Məhkəmə qərarları › İş №1(004)-242/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-242/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-242/2025 06.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2də “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində “Tarqovu” deyilən yerdən tapdığı Zərərçəkmiş şəxs məxsus sonuncunun həmin tarixdə itirdiyi “Kapital” Banka aid 4169-7388-6671-9358 nömrəli kartından xx.xx.2024-cü il tarixdə saat 04:46 dəqiqədən saat 14:10 dəqiqəyədək olan müddət ərzində müxtəlif saatlarda Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən iaşə obyektlərində hissə-hissə olmaqla, sonuncu dəfə isə Yasamal rayonu, Parlament prospektində yerləşən “Parlament” marketdən alış-veriş etməklə, ümumilikdə 188,27 manat pulu vahid niyyətlə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs 188,27 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yerdən kart tapmışdır. Tarqovuda olmuşdu. Gedib onunla alış-veriş edib. 3 dəfə alış-veriş edib. Ərzaq, su və digər şeylər almışdır. Sonra görüb ki, kart bağlanıb. Hansısa əməliyyat keçməyib. Ondan sonra etməyib. Ziyanı ödəyib. Müstəntiqin yanında xanıma bütöv ödəyib. Törətmiş olduğu əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkənə dəymiş ziyanı ödədiyini, ailəli olmasını və 1 uşağının olmasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş zərərçəkmiş şəxsin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə zərərçəkmiş şəxsin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. Azərbaycan Respublikası CPM-nin 327.1.2, 328, 329.1 və 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, rəfiqəsi ilə birlikdə kirayə yaşayır. Hazırda heç bir yerdə işləmir. Azərbaycan Dillər Universitetini yeni bitirmişdir. Bu səbəbdən iş axtarmaq üçün Bakı şəhərində yaşayır. Ailəsi isə Şəki rayonu, Dərəcənnət kəndində yaşayırlar. Mütəmadi olaraq valideynləri ona məxsus kart hesabına müxtəlif məbləğlərdə pul göndərirlər. xx.xx.2024-cü il tarixdə axşam saatlarında rəfiqəsi ilə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Tarqovı” deyilən yerdə gəzməyə çıxmışlar. xx.xx.2024-cü il tarixə keçən gecə saat 04 radələrinədək Səbail rayonu ərazisində yerləşən “Tarqovı” deyilən yerdə restorandan çıxıb yaşadığı ev yaxın olduğu üçün rəfiqəsi ilə piyada evə getmişlər. Səhər açıldıqdan sonra saat təxminən 17 radələrində özünə məxsus 4169-7388-6671-9358 nömrəli “Kapital bank”a aid kart hesabından ödəniş etmək üçün telefonunda olan mobil tətbiqə daxil olmuşdur. Həmin vaxt kartından ondan xəbərsiz müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 188,27 manat məbləğində pulun çıxarıldığını görüb dərhal çantasına qoyduğu həmin kartını axtarmağa başlamışdır. O, kartını tapa bilmədikdə həmin kartını gecə “Tarqovı” deyilən yerdə piyada hərəkət edən zaman naməlum şəraitdə itirdiyini başa düşmüşdür. Bundan sonra kartında qalan məbləği “M 10” hesab nömrəsinə köçürmə edərək kartının balansını sıfırlamışdır. Bundan sonra bu barədə polisə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, ona məxsus 4169-7388- 6671-9358 nömrəli “Kapital bank”a aid kart hesabından istifadəsində olan mobil tətbiq vasitəsi ilə müəyyən etmiş ki, xx.xx.2024-cü il tarixdə müxtəlif saatlarda hissə-hissə olmaqla ümumilikdə 188,27 manat pulu sonradan adını bildiyi Təqsirləndirilən şəxs tərəfindən alış-veriş etməklə çıxarılmış və nəticədə ona 188,27 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə maddi sübut kimi tanınmış DVD disklərə məhkəmədə baxış keçirilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində marketə daxil olaraq kassaya yaxınlaşıb əlində saxladığı Zərərçəkmiş şəxs məxsus “Kapital Bank”a aid kartla ödəniş etməklə alış-veriş etməsi əks etdirildiyindən oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təsdiq edilir. İş üzrə “Kapital Bank”dan alınmış xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan zaman intervalında Zərərçəkmiş şəxs adına olan kart hesabının çıxarışına və mobil tətbiq vasitəsi ilə kartdan pul çıxarılması ilə bağlı qeydlərin surətlərinə baxış zamanı müəyyən olunmuşdur ki, Şəbinə Abdullayevaya məxsus 416973******9358 nömrəli kart hesabından xx.xx.2024-cü il tarixdə saat 04:46 dəqiqədə 1 manat, saat 04:47 dəqiqədə 4,20 manat, saat 04:51 dəqiqədə 20,40 manat, saat 04:52 dəqiqədə 9 manat, saat 05:03 dəqiqədə 18,60 manat, saat 05:12 dəqiqədə 17 manat, saat 05:13 dəqiqədə 18 manat, saat 08:11 dəqiqədə 5 manat, saat 11:57 dəqiqədə 1 manat, saat 12:55 dəqiqədə 0,70 manat, saat 13:48 dəqiqədə 86,37 manat, saat 13:59 dəqiqədə 3,40 manat və saat 14:10 dəqiqədə 3,60 manat olmaqla, ümumilikdə 188,27 manat pul çıxarılmışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, məhz bu əmələ görə daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Yasamal Rayon Məhkəməsinin 1(004)-106/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünün sürətindən görünür ki, Yaqubov X3 Rayon Məhkəməsinin 1(004)-106/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 1196/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 1(004)- 106/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 177.2.3- 1-ci maddəsi ilə nəzərdə tutulan əməli xx.xx.2025-ci il tarixədək olan müddət ərzində törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-106/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (cinayətlərin məcmusu) cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azerbaycan Respublikası məhkəməsinin müraciətinə dair" 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindəki məlumatlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X2 adında uşağı vardır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, bir uşağının olmasını, törətdiyi əməl üzrə əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işi üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 2 gün həbsdə olmuşdur. İş materiallarına əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-1196/2025 saylı qərarı ilə o, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 04 mart 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış “Kapital Bank”dan alınmış xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan zaman intervalında Zərərçəkmiş şəxs adına olan kart hesabından 02 vərəqədən ibarət çıxarış, mobil tətbiq vasitəsi ilə kartdan pul çıxarılması ilə bağlı qeydlərin surətləri və xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs X1 məxsus “Kapital Bank”a aid kartla marketdə ödəniş edərək alışveriş etməsinin görüntülərinin köçürüldüyü bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il 2 ay (bir il iki ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hesabı ilə müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)- 1196/2025 saylı qərarı ilə təyin olunmuş 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 4 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 1 il 1 ay 26 gün (bir il bir ay iyirmi altı gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)- 1196/2025 saylı qərarına əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “Kapital Bank”dan alınmış Zərərçəkmiş şəxs adına olan kart hesabından 02 vərəqədən ibarət çıxarış, mobil tətbiq vasitəsi ilə kartdan pul çıxarılması ilə bağlı qeydlərin surətləri və xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs X1 məxsus “Kapital Bank”a aid kartla marketdə ödəniş edərək alış-veriş etməsinin görüntülərinin köçürüldüyü bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci ilədək sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat, cəmi 365 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar