Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-231/2024 04.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Şahid3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam-orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən “888” adlı avtomobil təmiri servisinin içərisində avtomobil təmir edən tanışı, rəngsaz Zərərçəkmiş şəxs digər usta yoldaşı Şahid2 icazəsi ilə sonuncuya məxsus feni istifadə etmək üçün götürmək istədikdə Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan münaqişəli vəziyyət yaratmaqla onu təhqir edib feni verməməsi səbəbindən sonuncunun təşəbbüsü ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruqla zərbə vuraraq, ona baş beyinin yüngül dərəcəli əzilməsi, sağ gicgah nahiyəsinin həyat üçün təhlükəli olmayan lövhəvari epidural hematoması, sağ almacıq - əng sümüklərinin sınığı, sağ gözün konyuktiva qişası altında qansızma ilə müşayiət olunan sağ göz yuvasının qançırı kimi xəsarətləri yetirməklə dərəcəsinə görə həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Evlidir, bir azyaşlı övladı vardır. Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən avtomobil təmiri servisində icarəyə sex götürüb fərdi qaydada avtorəngsaz işləyir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində işlədiyi sexin yaxınlığında yerləşən “888” adlı avtomobil təmiri servisində usta işləyən Pərvizin yanına getmiş və ondan avtomobil təmiri üçün müvəqqəti olaraq qızdırıcını ona verməsini xahiş etmişdir. Pərviz ona qızdırıcını axşam saatlarında verə biləcəyini bildirmişdir. Bir müddət sonra saat təxminən 19 radələrində həmin sexə gələn zaman Zərərçəkmiş şəxs avtomobil təmir etdiyini və qızdırıcının yerdə olduğunu görmüşdür. Bu zaman o, yerdən qızdırıcını götürmək istədikdə Hüseyn feni onun əlindən alaraq iş görəcəyini demişdir. O, Hüseynə günortadan Pərvizdən xahiş etdiyini, ona sadəcə qısa müddətlik fen lazım olduğunu demişdir. Bundan sonra o, Hüseyndən feni bir daha istəsə də, Hüseyn ona feni verməmiş və onun ünvanına nalayıq ifadələr işlətmişdir. Bundan sonra o, əsəbiləşdiyi üçün sol əli ilə Hüseynin üzündən vurmuşdur. Hüseyn həmin zərbədən geri getmişdir. Bundan sonra o, servisdən çıxıb işlədiyi sexə qayıtmışdır. Həmin vaxt Hüseyn onun arxası ilə gələrək onu bir daha təhqir etmişdir. Bundan sonra o, Hüseynə dərman almağı və həkimə aparmağı təklif etmiş, lakin Hüseyn bundan imtina etmişdir. Bir müddət sonra Hüseynin atası Arif ona zəng edərək Hüseyni xəstəxanaya apardığını deyib onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O isə Arifə heç nə deməyərək harada olduqlarını soruşmuşdur. Arif də ona oğlu Hüseyni Əhmədli qəsəbəsində yerləşən “Neyrocərrahiyyə” xəstəxanasına apardığını demişdir. O da dərhal həmin xəstəxanaya getmişdir. Orada olan zaman Hüseyni “KT” müayinəsi etdirmişdir. Həmin müayinənin 220 manat ödənişini etmişdir. O, Hüseynin atası Arifə nə lazım olsa, köməklik edəcəyini demişdir. O, xəstəxanaya saat 12-də getmiş, təqribən 3 saat Hüseynin yanında qalmışdır. Hüseyn ona yaxşı olduğunu, narahat olmamağını demişdir. Sonradan o, həkimlər dedikdən sonra çıxıb getmişdir. Sonra Hüseyn ona zəng etmiş, qida üçün vəsaitinin olmadığını demişdir. O da işdə olduğunu, pul göndərmək üçün kart atılmasını istəmiş və 20-30 manat pul göndərəcəyini demişdir. Ardınca Arif ona zəng etmiş, 20-30 manat ilə oğlu üçün heç nə edə bilməyəcəyini demişdir. Sonra o, yenidən xəstəxanaya getmiş, əlindən gələni etmək istədiyini bildirmiş, lakin Arif heç nəyə ehtiyac olmadığını demişdir. O, iki gün sonra 29-cu Polis Bölməsinə dəvət olunmuşdur. Orada Arif barışıq üçün ondan 1000 manat məbləğində pul istəmişdir. O, xəstəxanada ödədiyi 220 manatdan əlavə 400 manat dəyəri olan telefon vermişdir. Tələb olunan bütün məbləği hüzrlərinin düşməsi və bununla bağlı əlavə xərclərinin yaranması səbəbindən ödəyə bilməmişdir. Hazırda zərərçəkmiş şəxs ondan barışıq üçün 1500 manat pul tələb edir, lakin o, 800 manat zərərçəkmiş şəxsin atasına vermiş, yerdə qalan məbləği verməyə maddi imkanı çatmamışdır. Əməlindən peşmandır, himayəsində azyaşlı uşağının olmasını və onun ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində atası Şahid3 məxsus “Opel” markalı avtomobilini təmir etmək məqsədi ilə əvvəl usta kimi işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən “888” adlı avtomobil təmiri servisinə getmişdir. Orada həmin servisdə usta işləyən Pərvizdən qızdırıcını götürmüşdür. Təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ondan Pərvizin qızdırıcısını istəmişdir. O isə Hüseynə həmin qızdırıcını istifadə etdiyini, bu səbəbdən verə bilməyəcəyini bildirmişdir. Hüseyn danışıq zamanı ona həmin qızdırıcını Pərvizdən həmin gün səhər saatlarında istədiyini demiş, daha sonra isə “feni ver bura” sözlərini dedikdə, o, Hüseynin sözündən əsəbiləşib “feni qıraram, lakin sənə vermərəm” sözlərini demişdir. Bu zaman onların arasıda sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı o, Hüseynin ünvanına bir dəfə nalayiq ifadə işlətmişdir. Bu zaman Hüseyn onun sifətinin sağ yuxarı hissəsindən gözünü əhatə edəcək şəkildə bir dəfə gicgah nahiyəsindən yumruqla zərbə vurmuşdur. O, həmin zərbədən huşunu itirib yerə yıxılmışdır. Bir qədər sonra özünə gəlib ayağa qalxmış və atasının maşını ilə hadisənin baş verdiyi servisdən çıxıb bir az aralıda yerləşən Hüseynin işlədiyi servisə getmişdir. O, Hüseynə onu vurduğunu, buna görə cavab verəcəyini demiş və halı pisləşmişdir. Həmin vaxt Ağa adında şəxs oa dərman vermişdir. Bundan sonra o, yaşadığı ünvan 3 ünvana çatıb evə daxil olan zaman atası Arif onun sifətinin şiş halında olduğunu görüb ondan nə baş verdiyini soruşduqda, o, Hüseyn adlı şəxsin onu yumruqla vurduğunu bildirmişdir. Atası Arif onu təcili avtomobilinə əyləşdirib “Semaşko” adlanan xəstəxanasına aparmışdır. Orada onu həmin vaxt xəstə çox olduğu üçün qəbul etmədiklərinə görə atası Arif 103 xidmətinə zəng edərək təcili tibbi yardım çağırmışdır. Bir qədər keçdikdən sonra xx.xx.2023-cü il tarixə keçən gecə təcili tibbi yardım maşını ilə həkimlər onu Əhmədli qəsəbəsində yerləşən “Neyrocərrahiyyə” xəstəxanasına aparmışlar. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində həmin xəstəxanada stasionar müalicə almışdır. Həmin vaxt Hüseyn onun yanına gələrək onun müəyinəsinə görə 220 manat məbləğində pul ödəmişdir. Hazırda o, Təqsirləndirilən şəxs tərəfindən 1500 manat məbləğində maddi zərərin ödənilməsini tələb edir, Hüseyn həmin məbləğdən cəmi 800 manat ödəmişdir. Yekun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərəri tam ödənilmədiyi üçün onunla barışmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. O, Hüseynlə birlikdə icarəyə sex götürüb fərdi qaydada avtorəngsaz işləyirlər. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində sexdə onlara fen lazım olduğu üçün Hüseyn yaxınlıqda yerləşən “888” adlı avtomobil təmiri servisində usta işləyən Pərvizin yanına getmişdir. Bir qədər keçdikdən sonra Hüseyn geri qayıdaraq axşam saatlarında Pərvizdən feni götürəcəyini demişdir. Bundan sonra təxminən 19 radələrində Hüseyn feni götürmək üçün həmin servisə getmiş və bir qədər keçdikdən sonra Hüseyn əliboş qayıtmışdır. Hüseyn onun sualına cavab olaraq bildirmişdir ki, həmin servisdə əvvəllər usta işləmiş avtorəngsaz işləyən Hüseyn adlı şəxs ona Pərvizə məxsus qızdırıcını vermədiyi və onu söydüyü üçün onu yumruqla vurmuşdur. O, Hüseynlə söhbət edən zaman avtorəngsaz Hüseyn idarə etdiyi avtomobil ilə işlədiyi sexin qabağına gəlmişdir. Bundan sonra dayısı oğlu Hüseyn ona maz və dərman almağını demişdir. O da aptekdən dərman və maz alıb gətirmişdir. Hüseyn də yaxınlıqda olan kafedən buz gətirib avtorəngsaz Hüseynin sifətinə qoymuşdur. Onlar avtorəngsaz Hüseyni sakitləşdirib xəstəxanaya aparmaq istədiklərini desələr də, Hüseyn evə getmək istədiyini, xəstəxanaya getmək istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirmişdir. Sonra idarə etdiyi avtomobilə əyləşərək çıxıb getmişdir. Aradan bir qədər keçdikdən sonra dayısı oğlu Hüseyn rəngsaz Hüseynə zəng edərək halını soruşmaq istədikdə, telefonu Hüseynin atası Arif götürmüşdür. Arif oğlu Hüseyni xəstəxanaya apardığını deyərək adboy vermişdir. Bir qədər sonra Hüseynin atası Arif dayısı oğlu Hüseynə zəng edərək ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Dayısı oğlu Hüseyn isə Arifə heç nə deməyərək harada olduqlarını soruşmuşdur. Hüseyn danışığını bitirdikdən sonra onlar birlikdə Əhmədli qəsəbəsində yerləşən “Neyrocərrahiyyə” xəstəxanasına getmişlər. Orada avtorəngsaz Hüseynin “KT” rentgen müayinəsi etmiş, Hüseyn isə 220 manat ödəniş etmişdir. Dayısı oğlu Hüseyn Arifə nə lazım olsa köməklik edəcəyini də demişdir. Arif isə Hüseynə heç nə lazım olmadığını, oğluna nə lazımdırsa özü edəcəyini bildirmişdir. Sonradan həkimlər dedikdən sonra çıxıb getmişlər. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 59-62-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən “888” saylı avtomobil təmiri servisində icarəyə sex götürüb fərdi qaydada dəmirçi işləyir. xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində yaxınlıqda avtomobil təmiri sexində rəngsaz işləyən tanışı Təqsirləndirilən şəxs yanma gələrək ondan istifadə etməsi üçün fen istəmişdir. O, da əlində iş gördüyü üçün axşam saatlarında gəlib götürməsini Hüseynə bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs axşam gəlib feni götürəcəyini deyərək çıxıb getmişdir. Aradan bir neçə saat keçdikdən sonra saat təxminən 16 radələrində işlədiyi sexdə avtomobil təmir edirmiş. Həmin vaxt əvvəl onun işlədiyi servisdə rəngsaz işləyən Zərərçəkmiş şəxs atasının “Opel” markalı avtomobili ilə sexə gəlmişdir. Zərərçəkmiş şəxs ondan idarə etdiyi avtomobili təmir etmək üçün fen istəmişdir. O, da özünə məxsus feni istifadə etməsi üçün Zərərçəkmiş şəxs vermişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 19 radələrində işlədiyi “888” avtomobil təmiri servisində boksda avtomobil təmir edirmiş. Həmin vaxt Təqsirləndirilən şəxs yanına gəlmişdir. Təqsirləndirilən şəxs ondan feni istədikdə o, feni Zərərçəkmiş şəxs istifadə etdiyini, işini bitirdikdən sonra götürməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs işlədiyi boksun giriş hissəsində avtomobil təmir edən Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Başı işə qarışdığı üçün Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs aralarında olan söhbət və mübahisəni eşitməmişdir. Lakin bir qədər keçdikdən sonra Zərərçəkmiş şəxs yanına gələrək ona məxsus istifadə etmək üçün sonuncuya verdiyi feni Təqsirləndirilən şəxs verməmək üçün söyüş söyərək təhqir etdiyini, Təqsirləndirilən şəxs da əsəbiləşib onun sifətinin sağ yuxarı hissəsindən yumruqla zərbə vurduğunu demişdir. O, da Hüseynin sifətinin qızardığını görüb tez buz qoymasını demişdir. Hüseyn isə heç nə istəmədiyini, narahat olmamağmı bildirərək idarə etdiyi atasının “Opel” markalı avtomobilinə əyləşib çıxıb getmişdir. O, boksun bayır tərəfinə çıxdıqda artıq Təqsirləndirilən şəxs da çıxıb getmişdir. Sonradan Zərərçəkmiş şəxs bu barədə polisə məlumat verdiyini bilmişdir. Əlavə olaraq bildirmişdir ki, onunla Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında əvvəllər ədavət, düşmənçilik, qərəzli münasibət olmamışdır. Hər ikisini rəngszas kimi tanıyır, hər ikisi ilə normal münasibətləri vardır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu anı görməmiş, həmin vaxt o, boksun içərisində avtomobil təmir etdiyi üçün başı qarışıq olmuşdur, onların arasında mübahisə qısa zaman ərzində olduğu üçün bilməmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən “888” adlı avtomobil təmiri servisində yerləşən işlədiyi boksun giriş hissəsində baş vermişdir. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında dalaşma təxminən 3-5 dəqiqə davam etmişdir. O, Zərərçəkmiş şəxs yanma gəlib dedikdən sonra bunu bilmişdir. Həmin vaxt orada Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs olmuşdur. O. isə içəridə iş görürmüş. Hadisənin qısa zaman ərzində baş verdiyini, orada səs-küy, yüksək səslə söyüş söymə halları baş vermədiyini, əgər elə bir hal olsaydı eşidə biləcəyini bildirmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 64-67-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada ev alqı-satqısı ilə məşğul olur. Zərərçəkmiş şəxs onun doğma oğludur. Hüseyn fərdi qaydada avtomobil rəngsazı işləyir. Özünə məxsus “Opel Meriva” markalı **-HT- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobilinin buferləri zədəli olduğu üçün Hüseyn onun avtomobilini xx.xx.2023-cü il tarixdə saat 17 radələrində evdən götürərək təmir etməyə aparmışdır. Həmin vaxt o, evdə olmuşdur. Aradan bir neçə saat keçdikdən sonra saat təxminən 21 radələrində Hüseyn evə gəlmişdir. Hüseyn evə daxil olduqda sifətinin sağ göz tərəfinin şişdiyini görüb ondan nə baş verdiyini soruşmuşdur. Hüseyn də ona əvvəl işlədiyi Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən “888” adlı avtomobil servisində iş görən zaman avtomobil rəngsazı olan Hüseyn adlı şəxslə aralarında yaranmış mübahisə zamanı həmin şəxsin onun sifətinin sağ tərəfindən yumruqla zərbə vurduğunu demişdir. Bundan sonra o, Hüseyni təcili avtomobilinə əyləşdirib “Semaşko” xəstəxanasına aparmışdır. Orada Hüseyni həmin vaxt xəstə çox olduğu üçün qəbul etmədiklərinə görə o, 103 xidmətinə zəng edərək təcili tibbi yardım çağırmışdır. Bir qədər keçdikdən sonra xx.xx.2023-cü il tarixə keçən gecə təcili tibbi yardım maşını ilə həkimlər Hüseyni Əhmədli qəsəbəsində yerləşən “Neyrocərrahiyyə” xəstəxanasına aparmışlar. xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində həmin xəstəxanada stasionar müalicə almışdır. O, oğlu Hüseyni xəstəxanaya aparan zaman yolda oğlunu vuraraq xəsarət yetirən Hüseyn ona zəng edərək harada olduqlarını soruşduqda, o, da əsəbi halda iradını bildirərək oğlu Hüseyni Əhmədli qəsəbəsində yerləşən “Neyrocərrahiyyə” xəstəxanasına apardığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs xəstəxanaya gəlmişdir. Xəstəxanada oğlu Hüseyni “KT” rentgen müayinəsi etdirmişlər. Həmin müayinənin pulunu Təqsirləndirilən şəxs ödəmişdir. Hüseyn ona nə lazım olsa köməklik edəcəyini bildirsə də sonradan maddi köməklik etməmişdir. Əlavə olaraq bildirmişdir ki, oğlu Zərərçəkmiş şəxs ilə o, bildiyinə görə Təqsirləndirilən şəxs arasında əvvəllər ədavət, düşmənçilik, qərəzli münasibət olmamışdır. Hər ikisi rəngsaz kimi bir-birini tanıyırlar, hər ikisinin bir-biri ilə normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu anı görməmiş, həmin vaxt o, evdə olmuş, oğlu Hüseyn evə gəldikdən sonra bu barədə məlumatı olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 24 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 4 ünvanında yerləşən, “888” avtoservisdir. (i.v. 12-15) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 25 noyabr 2023-cü il tarixli, 1254 nömrəli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı və adma tərtib olunmuş tibbi sənədlərdə qeyd olunanlara əsasən bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beyinin yüngül dərəcəli əzilməsi, sağ gicgah nahiyəsinin həyat üçün təhlükəli olmayan lövhəvari epidural hematoması, sağ almacıq - əng sümüklərinin sınığı, sağ gözün konyuktiva qişası altında qansızına ilə müşayiət olunan sağ göz yuvasının qançırı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. (i.v. 22-25) “İfadənin yerində yoxlanılması haqqında” 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ilkin ifadəsini hadisə yerində bir daha bildirərək təsdiq etmişdir. (i.v. 70-73) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”nın 15-ci bəndinə əsasən, Az ağır zərər vurmanın əlamətlərinə aşağıdakılar aiddir: - həyat üçün təhlükəliliyin olmaması; - Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilmiş və hazırkı «Qaydalar»ın İ fəslində qeyd edilmiş ağır zərər vurmanın əlamət və nəticələrinin olmaması; - sağlamlığın uzun müddət pozulması; - ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi. Sağlamlığın uzun müddət pozulması Həmin Qaydaların 17-ci bəndinə əsasən, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10 faizdən 33 faizə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydalarda sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və.s aid edilir. Cinayət qanunvericiliyində qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (i.v. 53-54) “Qətimkan tədbiri seçilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 97-98) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməklə səmimi peşmançılığını, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışığa real cəhd etməsini və 800 manat məbləğində pul ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışığa real cəhd etməsini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin0 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-231/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-231/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver