Məhkəmə qərarları › İş №1(004)-24/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-24/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-24/2021 04.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küç ev 31, mənzil 55-də qeydiyyatda olan, ünvan 1 ”a” ünvanında yaşamış, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o alkoqol sərxoşluğu vəziyyətində xx xxx 2020-ci il tarixdə saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində 77 saylı marşurut xətti üzrə avtobusla sərnişin qismində hərəkətdə olarkən Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti 8 c ünvanın qarşısında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs idarə etdiyi **-ZV-*** dövlət qeydiyyat nişanlı “Nissan Qashqai” markalı avtomobilin həmin yerdə dayanmasını görmüş, Zərərçəkmiş şəxs Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında ondan boşanması səbəbilə aralarında hər hansı nikah və ya digər mülki münasibətlər və öhdəliklər qalmamasına baxmayaraq avtobusdan düşərək Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə yaxınlaşmış, orada sonuncunun qeyd edilən yerdə dayanmasını bəhanə edib özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla sonuncunun ünvanına nalayiq ifadələr işlədərək davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vurmaqla sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi və burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan sol ənsə nahiyəsinin şişkinlik halında əzilməsi, burun sümüyünün sağ yan divarının əng sümüyünün burun çıxıntısı ilə əlaqəli sınığı, sağ gözaltı nahiyənin, hər iki bazunun, sol saidin, sağ diz və sol bud nahiyələrinin qançırları kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxxx 2010-cu il tarixdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə həyatı qurub xx xxx 2020-ci il tarixdə rəsmi boşanmışdır. Birgə nigahlarından xx xxxxxx 2012-ci il təvəllüdlü Uğur adında bir oğulları vardır. xx xxx 2020-ci il tarixdə təxminən saat 19 radələrində o 77 saylı sərnişin avtobusu ilə Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti 8c saylı ünvanın qarşısından keçən zaman həmin yolun sağ tərəfində Zərərçəkmiş şəxs məxsus “Nissan Qaşqay” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Həmin vaxt oğlu Uğur Əmirli avtomobilin arxa oturacağında oturmuşdur. Uğur onun telefon zənginə cavab vermədiyi üçün o avtobusdan düşüb Günelin avtomobilinə tərəf getmişdir. Bu zaman Günel onu görüb qarşıda olan rəfiqəsi Əminənin avtomobindən düşüb, qaçaraq öz avtomobilinə sürücü tərəfdən əyləşmiş, o isə avtomobilə yaxınlaşaraq qabaq sərnişin tərəfdən əyləşmişdir. Həmin avtomobilə əyləşdikdən sonra Günel ona sərt şəkildə avtomobildən düşməyini tələb etmiş və bu zaman o Günelin bu hərəkətinə əsəbləşib avtomobilin içərisində əlləri ilə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbələr vuraraq ona bədən xəsarətləri yetirmişdir. Elə həmin vaxt Günel avtomobilin qapısını açaraq çölə çıxmış və Əminə qarşıda duran avtomobilindən düşərək ona yaxınlaşmışdır. Günelin çöldə olduğunu gördükdən sonra o düşüb avtomobilin qabaq tərəfindən fırlanaraq ona yaxınlaşmaq istədikdə Əminə onun qarşısını almış, Günel isə avtomobilə oturaraq qapının kilidini bağlamışdır. Daha sonra o Günelin avtomobilinin qapısını açmağa cəhd etsədə qapı bağlı olduğu üçün aça bilməmiş və həmin yerdən uzaqlaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, Günelin avtomobilini görüb avtobusdan düşərkən məqsədi oğlu ilə görüşüb danışmaq olmuşdur. Həmin gün oğlu ilə görüşmüş, sadəcə onun telefonuna zəng çatmadığına görə o həmin avtomobilə yaxınlaşmışdır. Günelin sərt şəkildə maşından düşməyini tələb etməyi mübahisəyə səbəb olmuşdur. xx xxx 2020-ci il tarixdə olan hadisə zamanı Günelin burnunun qanadığını görməmişdir. Həmin hadisə sadəcə əsəblərini cilovlaya bilmədiyi üçün baş vermişdir. Həmin gün o tərkibində spirt olan energetik içki gəbul etmişdir, müxəlif dərmanlar qəbul etdiyi üçün spirtli içki ona mənfi təsir göstərmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Günelin işlədiyi ofisə gətmiş və Günel onunla aqressiv danışdığı və onu təhqir etdiyi daha sonra isə ofisi tərk etməyini tələb etdiyi üçün Günelin söyüşlərini özünə qaytararaq oradan çıxıb evə getmişdir. xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında təkrar həmin ofisə getmiş, ora getməyinin məqsədi Günel ilə barışmaq olmuşdur. Günel onu təhqir etdiyi üçün ayağı ilə onu vurmaq istəmiş, lakin vura bilməmiş, bu zaman dözməyib onu söyüb təhqir edərək ofisin çilçırağına əl ataraq, çilçırağın bir hissəsini sındırmışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Bundan sonra heç vaxt Güneli və onun ailəsini narahat etməyəcəyinə, əsəblərini mütəmadi müalicə etdirəcəyinə məhkəmə qarşısında söz verərək dediklərini yazılı formada məhkəməyə təqdim edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx xxxxxxx 2010-cu il tarixdə rəsmi olaraq ailə həyatı qurub, xx xxx 2020-ci il tarixdə Yasamal rayon məhkəməsinin qərarı ilə boşanmışdır. Birgə nikahlarından Uğur adlı 1 övladları var. Yaşadıqları müddətin ilk 4 ili münasibətləri yaxşı olmuşdur. Lakin sonradan Nicatın mütamadi olaraq evdə spirtli içki qəbul edib, onunla mübahisə edərək heç bir səbəb olmadan dəfələrlə ailə münaqişəsi yaratmağı aralarında soyuq münasibət yaratmışdır. Nicat onu dəfələrlə söyüb təhqir edərək döymüşdür. Nicatın bu hərəkətlərinə dözə bilmədiyi üçün dəfələrlə Uğuru götürüb valideynlərinin yaşadıqları evə getmiş, lakin sonradan həm onun valideynləri, həm də Nicatın valideynləri onları barışdırmışlar. Nicatın bu hərəkətləri yekunda ailənin dağılmağına səbəb olmuşdur. xx xxx 2020-ci il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində yolun sağ tərəfində “Nissan Qaşqay” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilini rəfiqəsi Əminənin avtomobilinin arxasında saxlamışdır. Həmin vaxt oğlu Uğur avtomobildə arxa oturacaqda oturmuşdur. O, avtomobildən düşərək Əminənin avtomobilində əyləşmiş, bir neçə dəqiqə keçdikdən sonra Əminə ilə söhbət edən zaman o Nicatın avtobusdan düşərək onlar tərəfə gəldiyini görmüş və problem yaşamamaqdan ötrü qaçaraq avtomobilinə əyləşib həmin yerdən uzaqlaşmağa cəhd etmiş, lakin avtomobilə əyləşən zaman Nicat onunla eyni vaxtda qabaq sərnişin tərəfdən qapısını açaraq avtomobilə əyləşmişdir. Bu zaman o Nicatdan ona məxsus avtomobildən düşərək getməyini tələb etmiş, lakin Nicat heç bir səbəb olmadan onu söyüb təhqir edərək əlləri ilə avtomobilin içərisində baş nahiyəsinə, sifətinə, burnuna vurmuşdur. Nicatdan yaxa qurtarmaq üçün o qapını açaraq özünü yerə, yəni yolun kənarına yıxmış, lakin Nicat bununla kifayətlənməyərək avtomobildən enərək avtomobilin qarşı tərəfinə keçib yenidən ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbələr vuraraq ona bədən xəsarətləri yetirmişdir. Bu zaman rəfiqəsi Əminə özünə məxsus avtomobildən düşüb qaçaraq onlara yaxınlaşmış və Nicatın onu təkrarən döyməsinin qarşısını almışdır. Bundan sonra o Əminənin Nicatı saxlamasından istifadə edərək sürücü tərəfdən avtomobilinə əyləşmiş və qapının kilidini bağlamışdır. Nicat qapını açmağa cəhd etsədə aça bilməmiş və o avtomobili sürərək oradan uzaqlaşmışdır. İlkin xəsarəti Nicat onun sifət nahiyəsinə yetirmiş, hadisə nəticəsində burnu sınmış və indi əməliyyata hazırlaşır. Hadisə vaxtı oğlu Uğur arxada oturmuş, lakin onun avtomobilinin arxa şüşəsində çöldən içərini görməni məhdudlaşdıran örtüklər olduğundan Nicat həmin vaxt uşağın maşında olmasını görə bilməzdi. Hadisələr baş verən zaman Nicatın psixi pozuntularının olduğu və əsəblərinin yerində olmadığını hiss etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin vaxt Əminə qabaqda duran öz maşınında əyləşmişdir. Nicatın onu döyməyi təxminən 15-20 dəqiqə davam etmişdir. Nicat onu vurduqdan sonra burnundan qan axmışdır. Boşanmaqlarına və ayrı yaşamaqlarına baxmayaraq Nicat mütəmadi olaraq spirtli içki qəbul edib, onun mobil telefonuna zəng edərək onu söyüb təhqir edərək öldürməklə hədələmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində özünə məxsus dizayn ofisində işdə tək olan zaman Nicat ofisə gələrək, heç bir səbəb olmadan onunla mübahisə edib, söyüb təhqir edərək onu öldürməklə hədələmişdir. Təkrarən xx xxxxx 2020-ci il tarixdə təxminən saat 10:40 radələrində o ofisdə iş yoldaşı Əminə ilə birlikdə olan zaman, Təqsirləndirilən şəxs ofisə gələrək, heç bir səbəb olmadan onu söyüb təhqir etmiş, sonra isə ofisin çilçırağına əl ataraq çilçırağın bir hissəsini sındırmış və bununla kifayətlənməyərək onun üstünə hücum edərək ayağı ilə təpik atmış, lakin o kənara keçdiyi üçün Nicatın ayaq zərbəsi ona dəyməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə baş verən hadisə zamanı ətrafda insanlar olmuş, hadisəni kənardan seyr etmişlər, hətta yoldan keçən avtomobillərin bir çoxu surəti azaldıb baxırdılar. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tələbəlik illərindən tanıyır və həmin vaxtan bu günə kimi onunla rəfiqəlik edir. Təqsirləndirilən şəxs Günelin kecmiş həyat yoldaşı kimi tanıyır və münasibəti həmişə yaxşı olmuşdur. xx xxx 2020-ci il tarixdə təxminən saat 19 radələrində “Hyundai Elantra” markalı **- KD-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində yolun sağında saxlamışdır. Bir müddət sonra Günel özünə məxsus avtomobili ilə həmin yerə gələrək, onun maşınının arxasında saxlamışdır. Həmin vaxt Günelin oğlu avtomobillərində arxa oturacaqda oturmuşdur. Günel onu gördükdən sonra öz avtomobilindən düşüb, onun avtomobilinə əyləşmişdir. Bir neçə dəqiqədən sonra Günel Nicatın avtobusdan düşüb onlara tərəf gəldiyini demiş və cəld şəkildə maşından düşüb öz avtomobilinə tərəfə gedərək, sürücü tərəfdən əyləşmiş və Günellə bir vaxtda Nicatda onun avtomobilinə əyləşmişdir. Həmin vaxt onların uşağı maşında olduğu üçün o heç bir problemin olmayacağını düşünərək onlara yaxınlaşmamış, lakin qısa müddət sonra Nicatın Güneli döydüyünün şahidi olmuşdur. Bundan sonra o dərhal öz avtomobilindən düşərək onlara tərəf getmişdir. Onlara yaxınlaşan zaman Günel artıq avtomobildən düşmüş və Nicat ona tərəf getmişdir. O Nicatın Güneli döyməsinin qarşısını alaraq onu bir daha vurmamağı bildirmiş, bu zaman Günel sürücü tərəfdən qapını açaraq avtomobilə əyləşmiş və qapıların kilidini bağlamışdır. X6 oturduğu tərəfdən avtomobilə yaxınlaşaraq qapını açmağa cəhd etmiş, lakin qapının kilidi bağlı olduğu üçün qapını aça bilməmiş və bu zaman Günel avtomobili sürüb hadisə yerindən uzaqlaşmışdır. Həmin hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Günelin üz nahiyəsində əziklər və üzünün qızardığını görmüş, lakin burnundan qan axıb-axmadığına fikir veməmişdir. Hadisə zamanı yaxında olan dükanın içərisində və qarşısında olan adamlar bu hadisəyə tamaşa edirdilər, hətta yoldan keçən avtomobillərdə olan insanlarda hadisəyə baxıb keçirdilər, lakin keç kim yaxınlaşmırdı. Onların belə əlbəayaxa dalaşdığını ilk dəfə görmüş, lakin əvvəllərdə aralarında davalar olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında Günel ilə bir yerdə işlədiyi ofisdə olan zaman Nicat gələrək, heç bir səbəb olmadan Günel ilə mübahisə edib onu söyüb təhqir etmişdir, sonra isə ofisin çilçırağına əl ataraq çilçırağın bir hissəsini sındırmışdır. Daha sonra isə hücum edərək ayağı ilə təpik atmış, lakin Günel kənara keçdiyi üçün, onun ayaq zərbəsi Günelə dəyməmişdir. xx.xx.2020ci il tarixdə səhər saatlarında Nicat ofisə gələrək uşağı ilə görüşmüşdür. Həmin gün olan hadisə zamanı maşında Günelin arxaya uzandığını, Nicatın onun üstünə gedərək onu vurduğunu, Günel isə əli ilə özünü qoruduğunu görmüşdür. Günel gedəndən sonra Nicat etdiyi hərəkətə görə peşman olduğunu bildirmişdir. Həmin vaxt Nicat psixiloji gərgin vəziyyətdə olmuşdur. Nicat dəfələrlə iş vaxtları onların işlədiyi ofisə gəlib, hər dəfə də gələndə dava dalaş baş vermişdir. Günel ona öz ailəsi haqqında danışmış və boşanmağının səbəbini Nicatın mütəmadi olaraq spirtli içki qəbul etməsi və onu söyüb təhqir edərək döyülməsi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, N.Nərimanov prospekti, 8C ünvanınında “Art decor” dükanı ilə üzbəüz yolda vətəndaş Zərərçəkmiş şəxs həmin tarixdə saat 19:00 radələrində özünə məxsus “Nissan Qaşqay” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobildə keçmiş həyat yoldaşı Nicat tərəfindən döyüldüyünü bildirmişdir. (i.v. 10-11) “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2020-ci il tarixli 2/3393 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcədə sərxoş olmuşdur. (i.v. 15) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7n canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı xx xxxx 2020-ci il tarixli, 401 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - xəsarətlər-qapalı kəllə beyin travması, baş beyin silkələnməsi və burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan sol ənsə nahiyəsinin şişkinlik halında əzilməsi, burun sümüyünün sağ yan divarının əng sümüyünün burun çıxıntısı ilə əlaqəli sınığı, sağ gözaltı nahiyənin, hər iki bazunun, sol saidin, sağ diz və sol bud nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyəyə əllə vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər.(i.v. 20-23) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1561/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Təqsirləndirilən şəxs arasında Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2010-cu il tarixli, 1328 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X4 anası Zərərçəkmiş şəxs yanında qalması qət edilmişdir. (i.v. 49-51) “İfadənin yerində yoxlanılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 19 radələrində Yasamal rayonu, Nəriman Nərimanov prospekti 8C saylı ünvanın qarşısında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs əlləri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq bədən xəsarətləri yetirmişdir. (i.v. 61-65) “İfadənin yerində yoxlanılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 8C saylı ünvanın qarşısında keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən əlləri ilə bədənin müxtəlif nahiyələrinə vuraraq bədən xəsarətləri yetirmişdir. (i.v. 66-70) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən xx xxxxxxx 2020-ci il tarixli 110 saylı rəyindən görünür ki,

1. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona qarşı irəli sürülən ittiham üzrə ictimai təhlükəli əməli törədərkən «Üzvi mənşəli emosional labil (astenik) pozuntu» formasında psixi pozuntudan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onlan tam ölçüdə idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir.

2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı “Üzvi mənşəli emosional labil (astenik) pozuntu” formasında psixi patologiyaya xas əlamətlər müəyyən edilir. Lakin həmin pozuntu Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onlan idarə etmək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə rəhbərlik etmək və özünə hesabat vermək iqtidarındadır. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur.

3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Üzvi mənşəli emosional labil (astenik) pozuntu” onu cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür.

4. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəbləri onda müəyyən edilən psixi pozuntu ilə əlaqədar olmuşdur.

5. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır.

6. Təqsirləndirilən şəxs müəyyən edilən psixi pozuntu, fərdi-psixi xüsusiyyətləri (tez özündən çıxmaq, hövsələsizlik, qıcığa qarşı həssaslıq), hadisə şəraiti nəzərə alınmaqla, o, hadisə zamanı iş üçün əhəmiyyətli olan halları tam şəkildə dərk etmək qabiliyyətinə malik olmamışdır. Sübutların qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış təkzibedilməz istintaq sübutları: özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidin ifadələri, üzləşmə və ifadələrin yerində yoxlanması protokolları, eləcə də ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. (i.v. 152-162) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxslərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”nın 16-cı bəndinə əsasən, sağlamlığın uzun müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən çox olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir. Həmin Qaydaların 17-ci bəndinə əsasən, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10 faizdən 33 faizə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydalarda sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və.s aid edilir. Cinayət qanunvericiliyində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Qeyd olunmalıdır ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır zərər vurmada ifadə olunur. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərəçkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və.s) xuliqanlıq niyyətinin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Buna görə də, qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın sağlamlığa zərər vurmadan əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonra hər bir davranışı dərindən təhlil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da Azərbaycan şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 88-89) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(004)-398/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilərək onun barəsində həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 148-149) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 71-72) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməklə səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını, hadisəsini törətdiyi dövrdə cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən xx xxxxxxx 2020-ci il tarixli 110 saylı rəyi) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs münasibətdə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə barışmasını, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək olan həbsdə saxlanıldığı 7 (yeddi) ay 19 (on doqquz) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X3 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə saxlanıldığı xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək olan 07 (ay) 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı 01 (bir) il 03 (üç) ay 08 (səkkiz) gün ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar