Məhkəmə qərarları › İş №1(004)-226/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-226/2020

24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-226/2020 24.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 21 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 20:30 radələrində ünvan 3 ünvanında yerləşən mənzildə ailədaxili münasibətlərin pozulması zəminində ögey qardaşı Zərərçəkmiş şəxs başını sol qoltuğunun arasına salaraq, sağ əlinin yumruğu ilə qarın nahiyəsinə, alın, burun və sifətindən ardıcıl zərbələr vuraraq, Zərərçəkmiş şəxs burun sümüklərinin yerdəyişmiş sınığı ilə müşayət olunmuş sol gözaltı nahiyənin qançırı və döş qəfəsinin qançırı kimi az ağır dərəcəli bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun ögey qardaşıdır. Son zamanlar ögey qardaşı Faiq özbaşına hərəkətlər edib böyük qardaş kimi onu saymadığından tez-tez aralarında sözlü münaqişələr baş vermişdir. xx.xx.2020-ci il tarixdə saat 20:30 radələrində ögey bacısı Məryəmlə Faiqin arasında birgə yaşadıqları Yasamal rayonu, Z.Xəlilov küçəsi ev 53, mənzil 11 ünvanında yerləşən mənzillərinin yataq otağında söz mübahisəsi yaranan zaman o, Faiqdən mübahisəni bitirməsini tələb etmişdir. Faiq isə buna cavab olaraq ona yaxşı etdiyini və onun işlərinə qarışmamasını bildirərək yataq otağını tərk edib mətbəxə getmişdir. O, Faiqin ona verdiyi cavabdan hiddətlənərək onun arxasınca mətbəxə getmişdir. Faiqdən onunla bu tərzdə danışmamasını tələb etdikdə, Faiq yenə də yaxşı etdiyini bildirərək onu nalayiq sözlərlə təhqir etmişdir. Bu zaman o, əsəblərini cilovlaya bilməyərək sol əli ilə Faiqin başını sol qoltuğunun arasına salaraq, sağ əlinin yumruğu ilə əvvəlcə onun qarın nahiyəsinə, daha sonra isə alın, burun və sağ yanaq nahiyələrinə ardıcıl zərbələr endirmiş və onu buraxmışdır. Bundan sonra Faiq onu tutduracağı ilə hədələyərək mənzili tərk etmişdir. Təqsirləndirilən şəxs həmçinin münaqişənin təxminən 5 dəqiqə davam etməsini, hadisəni heç kimin görməməsini, münaqişə zamanı Faiqin ona heç bir xəsarət yetirməməsini qeyd etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır və sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun ögey qardaşıdır. Yasamal rayonu, Z.Xəlilov küçəsi ev 53, mənzil 11 ünvanında yerləşən mənzildə anası X4, 14 yaşlı ögey bacısı X2 və ögey qardaşı Təqsirləndirilən şəxs ilə birgə yaşayırlar. Son zamanlar Samir özünün onlardan yaşca böyük olmasını bildirmək üçün heç bir səbəb olmadan onunla və ögey bacısı Məryəmlə münaqişələr yaradır. 27.07. 2020-ci il tarixdə saat 20:30 radələrində ögey bacısı Məryəmlə onun arasında mənzillərinin yataq otağında söz mübahisəsi yaranan zaman, Samir yenə də mübahisələrinə müdaxilə etməyə çalışaraq ondan mübahisəni bitirməsini tələb etmişdir. O isə Samirə onların mübahisələrinə qarışmamasını bildirərək yataq otağını tərk edib mətbəxə getmişdir. Samir ona verdiyi cavabdan hiddətlənərək arxasınca mətbəxə gəlib onu nalayiq sözlərlə təhqir etdikdə o, Samirin söyüşlərini özünə qaytarmışdır. Bundan sonra Samir üstünə gələrək sol əli ilə başını sol qoltuğunun arasına salaraq, sağ əlinin yumruğu ilə əvvəlcə qarın nahiyəsinə, daha sonra isə alın, burun və sağ yanaq nahiyələrinə ardıcıl zərbələr endirmişdir. Samirin zərbələrindən sonra o özündə güc tapıb Samiri özündən aralamış və mənzili tərk edərək Samir tərəfindən döyülməsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs həmçinin ona verilmiş suallara cavab olaraq münaqişənin təxminən 5 dəqiqə davam etməsini, hadisəni heç kimin görməməsini qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs bağışlamışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində işin icraatına xitam verilməsinə etirazı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 584 saylı sağlamlığa zərər vurmanın təyinə dair məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- burun sümüklərinin yerdəyişmiş sınığı ilə müşayət olunmuş sol gözaltı nahiyənin qançırı və döş qəfəsinin qançırı küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Göstərilən xəsarətlərin şəxsin özü tərəfindən, eləcə də yıxılma nəticəsində törənməsi inkar olunur. (i/v 14-16). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 47). İş materiallarında olan təqsirləndirilən şəxs barəsində “axtarış elan olunmaqla həbs qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli 53678 saylı məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan işinin icraatına xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Qeyd olunan Məcəllənin 175.2-ci maddəsinə əsasən, qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri də ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar