Məhkəmə qərarları › İş №1(004)-231/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-231/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-231/2023 13.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X2, xx xxxx 1997-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmiş, bundan başqa, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 21 oktyabr 2022-ci il tarixdə saat 23:30 radələrində ünvan 2 ünvanının qarşısındakı həyətdə dayanmış vəziyyətdə olan vətəndaş Zərərçəkmiş şəxs2 məxsus 1200 manat dəyərində, 2021-ci il buraxılışlı, mühərrik həcmi 49 m/3 olan 01 ədəd “Tufan M50” markalı mopedi gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 oktyabr 2022-ci il tarixdə gecə saatlarında ünvan 3 ünvanının qarşısındakı həyətdə dayanmış vəziyyətdə olan vətəndaş Zərərçəkmiş şəxs1 məxsus 1700 manat dəyərində, 2021-ci il buraxılışlı, mühərrik həcmi 50 m/3 olan 01 ədəd “Kuba X BOSS” markalı mopedi gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 26 oktyabr 2022-ci il tarixdə saat 10:00 bradələrində Nəsimi rayonu, “Kubinka” adlanan yerdə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,245 qram psixotrop maddə olan metamfetamini 20 manat pul müqabilində 01 ədəd şəffaf rəngli sellofan bükümdə alıb əldə edərək üzərində saxlamaqla yaşadığı ünvan 4 ünvanına daşımış, 26 oktyabr 2022-ci il tarixdə saat 20:00-da Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı ünvan 4 ünvanının qarşısında saxlanılaraq oğurluq cinayətində şübhəli bilindiyi üçün həmin polis bölməsinə aparılıb aparılıb üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli idman şalvarının- sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,245 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, törədilmiş əməldə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o kirayə moped götürüb kuryer işlədiyi üçün mopedi idarə etməyi və onun texniki xarakteristikasını yaxşı bilir. Moped almağa imkanı olmadığı üçün düşünürmüş ki, moped oğurlasın və beləcə öz mopedi olsun. Gecə vaxtı yaşayış binalarının qarşısında hərəkət edərək orada saxlanmış mopedlərə baxmaq qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Ə.Cəmil küçəsində evin qarşısında 01 ədəd moped dayandığını görmüşdür. Həmin yerə yaxınlaşmış və ətrafa baxmış, heç kimin olmadığını dəqiq müəyyən etdikdən sonra həmin mopedi işə salmış və idarə edərək oradan uzaqlaşmışdır. Həmin gecə mopedlə Yasamal rayonu ərazisində 2-3 saat gəzmiş və əlavə mopedlər də görmüşdür. Ertəsi gün kuryer kimi işləməyə başlamışdır. Xancan onun tanışıdır. xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Xancanı “İnşaatçılar” metrostansiyasının yanında görmüşdür. Xancan ondan soruşduqda demişdir ki, moped özünə məxsusdur. Xancan ona moped tapmağını bildirdikdə demişdir ki, başqa bir mopedi də var, həmin mopedin açarı yoxdur, amma onu müvəqqəti olaraq sistemə müdaxilə etməklə işə salmaq olar, sonradan 15-20 manata həmin sistemi bərpa etmək və açar əldə etmək mümkündür. Bu sözü dedikdə düşünmüşdür ki, dünən gecə gördüyü mopedlərdən birini oğurlayıb Xancana satıb pul qazanar. Xancan ondan mopedi hansı qiymətə satdığını soruşduqda bildirmişdir ki, 600 manata satır. Xancan demişdir ki, birdəfəlik 600 manat pul ödəməyə gücü çatmaz. Razılaşmışlar ki, ilkin olaraq 200 manat pul versin, qalan 400 manat pulu hər ay 100 manat pul ödəməklə 4 ay ərzində ödəyər. O görmüşdür ki, Xancanda 200 manat pul var və mopedi indi almaq istəyir. Xancana demişdir ki, həmin mopedi yaşadığı evin yaxınlığında saxlamışdır, mopedin yanında gözləsin, gedib görsün açarsız işə sala biləcəksə gətirər, yox, olmasa, onda 1-2 gün ərzində problemi aradan qaldırıb mopedi verər. Özü bilərəkdən belə demişdir ki, əgər mopedi oğurlaya bilməsə, 1-2 gün sonra oğurlayıb Xancana sata bilsin. Xancan razılaşmış və gözləmişdir. O metronun yanında olan 01 manatlıq taksiyə əyləşib getmişdir. Mopedlə getməmişdir ki, geri qayıdanda oğurlayacağı mopedi özü sürərək gətirsin. Yasamal rayonu, H.Məcidov küçəsi ev 6 ünvanının qarşısına getmişdir. Çünki bir gün əvvəl mopedlə gəzəndə orada ağ-qara rəngli moped görmüşdür. Evin qarşısında 1 gün əvvəl gördüyü mopedin yenə də həmin yerdə dayandığını görmüşdür. Həmin yerə yaxınlaşmış və ətrafa baxmış, heç kimin olmadığını dəqiq müəyyən etdikdən sonra həmin mopedi işə salmış, idarə edərək oradan uzaqlaşmış və “İnşaatçılar” metrostansiyasının yanına gəlmişdir. Xancan mopedə baxmış, sonra ona 200 manat pul vermiş və razılaşmışlar ki, qalan 400 manat pulu hər ayın sonu 100 manat pul ödəməklə 4 ay ərzində ödəyər. 26 oktyabr 2022-ci il tarixdə saat 10:00 radələrində “Kubinka” adlanan əraziyə getmiş və narkotik vasitə satıcısı kimi üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görüb ona yaxınlaşaraq “patı” lazım olduğunu bildirmişdir. Həmin şəxsdən 20 manat müqabilində 01 ədəd şəffaf rəngli sellofanda “patı” almışdır. Həmin maddəni əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq gizlətmişdir ki, sonra istifadə edər. Həmin gün, yəni 26 oktyabr 2022-ci il tarixdə saat təxminən 20:00 radələrində yaşadığı ünvanın qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və bildirmişlər ki, Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşlarıdır. Polis əməkdaşları oğurluqda şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 28-ci PB-yə dəvət etmişlər. O etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 28-ci PB-nin inzibati binasına getmişdir. Orada “patı”dan istifadə etdiyini, hal-hazırda da üzərində həmin maddədən olduğunu bildirmiş və barəsində araşdırma aparılması təhqiqatçı Roman Məmmədova həvalə edilmişdir. 28-ci Polis Bölməsində ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil 28-ci PB-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşları, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təhqiqatçı tərəfindən hüquq və vəzifələrim izah edilmiş, şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmişdir və müdafiəçinin iştirakı ilə qərarla tanış olub onu imza etmişdir. Bundan sonra polis əməkdaşları, müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı, 01 ədəd şəffaf rəngli sellofan bükümdə içində psixotrop maddə metamfetamini çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı 01 ədəd şəffaf bükümü açdıqda içində “patı” olduğu müəyyən edilmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə o, bildirmişdir ki, aşkar olunan maddə metamfetamindir, həmin maddənin istifadəçisidir, aşkar edilən maddəni xx.xx.2022-ci il tarixdə saat 10:00-da “Kubinka” adlanan yerdə, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün alıb üzərində saxlamışdır. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf onun, eləcə də şəxsi axtarışda iştirak etmiş vəkili və polis əməkdaşları tərəfindən imzalanmışdır. Hər iki əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, O ünvan 3 ünvanında kirayədə yaşayır. 22 oktyabr 2022-ci il tarixdə saat 21:30 radələrində işdən kirayə yaşadığı evə gəlmiş və özünə məxsus “Kuba X-Boss” markalı mopedi evin qarşısında olan ümumi həyətdə saxlamışdır. Ertəsi gün, yəni 23 oktyabr 2022-ci il tarixdə saat 12:10 radələrində işə getmək məqsədi ilə evdən çıxmış və həyətdə mopedi saxladığı yerə yaxınlaşmışdır. Həmin yerə çatanda görmüşdür ki, ağacın yanında moped yoxdur. Ətrafa baxmış, lakin mopedi tapa bilməmişdir. Bundan sonra həyətdə gördüyü bina sakinlərindən moped barədə maraqlanmış, lakin hər hansı məlumat ala bilməmişdir. Bu vaxt başa düşmüşdür ki, mopedi oğurlanıb. Bundan sonra DİN-in 102 xidmətinə zəng edib mopedinin oğurlanması barədə məlumat vermişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 2 ünvandan yaşayır. 21 oktyabr 2022-ci il tarixdə saat 22:00 radələrində yaşadığı evə gəlmiş və özünə məxsus olan “Tufan M50” markalı mopedi evın qarşısında olan ümumi həyətdə, saxlamış və evə getmişdir. Mopedi orada saxlayan vaxt görmüşdür ki, qardaşı Yusif və dostu Zahid də özlərinə məxsus mopedləri orada saxlamışlar. Ertəsi gün, yəni 22 oktyabr 2022-ci il tarixdə saat 10:00 radələrində evdən çıxmış və həyətdə mopedi saxladığı yerə yaxınlaşmışdır. Həmin yerə çatanda görmüşdür ki, moped orada yoxdur. Ətrafa baxmış, lakin mopedi tapa bilməmişdir. Bundan sonra həyətdə gördüyü bina sakinlərindən moped barədə maraqlanmış, lakin hər hansı məlumat ala bilməmişdir. Bu vaxt başa düşmüşdür ki, mopedi oğurlanıb. Bundan sonra DİN-in 102 xidmətinə zəng edib mopedinin oğurlanması barədə məlumat vermişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid оğlu ifаdəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Məhəmmədi “İnşaşatçılar” metrostansiyasının yanında görmüşdür. Həmin vaxt Məhəmməd mopedlə olmuş və onun sualına cavab olaraq məpedin özünə məxsus olduğunu bildirmişdir. O Məhəmmədə onun üçün də moped tapmasını xahiş etmiş və Məhəmməd ona demişdir ki, onun bundan başqa bir “Kuba X BOSS” markalı mopedi də var, həmin mopedin açarı yoxdur, lakin onu müvəqqəti olaraq sistemə müdaxilə etməklə işə salmaq olar. Məhəmməd ona həmin mopedi 600 manata satdığını demiş, lakin onun maddi imkanı pis olduğu üçün o Məhəmədlə hissə hissə ödəməklə mopedi almağa razılaşmışdır. Bundan sonra Məhəmməd metronun yanında olan taksiyə əyləşib getmiş və təxminən 40-45 dəqiqə sonra mopedlə geri qayıtmışdır. O Məhəmmədə 200 manat pul vermiş və razılaşmışlar ki, qalan 400 manat pulu hər ayın sonu 100 manat pul ödəməklə 4 ay ərzində ödəyər. Sonradan polis əməkdşaları onu saxladıqda məlum olmuşdur ki, Məhəmməd həmin mopedi oğurlayaraq ona satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o Yasamal RPİ-nin 28-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs tərəfindən “Tufan M50” markalı və “Kuba X-BOS” markalı mopedin oğurlaması ilə bağlı məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə həmin məlumatı yoxlamaq məqsədi ilə əməliyyat müvəkkili Polad Mustafayev ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Yeni Yasamal, Ə.Əhmədov küçəsi ev 101 ünvanının qarşısına getmişlər və orada Məhəmmədə yaxınlaşaraq özlərini təqdim edib ona oğurluq cinayəti törətməkdə şübhəli olması bildirilərək onu Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların bu tələbinə tabe olaraq onlarla birlikdə Polis Bölməsinə getmişdir. Orada olan zaman Məhəmməd 02 ədəd moped oğurladığını, mopedin birinin özü idarə etdiyini, digərinin isə tanışı Şahid olduğunu və özünün psixotrop maddə metamfetamin istifadəçisi olduğunu və hazırda üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Polis Bölməsinin xidməti otaqların birində video çəkiliş keçirməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Bundan sonra Məhəmməd təklifə əsasən əynində olan qara rəngli, idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümünü çıхаrıb pоlis əməkdаşlаrınа təqdim еtmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan psixiotrop maddə olan metamfetamindir. Həmin metamfetamini 26 oktyabr 2022-ci il tarixdə tarixdə Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixiotrop maddə olan metamfetaminə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İş üzrə şahid qismində göstərilmiş X7 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 163-166-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:00-dan xx.xx.2022-ci il tarix saat 10:00-dək olan müddət ərzində ünvan 6 ünvanının həyətindən Zərərçəkmiş şəxs2 məxsus “Tufan M50” markalı mopedin və xx.xx.2022-ci il tarixdə saat 21:30-dan xx.xx.2022-ci il tarix saat 12:10-dək olan müddət ərzində ünvan 7 ünvanının həyətindən Zərərçəkmiş şəxs1 məxsus “Kuba X-BOS” markalı mopedin oğurlanması faktları ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin oğurluq hadisəsinin Yeni Yasamal, Ə.Əhmədov küçəsi ev 101, mənzil 164-də yaşayan Təqsirləndirilən şəxs və ünvan 8 ünvanında yaşayan Şahid tərəfindən törədilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə əməliyyat müvəkkili Yusif Rüstəmov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Yeni Yasamal, Ə.Əhmədov küçəsi ev 101 ünvanının qarşısına getmiş və bir müddət sonra, saat 20:00-da orada xarici əlamətləri Təqsirləndirilən şəxs adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsin mopedlə olmasını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirdikdən sonra, həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirdikdən sonra, həmin şəxsə oğurluq cinayəti törətməkdə şübhəli olması bildirilərək birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə getməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə PB-nin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs PB-yə gələn zaman onunla aparılan kəşfiyyat xarakterli söhbətlər zamanı həqiqətən də 02 ədəd moped oğurladığını, mopedin birinin məhz saxlanılan zaman idarə etdiyi moped olduğu, digərinin isə tanışı Şahid olduğunu və özünün psixotrop maddə metamfetamin istifadəçisi olduğunu, saxlanılmazdan əvvəl metamfetamin istifadə etdiyi, eləcə də hal-hazırda da üzərində də metamfetamin olduğunu bildirmişdir. Bundan sonra otaqların birində Məhəmmədə oğurluqda, eləcə də psixotrop maddələrin qanunsuz istifadəsində şübhəli olması bildirilərək təhqiqatçı tərəfindən müdafiəçi seçmək hüququ izah edilmiş, vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri bir daha izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli, idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükümü çıxararaq masanın üzərinə qoymuşdur. 01 ədəd şəffaf sellofan büküm açıldıqda içində ağ rəngli, kristalşəkilli maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümün içində olan maddə psixotrop maddə metamfetamindir, 26 oktyabr 2022-ci il tarixdə saat 10:00 bradələrində Nəsimi rayonu, “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən 20 manat pul müqabilində öz istifadəsi üçün almışdır və 26 oktyabr saat 20:00 radələrində polis əməkdaşları tərəfindən ünvan 10 ünvanının qarşısında saxlanılmışdır. Aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış, “Zərflər üçün 167” möhürü ilə möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O da öz növbəsində həmin protokolu imzalamışdır. Bundan sonra, əməliyyat müvəkkili Yusif Rüstəmov ilə birlikdə digər şəxsin, yəni Şahid saxlanılması üçün sonuncunun yaşadığı Abşeron rayonu, Gənclər şəhərciyi 1 ünvanının qarşısına getmişlər və xx.xx.2022-ci il tarixdə saat 00:30-da orada xarici əlamətləri Şahid adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirdikdən sonra, həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş, həmin şəxs özünü təqdim edərək Şahid olmasını bildirdikdən sonra, həmin şəxsə oğurluq cinayəti törətməkdə şübhəli olması bildirilərək onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə getməsi təklif olunmuşdur. Şahid hər hansı oğurluq cinayəti törətmədiyini bildirmişdir. Bu vaxt Xancana bildirmişlər ki, əyləşdiyi moped oğurluqdur. Şahid bildirmişdir ki, həmin mopedi 600 manata Məhəmməd adlı şəxsdən almışdır. Onlar Xancana bildirmişlər ki, bunu polis bölməsində aydınlaşdırarıq. Şahid etiraz etməyərək onlarla birlikdə PB-nin inzibati binasına gəlmişdir. Bundan sonra otaqların birində Xancana oğurluqda, eləcə də psixotrop maddələrin qanunsuz istifadəsində şübhəli olması bildirilərək təhqiqatçı tərəfindən müdafiəçi seçmək hüququ izah edilmiş, vəkil gəldikdən sonra Şahid şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri bir daha izah olunduqdan sonra Şahid üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Şahid üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi bildirilmişdir. Şahid əynində olan qara rəngli, idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükümü çıxararaq masanın üzərinə qoymuşdur. 01 ədəd şəffaf sellofan büküm açıldıqda içində ağ rəngli, kristalşəkilli maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Şahid bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümün içində olan maddə psixotrop maddə metamfetamindir, 26 oktyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 20 manat pul müqabilində öz istifadəsi üçün almışdır və 27 oktyabr saat 00:30 radələrində polis əməkdaşları tərəfindən Abşeron rayonu, Gənclər şəhərciyi 1 ünvanının qarşısında saxlanılmışdır. Aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış, “Zərflər üçün 167” möhürü ilə möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 23 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Kuba X BOSS” markalı mopedin oğurlandığı yer ünvan 12 ünvanının qarşısında olan həyətdir. (Cild İ, i.v. 9-11) “Baxış keçirilməsi haqqında” 27 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “Kuba X BOSS” markalı moped Şahid tərəfindən təhvil verilmiş və velosipedə baxış keçirilmişdir. (Cild İ, i.v. 13-15) “Əşyaya baxış keçirilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 01 ədəd “Kuba X BOSS” markalı mopedin ona məxsus olduğunu və bir neçə gün əvvəl oğurlanan moped olduğunu təsdiq etmişdir. (Cild İ, i.v. 20) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli 9/8151 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd 2021-ci il buraxılışlı, 16042 km yürüyüşlü, mühərrik həcmi 50 m/3 olan “Kuba X BOSS” markalı mopedin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti 1700 manat müəyyən olunur. (Cild İ, i.v. 23-25) Şəxsi axtarış və götürmə aparılması haqqında 26 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, X5 bildirmişdir ki, 3-4 gün bundan əvvəl Yasamal rayonu ərazisində “Tufan M 50” və”Kuba-X Bos” markalı mopedləri dostu Şahid ilə birlikdə oğurladığını etiraf etmiş, eyni zamanda bundan baqşa narkotik vasitə istifadəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu səmimi etiraf edərək əynindəki qara rəngli idman şalvarın sağ yan cibinden bir ədəd səffaf selefona bükülmüş bükümü təqdim etmiş, həmin bükümün içərsində metamfetamin olduğunu bildirərək, həmin maddəni 26 oktyabr 2022-ci il tarixdə saat 10:00 radələrdə Nəsimi rayonu ərazisinde Kubinka deyilən yerdən tanimadığı kişi cinsli şəxsdən 20 manata almış və üzərində saxlamışdır ki, istifadə etsin. 26 oktaybr 2022ci il tarixdə saat 20:00 radələrdǝ ünvan 13 ünvanının qarşısında saxlanılaraq, Yasamal RPİ-nin 28-ci PB-nə gətirildiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd səffaf selefona bükülmüş bükümdə ağ rəngli, kristal formali psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olundu. Aşkar olunmuş bükümdə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 167 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Eyni zamanda şəxsi axtarış zamanı X1 bir ədəd “İphone 7” markalı **********89334 imei kodlu ***-***-**-** GSM nömrələrində istifadə olunan mobil telefon müstəntiq tərəfindən sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. (Cild 1, i.v. 82-83) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2022-ci il tаriхli 6/6238 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 167” dairəvi möhür əkslər olan “vət.Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi-1,245 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, i.v. 88-92) X9 tərəfindən verilmiş qəbzdən görünür ki, oğluna məxsus bir ədəd “İphone” markalı mobil telefonu və bir ədəd “Leo Bank”a məxsus plastik bank kartını müstəntiqdən təhvil almışdır. (Cild İ, i.v. 153) Diskə baxış keçirilməsi haqqında 15 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasında həmin bölmənin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə, eləcə də hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmişdir. (Cild İ, i.v. 154) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 19 dekabr 2023-cü il tаriхli 7700 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild İ, i.v. 167- 168) “Baxış keçirilməsi haqqında” 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Tufan M50” markalı mopedin oğurlandığı yer ünvan 15 ünvanının qarşısında olan həyətdir. (Cild İ, i.v. 182-185) “Baxış keçirilməsi haqqında” 26 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “Tufan M50” markalı moped Təqsirləndirilən şəxs tərəfindən təhvil verilmiş və velosipedə baxış keçirilmişdir. (Cild İ, i.v. 187-189) “Əşyaya baxış keçirilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 01 ədəd “Tufan M50” markalı mopedin ona məxsus olduğunu və bir neçə gün əvvəl oğurlanan moped olduğunu təsdiq etmişdir. (Cild İ, i.v. 192) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2022-ci il tarixli, 9/8152 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd 2021-ci il buraxılışlı, mühərrik həcmi 49 m/3 olan “Tufan M50” markalı mopedin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti 1200 manat müəyyən olunur. (Cild İ, i.v. 210-212) “Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə 1,245 qram psixotrop maddə olan metamfetamin, eləcə də Təqsirləndirilən şəxs üzərindən Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk, 01 ədəd “Tufan M50” markalı moped və 01 ədəd “Kuba X BOSS” markalı moped maddi sübut qismində tanınmış, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,195 qram narkotik vasitə heroin saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, 01 ədəd DVD formatlı disk cinayət işi materiallarına əlavə edilmiş və 01 ədəd Tufan M50” markalı moped və 01 ədəd “Kuba X BOSS” markalı moped müvafiq olaraq zərərçəkmiş şəxs X6 və Zərərçəkmiş şəxs1 qaytarılmışdır. (Cild İ, i.v. 240-241) X12 tərəfindən verilmiş qəbzdən görünür ki, qardaşı Zərərçəkmiş şəxs2 məxsus “Tufan M50” markalı mopedi müstəntiqdən təhvil almışdır. (Cild İİ, i.v. 28) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş qəbzdən görünür ki, özünə məxsus “Kuba X BOSS” markalı mopedi müstəntiqdən təhvil almışdır. (Cild İİ, i.v. 29) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün və zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 26 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da tutulmuşdur. (Cild İ, i.v. 70) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 4(004)- 920/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 138-142) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heçbir məlumat yoxdur. (Cild İ, i.v. 155) Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmalarını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut Yаsаmаl RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş, ekspertiza tədqiqatından qalıq qalmış 1.195 qrаm kustаr üsullu hаzırlаnmış psiхоtrоp mаddə mеtаmfеtаmin məhv edilməli, 01 ədəd “Tufan M50” mаrkаlı moped qanuni sahibi X3 və 01 ədəd “Kuba X Boss” markalı mopedin Zərərçəkmiş şəxs1 qаytаrılması nəzərə alınmalı, 01 ədəd CD disk cinаyət işinin mаtеriаllаrındа saxlanılmalıdır. İş üzrə təyin edilmiş ekspertizalarının üzrə aparılmış tədqiqatların dəyəri olan 155 (bir yüz əlli beş) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 234.1-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına və Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Yаsаmаl RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.195 qrаm kustаr üsullu hаzırlаnmış psiхоtrоp mаddə mеtаmfеtаmin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd “Tufan M50” mаrkаlı moped qanuni sahibi X3 və 01 ədəd “Kuba X Boss” markalı mopedin Zərərçəkmiş şəxs1 qаytаrılması nəzərə alınsın. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinаyət işinin mаtеriаllаrındа saxlanılsın. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 155 (bir yüz əlli beş) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına və Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar