Məhkəmə qərarları › İş №1(004)-230/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-230/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-230/2023 25.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi 5, inzibati binada pasport qeydiyyatında olmaqla, Bakı şəhəri, Səbail rayonu, M.Müşfiq küçəsi ev 94-də yaşayan barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs tanışına məxsus avtomobilə dövlət qeydiyyat nişanı almasını təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, etibardan suiistifadə etməklə 15 aprel 2022-ci il tarixdə də Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan- Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinin inzibati binasının qarşısında 1500 manat, 06 may 2022-ci il tarixdə eyni bəhanə ilə Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolunda yerləşən Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinin qeydiyyat-imtahan idarəsinin inzibati binasının qarşısında 1500 manat və 26 may 2022-ci il tarixdə yaşadığı evdə - ünvan 2 ünvanında olan zaman Zərərçəkmiş şəxs mobil tətbiqdən istifadə etməklə anası Kapital Bank ASC tərəfindən Şahid4 adına verilmiş **********531407 nömrəli bank kartından Zərərçəkmiş şəxs fotoşəklini göndərdiyi xalası Şahid3 məxsus bank kartına 170 manat pul vəsaitini göndərməyə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 3170 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin aprel ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs ona zəng edərək onun adını bildirmədiyi tanışının Dubaydan Azərbaycan Respublikasına Suziki markalı avtomaşın gətirdiyini, lakin avtomaşın Mercedes Gallenvagen markalı avtomaşına tuning edildiyi üçün gömrükdən buraxılsada X6 tərəfindən dövlət nömrə nişanının verilməsindən imtina edildiyini bildirmişdir. Kəmalə ona onun X6ndə tanışlarının olmasını, mümkündürsə danışıb özlərinə xeyir tutmağı demişdir. Ona bununla bağlı maraqlanıb məlumat verəcəyini demişdir. Bundan sonra adını çəkmək istəmədiyi tanışları vasitəsilə bu barədə maraqlanmışdır. Həmin tanışlarından biri ona bunun 6.000 manata başa gələcəyini bildirmişdir. O, da Kəmaləyə zəng edərək bu barədə bildirmişdir. Avtomobil sahibinə işin həllinin 9.000 manata başa gələcəyini bildirmişlər ki, qalan 3.000 manat yarıbayarı onun və Kəmalənin arasında bölünəcəkdir. Kəmalə avtomobil sahibləri ilə danışaraq razılaşdıqlarını bildirmişdir. Təxminən on gün sonra, yəni 2022-ci ilin aprel ayının ortalarında ona xərclik üçün pul lazım olduğu üçün Kəmaləyə zəng edərək, avtomobilin tuning edildiyi üçün rəy alınması üçün 1.500 manat pul lazım olduğunu demişdir. Bundan sonra Kəmalə ilə Badamdarda görüşərək Xırdalan şəhərində yerləşən DYPİ-nin həyətinə getmişlər. Orada Kəmalə avtomobildə onu gözləmişdir. O, isə öz şəxsi işi ilə əlaqədar DYPİ-nın inzibati binasına daxil olmuşdur. Oradan çıxdıqdan sonra isə Kəmalə ilə danışmışdır. Təxminən 10-15 gün sonra ona yenidən pul lazım olduğu üçün Kəmaləyə zəng eləmiş və ondan yenidən 1.500 manat pul istəmişdir. Daha sonra onun yaşadığı evə gəlmiş və Kəmalədən 1.500 manat pulu götürmüşdür. Bir neçə gün sonra isə Kəmaləyə zəng edərək qonaqlığa getmək üçün pulu olmadığı üçün borca 100 dollar pul istəmişdir. Kəmalə ona borc verməkdən imtina etməmiş və ona xalası İradənin bank kartının şəklini göndərmişdir. Kəmalə xalası İradənin kart hesabına 170 manat pul göndərmişdir. Bir-iki saat sonra Badamdara gəlmiş və Bazarstor dükanının içərisində bankomatdan pulu çıxararaq götürmüşdür. Bir neçə gün sonra isə ona qeyd edilən avtomaşına dövlət qeydiyyat nişanının verilməsinin mümkünsüz olmasını bildirmişlər. O, da Kəmaləyə zəng edərək işin alınmadığını demişdir. Daha sonra imkanı olmadığı üçün Kəmalənin pulunu qaytara bilməmişdir. Əməlindən peşmandır.Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin mart ayının əvvəllərində qonşusu Bəxtiyar adlı şəxs ona müraciət edərək Dubaydan Mercedes markalı Gallenvagen modelli avtomobilə tuning edilmiş Suzuki markalı avtomobil gətirdiyini, gömrükdən keçirdiyini, lakin Baş X6 tərəfindən avtomobildə dəyişiklik edildiyi üçün nömrə verilmədiyini demişdir. Bəxtiyar ondan əgər tanışları varsa nömrə almaqda ona köməklik etməsini xahiş etmişdir. O, bu barədə çoxdankı tanışı olan və bəzi sənədləşmə işlərində ona köməklik etmiş Ələsgər adlı şəxsə demişdir. Ələsgər həmin avtomobilə nömrə alınmasına ona köməklik edə biləcəyini demişdir. O, Fuad adlı tanışı ilə danışaraq avtomobilə nömrə alınmasında köməklik edəcəyini demişdir. Ələsgər Fuadla danışdıqdan sonra ona ümumi işin həlli üçün 9,000 manat pul lazım olduğunu bildirmişdir. Bu barədə qonşusu Bəxtiyara demişdir. Bəxtiyar həmin məbləğlə razılaşmış və ona 9,000 manat pul vermişdir. Daha sonra Ələsgərlə zəngləşərkən ona avtomobilin tuning edilməsi ilə bağlı rəy alınmasına görə 1,500 manat pul lazım olduğunu bildirmişdir. Onunla Badamdarda görüşüb Xırdalan şəhərinə Baş X6 İdarəsinin həyətinə getmişlər. Orada Ələsgərə 1,500 manat pulu vermişdir. Ələsgər pulu Fuad adlı şəxsə verib qayıdacağını bildirmişdir. O, Baş X6 İdarəsinin inzibati binasına daxil olmuş və təxminən 15-20 dəqiqə sonra qayıtmışdır. Ələsgər pulu Fuada verdiyini və 21 günə rəyin hazır olacağını demişdir. Daha sonra ayrılmışlar. Bundan sonra tez-tez telefonla danışmışlar. 21 gün tamamında yəni, 6 may 2022-ci il tarixində Ələsgər ona və Bəxtiyara rəyin artıq hazır olduğunu demişdir. Həmçinin daha 1,500 manat texniki pasport alınması üçün lazım olduğunu demişdir. Təxminən 2 gün sonra “meyvəli” adlanan ərazidə yəni, BDYPİ-nin inzibati binasının qarşısında Ələsgərlə görüşüb ona 1,500 manat pul vermişdir. Təxminən 10 gün sonra Ələsgər ona zəng edərək xırda xərclər üçün 100 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Həmin vaxt yaşadığı evdə olmuşdur. Anası Solmaza məxsus bank kartı ilə Ələsgərin ona göndərdiyi və üzərində İradə yazıldığı bank kartına 170 manat pul göndərmişdir. Bundan bir neçə gün sonra Ələsgər ona, X6 idarəsinə Afiyəddin müəllimdən sənədləri götürməyi və onlara nömrə verəcəyini demişdir. Belə ki, 21 may 2022-ci il tarixində o, Bəxtiyar və Ələsgər birlikdə Xırdalan şəhərinə BDYPİ-nə getmişlər. Avtomobilin sahibi olan X2 inspektorun qəbuluna girsədə ona heç bir sənəd verilməmişdir. Bundan sonra onlar idarədən ayrılıb evə qayıtmışlar. Həmin gün anlamışdır ki, Ələsgər pulu alıb onu aldatmışdır. Bəxtiyar və Məmməd Seyid onun Ələskərə 3170 manat pul verdiyini bilməmişlər, onlara demişdir ki, pulu özündə saxlamış, düzələndə lazımı adamlara verəcəkdir. Bu səbəbdən də özü Bəxtiyardan aldığı pulu qaytarmışdır. Daha sonra Ələskərdən pulunu tələb etməyə başlamışdır. O, pulun Fuadda olduğunu və alan kimi qaytaracağını demişdir. Həmçinin Fuad adlı şəxslədə mobil telefonla dəfələrlə danışmışdır. Fuad ilk danışıqlarda ona 2.000 manat pul çatdığını və pulu ona qaytaracağını demişdir. Daha sonra isə ona Ələsgər ondan xahiş etdiyi üçün özünü polis işçisi kimi təqdim etdiyini, ümumiyyətlə ona heç bir məbləğdə pul çatmadığını demişdir. O, aldanıldığını görüb DİN-in 102 məlumat xidmətinə məlumat vermişdir. Həmçinin qonşusunun yanında pis vəziyyətdə qalmaması üçün onun bütün pulunu özünə qaytarmışdır. İfadəsinin sonunda, təqsirləndirilən şəxslə barışdığını ona qarşı heç bir şikayəti, tələbi və iddiasının olmadığını, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, səh. 19). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psıxatriya Xəstəxanası” X5 xx.xx.2022-ci il tarixli 7775 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd edilən xəstəxanada müalicədə olmamışdır (1-ci cild səh. 63). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (1-ci cild, səh. 109-111). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs maddi ziyanı tam şəkildə ödənildiyini və Təqsirləndirilən şəxs ilə barışdığı üçün onunla bağlı heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 1(004)-230/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar