Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-229/2024 29.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs Azər oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçililmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşadığı Yasamal rayonu M.Fətəli küçəsi 3 saylı binadan tapdığı açarı həmin binada olan mənzillərin giriş qapılarında yoxlayaraq qeyd edilən açarın Zərərçəkmiş şəxs Azər oğlunun yaşadığı ünvan 2 ünvanın giriş qapısının açarı olmasını yəqin etdikdən sonra 2023-cü ilin may ayından 2023-cü ilin oktyabr ayınadək olan müddət ərzində istintaqla dəqiq müəyyən edilməsi mümkün olmayan vaxtda Zərərçəkmiş şəxs mənzildə olmamasından istifadə edərək açarla mənzilin giriş qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq mənzilin yataq otağında olan dolabdan sonuncuya məxsus 4350 manat pulu gizli olaraq talamış, bundan sonra təkrarən 18 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs mənzildə olmamasından istifadə edərək eyni üsulla həmin yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağında olan dolabdan sonuncuya məxsus 150 manat pulu gizli olaraq talamış, bundan sonra təkrarən 25 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs mənzildə olmamasından istifadə edərək eyni üsulla həmin yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağında olan dolabdan sonuncuya məxsus 200 manat pulu gizli olaraq talamış, bundan sonra təkrarən 06 noyabr 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs mənzildə olmamasından istifadə edərək eyni üsulla həmin yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağında olan dolabdan sonuncuya məxsus 1800 manat pulu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs Azər oğluna ümumilikdə 6500 manat, yəni xeyli miqdarda ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olub təkrar törədilməklə oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir və əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra o, xatırlamadığı tarixlərdə yaşadığı binanın yaxınlığında tapdığı bir ədəd açar vasitəsilə həmin binanın 18ci mənzilinin sahibinin evdə olmamağından istifadə edərək oradan üç dəfə oğurluq etmişdir. O, həmin mənzildən ilk olaraq 150 manat, daha sonra ikinci dəfə həmin mənzilə daxil olmaqla 200 manat, sonuncu dəfə daxil olduğu zaman isə 1800 manat məbləğində pul oğurlamışdır. Bundan sonra o, Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə dəvət olunmuş, bu zaman onun üzərində olan 800 manat məbləğində pul polis əməkdaşları tərəfindən götürülmüşdür. O, zərərçəkmiş şəxsdən 6500 manat məbləğində pul oğurlamamış, onun oğurladığı pulun məbləği 2100 manat olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Azər oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. O, anası ilə birlikdə yaşayır və 2023-cü ilin may ayında onlar yaşadıqları evi təmir etmək qərarına gəlmişdirlər. Bu məqsədlə o, qonşusu Böyükağaya müraciət edərək ondan mənzilin kilidini dəyişdirməsini xahiş etmiş, Böyükağa da onun istəyi ilə yaşadığı evə gələrək mənzilin kilidini dəyişdirmişdir. Bundan bir müddət sonra anası ona evdə olan puldan 1000 manatın yerində olmadığını bildirmişdir. O isə anasının yaşının çox olmasını nəzərə alaraq evdən pul oğurlana biləcəyini düşünməmişdir. Lakin bundan sonra o, evdən yenidən müəyyən məbləğlərin oğurlandığını aşkar etdikdən sonra ilk olaraq Təqsirləndirilən şəxs onun evindən oğurluq edə biləcəyindən şübhələnmiş, lakin heç bir sübut olmadığından bu barədə polisə məlumat verməmişdir. Sonuncu dəfə o, 08 noyabr 2023-cü il tarixdə işdən evə gələrkən yenidən 2000 manat məbləğində pulun oğurlandığını aşkar etdikdə bu barədə polisə məlumat vermişdir. Onun yaşadığı mənzildən 2023-cü ilin iyul-noyabr ayları ərzində sonuncu dəfə 2000 manat olmaqla ümumilikdə 6500 manat məbləğində pul oğurlanmışdır. Oğurluq hadisəsi onun tərəfindən yaşadığı mənzilin təmiri zamanı kilidin Böyükağa tərəfindən dəyişdirilməsindən sonra baş verməyə başlaması ilə əlaqədar o güman edir ki, həmin vaxt Böyükağa açarın birini özündə saxlamış və oğurluğu başqa şəxslə əlbir olaraq törətmişdir. Ona dəymiş zərər ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 10 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, , hadisə ünvan 3 ünvanıdır. (i.v. 6-8) “İfadənin yerində yoxlanması haqqında” 12 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs Məmmədhəsən oğlunun göstərməsinə əsasən, ünvan 4 ünvanıdır. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, 2023-cü ilin oktyabr ayının əvvələrində yaşadığı evin qarşısında piyada hərəkət edərkən bir ədəd açar tapmış, daha sonra o yaşadığı binaya təxminən 2-3 ildirki köçən 18-ci mənzilin qapısını döydükdə qapını açan olmamış və o tapdığı açarı qapıya daxil etdikdə açarın həmin mənzilə məxsus olduğunu görmüş və heç kimə məlumat vermədən açarı özündə saxlamışdır. 8 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində 18-ci mənzilin sahibinin evdə olmamağından istifadə edərək qapını açarla açmış və mənzilə daxil olaraq dərhal yataq otağına keçməklə orada televizorun yanında olan dolabı açaraq 150 manat götürmüş və dərhal mənzilin qapısının bağlayaraq oradan uzaqlaşmışdır. Təxminən 1 həftə sonra yenidən axşam saatlarında 18ci mənzilin sahibinin evdə olmamağından istifadə edərək qapını açarla açaraq mənzilə daxil olmaqla yataq otağına keçmiş, orada televizorun yanında olan yenidən eyni dolabı açmaqla oradan 200 manat götürmüş və dərhal mənzilin qapısının bağlayaraq oradan uzaqlaşmışdır. Sonuncu dəfə 6 noyabr 2023-cü il tarixdə axşam saatlarında yenidən eyni qayadada 18-ci mənzilin sahibinin evdə olmamağından istifadə edərək qapını açarla açmış və mənzilə daxil olaraq yataq otağına keçmişdir. Bu dəfə çarpayının alt hissəsində dolab olduğunu görmüş və dolabı açaraq 1800 manat pulu götürdükdən sonra dərhal mənzilin qapısını açarla bağlayaraq oradan uzaqlaşmışdır. (i.v. 28) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxsn ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Azər oğluna məxsus olan mənzildən 150 manat, daha sonra ikinci dəfə həmin mənzilə daxil olmaqla 200 manat, sonuncu dəfə daxil olduğu zaman isə 1800 manat məbləğində pul oğurlamasını, yəni həmin mənzildən ümumilikdə 6500 manat məbləğində pulu oğurlamaması ilə bağlı ifadəsinə tənqidi yanaşır və bunu özünümüdafiə xarakterli hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Məhkəmə baxışı zamanı dövlət ittihamçısının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə verilmiş ittihamdan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsini xaric edilməsi barədə təklifini nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə ittiham verilmişdir, lakin görünür ki, o ünvan 2 ünvanından müxtəlif tarixlərdə lakin vahid niyyətlə oğurluq etmişdir. Təqsirləndirilən şəxs etdiyi oğurluq əməli vahid niyyətlə əhatə olunduğundan onun ittihamından oğurluq əməlini təkrar törətməsi yəni, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 11 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 21) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 4(004)- 886/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 noyabr 2023-cü il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 49-52) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 14 fevral 2024-cü il tarixdə verilmiş tələbnaməsindən görünür ki, Yasamal rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM- nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə 02 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir. (i.v. 63-64) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs əvvəllər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmünə əsasən 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 11 noyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 11 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-229/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-229/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver