Məhkəmə qərarları › İş №1(004)-228/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-228/2024

23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-228/2024 23.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X5 müdafiəçi qismində dəvət edilmiş 26 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, Barəsində şikayət verilən şəxs İ.A. Quliyev may 2023-cü il tarixdən başlayaraq "Facebook" səhifəsində və "X8" İctimai Birliyinin "Azərbaycan Aykidosu" adında telegram kanalında Ç.M. Məmmədovun barəsində ağır təhqirlər, şər-böhtan, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan və həqiqətə uyğun olmayan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymış (yazmaqda davam edir) və bununla da onu təhqir etmişdir. Belə ki, Cavabdeh X9 "Telegram" sosial şəbəkəsində "Çingiz Məmmədovun ağzının əyilib g...ilnün yanında durmasının digər səbəbləri", "Çingiz kimi çaqqala və kişilikdən bixbər olan xain adamlardan nə düşmən? Sadəcə çör-çöp və zibil yığınıdı”, "Çingizin s..dirməsi bizə problem deyil. Qoy gedib yaltaqlandığı yerin y....u narahat olsun ki, yanında ş...., q.... gəlib", "Çingiz bizə q....lik edib" və bu kimi başqa əxlaq normasından uzaq və təhqiredici ifadələrlə iddiaçının barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymış, onu təhqir etmiş, şərəf və ləyaqətini alçaltmış və işgüzar nüfuzuna zərər vurmuşdur. Bununla da İ.A.Quliyev Ç.M.Məmmədovu təhqir edərək, onun şərəf və ləyaqətini ləkələyən və onu bir vətəndaş, Aikido məşqçisi kimi nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymış, onun işgüzar nüfuzuna xələl yetirmiş və onu təhqir etmişdir. Ç.M.Məmmədov uzun illər idmanın aikido növü üzrə fəaliyyət göstərən, tələbələr yetişdirən, 2022-ci ilin iyul ayında ABŞ-m Alabama ştatının Birmingem şəhərində keçirilən Dünya Oyunlarında öz şəxsi hesabına iştirak etmiş və bu sahədə uğurlar əldə edən bir şəxsdir. Ç.M.Məmmədov barəsində təhqir xarakterli məlumatların yayılması onun şərəf və ləyaqətini alçaltmaqla yanaşı, cəmiyyətdə olan nüfuzuna xələl yetirir. Buna görə də "X8" İctimai Birliyinin sədri, xx.xx.1976-cı il tarixdə Ağdam rayonunda doğulmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibi üzrə icraat başlansın və o, cinayət məsuliyyətinə cəlb edilməklə barəsində 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 şikayətin təmin edilərək, X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət işinin başlanılması və onun cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında barəsində şikayət verilən X7 müdafiəçi qismində dəvət edilmiş vəkil X6 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs İ.Quliyev xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Ç.Məmmədovun barəsində ilkin olaraq böhtan xarakterli ifadələri “teleqram” sosial şəbəkəsində özünə məxsus istifadəçi profilində yaymışdır. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş (çıxarılmış) çıxarışdan görünür ki, İ.Quliyev Ağdam rayonu, Ağdam şəhəri, T.İsmayılov küçəsi., 2, 58 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, hazırki halda xüsusi ittiham qaydasında şikayətə əsasən şikayət vermiş şəxsin barəsində ilkin olaraq böhtan xarakterli məlumatlar “teleqram” sosial şəbəkəsində yerləşdirilmişdir. “Teleqram” sosial şəbəkəsi isə internet informasiya ehtiyatı hesab edilməklə, xaricdə qeydiyyatdadır və Azərbaycan Respublikasının ərazisində qeydə alınmış hüquqi ünvanı yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları internet informasiya ehtiyatlarında yaymış şəxsin Azərbaycan Respublikası ərazisindəki axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. İş materiallarında əlavə edilmiş elektron çıxarışa əsasən müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs İ.Quliyev Ağdam rayonunda qeydiyyatdadır. Digər tərəfdən məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarında bildirilir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşın yaşadığı yer barədə məlumat şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) daxil edilir. Qanunvericiliyin tələblərinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr inzibati xətalar haqqında iş üzrə qərardan verilmiş şikayətə baxmağa hazırlıq zamanı İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində qeyd olunan şikayət verən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında əks olunan məlumata əsaslanaraq məhkəmə aidiyyəti məsələsini həll etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 302-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayətin həmin məhkəməyə aid olmamasını müəyyən etdikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, hazırkı vəziyyətdə böhtan xarakterli hesab edilən məlumatların ilkin olaraq “teleqram” sosial şəbəkəsində (yalnız sonradan digər informasiya ehtiyatlarıda yayılmasını) yerləşdirilməsini, sözügedən internet informasiya ehtiyatı xaricdə qeydiyyata alındığını, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs İ.Quliyevin yaşayış yerinin Ağdam rayonu, Ağdam şəhəri, T.İsmayılov küçəsi., 2, 58 ünvanı olmasını və həmin ünvanın Ağdam rayonunun inzibati ərazisinə aid olduğunu nəzərə alaraq hazırkı şikayətə Yasamal Rayon Məhkəməsində baxıla bilməz və buna görə də, şikayət aidiyyatı üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülsün. Qərardan şikayət verilə bilməz. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar