Məhkəmə qərarları › İş №1(004)-241/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-241/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-241/2023 04.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının, Şahbuz rayonunun, Keçili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının, Şahbuz rayonunun, Keçili kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2, 177.2.5 və 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, təkrarən özgənin əmlakını cibindən gizli çıxarmaqla və açıq yolla talamaqla zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq oğurluq və soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını talamaq məqsədi ilə 14 dekabr 2022-ci il tarixdə saat 12:30 radələrində Bakı Metropoliteni QSC-nin «İnşaatçılar» stansiyasından metronun «28 May» stansiyası istiqamətində hərəkət edən qatara metronun «İnşaatçılar» stansiyasından minərək onunla eyni vaqonda olan Zərərçəkmiş şəxs1 yaxından təqib edərək qatarın “28 May” stansiyasında dayanmasından və sərnişinlərin qataradan düşməsindən istifadə edərək sonuncunun əynində olan qış gödəkçəsinin sağ yan cibindən dəyəri 535 manat olan bir ədəd «Samsung A32» markalı, **********794481 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 10 manat olan telefon kabrosunu və dəyəri 5 manat olan ekran qoruyucusunu, həmin telefonun üzərində ***-***-**-** saylı GSM nömrəni çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 556 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 15 dekabr 2022-ci il tarixdə saat 13:50 radələrində Bakı Metropoliteni QSC-nin «28 May» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 May» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs3 əynində sağ çiynindən asmış olduğu qara rəngli əl çantasının qabaq cibindən sonuncuya məxsus dəyəri 1000 manat olan bir ədəd «X22 10» markalı, **********63097 və **********63105 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 8 manat olan telefon kabrosunu, dəyəri 10 manat olan ***-***-**-** saylı GSM nömrəni çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1018 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 17 dekabr 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı Metropoliteni QSC-nin «İnşaatçılar» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «İnşaatçılar» stansiyasından dayanmasından və vaqondab düşən zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna düşmək istəyən sərnişin Zərərçəkmiş şəxs2 əynində qara rəngli paltonun sağ yan cibindən sonuncuya məxsus dəyəri 270 manat olan bir ədəd «Redmi Note 11» markalı, **********97327000 və **********97335000 İMEİ kodlu mobil telefonu, həmin telefonun üzərində olan dəyəri 10 manat olan ***-***-**-** mobil nömrəmi, həmin telefonun üzərindəki dəyəri 5 manat olan telefon kaburosunu və həmin telefonun üzərində olan dəyəri 10 manat olan ekran qoruyucusunu açıq talayıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 295 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o ailəlidir, hadisə olan vaxtı himayəsində bir az yaşlı övladı vardır və yoldaşı hamilə olmuşdur, o isə heç bir yerdə işləməmişdir. Yoldaşına müəyyən dərmanları almağa və müayinə etdirmək üçün ona pul lazım olmuş, lakin həmin vaxt o heç kimdən borc ala bilməmişdir. 14 dekabr 2022-ci il tarixdə o, Bakı Metropoliteni QSC-nin “Gənclik” stansiyasından “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatara minmişdir. Həmin vaxt qatarda onun yanında dayanmış adını sonradan bildiyi X4 əynində olan gödəkçəsinin cibindəki mobil telefon onun diqqətini cəlb etmiş və o, həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Bunan sonra qatarın vaqonunda sərnişinlərin sıxlığından istifadə edərək Nəzrinə yaxınlaşmış və onun arxa tərəfində dayanıb onu izləməyə başlamişdir. Onların olduğu qatar metronun “28 May” stansiyasında dayanan zaman Nəzrinin qatardan düşməsindən istifadə edərək onun cibində olan mobil telefonu oğurlamışdır. Bundan sonra oğurladığı telefonun “Samsung A32” markalı mobil telefon olduğunu görmüş və həmin telefonun yaddaşında olan məlumatları silib, telefonun üzərində olan kaburonu, ekran qoruyucusunu və 1 ədəd GSM nömrəni çıxardıb atmiş və telefonu 160 manata satmışdır. Oğurluq nəticəsində əldə etdiyi pulu həyat yoldaşının dərmanlarına və həkiminə xərcləmişdir. 15 dekabr 2022-ci il tarixdə o, saat 13:50 radələrində Bakı Metropoliteni QSC-nin “Gənclik” stansiyasından metronun “20 Yanvar” stansiyasına getmək üçün “İçəri Şəhər” stansiyası istiqamətində hərəkət edən qatara minmiş və metronun “28 May” stansiyasında düşmüşdür. Həmin vaxt platformada çoxlu sayda sərnişin olmuş və sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 çiyinindən asmış qara rəngli çanta onun diqqətini cəlb etmişdir. Fatmanın çantasına diqqətlə baxdıqda çantanın qabaq cibində olan mobil telefonu görmüş və həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Bundan sonra “Dərnəgül” istiqamətində hərəkət edən qatar platformada dayanmış və Fatma həmin qatarın vaqonuna minmək istəyən zaman o, sıxlıqdan istifadə edərək onun çantasında olan telefonu oğurlamışdır. Bundan bir müddət sonra o Fatmadan oğurladığı telefona baxdıqda onun “Redmi” markalı olduğunu görmüşdür. Budnan sonra həmin telefonun üzərində olan koburonu, GSM nömrəni çıxardıb atmış və bir müddət sonra həmin telefonu metronun “20 Yanvar” stansiyası yaxınlığında tanımadığı şəxsə 150 manata satmışdır. Oğurluq nəticəsində əldə etdiyi pulu həyat yoldaşının dərmanlarına və həkiminə xərcləmişdir. xx.xx.2022-ci il tarixdə metronun “Gənclik” stansiyasından “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatara minmişdir. Həmin vaxt onunla eyni vaqonda olan adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 əynində olan paltonun cibində olan mobil telefon onun diqqətini cəlb etmişdir. O, həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə vaqonda Zərərçəkmiş şəxs2 arxa tərəfində dayanıb onun stansiyada düşməyini gözləmişdir. Günay metronun “İnşaatçılar” stansiyasında vaqondan düşən zaman o, sıxlıqdan istifadə edərək onu itələyə-itələyə vaqondan çıxmasına köməklik edib cibində olan mobil telefonu götürmüşdür. O Günayın mobil telefonunu oğurlayan zaman Günay bunu hiss etməmişdir, sadəcə həmin vaxt Günayın yanında olan şəxs onun Gunayın telefonunun oğurladığının şahidi olmuş və Günayı vaqona geri cağırıb ondan telefonu qaytarmasını tələb etmişdir. Bundan sonra o Günayın onun arxası ilə gəldiyini görüb oğurladığı telefonu ona qaytarıb, hamilə yoldaşına tələb olunan dərmanların reseptini göstərmişdir. O qatardan düşən zaman vaqonda olan tanımadığı sərnişinlər onu “20 Yanvar” stansiyasnın platformasında xidmət aparan polis əməkdaşlarına təhvil vermişlər. Lakin məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o Günayın onun arxası ilə gəldiyini görüb ondan oğurladığı mobil telefonu yerə atmışdır. Yekun olaraq o soyğunculuq əməlini etmədiyi, etdiyi oğurluq əməlindən peşman olduğunu, oğurluq əməllərini isə həmilə vəziyyətdə olan həyat yoldaşına dərman almaq üçün etdiyini, zərəçəkmiş səxslərə dəymiş zərərin ödənildiyini və onunla barışdığını bildirib ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə o, metronun “İnşaatçılar” stansiyasına daxil olub platformada dayanıb metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarı gözləmişdir. Həmin vaxt onun “Samsung A32” markalı mobil telefonu əynində olan qış gödəkçəsinin sağ yan cibində olmuşdur. Metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanmış və o, vaqonuna minmişdir. Metronun “28 May” stansiyasında vaqondan düşmüş və həmin stansiyada eskalatorla yuxarı çıxış istiqamətində qalxan zaman mobil telefonunun gödəkçəsinin sağ yan cibində olmadığını aşkar etmişdir. Bundan sonra o, bu barədə Bakı Metropolitenin Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. O onun mobil telefonunu oğurlayan şəxsi görməmişdir. O “Samsung A32” markalı mobil telefonu 535 manata, həmin mobil telefonun üzərində olan kaburonu 10 manata, ***-***-**-** saylı mobil nömrəni isə 6 manata, ekran qoruyucusunu 5 almışdır. Baş vermiş oğurluq cinayəti nəticəsində ona ümumilikdə 556 manata maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, metronun “28 May” stansiyasında “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatara minmişdir. O, metronun “İnşaatçılar” stansiyasında qatarın vaqonundan düşdükdən sonra bir nəfər şəxsin onun arxası ilə gələrək onun əynində olan paltosunun sağ yan cibində olan “Redmi Note 11” markalı mobil telefonunu götürüb getdiyini hiss etmişdir. Bundan dərhan o geri cevrilmiş və həmin şəxsin qacaraq vaqona daxil olduğunu görmüşdür. O şəxsin arxası ilə vaqona daxil olub, qışqıraraq ətrafda olan insanlara telenunun oğurlanması ilə bağlı müraciət etmişdir. Bundan sonra adını bildiyi Təqsirləndirilən şəxs ondan oğurladığı mobil telefonu yerə ataraq onda olmadığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs telefonu götürdüyü yerlə atdığı yer arasında 3-4 metr məsfə olmuş və həmin hadisə cox qısa zaman ərzində baş vermişdir. O “Redmi Note 11” markalı mobil telefonu 572 manata, həmin mobil telefonun üzərində olan kaburonu 05 manata, ekran qoruyucusnu 10 manata, ***-***-**-** saylı mobil nömrəni isə 10 manata almışdır. Baş vermiş oğurluq cinayəti nəticəsində ona ümumilikdə 572 manata maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 73-75-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13:50 radələrində o, tanışı X14 ilə metronun “28 May” stansiyasına gəlmişdir. Onlar birlikdə metronun “Memar Əcəmi” stansiyasına getməli idilər. Buna görədə onlar metronun “28 May” stansiyasının platformasında dayanıb metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarı gözləmişlər. Həmin vaxt özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə altında istifadə etdiyi “Xiomi Note 10” markalı mobil telefon sağ çiynindən asdığı əl çantasının cibində olmuşdur. Həmin vaxt platformada çoxlu sayda sərnişin olmuş və platformada sıxlıq olmuşdur. Metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanmışdır. Onlar həmin qatarın yadında qalmayan vaqonuna minmişlər. Qatar metronun “Elmlər Akademiyası” stansiyasında dayanmışdır. O, çiynindən asdığı çantanı içərisində olan “Xiomi Note 10” markalı mobil telefonumu götürmək istəmişdir. Həmin vaxt telefonun çantasında olmadığını aşkar etmişdir. Elmir Babayevdən onun istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə zəng etməsini xahiş etmişdir. Elmir onun nömrəsinə zəng etmişdir. Lakin telefonu sönülü olduğu üçün nömrəyə zəng çatmamışdır. O, həmin vaxt “Xiomi Note 10” markalı mobil telefon naməlum şəxslər tərəfindən çantasından oğurlandığını bilmişdir. O, dərhal Bakı Metropolitenində Polis Şöbəsinə gələrək telefonunun oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Bundan başqa ona məxsus ***-***-**-** saylı mobil nömrə altında istifadə etdiyi “Xiomi Note 10” markalı mobil telefonu çiynindən asdığı çantadan oğurlayan şəxsi görmədiyini, o, özünə məxsus olan mobil telefonun oğurlanmasını konkret olaraq metronun “Elmlər Akademiyası” stansiyasında aşkar etdiyini, o, özünə məxsus olan və oğurlanmış “Xiomi Note 10” markalı mobil telefonu 1000 manata aldığını, ona məxsus “Xiomi Note 10” markalı mobil telefonun üzərində olan kaburonu 8 manata, ***-***-**-** saylı mobil nömrəni isə 10 manata aldığını, ona məxsus oğurlanmış telefonun üzərində ekran qoruyucusu, yaddaş kartı və digər aksesuarlar olmadığını, baş vermiş oğurluq cinayəti nəticəsində ona ümumilikdə 1018 manata maddi ziyan dəydiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Samsung A32” markalı mobil telefonun oğurlandığı yer "xxxx" QSC-nin “28 may” stansiyasıdır. (i.v. 10-12) Hadisə yerinə baxış keçirilməsi haqqında 15 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus “Xiomi Note10” markalı mobil telefonun oğurlandığı yer "xxxx" QSC-nin “Elmlər Akademiyası” stansiyasıdır. (i.v. 22-24) Hadisə yerinə baxış keçirilməsi haqqında 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Redmi Note 11” markalı mobil telefonun oğurlandığı yer "xxxx" QSC-nin “İnşaatçılar” stansiyasıdır. (i.v. 34-36) Götürmə aparılması haqqında 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs “REDMİ NOTE 11” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. (i.v. 58) “DVD diskə baxış keçirilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, X2 özgənin əmlakını talamaq məqsədi ilə 14 dekabr 2022-ci il tarixdə saat 12:30 radələrində Bakı Metropoliteni QSC-nin «28 May» stansiyasından qatardan düşən sərnişin Zərərçəkmiş şəxs1 əynində olan qış gödəkçəsinin sağ cibindən sonuncuya məxsus dəyəri 535 manat olan bir ədəd «Samsung A32» markalı, 15 dekabr 2022-ci il tarixdə saat 13:50 radələrində Bakı Metropoliteni QSC-nin «28 May» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın vaqona minik edən sərnişin Zərərçəkmiş şəxs3 çiynindən aşmış olduğu əl çantasının cibindən sonuncuya məxsus dəyəri 1000 manat olan bir ədəd «Redmi Note 10» markalı, telefonları oğurlamışdır. Təqsirləndirilən şəxs diskə baxış zamanı bildirmişdir ki, Zərərçəkmiş şəxs1 « Samsung A32» markalı, Zərərçəkmiş şəxs3 “Redmi Note 10” markalı telefonları oğurlayan şəxs onun özü olduğunu bildirmişdir. (i.v. 102) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli 9/752 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 64 GB yaddaş tutumlu “Redmi Note 11” markalı mobil telefonun satış üçün komplektləşdirilmısinə daxil edilən aksessuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2022-ci ilin dekabr ayına orta bazar qiyməti təxminən 270.00 manat müəyyən edilmişdir. (i.v. 123-125) Sübutların qiymətləndirilməsi haqqında 11 mart 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd DVD disk maddi sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. (i.v. 128-135) Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 180.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. İfadəsini “Mərkəzi” vəkillər bürosunun vəkili X5 iştirakı ilə verir. Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Keçili kəndindinə qeydiyyatda olmaqla, Bakı şəhərin daimi yaşayış yeri yoxdur. 2011-ci il tarixdə rəsmi olaraq X12 ailə həyatı qurmuş həmin nigahdan 2012-ci il təvəllüdlü 1 az yaşlı övladı vardır. 2013-cü ildə rəsmi olaraq X6 boşanmışdır. 2014-cü ildə X13 ilə rəsmi olaraq ailə həyatı qurmuş və həmin nigahdan 2014-cü il təvəllüdlü 1 az yaşlı övladı vardır. Hazırda heç bir yerdə işləmir. Əvvəllər “Paşa İnşaat”da qapı pəncərə ustası işləmişdir. xx.xx.2022-ci il tarixdə onu həmin inşaatda işdən çıxatmışlar. Hazırda arvadı X13 hamilə olduğu üçün onun dərmanlarını almağa və müayinə etdirmək üçün ona pul lazım olmuşdur. Həkimin yazdığı dərmanlar 136 manat və 96 manat həkim müayinəsinə pul lazım olmuşdur. O, həmin pulu heç kimdən borc ala bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, metronun “20 Yanvar” stansiyasına daxil olmuşdur. O, metronun “Gənclik” stansiyasına getməkdən ötrü “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatara minmişdir. O, metronun “Gənclik” stansiyasında qatardan düşmüşdür. Metronun “Gənclik” stansiyası yaxınlığında olan şəxsi işlərini görmüşdür. Sonra yenidən o, metronun “Gənclik” stansiyasına düşmüşdür. O, metronun “Gənclik” stansiyasından “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatara minmişdir. Həmin vaxt onunla eyni vaqonda olan adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs2 əynində olan qara rəngli paltonun sağ yan cibində olan mobil telefon diqqətini cəlb etmişdir. O, həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə də vaqonda Zərərçəkmiş şəxs2 arxa tərəfində dayanmışdır. Onun stansiyada düşməyini gözləmişdir. Zərərçəkmiş şəxs2 metronun “İnşaatçılar” stansiyasında vaqondan düşən zaman o, sıxlıqdan istifadə edərək onun itələyə-itələyə vaqondan çıxmasına köməklik edib cibində olan telefonu götürmüşdür. Zərərçəkmiş şəxs2 onun telefon götürməyini hissə eləmiş lakin görməmişdir. O, Zərərçəkmiş şəxs2 uzaqlaşıb qatar minmişdir. Zərərçəkmiş şəxs2 onun arxasınca gəlmişdir. Zərərçəkmiş şəxs2 ondan telefonunu istəmiş həmçinin Zərərçəkmiş şəxs2 onun telefon oğurladığını gördüyünü bildirmişdir. O, ilk öncə Zərərçəkmiş şəxs2 telefon oğurladığını demişdir. Qatar hərəkətdə başlamışdır. Onlar metronun “20 Yanvar” stansiyasına gəlmişlər. Zərərçəkmiş şəxs2 metronun “20 Yanvar” stansiyasına gələnə kimi uca səslə telefonunu istəmiş və vaqonda olan digər sərnişinlərin diqqətini özünə cəlb etmişdir. O və Zərərçəkmiş şəxs2 qatardan düşmüşlər. Qatardan düşən zaman vaqonda olan tanımadığı sərnişinlər onu “20 Yanvar” stansiyasnın platformasında xidmət aparan polis əməkdaşlarına təhvil vermişlər. O, həmin vaxt orada olan qarışıqlıqdan istifadə edərək telefonu yerə atmışdır. Lakin orada olan sərnişinlər, polis əməkdaşları və Zərərçəkmiş şəxs2 onun telefonu yerə atdığını görmüşlər. O, yerə atdığı telefonu yerdən götürmüşdür. Polis əməkdaşları onu Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmişlər. O, cinayət yolu ilə əldə etdiyi mobil telefonu təqdim etmişdir. Bundan başqa o, Bakı Metropolitenində Polis Şöbəsinə gətirlən zaman və Polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki güc və ya psixoloji təsir olmadığını, Zərərçəkmiş şəxs2 onun cibindən telefon oğurladığını görməsinin mümkün olmadığını, Zərərçəkmiş şəxs2 sadəcə olaraq onun telefonu oğurlamasını hiss edə biləcəyini, 14 dekabr 2022-ci il tarixdə o, şəxsi işləri ilə bağlı Bakı Metropoliteni QSC-nin “Gənclik” stansiyasının yanına getdiyini, o, işlərini həll etdikdən sonra metronun “Gənclik” stansiyasından “Dərnəgül” istiqamətində hərəkət edən qatara mindiyini, həmin vaxt qatarda onun yanında dayanmış adını istintaq araşdırması zamanı bildiyi X4 əynində olan qış gödəkçəsinin sağ yan cibindəki mobil telefon diqqətini cəlb etdiyini, o, həmin telefonu oğurlamaq qərarına gəldiyini, qatarın vaqonunda sərnişinlərin sıxlığından istifadə edərək Zərərçəkmiş şəxs1 yaxnlaşdığını, o, X4 arxa tərəfində dayanıb onu izləməyə başladığımı, qatarın metronun “28 May” stansiyasında dayanmasından və Zərərçəkmiş şəxs1 qatardan düşməsindən istifadə edərək onun arxasında o da qatardan düşdüyünü, qataradan düşən zaman X8 arxadan itələdiyini, o, sıxlıqdan istifadə edərək Zərərçəkmiş şəxs1 cibində olan mobil telefonu metronun “28 May” stansiyasında cibindən götürərək oğurladığını, sonra o, metronun “28 May” stansiyasının platformasında dayanıb yenidən “Dərnəgül” istiqamətində hərəkət edən qatarın gəlməsini gözləyib həmin qatara mindiyini, o, metronun “20 Yanvar” stansiyasında qatardan düşdüyünü, o, metronun “20 yanvar” stansiyasında qatardan düşən zaman oğurluq yolu ilə əldə etdiyi telefona baxdığını, həmin vaxt oğurladığı telefonun “Samsung A32” markalı mobil telefon olduğunu gördüyünü, sonra o, metronun “20 Yanvar” stansiyası yaxınlığında yerləşən internet kluba getdiyini, həmin internet klubda telefonu format etdiyini, sonra həmin telefonu metronun “20 Yanvar” stansiyası yaxınlığında yerləşən tanımadığı şəxsə 160 manata satdığını, o, telefonu satmamışdan əvvəl həmin telefonun üzərində olan kaburonu, ekran qoruyucusunu və 1 ədəd GSM nömrəni çıxardıb atdığını, o, əldə etdiyi 160 manat pulu arvadı X13 dərmanlarına və həkiminə xərclədiyini, o, xx.xx.2022-ci il tarixdə X4 mobil telefonunu oğurlayan zaman ətrafda olan sərnişinlər onun telefon oğurladığını görmədiyini, o, oğurladığı “Samsung A32” markalı mobil telefonu metronun “20 Yanvar” stansiyası yaxınığında tanımadığı şəxsə 160 manata heç bir sənəd təqdim etmədən satdığını, o, X9 məxsus “Samsung A32” markalı mobil telefonu oğurlayan zaman tək olduğunu, ona həmin cinayəti törətməkdə heç kim köməklik etmədiyini, o, X9 məxsus “Samsung A32” markalı mobil telefonu konkret olaraq metronun “28 May” stansiyasında oğurladığını, 15 dekabr 2022-ci il tarixdə o, saat 13:50 radələrində Bakı Metropoliteni QSC-nin “Gənclik” stansiyasından metronun “20 Yanvar” stansiyasına getmək üçün “İçəri Şəhər” stansiyası istiqamətində hərəkət edən qatara mindiyini, qatar metronun “28 May” stansiyasında olan zaman qatarın “İçəri Şəhər” istiqamətində hərəkət etməsi barədə elan verildiyini, o, metronun “28 May” stansiyasında qatardan düşdüyünü, həmin vaxt platformada çoxlu sayda sərnişin olduğunu və platforma sıxlıq olduğunu, o, platformda “Dərnəgül” istiqamətində hərəkət edən qatarı gözlədiyini, həmin vaxt platformada dayanmış adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs3 çiyinindən asmış olduğu qara rəngli çanta onun diqqətini cəlb etdiyini, həmin çantanın qabaq cibində olan mobil telefonu gördüyünü, o, həmin telefonu oğurlamaq qərarına gəldiyini, metronun “Dərnəgül” istiqamətində hərəkət edən qatar platformada dayandığını, Zərərçəkmiş şəxs3 həmin qatarın vaqonuna minmək istəyən zaman o, Zərərçəkmiş şəxs3 təqib edib sıxlıqdan istifadə edərək onun çantasında olan telefonu oğuradığını, o, “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatara minmədiyini, o, metronun “28 May” stansiyasından çıxdığını, metrodan çıxandan sonra oğurluq yolu ilə əldə etdiyi telefonu söndürdüyünü, o, ilk öncə oğurladığı telefonun modelini müəyyən edə bilmədiyini, həmin telefonun üzərində olan koburonu, və GSM nömrəni çıxardıb atdığını, o, həmin vaxt oğurladığı telefonun “Redmi” markalı olduğunu bildiyini, sonra həmin telefonu tanımadığı şəxsə metronun “20 Yanvar” stansiyası yaxınlığında 150 manata satdığını, o, telefonu heç bir sənəd təqdim etmədən satdığını, telefonu alan şəxsə telefonun oğurluq olmasını demədiyini, telefonun alan şəxs telefonun oğurluq olmasından xəbərsiz olduğunu, o, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 mobil telefonunu oğurlayan zaman ətrafda olan sərnişinlər onun telefon oğurladığını görmədiklərini, o, Zərərçəkmiş şəxs3 məxsus “Redmi Note 10” markalı mobil telefonu oğurlayan zaman tək olduğunu, ona həmin cinayəti törətməkdə heç kimin köməklik etmədiyini, başqa heç bir cinayət hadisəsi törətmədiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, yəni Zərərçəkmiş şəxs2 mobil telefonunu oğurlayan zaman sonuncunun bunu hiss etməməsini, yəni onun tərəfindən Zərərçəkmiş şəxs2 qarşı soyğunculuq deyil oğurluq əməlini törətməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Lakin, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintiqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o sıxlıqdan istifadə edərək Zərərçəkmiş şəxs2 əynində olan paltonun cibində olan mobil telefonu götürmüşdür. Bundan sonra Günayın yanında olan şəxs onun Gumayın telefonunun oğurladının şahidi olmuş və Günayı vaqona geri cağırıb ondan telefonu qaytarmasını tələb etmişdir. Bundan sonra o Günayın onun arxası ilə gəldiyini görüb oğurladığı telefonu ona qaytarmışdır. Lakin məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o Günayın onun arxası ilə gəldiyini görüb ondan oğurladığı mobil telefonu yerə atmışdır. Məhkəmə istintiqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadələrində bildirmişlər ki, o, metronun “İnşaatçılar” stansiyasında qatarın vaqonundan düşdükdən sonra bir nəfər şəxsin onun arxası ilə gələrək onun əynində olan paltosunun sağ yan cibində olan “Redmi Note 11” markalı mobil telefonunu götürüb getdiyini hiss etmişdir. Bundan dərhal sonra o geri cevrilmiş və həmin şəxsin qacaraq vaqona daxil olduğunu görmüşdür. Bu zaman o, həmin şəxsin arxası ilə vaqona daxil olub, qışqıraraq ətrafda olan insanlara telefonunun oğurlanması ilə bağlı müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan oğurladığı mobil telefonu yerə ataraq onda olmadığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs telefonu götürdüyü yerlə atdığı yer arasında 3-4 metr məsfə olmuş və həmin hadisə cox qısa zaman ərzində baş vermişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 7-ci bəndinə görə təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Kərimov Təqsirləndirilən şəxs Günay Tehran qızının mobil telefonunu açıq talamış və bundan dərhal sonra o həmin telefonu qaytarmaq məcburiyyətində qalaraq yerə atmış, yəni Təqsirləndirilən şəxs talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan malik olmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus telefonu ələ keçirmək istəsə də, orada olan digər şəxslərin və sonra Zərərçəkmiş şəxs2 telefonun qaytarılmasını tələb etməsindən sonra əldə etdiyi əmlakı özündə saxlamağa cəhd etmiş, lakin vaqonda olan digər şəxslər tərəfindən yaxalandığından mobil telefonu yerə atmış, bunla da özgə əmlakını ələ keçirməkdən ibarət niyyətini özündən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək soyğunçuluğa cəhd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə və zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177— 183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Həmin Məcəllənin 180.2.2-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.5 və 29.180.2.2-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:50-də tutulmuşdur. (i.v. 49) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(004)-1081/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 dekabr 2022ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 113-117) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 16 yanvar 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 121-122) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də ona qarşı heç bir iddia və tələbi olmayacaqdır. (i.v. 160) Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də ona qarşı heç bir iddia və tələbi olmayacaqdır. (i.v. 162) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də ona qarşı heç bir iddia və tələbi olmayacaqdır. (i.v. 165) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 63.3-ci maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə təyin edilmiş ekspertizalarının üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.5 və 29,180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.5 və 29,180.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. (CM-in 56.1.2), Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 29,180.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 177.2.2 və 177.2.5-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 29,180.2.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 17 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar