Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-234/2022 01.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, İsmayıllı şəhəri, X6 küçəsi ev 7-B ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 yanvar 2022-ci il tarixdə təxminən saat 01 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısından vətəndaş Zərərçəkmiş şəxs məxsus 2500 manat dəyərində «ZONGSHEN SPEX 150» markalı, 99-C-435 dövlət qeydiyyat nişanlı motosikleti gizli olaraq talamaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Zərgəlpalan küçəsi dalan 19 ev 3 ünvanın qarşısında gözü yaxınlıqda olan motosikletə sataşmış və gedəcəyi yerə kimi həmin motosikletlə getməyi qərara almışdır. Motosikletin düyməsini sıxan kimi işə düşmüş və motosikleti sürüb «Şamaxinka» deyilən yerə getmişdir. Daha sonra həmin motosikletlə İsmayıllı rayonuna getmiş və orada onu İvanovka kəndində yaşayan motosiklet ustası olan Nikolay adlı şəxsə öz anasının şəxsiyyət vəsiqəsinin surəti əsasında 400 manata satmışdır. O motosikleti oğurlayanda onun dövlət qeydiyyat nişanı üzərində olmadığından onu moped adlandırmışdı.Sonradan müəyyən olunmuşdur ki, bu motosikletdir, dövlət qeydiyyat nişanı vardır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin onun barəsində heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini ona dəymiş ziyanın ödənilmədiyini və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2020-ci ilin yay aylarında «Zongshen spex 150» markalı motosikleti «Zongshen» firmasından işlənmiş vəziyyətdə 2500 manata almış və «wolt» şirkətində kuryer fəaliyyəti ilə məşğul olaraq gündəlik ailəsinin çörək pulunu qazanmışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 2 ünvanın qarşısında saxladığı özünə məxsus 99-C-435 dövlət qeydiyyat nişanlı motosikiletin oğurlandığını aşkar etmişdir. Bu barədə 27-ci PB- nə ərizə ilə müraciət etmişdir. Bir qədər keçmiş polislər oraya gəlmişlər və sənədləşmə işləri aparmışlar. Bir müddət sonra ona məlum olmuşdur ki, motosikleti Şamaxı yolunda görünmüşdür. Daha sonra isə polislər motoskletin İsmayıllı rayonunda olması barədə ona məlumat vermişlər. Cinayət işi üzrə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, X4 onun oğludur. Oğlu Kənan Bakıdan oğurladığı motosiklet barədə heç bir məlumatı yoxdur və olmamışdır. Kənan ondan xəbərsiz onun şəxsiyyət vəsiqəsinin surəti ilə motosikleti satması barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, uzun müddətdir ki, motosiklet təmiri ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə Kamran adlı şəxs ona yaxınlaşaraq motosiklet satdığını ona demişdir. O da yaşıl rəngli, «zonksen» markalı motosikleti 400 manat pul verərək almışdır. Həmint şəxs ona anası Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin sürətini təqdim etmiş və üzərində «xx.xx.2022 Mən zogsen markalı motoskleti satdım Bayramov Kənan» sözlərini yazmışdır. O həmin motosikletin oğurluq olduğunu bilməmişdir. Polis əməkdaşları ona motosikletin oğurluq olduğunu dedikdə o könüllü olaraq polis əməkdaşlarına həmin motosikleti təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, «ZONGSHEN SPEX 150» markalı, 99-C-435 dövlət qeydiyyat nişanlı motosikleti bir müddət əvvəl ad və soyadını xatırlamadığı şəxsə notarial qaydada baş etibarnamə əsasında satmışdır. Elə həmin vaxtdan onun həmin motosikletlə heç bir bağlılığı qalmamışdır. Satdığı şəxs motosikleti adına keçirəcəyini ona bildirmişdir, lakin o ötən müddət ərzində motosikleti adına keçirməmişdir. «ZONGSHEN SPEX 150» markalı, 99-C-435 dövlət qeydiyyat nişanlı motosiklet onun adında olsa da, oğurlanmasının, maddi zərər dəyməsinin ona heç bir aidiyyəti yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 yanvar 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı,polis baş leytenantı Elvin Hümbətov tərəfindən hadisə yerinə baxış keçirilərkən oğurluq hadisəsinin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında baş verməsi müəyyən edilmişdir (səh. 12-17). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Götürmə haqqında” protokoldan görünür ki, Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı,polis baş leytenantı Elvin Hümbətov tərəfindən X1 «Zongshen spex 150» markalı motosiklet götürülmüşdür (səh. 23-24). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan görünür ki, Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Hümbətov tərəfindən vətəndaş Zərərçəkmiş şəxs məxsus «Zongshen spex 150» markalı, 99-C-435 dövlət qeydiyyat nişanlı motosikleti X3 400 manata satmış və ona Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, anası Şahid1 məxsus üzərinə «xx.xx.2022 Mən zogsen markalı motoskleti satdım Bayramov Kənan» sözləri qeyd edilmiş şəxsiyyət vəsiqəsinin ksero surəti X1 götürülmüşdür (səh. 26-27). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Elvin Hümbətov tərəfindən «Zongshen spex 150» markalı 99-C-435 dövlət qeydiyyat nişanlı motosiklet Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, tanınma zamanı Zərərçəkmiş şəxs «Zongshen spex 150» markalı, 99-C- 435 dövlət qeydiyyat nişanlı motosikleti tanıyaraq ona məxsus olduğunu bildirmişdir (səh. 28). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs məxsus 2500 manata aldığı «Zongshen spex 150» markalı və 09 yanvar 2022-ci il tarixdə oğurlanmış motosiklet tapılaraq ona qaytarıldığı üçün oğurluq etmiş Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur (səh. 90). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus «Zongshen spex 150» markalı, 99-C-435 dövlət qeydiyyat nişanlı motosiklet iş üzrə maddi sübut kimi tanınmış və «Zongshen spex 150» markalı, 99- C-435 dövlət qeydiyyat nişanlı motosiklet saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir (səh. 31). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, anası Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqənin surətinin üzərinə «xx.xx.2022 Mən zogsen markalı motoskleti satdım Bayramov Kənan» sözləri qeyd edilmişdir (səh. 25). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq eksperizasının 15 fevral 2022-ci il tarixli, 9/443 nömrəli rəyi təsdiq olunur ki, «Zongshen spex 150» markalı «ZS150- 68» modelli mopedin istifadə istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 2200.00 manat müəyyən edilmişdir (səh. 51-52). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə Binəqədi RPİ TŞ-də Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və xx.xx.2021-ci il tarixdə başlanılmış cinayət işi məhkəməyə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilərək azadlığa buraxılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-133/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilmişdir (səh. 54-60). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 aprel 2022-ci il tarixdən “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qətimkan tədbiri seçilmişdir (səh. 125-126). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, “ifadənin yerində yoxlanması haqqında” protokol, maddi sübutlar və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, himayəsində azyaşlı övladlarının olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonu, İsmayıllı şəhəri, X6 küçəsi ev 7-B ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək bardə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış «ZONGSHEN SPEX 150» markalı, 99-C-435 dövlət qeydiyyat nişanlı motosiklet Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-234/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 10 may 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 50 (əlli) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonu, İsmayıllı şəhəri, X6 küçəsi ev 7-B ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «ZONGSHEN SPEX 150» markalı, 99-C-435 dövlət qeydiyyat nişanlı motosiklet Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-234/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-234/2022
01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver