Məhkəmə qərarları › İş №1(004)-240/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-240/2022

15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-240/2022 15.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1976-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, CMnin 177.2.2, 177.2.4-cü maddələri ilə məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdə saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi «Toyota Prius» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanının qarşısı ilə saatda 30 km/saat surətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilən qaydaları pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, sürücü hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşıda piyadanın dayanmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə piyada arasında təhlükəsiz yan məsafəsini təmin etməli, dayanmış vəziyyətdə olan piyadanın yanından təhlükəsiz yan məsafə saxlamaqla keçib getməli və hərəkət təhlükəsizliyini yəmin etməyən hərəkətlərə yol verməməli olduğu halda bu tələblərə əməl etməyib öz hərəkətini davam etdirərək, ehtiyyatsızlıqdan yolun kənarında dayanmış piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq tərəfi ilə vuraraq ona sol bud sümüyünün orta 1/3-nin açıq yerdəyişən sınığı, sağ əlin İ daraq sümüyünün əsasının qapalı sınığı kimi xəsarətlərlə müşahidə edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2020-ci ilin noyabr ayında pul qazanaraq ailəsinin dolanışığını təmin etmək məqsədilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində gündəlik icarə əsasında taksi fəaliyyəti ilə məşğul olmuşdur. 27 iyun 2021-ci il tarixində Şahid2 sonuncuya məxsus “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili hər gün üçün 22 manat ödəniş etməklə icarəyə götürmüşdür. 29 iyul 2021-ci il tarixdə gələn sifariş əsasında müştəri qismində avtomobilə minmiş şəxsi Yasamal rayonunda 1-ci Alatava küçəsinə düşürtmüşdür. Müştərini düşürtdükdən sonra məhəllə arası yollarla baş yol istiqamətində hərəkət etmişdir. Təxminən saat 23 radələrində hava qaranlıq olduğu üçün və məhəllə arası yollar işıqlandırılmadığından yolda olan çuxuru görməmiş və idarə etdiyi avtomaşın həmin çuxura düşdüyü üçün qabaq sol təkəri qırılaraq əyilmiş vəziyətə düşmüşdür. Bu zaman idarəetməni itirmiş və maşın sola tərəf çəkmişdir. Həmin vaxt yolda kənarda dayanmış orta yaşlarda olan sonradan adının Ervin olduğunu bildiyi şəxsi vurmuşdur. Ervini vurana kimi sükanı sağa döndərmək istəsədə sükan dönməmişdir. Ervini vurduqdan sonra isə avtomaşın surəti tamamilə azalmışdır. Bu zaman maşın sağa tərəf dönmüş və idarə etdiyi avtomaşının qabaq sağ qanadı ilə Ervinlə üzbəüz yolun kənarında dayanmış ağ rənglı modelini və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşına dəymişdir. Bundan sonra avtomaşından yerə düşmüşdür Həmin vaxt kənarda olan şəxslər üzərinə hücum etmişlər. Onların arasında olan bir yaşlı kişi münaqişə yaranmasına imkan verməyərək “hadisədir olmuşdur” demişdir. Avtomaşından düşüb Ervinə yaxınlaşanda orada olan şəxslər Ervinin başına yığılmışdır Ervinin ağır xəsarət aldığını görmüşdür. Bir qədər sonra ağ maşının sahibi küçəyə çıxmışdır. Həmin şəxslə danışaraq maşının xərcini qarşılayacağını demişdir. Bundan sonra isə təcili tibbi yardıma zəng olunduğu uçün Ervini təcili tibbi yardım maşınına qoyub 3 saylı Sabunçu şəhər xəstəxanasına aparmışlar. O, da taksiyə minib 3 saylı şəhər xəstəxanasına getmişdir. Orada qəbul şöbəsinə yaxınlaşaraq yol nəqliyyat hadisəsi ilə bağlı adam gətirildiyi və həmin şəxsin səhhətinin nə yerdə olmasını soruşmuşdur. Ona Ervinin ayağının qırıldığını bildirmişlər. Bundan sonra hadisə yerinə qayıtmışdır. Hadisə yerinə çatdıqda artıq orada heç kim olmamışdır. 30 iyul 2021-ci il tarixdə səhər saatlarında Yasamal RPİ-nə getmişdir. Polis idarəsində təhiqatçıya izahat vermişdir. Təxminən 3-4 gün sonra Sabunçu xəstəxanasına gedərək Ervinin səhhəti ilə maraqlanmaq istəsədə sonuncunun orada olmadığını öyrənmişdir. Daha sonra isə Ervinin qonşusundan onun müalicəsi ilə bağlı Qəbələ rayonuna getdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs ifadəsini davam edərək göstərmişdir ki, hadisə baş verən vaxtı avtomaşını təxminən 25-30 km/saat surətlə hərəkət etdirmişdir. Həmçinin hava yağmursuz olmuşdur. Asvalt örtüyü çuxurlu və quru vəziyyətdə olmuşdur. İdarə etdiyi avtomaşın hadisədən əvvəl əyləc sistemi və texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisədən əvvəl spirtli içki və narkotik vasitə qəbul etməmişdir. Hadisəni avtomaşın çuxura düşüb təkəri sındıqdan sonra sola tərəf hərəkət edəndə hiss eləmişdir. Avtomaşının sola gedib piyadanı vurmaması üçün sükanı sağa döndərmək istəsə də dönməmişdir. Maddi imkanı olmadığı üçün ziyandan heç bir məbləğ ödəyə bilməmişdir və barışıq əldə edə bilməmişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 29 iyul 2021-ci il tarixdə hava almaq üçün Yasamal parkına getmişdir. Bir-ikı saat parkda gəzdikdən sonra evə qayıtmışdır. Təxminən saat 23 radələrındə yaşadığı 1-ci Alatava küçəsində yolun sağ kənarı ilə piyada hərəkət etmişdir. Həmin vaxt qarşıdan Toyota markalı Prius modelli avtomobilin gəldiyini görmüşdür. Həmin küçə ensiz olduğu üçün yolun kənarında sürətini azaldaraq avtomobilin keçməsini gözləmişdir. Avtomobil ona yaxınlaşdıqda isə yolun kənarında transfarmatorun çəpərinin yanında dayanmışdır. Həmin avtomobil gəldiyi sürətlə qabaq sol tərəfi ilə onu vurmuşdur. Aldığı xəsarətdən yerə yıxılmışdır. Yerdən qalxmağa cəht etmiş, lakin sol ayağının sınması səbəbindən yerdən qalxa bilməmişdir. Sonra qonşuluqda olan şəxslər təcili tibbi yardıma zəng edərək çağırmışlar. Təcili tibbi yardım avtomobili ilə 3 saylı Sabunçu şəhər xəstəxanasına aparmışlar. Təcili tibbi yardım maşını gələnə kimi qonşuluqda olan şəxslər ona ilkin köməklik etmişlər. Həmin vaxt kənarda bir nəfər siqaret çəkən şəxsi ona göstərərək sürücünün həmin şəxs olmasını bildirmişlər. Sürücü hadisədən sonra, nə də ki daha sonra ona yaxınlaşmamışdır. Hadisədən bir neçə gün sonra isə onu avtomobil ilə vuran sürücünün onu vurduqdan sonra başqa avtomobilidə vurmasını eşitmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi 1-ci Alatava küçəsində elə bir çuxur olmamışdır ki, avtomobil həmin çuxura düşdüyü zaman təkəri qırılsın. Hadisənin baş vermə anı tam olaraq xatirində olmaqla hadisə zamanı avtomobilin təkərinin sındığını görməmişdir. Həmin avtomobil anidən onun üstünə gəlmişdir. Ola bilsin ki, onu vuraraq divara sıxdıqdan sonra avtomobilin təkəri sınmışdır. Təqsirləndirilən şəxs onunla maraqlanmamış, heç bir ziyanı ödəməmiş, tibbi xərclərini çəkməmişdir. Ona görə də şikayətçidir və cəzalanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 29 iyul 2021-ci il tarixdə qardaşı Əli ilə birlikdə şəhərə gəzməyə getmişdir. Təxminən saat 23 radələrində yaşadığı evə qayıtmış və ona məxsus BYD F3 markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı məhəllədə saxlamışdır. Evə qayıdandan təxminən 10 dəqiqə sonra məhəllədə səs-küy gəlməsini eşidib küçəyə çıxmışdır. Həmin vaxt “Toyota Prius” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşının ona məxsus avtomaşının qabaq sol tərəfindən dəyərək dayandığını görmüşdür. Sürücüyə yaxınlaşaraq “neynirsən, gözün görmür” demişdir. Sürücü isə donub qalaraq ona cavab verməmişdir. Həmin vaxt arxada adamların toplandığını və bir nəfər şəxsin yerdə oturduğunu görmüşdür. O, “bu niyə belə yerdə oturub” deyərək həmin şəxsə yaxınlaşmışdır. Bu zaman ona məlum olmuşdur ki, “Prius” markalı avtomaşın həmin şəxsi vuraraq xəsarət yetirmişdir. Həmin şəxsin ayağının qırıldığını görüb təcili tibbi yardıma zəng eləmişdir. Təcili tibbi yardım təxminən 30-40 dəqiqə sonra hadisə yerinə gəlmişdir. Məhəllə sakinləri ilə birlikdə köməklik göstərərək vurulmuş piyadanı təcili tibbi yardım maşınına qoyub xəstəxanaya yola salmışlar. Təcili tibbi yardım maşını getdikdən sonra isə sürücünün orada olmadığını görmüşdür. Bu səbəbdən də DİN-ın 102 məlumat xidmətinə zəng edərək yol-nəqliyyat hadisəsi barədə və sürücünün maşınımı vurub qaçması barədə məlumat vermişdir. Prius markalı avtomaşının ona məxsus avtomaşına dəyməsi nəticəsində avtomaşının qabaq sol qanadı və sol yan güzgüsü zədələnmişdir ki, bunun da nəticəsində ona 220 manat maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi yaşadığı məhəllədə olmuşdur. Hadisə olan yerdə heç bir çuxur olmamışdır. Hadisə olduqdan sonra “Prius” markalı avtomaşının dayandığı yerdən təxminən 5-6 metr qabaqda çuxur vardır. Həmin çuxur isə təkərin qırılaraq hadisə olmasına səbəb ola biləcək bir çuxur olmamışdır. Çünki həmin yoldan hər gün çoxlu sayda maşınlar hərəkət etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Toyota” markalı, Prius modelli **-GY-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. Həmin avtomobili 2021-ci ilin iyun ayında almışdır. Həmin avtomobili almaqda məqsədi taksi fəaliyyəti ilə məşğul olan şirkətlərə icarə vermək olmuşdur. Belə ki, avtomobili aldığı vaxtdan bir neçə gün sonra qardaşı İbrahim İsayev ona məxsus avtomaşını 189 taksi şirkətinə icarəyə vermişdir. Təxminən iyul ayının sonunda həmin avtomobili sürən şəxsin yolnəqliyyat hadisəsi törətməsi barədə məlumat almışdır. Bundan sonra isə qardaşı İbrahim avtomobili cərimə meydançasından götürmüşdür. Yol-nəqliyyat hadisəsi nəticəsində, yəni avtomobilin bardürə dəyməsi nəticəsində maşının qabaq sol qanadında və təkər hissəsində yaranmış problemlərlə bağlı təmir işləri gördürmüşdür. Avtomobilin təmir edilməsinə görə sürücü Təqsirləndirilən şəxs 190 manat pul ödəmişdir. Odur ki, yol-nəqliyyat hadsəsi nəticəsində heç bır ziyan çəkmədiyi üçun şikayət və tələbi yoxdur. Avtomobili sürən şəxsə onun tərəfindən sürmək üçün etibarnamə verilmişdir. Həmçinin hansı şəraitdə yol-nəqliyyat hadisəsi törətməsindən məlumatsız olmuşdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 170 saylı, xx.xx.2021-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarətlər - sol bud sümüyünün orta 1/3-nin açıq yerdəyişən sınığı, sağ əlin İ daraq sümüyünün əsasının qapalı sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd edilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfində verilmiş 8/568 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum edilmişdir. Məhkumluğu ödənilməmiş cinayətlərdən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.3.2ci maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Sonradan Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə əməli CM-nin 177.2.2, 177.2.4-cü maddələrinə tövsif edilmiş, cəzası 06 ilə endirilmişdir. xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Lakin CM-nin 18.1-ci maddəsinə əsasən hazırkı törətdiyi cinayət ehtiyatsızlıqdan törədilmiş əməl olduğu üçün, həmin məhkumluq hazırda residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə dəymiş ziyandan heç bir məbləğdə ödəniş edilməmişdir, barışıq üçün cəhd edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə müstəntiqin xx.xx.2021-ci il tarixli qərarı ilə axtarışı elan edilmiş və tutularaq təhfil verilməsi qərara alınmış və xx.xx.2021-ci il tarixdə saat 08:00 dəqiqədə o, könüllü olaraq gəlmiş və tutularaq müstəntiqə təhfil verilmiş, xx.xx.2021-ci il tarixdə saat 12:25 dəqiqədə təqsirləndirilən şəxs kimi dindirilmişdir, bundan sonra da bir neçə istintaq hərəkəti keçirildikdən sonra Bakı şəhər Yasamal RPİ-nin İŞ-nin müstəntiqinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir və o, azad edilmişdir. Bununla da o, 24 saatdan çox, yəni 2 gün həbsdə qalmışdır. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsindəki “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur və o, xx.xx.2022-ci il tarixdə tutularaq, həmin tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Bununla da o, hökm çıxarılan hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış «Toyota» markalı Prius modelli **-GY- *** dövlət qeydiyyat nişanlı və «BYD F3 Miniki» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sahiblərinə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutularkən “həbsdə” saxlanıldığı 02 gün müddət ona təyin olunmuş əsas cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 06 ay (iki il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il 05 ay 28 gün (iki il beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasının əvvəli tutulduğu vaxtdın, yəni 22 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 185 (yüz səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota” markalı Prius modelli **-GY-*** dövlət qeydiyyat nişanlı və “BYD F3 Minik” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar