Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-234/2024 18.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri Yusif Allahverdiyev və Partnyorları vəkil bürosunun vəkil Müdafiəçi2 Nazim qızı, Təqsirləndirilən şəxs: xx.xx.1986-cı ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə ümumi təmiz çəkisi 1,236 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və 28 oktyabr 2023-cü il tarixdə saat 13:00-də Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 6-cı PB-nün əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən X9 Yasamal filialının içərisində saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,236 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Siyəzən şəhərində yaşayır, lakin maddi vəziyyəti ilə əlaqədar Bakı şəhərinə gəlir. Bakı şəhəri Yasamal rayonu ərazisində iş tapdığı halda işləyir. Bakı şəhərində yaşamağa yeri olmadığından küçələrdə qalır. 28 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə naməlum şəxsdən öz istifadəsi üçün 20 manat pul müqabilində bir bükümdə psixotrop maddə metamfetamin almışdır. O, həmin içərəsində psixotrop maddə metamfetamin olan bükümü əynində olan tünd göy rəngli şalvarın sol yan cibinə qoymuşdur. 28 oktyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən X9 Yasamal filialına gəlmişdir. O, orada olduğu zaman son pulunu psixotrop maddə metamfetminə verdiyini başa düşmüşdür və artıq üzərində hər hansı bir məbləğdə pul yox idi. Bu səbəbdən qərara gəlmişdir ki, mağazadan oğurluq edib və bir ədəd Beta markalı çay qutusunu götürüb mağazanı tərk etmək istəyən zaman mühafizəçilər onu saxlamışdır və bu barədə polisə məlumat vermişlər. Həmin günü saat 13.00-da polis əməkdaşları gəlmişlər və ona yaxınlaşaraq vəsiqələrini göstərib özlərini təqdim etmişdir. Oradan onu Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirmişlər. Polis Şöbəsində ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub olmaması barədə maraqlanmışdır. O, artıq yalan danışmağının mənasız olduğunu başa düşüb polis əməkdaşlarına üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra ona izah olunmuşdur ki, üzərinə şəxsi axtarış keçiriləcəkdir. Xidməti otaqların birində ona hüquq və vəzifələrinin izah olunmuşdur və müdafiəçinin iştirakı olmaqla video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetmin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı o, həmin bükümdə olan psixotrop maddə metamfetmini xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Ondan aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun, müdafiəçisinin və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün proseslərdə müdafiəçi iştirak etmişdir. O, həmin psixotrop maddə metamfetmini istifadə etmək məqsədi ilə üzərində daşımışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. O, polis şöbəsinə aparıldığı zaman onu heç bir zor tətbiq edilməmişdir. O, heç bir dispanserdə qeydiyyatda deyil və hər hansı bir psixi xəstəliyi yoxdur. Həmin çayı oğurlaya bilməmişdir və təhvil vermişdir. Başqa oğurluq cinayəti törətməmişdir. Əməlini etiraf etməsini, atasının xəstə olmasını və səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 28 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində polis serjantı Şahid4 ilə birlikdə xidmət apardığı vaxt məlumat gəlmişdir ki, bir nəfər şəxs Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində fəaliyyət göstərən Rahat marketdən oğurluğa cəhd edib və Rahat marketə yaxınlaşmaq lazımdır. O və Şahid4 Dadaş Bünyadzadə küçəsində 15 saylı binanın qeyri-yaşayış sahəsində fəaliyyət göstərən Rahat marketə yaxınlaşdıqda məlum olmuşdur ki, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Rahat marketdə vitrindən bir ədəd 900 qram çəkidə Beta adlı çayı gizli götürüb kassada ödəniş etmədən oğurlamaq istəmiş, marketin filial müdiri tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özünü şübhəli aparırmış. Onu ərazi aidiyyəti üzrə Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. Orada narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında və daşınmasında şübhəli bilinən Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona bildirilmişdir ki, üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə qərar qəbul edilib və videoçəkilişlə onların və müdafiəçisinin iştirakı ilə üzərinə baxış keçiriləcək. Təqsirləndirilən şəxs etiraz etməmiş, ona hüquq və vəzifələri izah edilmişdir. Anket məlumatları dəqiqləşdirilmiş, bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən sellofana bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində şəffaf rəngli, kristal formada psixotrop maddə - metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı həmin cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin qutunun içərisinə baxdıqda içərisində kibrit dənələri aşkar olunmuş və kibrit qutusu onun özünə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, şalvarının sol yan cibindən sellofana bükülmüş bükülüdə olan maddə metamfetamindir, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Şamaxinka adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata alıb öz istifadəsi üçün əynində olan tünd göy rəngli şalvarın sol yan cibində saxlamış, daha sonra oğurluq etmək üçün Dadaş Bünyadzadə küçəsi 15 ünvanında yerləşən Rahat marketə getmiş, orada bir ədəd Beta çayı oğurlayıb pulunu ödəmədən kassadan keçmək istəyərkən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü müvafiq qaydada zərfə qablaşdırılmış və zərf imzalarla təsdiq edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı bir təzyiq və yaxud da fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid4 və Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, iki ildən artıqdır ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal, D.Bünyadzadə küçəsi 15 saylı binanın qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Rahat” marketin Yeni Yasamal filialının müdiri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə bir nəfər şəxs - sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs marketdə vitrindən gizli olaraq bir ədəd Beta əmtəə nişanlı 900 qram çəkidə çay götürüb üzərində gizlədərək ödəniş etmədən marketdən çıxmaq istədikdə saxlanılmışdır. Həmin vaxt əvvəllər tanımadığı Təqsirləndirilən şəxs Çevik Polis Alayının 6-cı PB-nin polis nəfərlərinə təhvil vermişdir. Həmçinin həmin şəxsin narkotik vasitələrdən istifadə etməsinə şübhələr olmuş, özünü narkoman kimi aparırmış. Daha sonra oğurluq barədə 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Birinci dəfədir ki, Təqsirləndirilən şəxs marketdən oğurluq etmək istəmişdir. Təqsirləndirilən şəxs çayı götürməsini heç kim görməmiş, o, kassadan keçərkən şübhə yaratdığından saxlanılmışdır. Beta əmtəə nişanlı 23 manat 90 qəpik dəyəri olan çayın pulunu ödəmədən aparmaq istədiyi aşkar olunmuşdur. Çayın qiyməti 23 manat 90 qəpikdir. Həmin çay marketə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı flash karta məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/5789 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,236 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2024-cü il tarixli 233 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs 2-ci qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasının əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli 2023-cü ilin oktyabr ayında törətmişdir. Bununla da M.Cəbrayılov hazırkı cinayəti əvvəlki hökm olan Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl, həmin hökm qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməllərini törədərkən məhkum edilməmişdir. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Bununla da, onun əməli residiv sayılmalıdır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan xəstəlik tarixindən çıxarışdan görünür ki, təqsirləndirilən şəxsin atası X2 qida borusunun orta üçdə birinin bədxassəli yenitörəməsi xəstəliyindən əziyyət çəkir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, atasının xəstəliyini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Siyəzən rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə də 2 gün həbsdə olduğu müddət nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd flash kart cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 11 ay 28 gün (on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 28 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 manat (səksən bir manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,186 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd flaş kart cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri Yusif Allahverdiyev və partnyorları vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Yusif Allahverdiyev və partnyorları vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində (təqsirləndirilən şəxsə təqdim edildiyi vaxtdan) işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, İslam Əliyev
Məhkəmə qərarları › İş №1(004)-234/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-234/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver