Məhkəmə qərarları › İş №1(004)-235/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-235/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-235/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X5 və onun etibarnamə üzrə nümayəndəsi, eyni zamanda vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X10, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 və onun vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 və onun vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X13 və onun vəkili Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1, 147.2, 148 və 148-1-ci maddələri, X13 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri, X1 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X11 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X7 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2, 148 və 148-1-ci maddələri, X13 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri, X1 isə Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. X11 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini onunla əsaslandırmışdır ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X20, X3 və X12 tərəfindən Azərbaycan Respublikası CM-nin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törədilmişdir. Belə ki, Radə Abbas sosial şəbəkə olan instagramda Aslanova Əntiqəyə xoş olsun deyə rəy bildirmişdir ki: “Vallah bu Zəkurə xanıma da yazığım gəlir. Heç pis insan deyildi. Zəkurə xanımı çörəyi ilə imtahan edib Əntiqə Rəşidi söymək məcburiyyəti qarşısında qoyublar. X22 xanıma heç nə demə. Qoy yazsın. Təki onu işdən çıxarmasınlar. Sonra iş tapmayacaq. Həm yaşı çoxdur, həm də jurnalist kimi o qədər də bacarığı yoxdur. Zəkurə xanım işinizdə olun yazın nə qədər istəsəniz”. Qeyd edilmişdir ki, bu tip yazıların cavabdeh tərəfindən yazılmasının pərdəarxası məqamında sonuncunun həyat yoldaşının kimliyi və bunun nəticəsi olaraq yazdığı rəyə görə heç bir məsuliyyət daşımayacağı barədə yaratdığı rahatlığın ifadəsidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X12 isə Radə Abbasın yuxarıda qeyd edilən rəyinə cavab olaraq bildirmişdir ki: “Radə Abbas əla yazmısınız. Yəni deyirsiniz ki, bu ...tə girməsə ac qalar. Allah sizi güldürsün səsli güldüm eee bəli heç də pis adam deyilmiş məzəniz olsun haaa”. Bu sözlərlə guya öz aralarında birləşib onu məsxərəyə qoymaqla yuxarıda sözügedən əməli törətmişlər. Eyni zamanda adı qeyd olunan şəxs saxta instagram profili ilə yazdığı rəydə “.... Bu dünyada ya mən ora gələcəm, ya o qəzet məhv olacaq. ...ş bunu qulağınızda sırğa edin..” tipli rəy yazmaqla təhqir etmişdir. Bundan əlavə növbəti yazılan rəylərin birində Radə Abbasa “korrektordu eee korrektor. Jurnalistika hara cəhrə hara))” tipli rəy yazmaqla öz xarakterini, paxıllıq və ikrah hissini ortaya atmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 isə 05 aprel 2021-ci il tarixdə instagramda sosial şəbəkəsində profilindən etdiyi paylaşımda “Zəkurə Quliyeva və bir alim pozuntusuna satılan ağzı arxasında, dili qabağında olan qırıntılar” tipli yazılarla öz şəxsi və mənəvi keyfiyyətlərini ortaya qoymuşdur. Ərizədə qeyd edilmişdir ki, hər hansı məlumatı ictimaiyyətə çatdırmadan əvvəl həmin məlumatların konkret faktlarla bağlı olması və onun əldə olunduğu mənbənin düzgünlüyü və etibarlılığına əmin olunmalıdır. Əks halda bu cür əldə olunan məlumatlar şayiə və böhtan xarakterli hesab olunur, eyni zamanda sübuta yetirilməmiş faktlar və dəlillərdən şəxsin əleyhinə istifadə edilə bilməz. Həmçinin nəzərə almalıdır ki, sosial media, internet media yalnız KİV demək deyil. Bu, ölkənin inkişafı üçün əhəmiyyətli, yeni bir platformadır. İnsanlar, qurumlar bu platfromadan biznes, ictimai fəaliyyət, karyera qurmaq üçün, informasiya münasibətləri, təhsil və digər xidmətlər həyata keçirmək üçün istifadə edir. Cəmiyyətin böyük bir hissəsi buraya inteqrasiya olunub. Belə olan halda yuxarıda qeyd olunan rəy və söhbətlərin yazılması və yayılması yolverilməzdir. Beləliklə, X11 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində yuxarıda göstərilən hallara, eyni zamanda qüvvədə olan milli və beynəlxalq qanunvericilik normalarına istinad edərək məhkəmədən X7 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2, 148 və 148-1-ci maddələri, X13 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri, X1 isə Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmaları və onlara əlavə cəza olaraq 3 ilədək müddətə jurnalist fəaliyyəti ilə məşğul olmalarının qadağan edilməsi barədə ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X11 izahatında bildirmişdir ki, ərizəsində qeyd olunan məlumatlar barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər tərəfindən instagram və facebook sosial şəbəkələrində həm həqiqi, həm də saxta olaraq yaradılmış profillər vasitəsilə yayılmışdır. Qeyd olunan məlumatlar yalan və həqiqətə uyğun olmayan böhtan xarakterli olmaqla yanaşı, həmçinin onun şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmışdır. Göstərilənlərə əsasən o, ərizəsinin məhkəmənin icraatına qəbul edilərək X7 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2, 148 və 148-1-ci maddələri, X13 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri, X1 isə Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmaları və onlara əlavə cəza olaraq 3 ilədək müddətə jurnalist fəaliyyəti ilə məşğul olmalarının qadağan edilməsi barədə ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suallar əsasında X11 əlavə olaraq bildirmişdir ki, o, eyni fakt üzrə, eyni şəxslər barəsində, eyni tarixdə Azərbayacn Respublikası CPM-nin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət verməklə yanaşı, Yasamal Rayon Məhkəməsində şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X5 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X14 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X12 şikayətin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, X11 ilə o, uzun müddət, yəni 2004-cü ildən 15 il ərzində “Qarabağ” qəzetinin redaksiyasında eyni otaqda işləmişlər. Birlikdə işlədikləri müddət ərzində onlar arasında münasbət normal olmaqla, hər hansı düşmənçilik və ədavətləri olmamışdır. 2019-cu ilin noyabr ayında onun “Yeni xəbər” qəzetində dərc etdirdiyi məqaləsi ilə bağlı redaksiya rəhbərliyi ilə münasibətləri pozulmuş və o, əsassız olaraq işdən azad edilmişdir. Redaksiya rəhbərliyi ilə onun arasında olan narazılıqda X11 rəhbərliyi müdafiə etmiş və onun barəsində əsassız olaraq tərtib edilmiş akta imza etmişdir. Bundan sonra “Qarabağ” qəzeti redaksiyasının rəhbərliyi ilə onun arasında mülki mühakimə icraatı qaydasında məhkəmə mübahisələri davam etmiş və nəticədə müxtəlif instansiya məhkəmələri tərəfindən onun xeyrinə yekun qərarlar qəbul edilmişdir. Kassasiya instansiya məhkəməsinin qərarı elan edildikdən sonra məsələ ilə bağlı sosial şəbəkələrdə müzakirələr aparılmış və həmin vaxt X11 onu öz profilində bloklayıb ona ünvanlanmış və məzmununda böhtan və təhqir xarakterli məlumat əks olunmuş paylaşımlar etmişdir. Lakin buna baxmayaraq o, X11 barəsində hər hansı hüquqi müstəvidə şikayət etməmiş, yalnız sosial şəbəkələrdə gedən müzakirələr zamanı məzmununda təhqir və böhtan xarakterli məlumatlar olmayan şərhlər yazmışdır. Odur ki, X12 göstərilən xüsusatlar nəzərə alınaraq barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi əsassız olduğundan icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 çıxışında bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək vəzifəsi həmin ərizəni vermiş şəxsin üzərinə düşür, yəni xüsusi ittiham qaydasında şikayət vermiş şəxs ərizəni Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq tərtib etməli və məhkəmə aidiyyətini düzgün müəyyən etməlidir. X2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məzmunundan aşkar surətdə görünür ki, o, Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxsin faktiki ünvanı ümumiyyətlə göstərilməmiş, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərdən Yasamal rayon qeydiyyatı olan X13 ünvanı isə düzgün qeyd edilməmiş. Bundan başqa şikayət ərizəsində törədilməsi ehtimal edilən cinayət əməlinin mahiyyəti, onun törədilməsi vaxtı, yayılmış məlumatların sosial şəbəkədəki baxış sayı və s. göstərilməmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin hər birinə münasibətdə törədilməsi ehtimal edilən qanunazidd hərəkətlərin nədə ifadə olunması konkret olaraq əsaslandırılmamışdır. Bundan başqa, müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X11 hazırki ərizə ilə yanaşı eyni fakta görə, eyni şəxslər barəsində şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin iddia ərizəsində sadalan hallar eyni ilə xüsusi ittiham qaydasında şikayət ərizəsində əks edilmişdir. O, hesab edir ki, hazırda mülki qaydada işə baxılanadək xüsusi ittiham qaydada şikayətə baxıla bilməz. Odur ki, göstərilənlərə əsasən vəkil Müdafiəçi1 xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 izahatında bildirmişdir ki, o, ümumiyyətlə qeyd olunan tərəflər arasında gedən məhkəmə çəkişmələrində, o cümlədən sosial şəbəkələrdə gedən müzakirələrdə bilavasitə iştirak etməmiş, bunun əksinə olaraq şikayət vermiş X11 onların ikisi arasında olan şəxsi yazışmanı ictimailəşdirmişdir. Odur ki, X3 göstərilən xüsusatlar nəzərə alınaraq barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi əsassız olduğundan icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X20 izahatında bildirmişdir ki, o, X7 məhkəmə çəkişməsində bilavasitə iştirak etməklə, sonuncunu müdafiə etmiş və ona öz rəhbərliyinin təsiri altında hərəkət edən X8 əhəmiyyət verməməsini məsləhət görmüşdür. Sonuncu sosial şəbəkələrdə aparılan müzakirələr zamanı isə onun tərəfindən hər hansı böhtan və ya təhqir məzmunlu məlumatlar olan şərhlər yazılmamışdır. Odur ki, X20 göstərilən xüsusatlar nəzərə alınaraq barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi əsassız olduğundan icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X13 vəkili Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini, şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1)şikayət həmin məhkəməyə aid olmadıqda; 2)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3)şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4)cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6)cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7)şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8)şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1)şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1)şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2)törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3)cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4)şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5)cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6)şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7)şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikasının CPM-nın 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Beləliklə, məhkəmənin hazırlıq iclasında hər bir halda həll edilməli olan məsələlərlə bağlı məhkəmə qeyd edir ki, yuxarıda sadalanan Azərbaycan Respublikası CPM-nin müvafiq normalarının məzmunundan göründüyü kimi yalnız xüsusi ittiham qaydasında şikayətin materiallarında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilə bilər. Qeyd olunur ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məhkəmənin hazırlıq iclasında hər bir halda baxılmalı olan məsələ olmaqla yanaşı, həmin məhkəməyə aid olmaması müəyyənləşdirildiyi təqdirdə məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən hallardan biridir. Hazırlıq iclasında məhkəmə şikayətin həmin məhkəməyə aid olmadığını aşkar etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edir. Hazırki iş üzrə xüsusi ittiham qaydasında şikayət vermiş X11 və onun nümayəndəsi, eyni zamanda vəkili X14 şikayətin Yasamal Rayon Məhkəməsinə verilməsini məhkəmənin hazırlıq iclası zamanı onunla əsaslandırmışdır ki, ərizədə qeyd olunan məlumatların yayıldığı sosial şəbəkələrin hüquqi ünvanı xarici ölkədə yerləşdiyindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərdən biri olan X13 yaşayış yeri üzrə qeydiyyat ünvanı Yasamal rayon ərazisində yerləşdiyindən, hazırki şikayət ərizəsinə Yasamal Rayon Məhkəməsində baxılmasını xahiş edirlər. Məhkəmə qeyd edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə isə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Həmin Qərarın 5-ci bəndinə görə isə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərdən X6 rayonu 1-ci Alatava küçəsi ev 3D ünvanında qeydiyyatda olmasına baxmayaraq, eyni küçədə yerləşən 8A ünvanında faktiki olaraq yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışdan görünür ki, X6 rayonu 1-ci Alatava küçəsi ev 3D ünvanında qeydiyyatda olmasına baxmayaraq xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində ünvan düzgün göstərilməmişdir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X11 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə X13 qeydiyyat ünvanı düzgün qeyd edilməmiş, şikayətin tərtib edildiyi yer, eyni zamanda törədilmiş cinayət barədə məlumatlar, yəni hər bir şəxsə münasibətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği göstərilməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X11 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə yanaşı eyni fakt üzrə, yəni X20 və X12 tərəfindən onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mülki mühakimə icraatı qaydasında Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və hazırda məhkəmənin icraatında həmin məsələ üzrə mülki iş olmaqla hakim Gülnar Babazadənin icraatındadır. İş materiallarında olan X5 həm xüsusi ittiham qaydasında şikayət ərizəsinin, həm də mülki iddia ərizəsinin üzərində olan Yasamal Rayon Məhkəməsinin daxil olma ştamplarından görünür ki, hər iki ərizə eyni tarixdə, yəni 01 iyun 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Qərarının 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən cavabdehin əməlində Azərbaycan Respublikası CM-nin müvafiq maddələrində nəzərdə tutulmuş təhqir və böhtanın tərkib əlamətlərini müəyyən etdikdə Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq zərərçəkənin və ya onun nümayəndəsinin bu barədə şikayəti olduğu hallarda cinayət işi başlaya bilər. Lakin cinayət işi başlanılmasının rədd edilməsi, başlamış cinayət işinin xitam edilməsi, habelə hökmün çıxarılması mülki mühakimə icraatı qaydasında şərəf və ləyaqətin müdafiəsini istisna etmir. Ali Məhkəmənin Plenumunun qeyd edilən Qərarının məzmunundan da göründüyü kimi, şərəf və ləyaqətin müdafiəsi üzrə mülki işə baxan hakim cinayət tərkibinin əlamətləri olduqda ərizəçinin müraciəti əsasında zəruri tədbirlər görə bilər və cinayət işinin başlanması rədd edildikdə, başlanmış cinayət işinə xitam verildiyi halda eyni məsələ üzrə mülki işə baxılması istisna edilmir. Dolayısı ilə şərəf və ləyaqətin müdafiəsi üzrə şəxs eyni fakt üzrə həm mülki, həm də cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmçinin eyni fakt üzrə yanaşı olaraq həm mülki, həm də cinayət mühakimə icraatı qaydasına araşdırma aparıla bilməz. İşin hazırki hallarından isə görünür ki, X11 mülki mühakimə icraatı qaydasında da Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və hazırda iş məhkəmənin icraatındadır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2, 148 və 148-1-ci maddələri, X13 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri, X1 Azərbaycan Respublikası CMnin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X11 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının CPM-si ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, o cümlədən eyni fakta görə məhkəmənin icraatında mülki iş olduğundan xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7, X13 və X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş və Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödəniləcək məbləğ 6 manat müəyyən edilmişdir. Odur ki, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 hər birinə ayrı-ayrılıqda məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq vəkil bürolarının hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2, 148 və 148-1-ci maddələri, X13 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri, X1 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X11 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X7, X13 və X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 hər birinə ayrı-ayrılıqda məhkəmədə iştirak etdikləri 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından onlara ödənilməsi üçün müvafiq olaraq vəkil bürolarının hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar