Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-239/2025 01.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçilər Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X1 və Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Beyləqan rayon, Qəhrəmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, 2-ci Qarabağ müharibəsinin iştirakçısı, Beyləqan rayon, Qəhrəmanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.2.1 və 221.2.2-ci maddəsi ilə xx xxxxxxx 1989-cu ildə Beyləqan rayon, Qəhrəmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, 2ci Qarabağ müharibəsinin iştirakçısı, Beyləqan rayon, Qəhrəmanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət edilən ictaimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən şəxsə müqavimət göstərməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 23 dekabr 2024-cü il tarixdə saat 10:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası ƏƏSMN-nin inzibati binasının 1-ci mərtəbəsində, vətəndaşların qəbul otağında əlillik təyinatları ilə əlaqədar müraciətlərinə imtina verilməsi ilə bağlı qərara etiraz edərək, uca səslə nalayiq ifadələr işlədib ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədi ilə ətrafdakı şəxslər və özü üçün açıq aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafda olan şəxslərin təxminən 5 dəqiqə ərzində narahatçılıqlarına və iş fəaliyyətinin pozulmasına səbəb olan qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan onunla söhbət edərək sakitləşdirməyə çalışan, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən ƏƏSMN-nin X4 sektor müdiri işləyən Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkərək ona qarşı zor tətbiq edib sinəsindən tutub divara bərkidiliş vəziyyətdə olan “Untes” markalı isidib-soyutma avadanlığının üzərinə itələyib yıxmaqla həmin otaqda tavana bərkidilmiş vəziyyətdə olan 2271 manat 50 qəpik dəyərində “Zimmer” markalı televizoru və 578 manat 20 qəpik dəyərində olan “Untes” markalı isitmə-soyutma avadanlığını vurub sındıraraq Azərbaycan Respublikası ƏƏSMNnə ümumilikdə 2849 manat 70 qəpik maddi ziyan vuraraq xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 23 dekabr 2024-cü il tarixdə saat 10:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası ƏƏSMN-nin inzibati binasının 1-ci mərtəbəsində, vətəndaşların qəbul otağında əlillik təyinatları ilə əlaqədar müraciətlərinə imtina verilməsi ilə bağlı, qərara etiraz edərək, uca səslə nalayiq ifadələr işlədib ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədi ilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən, ətrafda olan şəxslərin təxminən 5 dəqiqə ərzində narahatçılıqlarına və iş fəaliyyətinin pozulmasına səbəb olan qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan həmin otaqda tavana bərkidilmiş vəziyyətdə olan 2271 manat 50 qəpik dəyərində “Zimmer” markalı televizoru və 578 manat 20 qəpik dəyərində olan “Untes” markalı isitməsoyutma avadanlığını vurub sındıraraq Azərbaycan Respublikası ƏƏSMN-nə ümumilikdə 2849 manat 70 qəpik maddi ziyan vuraraq xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, üç azyaşlı övladı vardır. Övladlarından biri serebral iflic xəstəliyindən əziyyət çəkir və o, saat 06:00-dan saat 00:00-a qədək fəhlə işləməklə ailəsini dolandırır. O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş və sonuncu antiterror əməliyyatlarında yaralanaraq kəllə beyin travması almışdır. Bundan sonra müalicə almasına baxmayaraq hərbi xidmətdən tərxis olunmuşdur. Təqsirləndirilən şəxs2 onun döyüş yoldaşı olmuş, o da eyni qaydada yaralandığı və sonradan hərbi xidmətə yararsız olduğu üçün ordu sıralarından tərxis olunmuşdur. Bundan sonra onlar maddi vəziyyətləri ilə əlaqədar əlillik dərəcəsi almaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Fonduna dəfələrlə müraciət etmişlər, lakin onlara əllillik dərəcəsinin verilməsindən imtina olunmuşdur. Bununla bağlı o, Fuadla birlikdə dəqiq xatırlamadığı tarixdə, saat 10 radələrində Əmək və Əhalinin Sosial Müdafiə Fonduna gələrək inzibati binasına daxil olmuşlar və orada Malik adlı şəxsi görmüşlər. Bundan əvvəl Malik onları Əlillərin bərpa mərkəzinə yönləndirdiyi üçün onlar Malikdən onlara əllillik dərəcəsini verilməsindən imtina edilməsinin səbəbini soruşmuşlar. Həmin gün o, hər gün qəbul etdiyi dərmanı içmədiyindən əsəbiləşmiş və Maliki itələmişdir. Malik müvazinətini itirmiş yıxılmış, bundan sonra o, orada olan radiatoru əli ilə itələyərək vurub yerə salmışdır. Əməlindən peşmandır. Son olaraq üç azyaşlı uşağının olmasını və ailəsini dolandıran yeganə şəxs olmasını nəzərə alaraq cinayət işi üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir azyaşlı övladı vardır. O, saat 06:00-dan saat 00:00-a qədək fəhlə işləməklə ailəsini dolandırır. “Aprel döyüşləri”nin, 44 gülük Vətən müharibəsinin iştirakçısı olmuşdur. İndiyə kimi sayca beş döyüşdə iştirak etmiş, bədənindən beş güllə, otuz qəlbə yarası almışdır. Sonuncu dəfə Xankəndi uğrunda gedən döyüşlərdə ayağından güllə yarası və kəllə beyin travması almışdır. Bundan sonra müalicə almasına baxmayaraq o yarasız olaraq hərbi xidmətdən tərxis olunmuşdur. Təqsirləndirilən şəxs1 onun döyüş yoldaşıdır. Onlar maddi vəziyyətləri ilə əlaqədar əlillik dərəcəsi almaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Fonduna müraciət etmişlər və lakin bundan imtina olunmuşdur. Bununla əlaqədar onlar bir neçə dəfə Fonda müraciət etsələrdə, müsbət nəticə əldə edə bilməmişlər. Dəqiq xatırlamadığı tarixdə saat 10 radələrində o, Mehrabla birlikdə Əmək və Əhalinin Sosial Müdafiə Fonduna gələrək inzibati binaya daxil olmuşlar və orada Malik adlı şəxsi görmüşlər. Onlar Malikə əllilik dərəcəsi ilə bağlı onlara imtina verilməsindən və bu məsələnin uzadılmasından narazılıqlarını bildirmişlər. Həmin gün o, mütəmadi qəbul etdiyi dərmanı içmədiyi üçün əsəbiləşərək tavana bərkidilmiş televizoru əli ilə vurub sındırmışdır. Hadisə onun özündə olmadığı zaman bilmədən baş vermişdir. Buna səbəb isə ona qanunsuz olaraq əlillik dərəcəsinin verilməməsi olmuşdur. Son olaraq himayəsində azyaşlı uşağının olmasını və ailəsini dolandıran yeganə şəxs olmasını nəzərə alaraq cinayət işi üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşların qəbul sektorunun müdiri vazifəsində xidmət edir. 23 dekabr 2024-cü il tarixində, saat 11 radələrində işdə olan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vətəndaşların qəbul otağına daxil olaraq əsəbi şəkildə ondan onlara əllillik dərəcəsinin verilməməsinin səbəbini soruşmuşlar. Onlar əsəbi hərəkətlərini davam etdirdikləri üçün o, həmin şəxslərə sakitləşmələrini bildirsə də, Mehrab hər iki əli ilə onun sinə nahiyəsindən vuraraq onu yerə yıxmış, daha sonra qəbul otağında yerdən quraşdırılmış kondisionerin qapağını dartıb sındrımışdır. Həmin vaxt Mehrabla bir yerdə gələn Təqsirləndirilən şəxs2 isə qəbul otağının tavanından asılı vəziyyətdə quraşdırlmış “Zimmer” markalı televizorun ekran hissəsinə yumruq zərbəsi vuraraq sındırmış, həmçinin qəbul otağında yerdən quraşdırılmış dekor formatlı içərisində elektrik avadanlıqlarının olduğu texnikanı yarasız vəziyətə salmışdır. Buna səbəb isə ona qanunsuz olaraq əlillik dərəcəsinin verilməməsi olmuşdur. Son olaraq ərizə ilə məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs1 vətən müharibəsi iştirakçısı olduğu üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını və onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hüquqi məsələlərinin tənzimlənməsi sektorunun məsləhətçisi vəzifəsində xidmət edir. 23 dekabr 2024-cü il tarixində saat 10:00 radələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nazirliyin inzibati binasına gələrək vətəndaşların qəbul otağına daxil olmuşdurlar. Orada olan zaman onlar vətəndaşların qəbul sektorunun müdiri Zərərçəkmiş şəxs1 onlara əllillik dərəcəsinin təyin olunmasından imtina edilməsi bağlı etirazlarını bildirmişdirlər. Həmin vaxt Zərərçəkmiş şəxs1 onlara hüquq və vəzifələrini izah edərək sakitləşdirməyə çalışsa da, tərəflər arasında insident baş vermiş, bu zaman Təqsirləndirilən şəxs1 əsəbiləşib Zərərçəkmiş şəxs1 itələyərək yerə yıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 qəbul otağında yerdən quraşdırılmış kondisionerin qapağını dartıb sındrımış, həmin vaxt Mehrab ilə gələn Təqsirləndirilən şəxs2 isə qəbul otağının tavanından asılı vəziyyətdə quraşdırlmış “Zimmer” markalı televizorun monitor hissəsinə yumruq zərbəsi vuraraq sındırmış, həmçinin qəbul otağında yerdən quraşdırılmış dekor formatlı içərisində elektrik avadanlıqlarının olduğu texnikanı yarasız vəziyətə salmışdır. Son olaraq verilmiş mülki iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaşların qəbul sektorunda baş təlimatçı vəzifəsində xidmət edir. 23 dekabr 2024-cü il tarixdə səhər saatlarında xidməti vəzifəsini yerinə yetirən zaman vətəndaşların qəbul otağına daxil olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə vətəndaşların qəbul sektorunun müdiri Zərərçəkmiş şəxs1 arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs1 hər iki əli ilə Zərərçəkmiş şəxs1 sinəsindən itələyərək yerə yıxmış, daha sonra qəbul otağında yerdən quraşdırılmış kondisionerin qapağını dartaraq sındırmışdır. Təqsirləndirilən şəxs2 isə qəbul otağının tavanından asılı vəziyyətdə olan ona “Zimmer” markalı televizorun monitor hissəsinə yumruq zərbəsi vuraraq sındırmış, həmçinin quraşdırılmış dekor formatlı içərisində elektrik avadanlıqlarının olduğu texnikanı yarasız vəziyətə salmışdır. Onun və digər əməkdaşların köməyi ilə həmin şəxslər sakitləşdirilmiş, bundan sonra hadisə ilə bağlı polisə müraciət edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Məmmədov X3 Turab Cəlal oğlu ilə oxşar ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri olan ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası ƏƏSMN-nin inzibati binasının 1-ci mərtəbəsində yerləşən vətəndaşların qəbulu otağına baxış keçirilmiş, baxış zamanı otaqda olan 01 ədəd monitor və 01 ədəd isitmə-soyutma aparatının yarasız hala salındığı məlum olmuş (i.v. 5-10) 23 dekabr 2024-cü il tarixli aktdan görünür ki, ünvan 4 ünvanında yerləşən nazirliyin inzibati binasının birinci mərtəbəsində yerləşən qəbul otağında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri nəticəsində otaqdakı tavana bərkidilmiş vəziyyətdə olan 2271 manat 50 qəpik dəyərində “Zimmer” markalı televizoru və 578 manat 20 qəpik dəyərində olan “Untes” markalı isitmə-soyutma avadanlığın yararsız hala salınması nəticəsində Azərbaycan Respublikası ƏƏSMN-nə ümumilikdə 2849 manat 70 qəpik maddi ziyan dəymişdir. (i.v. 21) “Diskə baxış keçirilməsi haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, diskdə olan videogörüntü açılan zaman videogörüntünün Azərbaycan Respublikası ƏƏSMN-nin inzibati binasının birinci mərtəbəsində yerləşən vətəndaşların qəbul otağında qeydə alınmışdır. Həmin görüntüdə iş üzrə Təqsirləndirilən şəxs1 ilkin olaraq X4 sektor müdiri işləyən Zərərçəkmiş şəxs1la mübahisə etmiş, sonra isə onu sinəsindən itələyərək divara söykədilmiş vəziyyətdə olan isidib soyutma aparatının üzərinə yıxmış, həmin aparatın sınaraq yararsız hala düşmüş, daha sonra Təqsirləndirilən şəxs2 qəbul otağında tavana bərkidilmiş vəziyyətdə olan monitoru əli ilə vuraraq yarasız hala salmış, eyni zamanda ətrafda olan kənar şəxslərin narahat olmuş və iş fəaliyyətinin pozulmuşdur. (i.v. 220) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 21 yanvar 2025-ci il tarixli, 148 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 aşkar üzvü(antiteror əməliyyatları zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət dəyişikliyi, ifadəli davranış pozuntuları, depressiv saxilolmalar və anamnezində intihar cəhdi diaqnozlu psixi xəstəliklə əlaqədar öz əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edir və onları idarə edə bilməyən şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 bu iş üzrə prosesual fəaliyyət qabiliyyətli şəxs hesab olunur. (i.v. 236-240) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 21 yanvar 2025-ci il tarixli, 147 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 baş beynin üzvi zədələnməsi(travmatik mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, affektiv pozuntularla diaqnozlu psixi xəstəliklə əlaqədar öz əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 bu iş üzrə prosesual fəaliyyət qabiliyyətli şəxs hesab olunur. (i.v. 242-245) “Sübutların qiymətləndirilməsi haqqında” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 246-254) "xxxx" MMC-dən verilmiş arayışa əsasən “Zimmer” markalı ZM-S55U00SL modelli televizorun nağd qiyməti 889 manat müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə qarşı etdiyi hərəkətdə xuliqanlıq əməlinin əlamətlərinin olmaması, yəni hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Məhkəmə iclasında hadisəni özündə əks etdirən videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, hadisə ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası ƏƏSMN-nin inzibati binasının 1-ci mərtəbəsində, vətəndaşların qəbul otağında baş vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 xəsarət yetirmiş və qurumun texniki qurğularına maddi ziyan vuraraq ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol vermişlər. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 6-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirakedən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.2-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 221.2.1 və 221.2.2-ci, Təqsirləndirilən şəxs2 əməli CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 19:00-da tutulmuşdur. (i.v. 44) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-1128/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 23 dekabr 2024-cü il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 95-99) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-51/2025 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmişdir. Təqsirləndirilən şəxs1 dərhjal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. (i.v. 172-178) “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. (i.v. 187-188) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. (i.v. 197) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 veteran adı verilmişdir. (i.v. 204) AA5354013 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxs1dur. (i.v. 205) AZ-İV №966914 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxs1dur. (i.v. 206) AA5824091 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxs1dur. (i.v. 205) Medal vəsiqələrinin fotoşəkillərindən görünür ki, X11 24 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0107t nömrəli, 24 iyun 2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə, 30 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0253 t nömrəli, 30 dekabr 2020-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə, 06 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0159 t nömrəli, 06 noyabr 2023-cü il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalı ilə, “Qubadlının azad olunmasına görə” medalı ilə, “Cəsur döyüşçü” medalı ilə, “Füzulinin azad olunmasına görə” medalı ilə, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (i.v. 207-208) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət əməli törətməsini, vətənin müdafiəsi uğrunda medallarla təltif edilməsini, veteran olmasını və üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21:00-da tutulmuşdur. (i.v. 63) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-1127/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 23 dekabr 2024-cü il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 119-123) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-52/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbsdən dərhal azad edilmişdir. (i.v. 179- 182) “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. (i.v. 192-193) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 162) Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır. Təqsirləndirilən şəxs2 Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən təyin edilmiş sınaq müddətinin icra edilmişdir. AZ-İV №865699 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs2dur. (i.v. 211) Medal vəsiqələrinin fotoşəkillərindən görünür ki, Təqsirləndirilən şəxs2 “Hərbi xidmətlərə görə” medalı ilə, “Vətən müharibəsi iştirakçısı” medalı ilə, “Qubadlının azad olunmasına görə” medalı ilə, “Füzulinin azad olunmasına görə” medalı ilə, “Cəbrayılın azad olunmasına görə” medalı ilə, 26 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0192 t nömrəli, 26 iyun 2018-ci il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubliyev medalı ilə, 30 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0246 t nömrəli, 30 dekabr 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə, 26 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0121t nömrəli, 26 iyun 2022-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” medalı ilə,06 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0159 t nömrəli, 06 noyabr 2023-cü il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. (i.v. 212-215) Məhkəmə, Təqsirləndirilən şəxs2 vətənin müdafiəsi uğrunda medallarla təltif edilməsini, veteran olmasını və bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 221.2.1 və 221.2.2-ci, Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs2 qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPMdə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün, ona bu əməli törətməsi ilə əlaqədar mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vurduğu maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən hər hansı məbləğin ödənilməməsini nəzərə alaraq hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs2 qarşı verilmiş ittihamın həcmini azaldaraq sonuncunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vurduğu maddi zərərin məbləğinin 889 (səkkiz yüz səksən doqquz) manat olmasını müəyyən etmişdir. "xxxx" MMC-dən verilmiş arayışa əsasən “Zimmer” markalı ZM-S55U00SL modelli televizorun nağd qiyməti 889 manatdır. Belə olan halda 889 (səkkiz yüz səksən doqquz) manat maddi ziyan mülki cavabdeh Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 istintaq zamanı şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 23 dekabr 2024-cü il tarixdən 17 yanvar 2025-ci il tarixədək 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 01 (bir) ay 20 (iyirmi) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 00:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 istintaq zamanı şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 23 dekabr 2024-cü il tarixdən 17 yanvar 2025-ci il tarixədək 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 01 (bir) ay 20 (iyirmi) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 00:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Cinayət əməli nəticəsində dəymiş 889 (səkkiz yüz səksən doqquz) manat maddi ziyan mülki cavabdeh Təqsirləndirilən şəxs2 tutularaq mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xeyrinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-239/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-239/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver