Məhkəmə qərarları › İş №1(004)-243/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-243/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-243/2021 05.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, Bərdə Rayon Məhkəməsinin 02 sentyabr 2014-cu il tarixli hökmü ilə 300 manat cərimə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, subay, ünvan 1-da qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində fərdi evdə kirayədə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs məxsus əmlakı tamah niyyəti ilə gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, tamah niyyəti ilə 02.04.2021-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Yasamal rayonu A.Şərifzadə küçəsindəki “Dondurma" mağazasının qarşısında Zərərçəkmiş şəxs saxladığı “QAZel" markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının açıq və nəzarətsiz olmasından istifadə edərək, sol qapını açıb salonunda şitin üzərinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus içərisində dəyəri 450 manat olan 051 *** ** ** saylı “AzerceH" nömrəsi olan 2100 manat dəyərində “İphone-X" markalı mobil telefonu gizli olaraq talayıb, hadisə yerindən gedərək, Zərərçəkmiş şəxs 2550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02.04.2021-ci il tarixdə saat 16-17 radələrində, Yasamal rayonu Şərifzadə küçəsindəki «Dondurma» adlı mağazanın qarşısından keçərkən yolun kənarında dayanmış “QAZel” markalı yük maşının şüşəsinin açıq olduğunu görüb yaxınlaşıb salona baxdıqda şitin üstündə "İphone" markalı mobil telefon diqqətini cəlb etmiş, həmin mobil telefonu oğurlayıb həmin yerdən uzaqlaşmışdir. Telefon kodda olduğu üçün aça bilməmişdır və məhəllədə təsadüfən ilk dəfə gördüyü, əvvəllər tanımadığı cavan oğlana mobil telefonu satmaq təklifi etmişdir. Həmin şəxs də telefona baxıb telefonun kodda olduğunu deyib, ucuz qiymətə ala biləcəyini bildirmiş və telefonu 55 manata satmağa razılaşmışdır. Həmin oğlan ona 35 manat pul vermiş və qalan 20 manatı da sabaha məhəlləyə gəlib verəcəyini bildirmişdir. O da telefonu həmin oğlana vermişdir. Səhəri gün isə günorta saatlarında evdə olarkən polis əməkdaşları gəlib onu 29-cu PŞ-nə dəvət etmiş və orada bilmişdir ki, telefonunu oğurladığı şəxs hadisə barədə polisə şikayət etmişdir. Telefonu maşından oğurlayarkən müşahidə kameralarına düşmüş və həmin ərazidə yaşadığı üçün video kameraya baxanda onu görən kimi tanımışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməklə aralarında barışıq əldə olunmuşdur və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “QAZel” markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomobillə müxtəlif mağazalara qida məhsulları daşımışdır. 02 aprel 2021-ci il tarixdə saat 16 radələrində, Bakı şəhəri Yasamal rayonu A.Şərifzadə küçəsində yerləşən “Dondurma" adlı mağazanın qarşısında “QAZel” markalı avtomobili saxlayıb yük yerindəki məhsulları mağazaya yerləşdirmiş, həmin vaxt avtomobilin qapıları açıq vəziyyətdə və nəzarətsiz olmuşdur. Saat 17:00 radələrində avtomobilə oturduqda salonda şitin üzərinə qoyduğu “İphone-X markalı mobil telefonun yerində olmadığını görmüşdür. Avtomobilin içərisini axtarmağına baxmayaraq mobil telefonu tapa bilməmişdir. Dondurma mağazasında quraşdırılmış kameranın qeydə aldığı görüntülərə baxanda qara rəngli geyimdə olan tanımadığı oğlanın avtomobilə yaxınlaşıb sol qapısını açıb salona daxil olması və dərhal da avtomobildən düşüb getməsi müəyyən edilmişdir. Oğurlanmış "İphone-X" markalı mobil telefonu 2018-ci ildə 2100 manata almış, hazirki bazar qiyməti 1000 manat təşkil etmişdir. İMEİ kodu **********26434, içərisində 450 manata aldığı 051 *** ** ** nömrə olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2550 manat məbləğində ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona vurulmuş ziyanın qismən aradan qaldırılmasını bildirməklə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Gəncə şəhərində telefon ustası kimi işləyir. 055 *** ** ** və *** *** ** **saylı Bakcell nömrələri onun istifadəsindədir. 2021-ci ilin aprel ayının əvvəlində Gəncə şəhərində iş yerində olarkən tanımadığı bir cavan oğlan ona İhpone-X markalı telefonu göstərib, telefonun xarab olduğunu, kodda olduğunu, telefonu təmir etdirmək istədiyini bildirmişdir. O da telefonu həmin şəxsdən qəbul edib təmirə başlamışdır.Telefon təxminən 10 günə yaxın onun iş yerində qalmışdır. Təmir etdikdən sonra o telefonun şəbəkəsinin işləyibişlməməsini yoxlamaq üçün öz istifadəsində olan ***-***-**-** saylı və ***-***-**-** saylı nömrələri həmin telefona taxıb yoxlamış, sonra isə həmin şəxs gələrək təmir pulunu ödəyib telefonu götürüb getmişdir. İş materiallarında olan 02.04.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisənin törədildiyi yer kimi Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsində yerləşən dondurma adlı mağazanın qarşısını göstərmişdir (cild 1, səh. 12-13). İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 19 may 2021-ci il tarixli 9/2434 saylı rəyi ilə təsdiq olunur ki, 1 ədəd istifadədə olmuş 2018-cı il buraxılışlı Çin istehsallı “İphone- X’ markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırkı vaxta olan orta bazar qiyməti nəzəri qaydada təxminən 600 manat müəyyən edilir (cild 1, səh. 61-63). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman, üzərində qara rəngli şalvar, qara rəngli gödəkçə olan şəxsin ağ rəngli yük avtomobilinə yaxınlaşaraq bir müddət sonra sol qapısını açması, içərisinə daxil olması, avtomobildən enməsi və ərazini tərk etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs video görüntüdəki avtomaşından oğurluq edən şəxsin özü olduğunu etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21.04.2021-ci il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3 maddələri ilə Bərdə Rayon Məhkəməsinin 02.09.2014-cü il tarixli hökmünə əsasən 300 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir (cild 1, səh. 44). İş materiallarında olan Bərdə rayon İcra və Probasiya şöbəsinin 22.04.2021-ci il tarixli məktubundan məlum olur ki, 28 May - Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs ona təyin olunmuş 300 manat cərimə cəzasından azad edildiyi üçün 28.07.2016-cı il tarixdə Bərdə rayon İcra və Probasiya şöbəsinin cərimə cəzasına məhkum olunmuş şəxslərin siyahısından qeydiyyatdan çıxarılmışdır (cild 1, səh.53). İş materiallarına əlavə olunmuş 26 may 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 88). İş materiallarında olan 11 may 2021-ci il tarixli “maddi sübut tanınma haqqında” qərardan görünür ki, Bakı şəhəri Şərifzadə küçəsində yerləşən Dondurma mağazasının qarşısında quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, səh. 58). İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfində ona dəymiş ziyan qismən ödənilmişdir, bununla əlaqədar ona qarşı hec bir iddiası və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadələrin yerində yoxlanması protokolları, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(004)-243/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar