Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-241/2022 14.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvana qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs anbara qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən "xxxx" MTK-nın inşa etdiyi binanın anbarının giriş qapısını sındırmaqla ora qanunsuz daxil olmuş, oradan Zərərçəkmiş şəxs məxsus üzərində «Göknur Bakı H05VV-F 2021» yazıları olan, 3X2.5 mm diametrli, ağ rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış 1 metri 1,20 manat dəyərində olmaqla ümumilikdə 100 metr uzunluğunda ümumi dəyəri 120 manat olan elektrik naqilini və üzərində «Göknur Bakı H05VV-F 04/02/20» yazıları olan, 4X4 mm diametrli, ağ rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış 1 metri 2,0 manat dəyərində olmaqla ümumilikdə 250 metr uzunluğunda ümumi dəyəri 500 manat olan elektrik naqilini gizli olaraq talamaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 620 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 mart 2022-ci il tarixdə təxminən saat 23 radələrində yaşadığı evə qayıdan zaman yaxınlıqda inşa edilən hündür mərtəbəli binanın hasarının aralı olmasını görmüş və oğurluq etmək qərarına gəlmişdir. Həmin aralıqdan əraziyə daxil olmuş və hündür mərtəbəli binanın birinci mərtəbəsində qapısı taxtadan olan saxlanc yerinə fikir verərək, oranın qapısının olması səbəbindən içəridə qiymətli əşya olması qənaətinə gəlmişdir. O, həmin qapını açaraq içəri daxil olmuş və orada olan arabanın içərisində naqillər görmüşdür və gələcəkdə onları sataraq pul əldə etmək məqsədi ilə iki ədəd torbaya yığmışdır. Həmin torbalara naqilləri yığdıqdan sonra torbalar ağır olduğundan oradan çətinliklə çıxmışdır. O, həmin naqilləri yaşadığı evin yaxınlığında gizlətmişdir. xx.xx.2022-ci il tarixdə həmin naqilləri gizlətdiyi yerdən götürmüş, yandırıb metal şəkilinə salınması üçün yaxınlıqda olan zibillikdə yandırmışdır. O, həmin naqillərin bir hissəsini yandırdıqda qara tüstünün çox olması səbəbindən söndürmüşdür və beləliklə də, naqillərin bir hissəsinin təmizləmiş, digər hissəsinin isə naqil şəklində yaxınlıqda yaşayıb və əlvan metalların alışı ilə məşğul olan Gündüz adlı şəxsə ümumilikdə təxminən 54 və ya 56 manata satmışdır. O, həmin naqilləri Gündüzə satan zaman özünə məxsus olduğunu bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş şəxsdən oğurlağı əşyaları tam şəkildə hamısını qaytarmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir lakin o, məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, MTK-nın anbarında olan inşaat materiallarına və əşyalarına nəzarət edir. Həmin anbar 16 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir və qapısı taxtadan olmaqla qıfılla bağlanır. 08 mart 2022-ci ildə tarixdə axşam saat 19 radələrində anbarın qıfılını açarla bağladıqdan sonra evə getmişdir. Növbəti gün, yəni 09 mart 2022-ci il tarixdə iş yerinə gəldikdə görmüşdür ki, anbarın qapısı üzərində olan qıfılı sındırılıbdır və yerində yoxdur, qapı isə bağlıdır. O, anbara daxil olaraq əşyalara və inşaat materiallara baxdıqda ona məlum olmuşdur ki, arabanın içində olan 100 metr uzunluğunda, 4 damarlı ümumi dəyəri 292 manat olan və 250 metr uzunluğunda, 3 damarlı ümumi dəyəri 509 manat olan elektrik naqillər oğurlanmışdır. Həmin naqilləri ozü almışdır və özünə məxsus idi. Naqillər tikinti işlərində istifadə olunurdu. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır. Belə ki, həmin şəxs onun işlətdiyi məntəqənin yaxınlığında yaşayır. Tahir zibilliklərdən yığdığı əşyaları, ara bir plastmas, politelen, sellofan və ya dəmir qırıntıları gətirib satırdı. 09 mart 2022-ci il tarixdə təxminən günorta radələrində Təqsirləndirilən şəxs məntəqəyə gələrək naqil satmaq istədiyini bildirmişdir. O, həmin naqillərə baxdıqda bir hissəsinin naqil şəklində, digər hissəsinin isə yanmış mis şəklində olmasını görmüşdür. O, naqillərin mənşəyi ilə maraqlandıqda, Təqsirləndirilən şəxs həmin naqillərin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin naqillərə tərəzi ilə çəkmiş və çəkisinə görə Təqsirləndirilən şəxs 56 manat pul vermişdir. 26- cı PB-nin əməkdaşları məntəqəyə gələrək Tahirin ona naqil satıb satmaması ilə maraqlanmışdır. O, hər şeyi olduğu kimi danışmış və bundan sonra polis əməkdaşları protokol tərtib edərək həmin naqilləri götürmüşdürlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Məmməd Cəfərovun tərəfindən tərtib edilmiş 09 mart 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokol və fotocədvəldən görünür ki, hadisə yeri Yasamal rayonu, İ.Qutqaşinli küçəsində yerləşən "xxxx" MTK-nın inşa etdiyi binanın anbarının olduğu müəyyən olunmuşdur (səh. 08-12). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “əlavə olunmuş əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ona tanımaya təqdim edilmiş naqillər arasından özünə aid üzərində «Göknur Bakı H05VV-F 2021» yazıları olan, 3X2.5 mm diametrli, ağ rəngli izolyasialı, mis əsaslı ərintidən hazırlanmış elektrik naqilini tanımış və xx.xx.2022-ci il tarixdə "xxxx" MTK-nın inşa etdiyi binanın anbarından oğurlandığını təsdiqləmişdir (səh. 48-49). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ona tanımaya təqdim edilmiş naqillər arasından özünə aid üzərində «Göknur Bakı H05VV-F 04/02/20» yazıları olan, 4X4 mm diametrli, ağ rəngli izolyasiyalı mis əsaslı ərintidən hazırlanmış elektrik naqilini tanımış və xx.xx.2022-ci il tarixdə "xxxx" MTK-nın inşa etdiyi binanın anbarından oğurlandığını təsdiqləmişdir (səh. 51-52). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Məmməd Cəfərovun tərəfindən tərtib olunmuş “maddi sübutun götürülməsi haqqında” protokolundan müəyyən olunur ki, Şahid tanışı Təqsirləndirilən şəxs 56 manata aldığı naqilləri (iki kisə) təqdim edilərək götürülmüşdür (səh.20). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 08 aprel 2022-ci il tarixli, 9/2232 saylı rəyi təsdiq olunur ki, ekspertiza tədqiqatına nümünə qismində təqdim edilmiş naqillərin istifadə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti: 100 metr üzərində «Göknur Bakı H05VV-F 2021» yazılan olan, 3X2.5 mm diametrli, ağ rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış elektrik naqili - 120,0 manat (100 metr x 1,20 manat); 250 metr üzərində «Göknur Bakı H05VV-F 04/02/20» yazıları olan, 4X4 mm diametrli, ağ rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış elektrik naqili - 500,0 manat (250 metr x 2,0 manat) (səh. 89-91). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr Səbail Rayon Məhkəməsinin xx.xx.2003-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikam CM-nin 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixli Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzası 02 il 09 aya endirilmiş, xx.xx.2019-cu il tarixli Salyan Rayon Məhkəməsinin qərarı ilə AR CM-nin 76 maddəsinə əsasən 4 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır (səh. 86-88). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 aprel 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, «Göknur Bakı H05VV-F 2021» yazıları olan, 3X2.5 mm diametrli, ağ rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış ümumilikdə 100 metr uzunluğunda ümumi dəyəri elektrik naqil və üzərində «Göknur Bah H05VV-F 04/02/20» yazıları olan, 4X4 mm diametrli, ağ rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış ümumilikdə 250 metr uzunluğunda elektrik naqil iş üzrə maddi sübut kimi tanınmış və iş üzrə yekun qərar qəbul edilənədək sahibinin məsul saxlancına verilmişdir (səh. 96-101, 118). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 mart 2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh. 30-31). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdə MSY-dən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (60-61,72-79). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, zərərçəkmiş şəxsdən oğurladığı əşyaları qaytarmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində çoxsaylı cəzanın yüngülləşdirən halların məcmusunun təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz və mütləq nəzərə alınmalıdır. Belə ki, cəza təyin edərkən bu kimi halların nəzərə alınmaması cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə zidd olardı. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi onun islah edilməsinə xidmət edə bilməz. Təqsirləndirilən şəxsə elə bir cəza təyin edilməlidir ki, o, həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Məhkəmə, həmçinin hesab edir ki, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən Sərəncamının müddəalarının hazırki iş üzrə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı (tutulduğu) müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən 11.03. 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52- 1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, həmin ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış «Göknur Bakı H05VV-F 2021» yazıları olan, 3X2.5 mm diametrli, ağ rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış ümumilikdə 100 metr uzunluğunda ümumi dəyəri elektrik naqil və üzərində «Göknur Bakı H05VV-F 04/02/20» yazıları olan, 4X4 mm diametrli, ağ rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış ümumilikdə 250 metr uzunluğunda elektrik naqil sahibinin məsul saxlancına verilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış dəymiş ziyan olan 620 manat dəyərindən elektrik naqillər Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)- 241/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış «Göknur Bakı H05VV-F 2021» yazıları olan, 3X2.5 mm diametrli, ağ rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış ümumilikdə 100 metr uzunluğunda ümumi dəyəri elektrik naqil və üzərində «Göknur Bakı H05VV-F 04/02/20» yazıları oian, 4X4 mm diametrli, ağ rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış ümumilikdə 250 metr uzunluğunda elektrik naqil sahibinin məsul saxlancına verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış dəymiş ziyan olan 620 manat dəyərində elektrik naqillər Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-241/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-241/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver