Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-230/2022 10.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs: 03.02.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə 08 dekabr 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, ev 19, 30 saylı mənzilin giriş qapısını özündə olan həmin qapının açarı ilə açıb qanunsuz olaraq mənzilə daxil olaraq, O yataq otağında paltar dolabının üzərində ziynət əşyalarını saxlamaq üçün taxta qızıl qabından dəyəri 1.900 manat olan üzərində «BVLGARİ» yazısı olan qızıl üzüyü, dəyəri 1.500 manat olan bir ədəd sadə qızıl üzüyü və üzərində birliyant qaşı olan 1.500 manat dəyərində bir cüt qızıl sırğanı gizli olaraq talayıb və Zərərçəkmiş şəxs ümumilikdə 4.900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 3 ilə yaxın müddətdir ki, Zərərçəkmiş şəxs yanında sürücü kimi işləyir. Zərərçəkmiş şəxs fərdi sahibkar olmaqla onun işi Emini və ailəsini lazım olan ünvanlara aparıb gətirməkdən ibarət olmuşdur. Bunun müqabilində də Zərərçəkmiş şəxs ona göstərdiyi xidmətə görə hər ay 500 manat əmək haqqı vermişdir. 08 dekabr 2021-ci il tarixdə saat 13 radələrində Emin müəllimi ofisinə gətirən zaman sonuncu yolda olarkən yaşadığı mənzilin bir ədəd açarını ona verərək özünü ofisə qoyduqdan sonra uşaqlarını məktəbdən götürüb qaynanasını da Səbail rayonundan götürərək açarı qaynanasına verməyi, onları da yaşadığı evinə aparmağını xahiş etmişdir. O, Emindən açarı alandan sonra belə qərara gəlmişdir ki, Eminin evinə girib oğurluq etsin. Ona görə də həmin günü saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gəlmişdir. Həmin mənzilin qapısını Eminin ona verdiyi bir ədəd açarla açmaqla mənzilə daxil olmuşdur. Həmin vaxtı mənzilin yataq otağına daxil olanda termonun qarşısında dolabın üzərində qara rəngli taxtadan qızıl qabının içərisini görmüş və həmin qabı açanda orada çoxlu sayda qızıl görməklə kimisə şübhələndirməmək üçün qızıllardan iki ədəd qadın qızıl üzüyünü və bir cüt qızıl sırğanı götürüb cibinə qoymaqla evdən çıxmışdır. Həmin günü Zərərçəkmiş şəxs evindən oğurladığı həmin qızılları Bakı şəhərində «MUM» adlanan ticarət mərkəzi yaxınlığına gəlməklə oğurladığı 2 ədəd qadın qızıl üzüyünü və bir cüt qızıl sırğanı ticarət mərkəzinin yaxınlığında «Zirkon» adlı zərgərlik mağazasına ümumilikdə 1.540 manata satmışdır. Zərgərə həmin qızılların özünə məxsus olduğunu deyib hətta ona qızılları verən zaman şəxsiyyət vəsiqəsini də təqdim etmişdir. 1540 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Ailəsinin çətin maddi durumu ilə əlaqədar oğurluq etdiyini, törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, zərərçəkənə vurulmuş ziyanın bir hissəsinin 2440 manat hissəsinin istintaq dövrü ödənilməsini, qalan hissəsinin isə tam olaraq ödəmək üçün olan cəhdlərini, lakin zərərçəkənə ziyanla bağlı 2460 manat pulu təqdim etsə də, zərərçəkənin həmin pulu götürmək istəmədiyini, buna görə də ziyanın tam ödənilməməsinin ondan asılı olmayan səbəblərlə əlaqədar olduğunu, himayəsində 1 azyaşlı uşağın olmasını, ailəsinə ondan başqa gəlir gətirən olmadığını, işləyib ailəsini saxladığını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 3 ilə yaxındır ki, tanıyır. Faiq onun və ailəsinin sürücüsü olaraq fəaliyyət göstərmişdir. Faiq avtomobili hər gün səhər 07:30-da qarajdan götürüb axşamlar isə işdən sonra yerinə qoyurdu. 09 dekabr 2021-ci il tarixdə evdə olarkən həyat yoldaşı X2 bildirmişdir ki, yataq otağında qızılları saxladığı qara rəngli taxta qızıl qabında iki qızıl və bir cüt qızıl sırğası yoxdur. Bundan əvvəl də evindən qızıl itdiyinə görə evə müşahidə kamerası qoymuşdur. Evinə girən oğrunun evə gəlib gedənlər arasında olduğunu hiss etdiyindən kənardan müşahidə edib oğrunu özü ifaşa etimək istəmişdir. Yaşadığı evin girişində quraşdırılmış kameralara baxan zaman 08.12.2021-ci il tarixdə saat 14 radələrində sürücüsü Faiqi yaşadığı binaya girən görməklə oğurluğu törədən şəxsin Faiqin olmasını bilmişdir. Bunu bildikdən sonra 17.12.2021-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nə ərizə ilə oğurluq barədə müraciət etmişdir. Faiq evinə girməmişdən bir gün əvvəl özü evin açarını Faiqə verməklə həmin açarı qaynanasına verməyini tapşırmışdır. Lakin, Faiq evdə kimsənin olmadığını bilərək həmin açarı qaynanasına verməmişdən öncə özü evinə daxil olaraq ümumi dəyəri 4.900 manat civarında qızıl-ziynət əşyalarını oğurlamışdır. Həmin qızıllar yataq otağında qızılların saxlandığı qara taxta qutuda olmaqla Faiq 1900 manat dəyərində bir ədəd üzərində Bulqari sözləri yazılmış qızıl üzüyü, hər biri 1500 manat dəyərində olan bir ədəd qızıl üzük və bir ədəd brilyant qaşları olan bir cüt qızıl sırğanı oğurlamışdır. Mənzilindən oğurlanmış qızılları o, əvvəllər öz şəxsi vəsaiti hesabına almış, həmin qızılları alaraq pul əvəzi evində saxlamışdır. Ona dəymiş ziyanın 2440 manat hissəsi istintaq dövrü ödənilmişdir, məhkəmə istintaqı dövrü isə təqsirləndirilən şəxs ona 2460 manatı ödəmək istəsə də o həmin pulu götürməkdən imtina edir, hesab edir ki, təqsirləndirilən şəxs ondan daha artıq miqdarda oğurluq etmişdir, ona görə də həmin pulu götürmək istəmir və şikayətçidir, təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Əri Faiq 3 ildən çox müddətdir ki, Elçin adlı şəxsin həm şəxsi, həm də ailə sürücüsüdür. 14 dekabr 2021 -ci il tarixdə nahar saatlarında ona məlum olmuşdur ki, əri Faiq sürücü işlədiyi mənzilin ev sahibinin evindən oğurluq etmişdir. Həmin mənzildən bir ədəd birliyant sırğa, bir ədəd qızıl üzük, və bir ədəd «Bulgari» qızıl üzük oğurlamışdır. Faiq oğurlayıb zərgərə satdığı qızıllardan birinin pulunu verib qızılı geri almış və polisə təqdim etmişdir. Digər qızıl üzüyün pulunu isə sahibinə ödəmişdir. Bundan başqa əri Faiq mənə məxsus qızıl və gümüşləri özünün razılığı ilə 2020 və 2021-ci illərin fərqli aylarında aparıb «MUM» ticarət mərkəzinin yaxınlığında satmışdır. Buna səbəb isə qaynanasının baş daşını düzəltdirmək üçün onlara pul lazım olmuşdur. Sonrakı vaxtlarda da maddi imkanları çətin olduğundan həmçinin əri Faiq əmək haqqını vaxtlı-vaxtında ala bilmədiyindən məcburiyyətdən öz qızıllarından Faiqə satması üçün vermişdir. Həmin qızılları onlar ailə quranda bəzilərini ailəsi, bəzilərini rəfiqələri, bəziləri isə yaxınları tərəfindən ona hədiyyə olunmuş, hətta əvvəllər əri Faiqin özü tərəfindən alınan qızıllar da olmuşdur. Həmin qızılları da satması üçün o, özü Faiqə vermişdir. Onun qızılları arasında brend qızıllar olmamışdır. Əri Faiqin satdığı qızılların fotoşəkilləri istintaqa təqdim olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o artıq 4 il müddətdir ki, «MUM» ticarət mərkəzinin yanında «Zirkon» adlı zərgərlik mağazasını fərdi olaraq işlədir. Həmin mağazada qızılların lom qiymətə alınması və təmiri ilə məşğul olur. Faiq adlı şəxsi 2019-cu ildən tanıyır. Faiq 2019-cu ildən bugünə kimi müxtəlif vaxtlarda ona qızıl əşyalarını gətirmiş və satmışdır. İşinə görə bir çox insanı tanımış və bilir ki, insanlar maddi ehtiyaclarını ödəmək üçün evlərində olan qızıl əşyalarını satmaq məcburiyyətində qalır. Faiqi də elə tanıyır. Belə ki, ilk dəfə olaraq həmin vaxt Faiq mağazalarına müraciət edərək ailəsinə məxsus qızıl olmasını bildirib öz şəxsiyyət vəsiqəsi ilə ona qızıl satmış, bu barədə tərəfindən alış aktı tərtib olunmuşdur. Faiq sonrakı vaxtlarda 18.08.2020-ci il tarixdə, 28.08.2020-ci il tarixdə, 12.09.2020-ci il tarixdə, 19.09.2020-ci il tarixdə, 31.05.2021-ci il tarixdə, 28.11.2021-ci il tarixdə və nəhayət 08.12.2021-ci il tarixdə gətirib mağazaya qızıl-zinət əşyalarını satmışdır. Faiq sadaladığı tərixlərdəki qızılları özü tək olaraq gətirib mağazaya satmışdır. Faiq sonuncu dəfə 08.12.2020-ci il tarixdə axşamüstü mağazaya gələrək həmişəki kimi öz şəxsiyyət vəsiqəsi ilə bir cüt qızıl sırğanı, 2 ədəd qadın üzüyünü satmağı ona təklif etmişdir. Həmişəki qaydada təklif olunan qızıl məmulatlarını alış aktı ilə sənədləşdirib Faiqin özünə imza etdirməklə həmçinin, şəxsiyyət vəsiqəsinin surətini də götürməklə Faiqə ümumilikdə 1540 manat pul vermişdir. Həmin gündən təqribən 2-3 gün sonra Faiq mağazaya gələrək sonuncu dəfə ona satdığı qızılları geri götürmək istəməsini demişdir. O, həmin qızılları aldıqdan sonra əritmiş, yalnız bir ədəd üzərində «Bulgari» yazılmış üzüyü saxladığını bildirmişdir. Faiq həmin üzüyə görə ondan aldığı 430 manat pulu mənə ödədikdən sonra həmin üzüyü Faiqə qaytarmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29.12.2021-ci il tarixli 6/5594-9/9369 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “BVLGARİ”, halqasının iç tərəfində “50”, “Au 750”, “2337 AL” “Made in İtaly” və “CEHY8C” yazıları olan qırmızımtıl-sarı rəngli 1 ədəd üzük 750 əyarlı qızıldan hazırlanmışdır. Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzüyün pərakəndə satış qiyməti təxminən 648,00 manat müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs 18.05.2019-cu il təvəllüdlü X3 adlı uşağı vardır. İş materiallarında olan Zərərçəkmiş şəxs imzaladığı qəbzə əsasən “BVLGARİ” markalı, qadın üçün qızıl üzük zərərçəkənə təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs imzaladığı qəbzə əsasən Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş 540 manat pulu zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məhkəməyə ünvanlandığı ərizəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs dəymiş zərərin məbləğini ona tam şəkildə ödəməyə hazırdır. Bütün mümkün vasitələrdən istifadə etmiş, zərəri ödəməyə dəfələrlə cəhd etmiş, lakin buna nail ola bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanın bir 2440 manat hissəsinin ödənilməsini, qalan 2460 manat hissəsini də təqsirləndirilən şəxsin tam ödəmək istəsə də, zərərçəkən şəxsin həmin məbləği götürməkdən imtina etməsini, bununla da ittiham aktındakı göstərilmiş zərərin tam ödənilməsi üçün təqsirləndirilən şəxsin real cəhd etdiyini, lakin zərərçəkmiş şəxsin həmin məbləği götürməməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 18.12.2021-ci il tarixdə tutulmuş, Yasamal rayon prokurorunun 20.12.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir, Yasamal RPİ MSY-dən dərhal azad edilmişdir, həmin tarixdə müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Bununla da o, ibtidai istintaq dövründə 02 gün həbsdə olmuşdur Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 01 ədəd “BVLGARİ” markalı, qadın üçün qızıl üzüyün saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, 08.12.2021-ci il tarixli qızılların alışı barədə tərtib olunmuş akt maddi sübut olaraq cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutularkən “həbsdə” saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 11 ay 26 gün (iki il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Maddi sübut kimi tanınmış 01 ədəd “BVLGARİ” sözləri yazılmış qızıl üzüyün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, 08.12.2021-ci il tarixli qızılların alışı barədə tərtib olunmuş akt cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs qızına məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən İslam Əliyev
Məhkəmə qərarları › İş №1(004)-230/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-230/2022
10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver