə almağa girmişdi. Telefonu görüb və götürüb. Aldığını kənara qoymuşdur. Özünü bir az itirmişdi. “Balkimi”də isə çörək almağa girmişdir. Eyni qaydada görüb götürüb. Telefonu aparıb satmışdır. Ziyan ödəməmişdi. Amma ödəmək fikri var. Atası burda deyil, rayondadır. Gəlsin, bir şey fikirləşəcək. Yekunda əməlini etiraf etmiş, peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, həmin gün həmişəki kimi satış üçün orada idi. Satış etməyi planlaşdırırdı, sənədləri hazırlayırdı. Telefonu stolun üzərinə qoymuşdu. Azel şirniyyat evi idi. Hazırda orada işləmir. Satıcı vəzifəsində işləyirdi. Müştəri daxil olmuşdu. Müştəri ilə məşğul idi. Sonra cənab içəri daxil olub. Başı müştəriyə qarışdığı üçün nəzarət edə bilməmişdir. Daha sonra telefonunun yoxa çıxdığını hiss edib. Bu zaman müəllim əlində iki çörəklə kassaya yaxınlaşıb. Çörəkləri qoyub, ona səslənib. O, digər xanıma baxırdı. Ona deyib ki, pulu maşında qalıb, olar maşından götürüb gəlsin? Çörəkləri qoyduğu üçün deyib ki, olar. Çıxdıqdan 2 dəqiqə sonra artıq görüb ki, telefonu yoxdur. Müdirinə səslənib ki, telefon yoxdur. Kamera görüntülərinə baxıblar. Kamera görüntülərindən görüblər ki, telefonu götürür. Əlinə də iki çörək alır və kassaya yaxınlaşır. Digər müştəri ilə məşğul olduğu üçün görə bilməyib. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, təxminən 6 aya yaxındır ki, Yasamal rayonu, Ə. Əhmədov küçəsində yerləşən “Bal kimi” şirniyyat evində satıcı işləyirmiş. O, “Redmi Note 9S” markalı mobil telefondan istifadə edirmiş. Həmin telefonun orta bazar qiyməti həmin zaman 800 manat olmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:50 radələrində, işdə olduğu zaman, mağazaya 30-35 yaşlarında kişi cinsindən bir nəfər şəxs daxil olmuşdur. O, digər müştəri ilə məşğul olduğu üçün mobil telefonunu masanın üzərində qoymuşdur. Həmin zaman telefonuna diqqət yetirməmişdi. Təxminən 10-15 dəqiqə sonra mobil telefonunu götürmək istədikdə, onun qoyduğu yerində olmadığını görmüşdür. Dərhal mağazanın müşahidə kameralarına baxmış və daxil olan şəxsin mobil telefonunu götürüb əlindəki sellofan torbaya qoyduğunu müşahidə etmişdir. Bununla bağlı olaraq o, polisə məlumat vermişdir. Qeyd etmişdir ki, baş vermiş oğurluq nəticəsində ona 815 manat maddi ziyan dəymişdi. Ona məxsus mobil telefonunun üzərində ***-***-**-** saylı mobil nömrənin olduğunu və həmin nömrəni 15 manata aldığını bildirmişdi. Baş vermiş oğurluq hadisəsi zamanı ümumilkdə 815 manat maddi ziyan dəydiyini bildirmişdir. İş üzrə maddi sübut kimi tanınmış DVD disklərə məhkəmədə baxış keçirilərkən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə “Azel” şirniyyat evində 01 ədəd “İphone 14” markalı mobil telefonun oğurlaması və xx.xx.2023-cü il tarixdə “Bal kimi” şirniyyat evində 01 ədəd “Redmi Note 9S” markalı mobil telefonun oğurlaması əks etdirildiyindən oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Nəcəfi X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-18/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 177.2.2ci maddəsi ilə nəzərdə tutulan əməli xx.xx.2024-cü il tarixədək olan müddət ərzində törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-18/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (cinayətlərin məcmusu) cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarına əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-18/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə o, CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)–18/2024 saylı hökmü ilə təyin olunmuş 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 (iki) gün müddət (əvvəlki hökm üzrə) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 il 11 ay 28 gün (iki il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)–18/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maadi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-225/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-225/2025
05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver