Məhkəmə qərarları › İş №1(004)-239/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-239/2021

26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-239/2021 26.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talamaq məqsədilə 17 mart 2021-ci il tarixdə, saat təxminən 14 radələrində ünvan 2 ünvanının qarşısında park edilməkdə olan Zərərçəkmiş şəxs məxsus “Mercedes-Benz A170” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısını açaraq oturacağın üzərində olan sonuncuya məxsus içərisində 400 (dörd yüz) manat nəğd pul, 15 (on beş) manat dəyərində ***-***-**-** saylı GSM nömrə ilə quraşdırılmış 300 (üç yüz) manat dəyərində “iPhone 7” markalı mobil telefon olan 60 (altımış) manat dəyərində əl çantasını götürüb qaçmaqla, Zərərçəkmiş şəxs məxsus cəmi 775 (yeddi yüz yetmiş beş) manat dəyərində əmlakı açıq talayaraq soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 mart 2021-ci il tarixdə saat təxminən 14 radələrində metronun “İnşaatçılar” stansiyası yaxınlığında olan zaman bir nəfər xanımın avtomaşını park etmək istədiyini görmüşdür. Həmin xanım avtomaşını saxlayıb yerə düşmüş və bir qədər avtomaşından aralanıb qarşı tərəfə addımlamağa başlamışdır. Həmin vaxt o, avtomaşının sağ tərəfnə yaxınlaşmış, avtomaşın işlək vəziyyətdə olduğu üçün qapılar açıq olmuş və avtomaşının içərisinə baxdıqda qabaq sərnişin oturacağının üzərində qara rəngli qadın çantası olduğunu görmüşdür. Tez qapını açıb çantanı götürüb dərhal uzaqlaşmışdır. Lakin oradan qaçaraq uzaqlaşmamışdır ki, oğurluq etməsini kənar şəxslər anlamasın. Bir qədər yol qət etdikdən sonra o, sürətini artırıb binaların arasıyla qaçmış və oradan uzaqlaşıb yaxınlıqdakı binanın blokuna daxil olmuşdur. Bir qədər gözlədikdən sonra çantanı açıb içərisinə baxmış və çantanın içərisində bir ədəd “iPhone 7” markalı mobil telefon və 400 manat məbləğində nəğd pul olduğunu görmüşdür. Bundan sonra blokdan çıxıb bir qədər piyada getdikdən sonra hazırda xatırlamadığı yerdə boş çantanı atmış, telefonu və pulu isə götürmüşdür. Telefon işlək vəziyyətdə olmuş, telefonun içərisində olan mobil nömrəni də çıxardıb atmışdır. Bundan sonra əldə etdiyi mobil telefonu mağazaya 30 manat müqabilində satmış, əldə etdiyi pulları isə öz ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Lakin o, məhkəmə iclasında peşmançılıq hissinin olmasını ifadə etməmiş və özünü soyğunçuluq əməlində deyil, oğurluq cinayət əməlində təqsirli bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 mart 2021-ci il tarixdə saat 14 radələrində işə getmək üçün özünə məxsus olan “Mersedes-Benz” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxıb yola düşmüşdür. Lakin “İnşaatçılar” metrosunun yaxınlığında dükana girməli olduğu üçün “Mersedes-Benz” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili park etmək istəmiş, amma yer olmadığından avtomobili yolun kənarında park olunmuş avtomobillərin arxasında saxlamış və avtomobildən düşüb bir qədər irəliyə doğru gedib baxmışdır ki, əgər yer varsa avtomobili həmin yerdə park etsin. Buna görə də o, avtomobili işlək vəziyyətdə saxlayıb yerə düşmüş, həmin vaxt avtomobilin qapıları açıq vəziyyətdə olmuşdur. Özünə məxsus olan qara rəngli əl çantasını isə sərnişin oturaçağına, yəni qabaq sağ oturacağın üzərinə qoymuşdur. Ani bir anda çevrilib avtomobilə tərəf getmək istəyəndə, avtomobilin qapısının açıq olmasını və bir nəfər arıq bədən quruluşlu, üz dərisində çopurlu yaralar olan kişi cinsli şəxsin avtomobilin qabaq sağ qapısını açaraq orada olan qara rəngli əl çantasını götürüb qaçmasını görmüşdür. Bunu gördükdən sonra o, bir qədər həmin şəxsin arxasınca binaların arasına kimi qaçmış, lakin çata bilməmiş, qorxduğu üçün axıradək arxasınca getməmişdir. Buna görə də o, həmin vaxt zəng edib bu barədə polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona məxsus “Mercedes-Benz A170” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağının üzərindən içərisində 400 (dörd yüz) manat nəğd pul, üzərində 15 (on beş) manat dəyərində ***-***-**-** saylı GSM nömrəsi olan 300 (üç yüz) manat dəyərində “iPhone 7” markalı mobil telefon olan 60 (altımış) manat dəyərində əl çantası ələ keçirilməklə ona ümumilikdə 775 manat maddi zərər dəymişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanın ödənilməsini tələb etdiyini, lakin hazırda mülki iddia tələbinin olmadığını, onun qətiyyən barışmaq niyyətində olmadığını və barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, ibtidai istintaq dövründə, eləcə də məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs öz peşmançılığını ifadə etməmiş və ondan üzr istəməmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatları Zərərçəkmiş şəxs təkidlə təkzib edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona tanınmaya təqdim edilməzdən əvvəl verdiyi ifadəsində soyğunçuluq əməlini törədən şəxsin üz dərisinin çopur yaralı olmasını bildirmişdir. Hazırda da əminliklə ona qarşı soyğunçuluq cinayət əməlini törətmiş şəxsin Təqsirləndirilən şəxs olmasını təsdiq edir. Zərərçəkmiş şəxs eyni zamanda bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əməlini aşkar etdikdən dərhal sonra onun arxasınca qaçmış, sonuncu isə bundan xəbərdar olmasına baxmayaraq öz hüquqazidd hərəkətlərini davam edirib, ona məxsus əl çantasını talamışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilməmiş, ondan şikayətçidir və məhkəmədən cəza təyin edilən zaman qeyd edilən xüsusatın nəzərə alınmasını xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Şahid lazımi şəkildə məlumat verilməsinə baxmayaraq onun məhkəmə iclasına gəlməsi üzrlü səbəbdən mümkün olmamışdır. Belə ki, məhkəməyə verilmiş məlumata əsasən o, “COVİD-19” infeksiyasına yoluxmuşdur. Buna görə də məhkəmə şahidin gəlməmə səbəbini üzrlü sayaraq müdafiə tərəfinin mülahizələrini dinləyib, Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan edilməsini məqsədəmüvafiq hesab etmişdir. Şahid ifadəsi elan edilərkən müəyyən edildi ki, 17 mart 2021-ci il tarixdə saat təxminən 17 radələrində bir nəfər şəxs, sonradan təqdim etdiyi şəxsiyyət vəsiqəsinə baxandan sonra adı ona Təqsirləndirilən şəxs kimi məlum olan vətəndaş dükana daxil olaraq ona «iPhone 7» markalı telefonu təqdim edib 30 manata satdığını bildirmişdir. O, telefona baxdıqdan sonra qeydiyyatını aparmış və telefonun markası, İmei kodu **********00958 olan «iPpone 7» markalı telefonu 30 manat ödəməklə Təqsirləndirilən şəxs almışdır. Bir gün sonra isə həmin telefonu tanımadığı müştəriyə 50 manata satmışdır. Sonradan polis əməkdaşları dükana gələrək bir nəfər şəxsin dükana oğurluq telefon satdığını bildirmişlər. O, dükanda olan sənədləri polis əməkdaşlarına təqdim etmiş və müəyyən etmişlər ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan başqa Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs telefonu satan zaman telefonun oğurluq olması barədə məlumat verməmiş, əgər belə bir hal olsaydı Səbuhidən telefonu almazdı. Səbuhi telefonun özünə məxsus olduğunu, maddi sıxıntısı olduğu üçün telefonu satmasını bildirmişdir. O, 30 manata telefonu Səbuhidən alıb başqa bir müştəriyə 50 manata satmışdır. Həmin telefonun oğurluq olmasını bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxsi və şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafı ilə yanaşı zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərkən təqsirləndirilən şəxs X7 ona elan edilmiş ittiham üzrə ziddiyyətli ifadələr verməsini, yəni zərərçəkmiş şəxsə məxsus olan avtomobildən əl çantasını gizli olaraq talaması barədə məhkəmə istintaqında verdiyi ifadəsini, həmin ifadədə göstərilən xüsusatlar iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq olunmadığından özünü müdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Belə ki, iş materiallarında olan 19 mart 2021-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilmiş üç nəfər şəxsin arasından Təqsirləndirilən şəxs göstərərək sonuncunun 17 mart 2021-ci il tarixdə ona məxsus “Mercedes-Benz A170” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağının üzərindən içərisində 400 (dörd yüz) manat nəğd pul, “iPhone 7” markalı mobil telefon olan əl çantasını götürüb qaçmaqla ona qarşı soyğunçuluq cinayəti törətmiş şəxs olduğunu təsdiq etmişdir. Həmçinin məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsini təkidlə təsdiq edərək hadisədən dərhal sonra Təqsirləndirilən şəxs arxasınca qaçdığını, sonuncunun isə bundan xəbərdar olmasına baxmayaraq öz hüquqazidd davranışlarını davam etdirdiyini bildirmişdir. Göstərilənlərlə yanaşı, iş materiallarından, 19 mart 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən göstərilən xüsusatları, yəni 17 mart 2021-ci il tarixdə zərərçəkmiş şəxsə məxsus “Mercedes-Benz A170” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağının üzərindən içərisində 400 (dörd yüz) manat nəğd pul, “iPhone 7” markalı mobil telefon olan əl çantasını götürüb qaçmaqla soyğunçuluq cinayətini törətdiyi yeri əyani olaraq göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan o cümlədən sənədə baxış keçirilməsi haqında 05 aprel 2021ci il tarixli protokoldan və əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ibtidai istintaq zamanı Şahid tərəfindən təqdim edilmiş ksero surəti çıxarılmış 4 sətirdən ibarət əlyazma götürülərək baxış keçirilən zamanı ksero surəti çıxarılmış vərəqdə «Tel iPhone 7 (32 GB), imei codu: **********00958; Təqsirləndirilən şəxs, əlaqə №: ***-***-**-**» sözləri yazılması müəyyən olunmuşdur. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2021-ci il tarixli 9/2433 nömrəli rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “iPhone 7” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması, orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 250,00 manat, ***-***-**-** saylı GSM nömrə 4,0 manat müəyyən olunmuşdur. Lakin qərarda göstərilən bir ədəd Çin istehsalı olan ağ və qara rəngli dərilərdən hazırlanmış əl çantası haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüsü, hansı materialdan hazırlanması və s.) olmadığı üçün qiymətləndirmə aparılması mümkün olmamışdır. İş materiallarında olan 20 may 2021-ci il tarixli ərizənin məzmunundan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ərizə ilə müraciət edib məhkəməəmtəəşünaslıq ekspertizasının 05 may 2021-ci il tarixli 9/2433 nömrəli rəyi ilə razılaşmadığını, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın onun göstərdiklərinə əsasən müəyyən edilməsini xahiş etmişdir. Eləcə də iş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 25 may 2021-ci il tarixli qərardan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs göstərdiklərinə əsasən baş vermiş cinayət hadisəsi nəticəsində açıq yolla talanmış “iPhone 7” markalı mobil telefonun dəyəri 300 (üç yüz) manat, həmin telefonun üzərində olmuş ***-***-**-** saylı GSM nömrəsinin dəyəri 15 (on beş) manat, əl çantasının dəyəri 60 (altımış) manat kimi qəbul edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni tamah niyyəti ilə özgənin əmlakını açıq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 775 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etməsi, bununla da Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs 19 mart 2021-ci il tarixdə saat 20:55-də şübhəli şəxs qismində tutulmuşdur. 20 mart 2021-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin eyni tarixli, 4(004)-153/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 mart 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 25 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 02 aprel 2021-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli, 2744 saylı “ƏFV” Sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Tələbnamədən və iş materiallarından müəyyən edilir ki, hazırki cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59 və 61ci maddələri ilə onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 19 mart 2021-ci il tarixdən hesablanmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 19 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma qərarın surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar