Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-241/2024 22.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1964-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, C.Nəsirov küçəsi, ev 2-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF yaşayış kompleksi, ev 2/5, mənzil 7-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 08 radələrində В kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» minik markalı, **-XY-*** dövlət nömrə nişanlı avtomobil ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuş, yəni, sürücü avtomobili arxaya hərəkət etdirməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına əmin olmalı və hərəkət etdirməzdən əvvəl arxada hərəkəti üçün heç bir maneənin olmamasına əmin olmalı və piyadanın olması şəraitində piyada avtomobilin arxaya hərəkət etdiyi hissədən kənarlaşdıqdan sonra avtomobili arxaya hərəkət etdirməli, lazım gəldikdə isə başqa şəxslərin köməyindən istifadə etməli və bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsini 20 Yanvar dairəsi istiqamətinə arxaya saatda 10 km sürətlə hərəkət edib yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi «Toyota Prius» minik markalı, ** XY *** dövlət nömrə nişanlı avtomobilin arxa hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya sol qamış sümüyünün proksimal şöbəsinin sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına aid bədən xəsarəti yetirərək yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən hadisə yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, AR CM-in 263.1-ci maddəsi ilə özünü təqsirli bilir, ancaq CM-in 264-cü maddəsi ilə özünü təqsirli bilmir. Maşını arxa-arxaya verəndə görmədən bacını vurmuşdur. Sonra maşını saxlamış, düşüb aşağı, qaldırmış iş yoldaşları ilə, iş yoldaşları içəri aparmış, o da görmüşdür ki, içəri girib çıxıb getmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxsi iş yoldaşları idarəyə aparandan sonra çıxıb getmişdir. Qadına dəydikdən sonra maşından aşağı düşdü, onu qaldırdı, üstünü təmizlədi, orda xanımlar var idi, iş yoldaşları, onlarla köməkli qaldırdılar, sonra onlar apardı zərərçəkmişi içəriyə idarəyə, özüdə də çıxdı getdi. Xanımlar içəri idarəyə getdilər. Xeyr, həmin vaxt Polisə məlumat vermədi. Xeyr, xanıma Polisdən zəng gəlməmişdən əvvəl zəng etməmişdi. Xanım özü durub yeriyə bilmədi, qolundan tutdular. Orada bildi ki, ayağı sınıb. İçəri iş yoldaşları apardı, iş yoldaşları ilə girdilər içəri. Zərərçəkmiş özündə idi, danışa bilirdi. Xeyr, xanıma demədi o kimdir. Orada xanımlar – iş yoldaşları dedi ki, xəstəxanaya aparaq. Özü bir şey etmədi, zərərçəkmiş dedi ki, lazım deyil xəstəxanaya aparmaq. Özü istəsə idi xəstəxanaya aparardı. Sonra xanımın telefon nömrəsini öyrənmək üçün gəldi idarəyə, çünki polisdən ona zəng gəlmişdir. Əvvəllər məhkumluğu olmayıb, ümumiyyətlə. Sürücülük vəsiqəsi Ukraynanındır. Hadisə yerindən qaçmaq hissəsində özünü təqsirli bilmir. Xeyr, 102-yə zəng edib məlumat verməmiş, orada nömrəsini heç kimə verməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ARDNŞ X5 Layihə İnstitutunda işləyir, Zərdabi 88-də, səhər işə gələndə yolu keçəndə o, o biri tərəfə baxırmış bir tərəfli yol imiş, yolu keçəndə maşın arxa-arxaya verəndə vurmuş onu, dayanmış, yıxılmışdır, o, əsirmiş, bilmirmiş ayağı sınıb. Sürücü düşmüş maşından, ona su vermiş, üst-başını çırpmış, dayanmış, sonra qızlar yaxınlaşmış ona, o, hələ əsirmiş, özündə deyilmiş, danışa bilirmiş normal amma ağlayırdı, ondan sonra qızlar demişdir ki, həkimə getsin bəlkə, demişdir yox, istəmir, onu aparsınlar idarəyə, biraz oturub özünə gəlsin. Qolundan tutub aparmışlar, sonra zəng edib işdən, yoldaşı gəlib onu götürmüşdür, getmişdirlər Mərkəzi Klinikaya, orada baxmışdırlar, polisə zəng etmişlər. Təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirdi. Əlavə olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, xeyr, sürücü gedəndə nömrəsini vermədi. O çaşıb qalmışdı, o elə başa düşdü ki, yəqin özünü itirib. Sürücü onu vuranda saxladı, qaçmadı. Xeyr, o, sürücünün hadisə yerindən yayınmaq cəhdini hiss etməmiş, sadəcə ona heçnə demədi, amma düşdü maşından, nə qədər dayandı. O, heç bilmədi sınıq var, yıxıldı, qalxdı, qızlar səhər işə gələn vaxt idi, onlar yaxınlaşdılar onun qolundan tutdular, sonra da sürücü düşdü maşından su gətirdi, üstünü çırpdı. İdarəyə özü getmək istədi, qızlar dedilər ki, həkimə get, bəlkə sınıq var, o da inanmadı sınıq olsun, dedi gəzə bilir, bilmirdi ki, sınıq olar. Sürücü sadəcə çaşıb qalmışdı, orada xanımlar dedilər ki, belə başısoyuqluluq etməyin, oturun maşına həkimə gedin, dedi istəmir, özü istəmədi getməyi. Yəqin ki desəydi sürücüyə onu xəstəxanaya aparardı, niyə aparmasın ki, özü istəmədi. Polisə xəstəxanadan zəng ediblər. Hadisədən sonra 1 saatdan çox oturmadı, çünki gördü ağrıları başlayır, iş yerinin həkimi gəldi baxdı, sonra sığorta ilə zəng etdilər. Xeyr, sürücü hadisə yerindən qaçmayıb. Sürücü gəldi, ona su verdi, üstünü çırpdı, ozü əsirdi, sonra iş yoldaşları başına yığıldı, dedilər həkimə get, dedi yox, istəmir, məni işə aparın, çıxdı getdi işdə oturdu, sonra gördü halı pisdir. Polis ona zəng edəndən sonra dedi ki, o halda deyil ki, maşının rənginə, nömrəsinə baxsın, həmin an sürücünün nömrəsi onda yox idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, maşın ona məxsus olmuş, 25 manata təqsirləndirilən şəxsə icarəyə vermişdir. Sonra ona Yasamal RPİ-dən zəng etmişlər. O, notariusda etibarnamələri yazdıranda kimə maşın verir onun nömrəsini yox, öz nömrəsini yazdırır ki, hər hansı bir hadisə baş verdikdə ona məlumat gəlsin və məlumat vermişdirlər ki, belə bir hadisə olub, sonra da Nahid dayıya zəng edib ki, nə olub, nə məsələdir? O da demişdir ki, belə bir məsələ olub, maşını arxaarxaya verəndə bir xanıma yüngül toxunub, orada da xanıma yerində hər hansı bir problem olmayıb, sonra hadisə yerindən uzaqlaşıblar, Nahid dayı elə orada təkid edib ki, xəstəxanaya getsinlər, bunu ona Nahid dayı deyib. Ona polisdən zəng etmişdirlər ki, belə bir hadisə olub, bu avtomobil ona məxsusdur, o da Nahid dayıya zəng edib ki, belə bir hadisə olub ya yox. Nahid demişdir ki, olub və Yasamal RPİ-yə yaxınlaşmağını istəyiblər, Nahid dayı Yasamal RPİ-yə yaxınlaşıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı görmüşdür, tanışlığı var, Zərərçəkmiş şəxs isə görmüşdür, tam yadında deyil, ədavət və düşmənçilikləri yoxdur. Hadisə vaxtı onlar orada olmuşlar, o, taksi işləyir orada, o maşının içində olmuşdur, görmüşdür ki, adamlar yığılıb, durub getmişdirlər, elə 5-6 nəfər, görmüşlər ki, xanım yıxılıb, sadəcə qardaş özü kömək etmişdir, sonra xanımı içəri binaya aparmışdırlar, qardaş çöldə qalmışdır, xanımı aparmışlar və ehtiyac yoxdur demişlər. Xanımı binaya aparanda kişi çöldə qalmışdır, biraz qalmışlar, sonra o bu tərəfə gəlmiş, kişi hələ ki orada olmuşdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi” PHŞ tərəfindən verilmiş 289 saylı xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarət - sol qamış sümüyünün proksimal bəsinin sınığı küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 8/2812 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, “Toyota Prius” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 8/3872 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Bununla belə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-241/2024 saylı Qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə isə hökm çıxarılmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin Xİİİ-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinin tələbinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 08 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» minik markalı, **-XY-*** dövlət nömrə nişanlı avtomobil ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Zərərçəkmiş şəxs sağlamlığına az ağır xəsarət yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs maşından düşüb zərərçəkmişə su verməsinə, üst-başını çırpmasına baxmayaraq, aşkar şəkildə zərərçəkmiş şəxsin xəsarət almasını gördüyü halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməmiş, yəni hadisə yerində şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə bildirməmiş, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməmiş və zərərçəkmiş şəxs iş yerinə iş yoldaşlarının köməyi ilə qayıtdıqdan sonra hadisə yerini tərk edərək zərərçəkmiş şəxs barəsində ümumiyyətlə maraqlanmamışdır. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs iş yerinə yalnız polisdən ona zəng gələndən sonra getmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ailəli olmasını, zərərçəkmiş ilə barışmasını zərərçəkmişin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınan “Toyota Prius” markalı **-XY-*** dölət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il (bir il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 03 ay (bir il üç ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınan “TOYOTA PRİUS“ markalı, ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 170 manat (yüz yetmiş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X3 ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-241/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-241/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver