Məhkəmə qərarları › İş №1(004)-240/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-240/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-240/2020 15.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi ev 30-da qeydiyyat olan barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat təxminən 17 radələrində Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə şəxiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 5,705 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib özündə saxlamaqla daşımış, xx xxx 2020-ci il tarixdə saat 14:35-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə keçrilərkən əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş halda, kustar üsulla hazırlanmış təmiz çəkisi - 5,705 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 10 ildir ki, narkotik vasitə olan heroini və digər narkotik vasitələri inyeksiya vasitəsi ilə, çəkməklə, həb formasında qəbul edir və uzun müddətdir narkomaniya xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən 3 dəfə məhkumluq həyatı yaşamışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində Nəsimi rayonu “Papanin” adlanan ərazidə olarkən adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən bir qramı 25 manat olmaqla, təxminən 6 (altı) qram narkotik vasitə olan heroini 150 manata şəxsi istifadəsi üçün almışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində evdə olan zaman qonşusu Rəfail onun yaşadığı evə gəlib ayaqlarının ağrısını kəsməsi üçün narkotik vasitə olan heroinə ehtiyacı olduğunu, lakin pulu olmadığı üçün onu ala bilmədiyini bildirmişdir. O, Rəfailin bu sözünə cavab olaraq onda heroin olduğunu demiş və bir yerdə istifadə etmələrini təklif etmişdir. Bundan sonra onlar birlikdə narkotik vasitə heroini hazırlamışlar, bir hissəsini Rəfail, digər hissəsini isə özü istifadə etmişdir. xx xxx 2020-ci il tarixdə saat təxminən 14 radələrində yaşadığı evin yanında olarkən tanımadığı üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyərək onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. O, buna etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis bölməsinin inzibati binasına getmişdir. Orada polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etməyi təklif olunmuşdur. O əynində olan idman şalvarının cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroin olan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, təqdim etdiyi narkotik vasitəni bədənində ağrıları olduğu üçün 03 gün öncə “Papanin” kimi tanınan yerdən üzdən tanıdığı, lakin adını və telefon nömrəsini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 150 manata almışdır. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin protokolu və zərfi imzalamışdır. Əməlindən peşmandır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, dostu Rəfailə istifadə etmək üçün əvəzsiz olaraq heroin vermiş və həmin heroini onlar birlikdə hazırlayıb inyeksiya yolu ilə qəbul etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-in Baş X2 X.M.İ.Ü. baş əməliyyat müvəkkili vəzifəsində çalışır. xx xxx 2020-ci il tarixdə X4 onlar tərəfindən tutulmuşdur. Onun üzərinə şəxsi axtarış və götürmə keçirilərkən zaman 01 ədəd içərisində narkotik vasitə heroinə oxşar maddəni aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarının sualına cavab olaraq Rəfail həmin narkotik vasitə olan heroini “Kubinka” adlanan ərazidən “Miri” adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Miri” adlı şəxsin xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və o xx xxx 2020-ci il tarixdə saat 14:35 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılaraq, qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün Yasamal RPİ-nin 27-ci Polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra dəvət edilmiş müdafiəçinin iştiraki ilə Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə üzərində qanunla qadağan edilmiş hər hansı maddə və ya əşyanın olub-olmaması soruşulmuşdur. Həmin vaxt o əynində olan tünd göy rəngli şalvarının sağ yan cibində 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroin olan bükümün olduğunu bildirib, həmin bükümü şalvarının cibindən çıxararaq təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış və götürmə aparılmış, lakin üzərindən başqa hər hansı qadağan edilmiş maddə və ya əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini Bakı şəhəri, “Papanin” adlanan ərazidə olarkən əvvəllər tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını, həmin narkotik vasitə heroini bədənində ağrılar olan zaman istifadə etmək fikrində olduğunu bildirmişdir. Bundan sonra həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, təxminən 30 ildir ki, müxtəlif inyeksiya və çəkmək yolu ilə narkotik vasitə olan heroin qəbul edir və buna görədə 3 dəfə məhkum edilmişdir. Təqsirləndirilən şəxs ilə bir məhlədə böyüdüyü üçün onu uşaqlıqdan tanımış, lakin onların dostluq münasibətləri olmamışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan ərazidə olarkən əvvəllər tanımadığı “Miri” adlı şəxsdən 20 manata təxminən 1 qram narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün alıb evə gedən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aparılmışdır. Daha sonra onun barəsində cinayət işi başlanılmış və o Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, onun üzərindən çıxan narkotik vasitə olan heroini aldığı “Miri” adlı şəxs Təqsirləndirilən şəxs deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən, sağ əli ilə 1 (bir) ədəd, şəffaf rəngli sellofanda, qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. O, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin maddəni “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qısaqol köynəyinin sol döş cibinə, əynində olan tünd göy rəngli idman şalvarının yan ciblərinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra içində heroinə oxşar maddə olan 1 (bir) ədəd şəffaf sellofan bükümdə olan maddə içi boş olan, ağ rəngli zərfə yerləşdirilmiş və həmin zərfin ağzı bağlanılmışdır. Həmin zərfin üzərində müvafiq qeydlər aparılmaqla üzəri möhürləmişi və iştirakçılar tərəfindən imzalanmışdır. (cild 1, i.v. 67-68) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/940 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs X3 üzərindən...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 1,070 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin tədqiqata sərf edildikdən sonra qalıq qalmış çəkisi – 1,020 qram təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 5,705 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin tədqiqata sərf edildikdən sonra qalıq qalmış çəkisi – 5,655 qram təşkil edir. Tədqiqata təqdim edilmiş iki ədəd zərfdəki heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il, 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ, bənd İ, sıra №49) daxildir. (cild İ, i.v. 79-81) “Baxış aparılması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə şəxsi axtarış və götürmənin gedişatını əks etdirən görüntülər olan “DVD-R” diskə baxış aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən, 1(bir) ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək içərisində heroin olduğunu bildirmişdir. (cild İ, i.v. 117) “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 14:35-də şübhəli şəxs qismində tutulmuşdur; (cild İ, i.v. 58) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(004)-360/2020 nömrəli qərarından görünür ki, CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır; (cild İ, i.v. 174) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2020-ci il tarixli 2009 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(Cild İİ, i.v. 4) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 176.1-ci maddəsi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli və xx xxxx 2015-ci il tarixli hökmləri ilə CM-in 234.1-ci maddəsi ilə əvvəllər məhkum olunmuşdur. (Cild İİ, i.v. 61-63) Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176.1-ci maddəsində göstərilən əməli törətməkdə təqsirli bilinib 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(005)-207/2012 saylı xx xxxxx 2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild İİ, i.v. 222-225) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-219/2015 saylı xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 15 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2016-cı il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunub. “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, X3, iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, təqsirləndirilən şəxs X4 ilə Təqsirləndirilən şəxs üzləşdirilməsi barədə protokolu, iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ilə Təqsirləndirilən şəxs üzləşdirilmələri barədə protokolları, Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman video görüntülər qeydə alınmış 01 ədəd üzərində “ZYKLEN DVD-R 4.7 GB/120 min 16X” sözləri yazılan DVD-R formatındakı diskə baxış keçirilməsinə dair baxış protokolu, xx.xx.2020-ci il tarixli 6/940 saylı məhkəmə-kimyəvi, xx.xx.2020-ci il tarixli 1087 saylı ambulator məhkəməpsixiatrik və xx.xx.2020-ci il tarixli 2009 saylı ambulator məhkəmə-narkoloji ekspertizalarının rəyləri, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 27-ci PB-nə gətirilməsi barədə yazılmış raportu, ondan aşkar edilmiş narkotik vasitənin götürülməsinə dair şəxsi axtarış və götürmə haqqında protokolu və “DVD” disk sübut kimi qiymətləndirilmiş və iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi – 5,705 qram olan narkotik vasitə heroindən tədqiqata sərf edildikdən sonra qalıq qalmış – 5,655 qram maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (Cild İ, i.v. 93-101) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 5,705 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-nın 83.3.3-cı maddələrinə əsasən onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 43 (qırx üç) saata görə 258 (iki yüz əlli səkkiz) manat Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-in 93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut – Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş 5.655 qram qalıq çəkisi olan heroin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 43 (qırx üç) saata görə 258 (iki yüz əlli səkkiz) manat Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar