Məhkəmə qərarları › İş №1(004)-226/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-226/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-226/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 MMC-nin təsisçisi və baş direktoru X1 vəkili Bakı şəhəri "xxxx" Vəkil Bürosunun vəkili Müdafiəçi, X8 MMC-nin təsisçisi və baş direktoru X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair "xxxx" MMC tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X8 MMC-nin təsisçisi və baş direktoru X1 barəsində Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və "xxxx" MMC-dən mətbuat vasitəsilə üzr istəməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini onunla əsaslandırmışdır ki, internet vasitəsi ilə 22 noyabr 2023-cü il tarixində baş ofisi ünvan 1 ünvanında yerləşən "xxxx" moda evi barəsində işgüzar nüfuza ləkə salan, şər və böhtan xarakterli yalan məlumatlar məqalə formasında yayılmışdır. İnternetdə mövcud olan açıq mənbələrdən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən məqalə 22 noyabr 2023-cü il, saat 08:57-də "millitv.az" vebsaytına yerləşdirilmiş, daha sonra isə mənbəsi "aktualxeber" kimi göstərilərək "Elatus Azərbaycan brendi yoxsa "Made in Azerbaijan" adına ləkə" adlı başlıq altında paylaşılmışdır. Həmin yayılmış materiallarda aşağıdakılar qeyd olunmuşdur: "Kölgə iqtisadiyyatının kökünün kəsilməsi hələ də müşkül məsələ olaraq qalır. Bəzi işbazlar müxtəlif yollarla bu qara işləri davam etdirməkdədirlər. Belə "şirkətlərdən biri də Binəqədi rayonundakı "Həyat” şadlıq sarayının yaxınlığında yerləşən "xxxx" firmasıdır. Baş ofisi Mirəli Qaşqay küçəsində, filialları Fətəli xan Xoyski, X6 Naxçıvani küçəsində yerləşən bu firma özünü əsil Azərbaycan brendi adlandırır. Əslində isə kişi kostyumları tikməkdə ixtisaslaşmış bu firmanın rəhbərliyi əsil maxinatorlardır və firmanı "maxinasiya brendi" adlandırmaq daha düzgün olardı. Verilən sifarişləri qəsdən dar tikən firma müştərini o qədər get-gələ salır ki, nəticədə müştəri bezir və bir daha kostyumun arxasınca getmir. Firma yetkililərinin daha biir fırıldağı Çin malının Türkiyə və İtaliya parçası adı ilə millətə sırımasıdır. Diqqətlə fikir verənlər bunu dərhal anlayır. Lakin fırıldaqçılar müştərini elə dilə tuturlar ki, çoxları bu fırıldağı anlaya bilmir. Yuxarıda qeyd etdildiyi kimi, şirin dil və şirin söhbətlər verilən sifarişin başa çatmasına qədərdir. Kostyumun darlığı, yaxud keyfiyyətsizliyi üzə çıxandan sonra val dəyişir və müştəri ilə danışıqlarda sərt ritorika işə düşür. Firmanın tikdiyi kostyumların qiymətinə gəlincə bu, 1200-1300 manat arasında dəyişir. Halbuki nə parçanın, nə də işin keyfiyyəti buna adekvat deyildir. Təbiidir ki, müştəriyə bu qiymətə satılmasına baxmayaraq, məhsulun qiyməti rəsmi sənədlərdə az göstərilməklə vergidən yayınma halları mütləqdir. "xxxx"un vergidən yayınma metodlarından biri də saxta müqavilərlərdən ibarətdir. Guya Rusiyada filialının açıldığını iddia edərək vatsapp vasitəsilə sifariş qəbul edilir və tikilən kişi kostyumları hava yolu ilə Rusiyaya göndərilir. Orada filialı yox, yalnız mağazası olduğundan həmin kostyumlar mağazada realizə edilir və beləliklə də, "xxxx" vergidən, bəzi rüsumlardan yayına bilir, çirkli pulların "xxxx" əməliyyatı həyata keçirilir. Firmada insanların əməyi də istismar olunur, iş vaxtından əlavə işlərin görülməsi, əmək müqavilələrinin bağlanmaması, əmək haqqının sənədlərdə az göstərilməsi kimi hallar bu firmada adi normaya çevrilib. Bir sözlə, bu firma ölkə qanunları ilə deyil, firma yetkililərinin müəyyən etdiyi qanunlarla işləyir. Yəqin ki, belə maxinasiyalara son qoymaq vaxtı çoxdan çatıb və bu qanunsuzluqlara "dur" deyən tapılacaqdır." Məqalədə göstərilən faktlar real hadisələrə əsaslanmır və sadəcə olaraq müəssisənin işgüzar nüfuzunu aşağı salmaq məqsədilə əlavə edilmişdir. Güman edilir ki, bu tip məqalə xidmətdən narazı qalan bir müştəri tərəfindən yayılmışdır. Qeyd edir ki, yaxın tarixlərdə heç bir kənar şəxs və ya müştəri ilə anlaşılmazlıq, mübahisə yaranmamışdır. Bu, bir daha təsdiq edir ki, müəssisə haqqında yayılmış məlumatlar yalnız və yalnız böhtan xarakteri daşıyır. Odur ki, X8 MMCnin təsisçisi və baş direktoru X1 barəsində Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və "xxxx" MMC-dən mətbuat vasitəsilə üzr istənilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs "xxxx" MMC-nin nümayəndəsi və barəsində xüsusi ittiham qaydasənda şikayət verilmiş X8 MMC-nin təsisçisi və baş direktoru X4 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs "xxxx" MMC-nin nümayəndəsinin və barəsində xüsusi ittiham qaydasənda şikayət verilmiş X8 MMC-nin təsisçisi və baş direktoru X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş “Tereqqi.az” xəbər portalının baş redaktoru X2 vəkili Bakı şəhəri "xxxx" Vəkil Bürosunun vəkili Müdafiəçi çıxışında bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək vəzifəsi həmin ərizəni vermiş şəxsin üzərinə düşür, yəni xüsusi ittiham qaydasında şikayət vermiş şəxs ərizəni Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq tərtib etməli və məhkəmə aidiyyətini düzgün müəyyən etməlidir. Hazırda X8 MMCnin təsisçisi və baş direktoru X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məzmunundan aşkar surətdə görünür ki, o, Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, ərizənin tərtib edildiyi yer göstərilməmiş, eyni zamanda ərizənin məzmununda konkret olaraq hansı ifadələrin CM-nin hansı maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibini yaratması əsaslandırılmamışdır. Bundan başqa şikayət ərizəsində törədilməsi ehtimal edilən cinayət əməlinin mahiyyəti, onun törədilməsi vaxtı, yayılmış məlumatların baxış sayı və s. göstərilməmişdir. Odur ki, göstərilənlərə əsasən vəkil Müdafiəçi xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini, şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1)şikayət həmin məhkəməyə aid olmadıqda; 2)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3)şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4)cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6)cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7)şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8)şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1)şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1)şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2)törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3)cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4)şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5)cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikasının CPM-nın 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Beləliklə, məhkəmənin hazırlıq iclasında hər bir halda həll edilməli olan məsələlərlə bağlı məhkəmə qeyd edir ki, yuxarıda sadalanan Azərbaycan Respublikası CPM-nin müvafiq normalarının məzmunundan göründüyü kimi yalnız xüsusi ittiham qaydasında şikayətin materiallarında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilə bilər. Qeyd olunur ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məhkəmənin hazırlıq iclasında hər bir halda baxılmalı olan məsələ olmaqla yanaşı, həmin məhkəməyə aid olmaması müəyyənləşdirildiyi təqdirdə məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən hallardan biridir. Hazırlıq iclasında məhkəmə şikayətin həmin məhkəməyə aid olmadığını aşkar etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edir. Hazırki iş üzrə xüsusi ittiham qaydasında şikayət vermiş "xxxx" MMC məlumatların yayıldığı kütləvi informasiya vasitəsinin faktiki yerləşdiyi ünvanı Yasamal rayon ərazisində yerləşdiyi qeyd edilsə də, məlumatların yayıldığı kütləvi informasiya vasitəsitəsinin hüquqi ünvanına dair məhkəməyə hər hansı sənəd təqdim edə bilməmişlər. Ona görə məhkəmə aidiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə isə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Həmin Qərarın 5-ci bəndinə görə isə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə məlumatların yayıldığı “X8” MMC xəbər portalının hüquqi ünvanı ümumiyyətlə müəyyənləşdirilməmiş və ərizənin tərtib edildiyi yer, eləcə də CM-nin 147-ci maddəsinin konkret bəndi göstərilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, “X8 MMC-nin təsisçisi və baş direktoru X1 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair "xxxx" MMC tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının CPM-si ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 MMC-nin təsisçisi və baş direktoru X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri "xxxx" Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş və Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödəniləcək məbləğ 6 manat müəyyən edilmişdir. Odur ki, vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ona ödənilməsi üçün Bakı şəhəri "xxxx" Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: “X8” MMC-nin təsisçisi və baş direktoru X1 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair "xxxx" MMC tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş “X8 MMC-nin təsisçisi və baş direktoru X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ona ödənilməsi üçün Bakı şəhəri "xxxx" Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar