Məhkəmə qərarları › İş №1(004)-228/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-228/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-228/2025 08.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, Məhkəmə iclasının katibi: X7, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, X3 Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə məhəl qoymayaraq, onun üçün heç nə ilə müqayisə olunmayan ən ali dəyər hesab etdiyi şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq təhqir etmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 4 nömrəli iclas zalında xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında X3 ona doğru əlini silkələyərək “qalstukunu boğazına sarıyaraq burdan sürüyüb ataram” kimi təhqiramiz ifadəsini işlətmişdir. Bununla əlaqədar aidiyyəti qurumlara müraciət edib şikayətlər ünvanlayıb. Belə ki, xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə məhkəmə prosesində vəkil X1 onu təhqir edərək hədələdiyini bildirmiş və sonuncunun əməlində cinayət tərkibi olduğu üçün barəsində cinayət işinin başlanaraq məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı X5 xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, verilmiş sorğu əsasında Bakı Apellyasiya Məhkəməsinin 4 nömrəli iclas zalında xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının audio-videoyazısı əldə edilmiş və 01 ədəd CD diskə baxış keçirilmişdir. Videogörüntünün 10 dəqiqə 48-ci saniyəsindən 11 dəqiqə 10 saniyəsinə olan müddət ərzində vəkil X1 ona doğru əlini silkələyərək “qalstukunu boğazına sarıyaraq burdan sürüyüb ataram” təhqiramiz ifadəsini işlətməsi aşkar edilmişdir”. Qərarın surətini şikayətə əlavə edib. Hesab edir ki, ədalət mühakiməsinin həyata keçirildiyi ali bir qurumda məhkəmədə mənə qarşı o cür təhqiramiz ifadələr işlətməsi cinayət qanunvericiliyinin 148ci maddəsində təsbit olunmuş təhqir cinayət tərkibini yaradır. CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin obyektiv cəhətində qeyd olunan başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onun əhatəsinin (dostların, tanışların) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Şərəf və ləyaqəti alçaldan hərəkətlər müxtəlif formalarda həyata keçirlə bilər: yazılı, şifahi, bədən hərəkətləri və s. Şifahi formada şərəf və ləyaqəti alçaltma söyməklə nalayiq sözlər söyləməklə, haqqında ələsalıcı ifadələr işlətməklə törədilə bilər. Şərəf ləyaqətin yazılı formada alçaltdılması məktubda, ərizədə və ya hər hansı müraciətdə ifadə oluna bilər. Hərəkətlər ilə şərəf və ləyaqəti alçaltma üzünə tüpürməklə, şillə vurmaqla, mimikalarla, jestlərlə başqa şəxsi mənfi cəhətdən yamsılamaqla və s. hərəkətlərlə edilə bilər. Şərəf və ləyaqəti alçaldan hərəkətlər konkret şəxsə və ya şəxslərə qarşı yönəlməlidir. Əgər təhqirin konkret ünvanı yoxdursa, məs: bütün vəzifəli şəxsləri korrupsiyada ittiham etməklə onlar haqqında nalayiq ifadələr işlətmək və s. CM-nin 148-ci maddəsi üzrə cinayət məsuliyyəti istisna olunur. Elxan Əlitahirlinin dövlət hakimiyyətinin əsas sütunlarından birini təşkil edən ədalət mühakiməsinin keçirildiyi ən ali bir qurum olan məhkəmədə onun ünvanına yuxarıda qeyd etdiyi ifadələri işlətməsi məhkəmə iclasında daha çox şəxslərin arasında yayılmasına səbəb olduğu üçün (nəzərə alınmalıdır ki, proses iştirakçılarından əlavə başqa şəxslər də olmuşdur) bu əməl CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin də bütün əlamətlərini özündə ehtiva edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxslər X4 şikayətin icraata qəbul edilməsini, X1 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq X1 onu təhqir etdiyini təsdiq edən videogörüntüləri təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətin verildiyi yer, necə törədilməsi, əgər törədilərkən zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği, törədilmə hallarının hansı şahid ifadələri, eləcədə hansı sübutlarla təsdiq edildiyi qeyd edilməmişdir. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, 293.3.6. maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar