Məhkəmə qərarları › İş №1(004)-244/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-244/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-244/2020 30.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx xxxxx 2020-ci il tarixə keçən gecə, saat 02 radələrində, “xxxx” Supermarket MMC-yə məxsus, Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 23 ünvanında yerləşən “xxxx” Super marketin daxilində quraşdırılmış “Mitsubichi” markalı kondisionerin super marketin yerləşdiyi binanın çöl divarına bərkidilmiş 2000 (iki min) manat dəyərində mühərrikdən ibarət hissəsini yerindən söküb gizli talamaqla ələ keçirərək, zərərçəkmiş şəxs “xxxx” Supermarket MMC-yə 2000 manat miqdarında maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx xxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 91 ünvanda yerləşən qarajın içərisində quraşdırılmış 1 ədəd LG markalı kondisionerin həmin qarajın çöl hissəsində damına bərkidilmiş bir ədəd 800 manat qiymətində mühərrikdən ibarət hissəsini yerindən söküb gizli talamaqla ələ keçirərək, Zərərçəkmiş şəxs3 800 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx xxxxx 2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 58 ünvanda yerləşən, əvvəllər ofis kimi istifadə etdiyi qeyri-yaşayış sahəsində quraşdırdığı “Toshiba” markalı kondisionerin ofisin çöl hissəsində divara bərkidilmiş bir ədəd 400 (dörd yüz) manat qiymətində mühərikini və ofisin giriş-çıxış qapısının yerləşdiyi blokun giriş hissəsində dəmir çərçivəyə alınmaqla divara bərkidilmiş 450 (dörd yüz əlli) manat dəyərində bir ədəd “Ariston” markalı qızdırıcı aparatını yerindən söküb gizli talamaqla, ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 850 (səkkiz yüz əlli) manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi çətinliyi yarandığından 2020-ci ilin aprel ayı ərzində Yasamal rayonu Şərifzadə küçəsindəki binanın 1-ci mərtəbəsində yerləşən mənzilin çöl divarında quraşdırılmış, M.Seyidov küçəsindəki “xxxx Market”in yerləşdiyi binanın 1-ci mərtəbəsinin çöl divarına quraşdırılmış və “Renessans Palas” yaşayış sahəsinin qarşısındakı Ə.Cəmil küçəsində yerləşən beş mərtəbəli binanın qarşısındakı qarajın damından kondisioner motorlarını oğurlamışdır. Oğurluqları əsasən gecə saatlarında törətmiş və əldə etdiyi mühərrikləri parçalayıb “Kaktus” restoranı yaxınlığında yerləşən metal tullantıları qəbulu məntəqəsinə metalın növündən asılı olaraq, yəni dəmirin kiloqramını 20 qəpiyə, mis metalının kiloqramını isə 4 manat 50 qəpiyə satmışdır. Ümumilikdə o, oğurladığı kondinsonerlərin mühərriklərinin metal hissələrinin satışından cəmi 150 manat pul əldə etmişdir. Hər bir oğurluğu özü təkbaşına törətmiş, oğurluq etdiyi obyektləri ərazini gəzərkən görüb seçmişdir. Metal hissələrini satdığı anket məlumatlarını bilmədiyi şəxs onun şəxsiyyət vəsiqəsinin surətini aldıqdan sonra metalları ondan qəbul etmiş, metal hissələrinin oğurluq olması barədə həmin şəxsə məlumat verməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, xx xxxxx 2020-ci il tarixə keçən gecə, saat 02 radələrində qardaşı Şahid3 məxsus “Daevo- Nexia” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 23 ünvanında yerləşən “xxxx” Supermarketinin binasının sağ yan tərəfində divara quraşdırılmış kondisionerin mühərrikini görmüş, qeyd etdiyi kimi həmin vaxt pula ehtiyacı olduğundan kondisionerin mühərrikini oğurlamaq qərarına gəlmişdir. Ona görə də avtomobili yolun kənarında saxlayıb “xxxx” supermarketin binasının sağ yan tərəfinə gəlmiş, ətrafda heç kimin olmamasından əmin olduqdan sonra divara bərkidilmiş kondisionerin mühərrikinin üzərinə quraşdırılmış dəmir məhəccəri aralayıb mühərriki divardan sökmüş, sonra isə mühərriki idarə etdiyi avtomobilin baqaj hissəsinə yerləşdirib oradan uzaqlaşmışdır. İdarə etdiyi avtomobil ilə yaşadığı məhəlləyə gəlmiş, orada qaranlıqda uyğun bir yer tapıb mühərrikin radiatorunu və bəzi mis metaldan olan hissələrini söküb götürmüş, mühərrikin lazım olmayan hissələrini zibilliyə atmış, lazımlı olan qalan hissələrini isə avtomobilin baqaj hissəsində saxlamışdır. Ertəsi gün oğurladığı mis metaldan olan məmulatları Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən metal tullantıların qəbulu məntəqəsinə aparmış və məntəqədə işləyən tanımadığı şəxsə satmaq üçün təklif etmişdir. Həmin şəxsi metalların oğurluq olmamasına inandırmış, təqdim etdiyi mis məmulatlarını ona 45 manat müqabilində satmışdır. Bundan başqa, o, təkrarən xx xxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində “Daevo-Nexia” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə H.Cavid prospekti ilə hərəkətdə olduğu vaxt oradakı qarajın üzərində 1 ədəd LG markalı kondisionerin mühərrikinin quraşdırıldığını görmüş və həmin kondisionerin də mühərrikini oğurlamaq qərarına gəlmişdir. Ona görə də avtomobili yolun kənarında saxlayıb ətrafda heç kimin olmadığından əmin olduqdan sonra qarajın damına çıxmış və kondisionerin mühərrikini sökərək götürmüşdür. Əvvəlki qaydada olduğu kimi mühərrikin ehtiyat hissələrini söküb zəruri olan hissələrini, o cümlədən mis metaldan olan məmulatlarını Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən metal tullantıları qəbulu məntəqəsinə aparıb satmaq üçün təklif etmişdir. Həmin şəxsi bir daha məmulatların oğurluq olmamasına əmin edib zibillikdən tapdığını bildirmiş və ona 49,50 manat pul müqabilində satmışdır. Bundan başqa, o, təkrarən xx xxxxx 2020-ci il tarixdə saat 01 radələrində “Daevo-Nexia” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gələrkən Yasamal rayonu Şərifzadə küçəsi 58 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən və əvvəllər ofis kimi fəaliyyət göstərən mənzilin divarına 1 ədəd “Toshiba” markalı kondisionerin mühərrikinin və bir ədəd “Ariston” markalı suqızdırıcı aparatın bərkidildiyini görmüşdür. Həmin kondisionerin mühərrikini və suqızdırıcı aparatı da oğurlamaq qərarına gəlmişdir. Bir daha ətrafda heç kimin olmamasından istifadə edib divara bərkidilmiş kondisionerin mühərrikini və suqızdırıcı aparatı söküb götürmüşdür. Əvvəlki qaydada mühərrikin və suqızdırıcının mis metaldan olan hissələrini götürmüş, digər hissələri lazım olmadığından zibilliyə atmış və ertəsi gün mis metal tullantıların məntəqəsinə 55,5 manat müqabilində satmışdır. Əldə etdiyi pulları isə özünün maddi ehtiyaclarına xərcləmişdir. Polis əməkdaşları onu saxladıqdan sonra idarə etdiyi avtomobilin baqaj hissəsindən xx xxxxx 2020-ci il tarixdə Yasamal rayonu H.Cavid prospektində yerləşən qarajın damından oğurladığı kondisionerin mühərrikinin qutusu aşkar edilmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, ifadəsində qeyd etdiyi hadisələrdən başqa hər hansı digər bir oğurluq hadisəsini törətməmişdir. O, oğurluq əməllərini törədərkən heç kim hadisənin şahidi olmamış, həmçinin öz əməlləri barədə özü heç kimə məlumat verməmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edib onlara dəymiş ziyanı tam şəkildə ödəməsini, sonuncuların ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ağır xəstəlikdən zəiyyət çəkməsini nəzərə almaqla barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında 30 ildir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evin həyətində özünə məxsus qarajı vardır və həmin qarajda evin artıq əşyalarını, qış azuqələrini, həmçinin avtomobilini saxlayır. Azuqələrin xarab olmması üçün iki il əvvəl qarajın üzərində 800 manata LG markalı, 100 kvm həcmində kondisioner alaraq quraşdırmışdır. Əvvəllər hər gün işə gedərkən avtomobili götürmək üçün qaraja yaxınlaşdığından kondisionerin yerində olduğunu görmüşdür. Lakin, məlum səbəbdən evdə karantində olduqlarına görə avtomobil lazım olmadığından qaraja tez-tez gəlməmişdir. Sonuncu dəfə xx xxxxx 2020-ci il tarixdə qarajdan hansısa əşya götürərkən kondisionerin yerində olduğunu görmüşdür. xx xxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində qaraja düşüb ərzaq götürən zaman qarajın damında quraşdırılmış “LG” markalı kondisionerin mühərrik hissəsinin yerindən sökülüb oğurlandığını görmüş və bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Zərərçəkmiş şəxs3 həmçinin ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, onun barəsində heç bir şikayət və tələbinin olmadığını bildirib Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs2 lazımi qaydada məhkəmə bildirişlərinin verilməsinə baxmayaraq o, iclaslarda iştirak etməmişdir. Lakin Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram təqdim edərək ona dəymiş zərərin tam ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmiş, həmçinin məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan başqa cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs2 yazılı ərizəsindən də müəyyən edilir ki, o, ibtidai istintaq zamanı da ona dəymiş ziyanın tam ödənilməsini, şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o, fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə vergi ödəyicisi kimi qeydiyyatdan keçib Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 58 ünvanında yerləşən beş mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini icarəyə götürmüş, orada taxi və yükdaşıma fəaliyyəti ilə məşğul olmuşdur. “Covid-19” pandemiyası səbəbindən təxminən 4 ay müddətinə ofis öz fəaliyyətini dayandırmış, buna baxmayaraq ofisdə ona məxsus əşyalar saxlanılmışdır. O, hərdən bir ofisə gəlib-getmiş və orada olan əmlakının yerində olub-olmamasını yoxlamışdır. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə ofisə baş çəkmiş və bütün əmlakları yerində olmuşdur. Növbəti dəfə xx xxxxx 2020-ci il tarixdə saat 11 radələrində təkrar əmlaka baxmaq üçün ofisin yerləşdiyi ünvana gəlmiş və bloka daxil olduqda ofisin qapısına yaxın yerdə çöldən dəmir çərçivəyə alınmış, “Ariston” markalı 450 manat dəyərində olan kombi aparatının dəmir çərçivənin içərisindən sökülüb oğurlandığını görmüşdür. Bundan sonra çöl tərəf divara quraşdırılmış kondisionerin yerində olub-olmamasına baxarkən 100 kvm həcmli “Toşiba” markalı 400 manat dəyərindəki kondisionerin mühərrikinin də divardan sökülüb oğurlandığını görmüşdür. Həmin vaxt karantin müddəti üçün aldığı icazənin vaxtı bitdiyindən evinə qayıtmış və növbəti gün Yasamal RPİ-nin 28-ci PB-nə gedərək hadisə barədə ərizə ilə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlmiş və baxış keçirib fotoşəkillər çəkmişlər. Həmin gün PB-nin əməkdaşlarından ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs saxlanılmış və sonuncu həmin oğurluqların onun tərəfindən törədildiyini etiraf etmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində həmçinin bildirmişdir ki, oğurlanmış əmlak onun şəxsi əmlakı olmaqla həmin kondisioner və kombi suqızdırıcı aparatını öz vəsaiti hesabına quraşdırmış, oğurluq cinayət əməli nəticəsində ona ümumilikdə 850 manat məbləğində maddi ziyan vurulmuşdur. İş üzrə zərərçəkmiş hüquqi şəxs “xxxx Supermarket” MMC-yə və Cəmiyyətin nümayəndəsi qismində tanınmış Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq hüquqi şəxsin nümayəndəsi iclaslarda iştirak etməmişdir. Lakin “xxxx Supermarket” MMC-nin hüquq şöbəsinin rəhbəri Könül Bayramova ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən Cəmiyyətə dəymiş 2000 manat (1180 ABŞ dollar) məbləğində maddi ziyanın tam şəkildə ödənildiyini, bu səbəbdən təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmiş, həmçinin işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüququ şəxs “xxxx Supermarket“ MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o, “xxxx Supermarket” MMC-nin hüquq şöbəsinin hüquqşünası vəzifəsində işləyir. “xxxx Supermarket” MMC-nin Bakı şəhəri ərazisində bir çox ünvanlarda marketləri fəaliyyət göstərir, həmin marketlərdən biri də Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 23 ünvanında yerləşir, marketin rəhbəri isə Şahid1dir. Marketlər hər gün saat 07 radələrində fəaliyyətə başlayır, saat 23 radələrində isə fəaliyyətini dayandırır. Hər bir marketdə soyutma sistemi mövcuddur, həmin soyutma sistemləri quraşdırılarkən müxtəlif firmalara məxsus kondisionerlərdən istifadə edilmişdir. Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 23 ünvanında yerləşən “xxxx Supermarket” MMC-yə məxsus marketdə soyutma sistemini təşkil edən bir ədəd “Mitsubishi” markalı 100 kv/metrlik kondisiner marketin giriş hissəsindən sağ tərəfdə quraşdırılmışdır. Marketin rəhbəri olan Şahid1 xx xxxxx 2020-ci il tarixdə saat 09 radələrində MMC-yə zəng edərək marketdə quraşdırılmış bir ədəd “Mitsubishi” markalı 100 kv/metrlik kondisionerin marketdən çöldə divara quraşdırılmış dəmir məhəccərin içərisindəki mühərrik hissəsinin oğurlandığını bildirmişdir. O, Şahid1 hadisənin necə baş verməsini soruşanda Elgün ona demişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 07 radələrində marketi açıb işçilərlə birlikdə marketə daxil olmuşlar və işə başlamışlar. Həmin vaxt marketin soyutma sistemi də işə salınmış, bu vaxt o, marketin giriş qapısından sağ tərəfdə yerləşən, divara quraşdırılmış “Mitsubishi” markalı 100 kv/metrlik kondisionerin işləmədiyini görmüşdür. O, kondisionerin nasaz olduğunu düşünərək ora yaxınlaşmış, idarəedici ilə dəfələrlə kondisioneri yandırıb söndürsə də, kondisioner işləməmişdir. Sonra o, kondisionerin marketdən çöldə divara bərkidilmiş mühərrik hissəsinə baxmaq üçün marketdən çölə çıxmış, marketin çöl hissəsində, marketin sağ divarında bərkidilmiş mühərrik hissəsinə baxanda mühərrikin qutusunun yerində olduğunu, lakin qutunun içərisində olan mühərrik və digər ona aid qurğuların götürüldüyünü görmüşdür. Baş vermiş oğurluq hadisəsi nəticəsində, “xxxx Supermarket” MMC-yə 1180 ABŞ dolları, yəni 2000 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında yerləşən “xxxx Supermarket”in müdiri vəzifəsində işləyir. xx xxxxx 2020-ci il tarixdə saat 23:00-da marketi bağlayıb evinə getmiş və xx xxxxx 2020-ci il tarixdə səhər saat 07:00-da marketə gələrkən marketin çöl divarında quraşdırılmış bir ədəd “Mitsubishi” markalı kondisionerin mühərrikinin divardakı yerindən sökülərək oğurlandığının şahidi olmuşdur. Həmin gün hadisə barədə Yasamal RPİ-nin 28-ci PB-nə ərizə ilə müraciət etmişdir. O, ifadəsində göstərmişdir ki, marketin müdiri olaraq oğurlanmış kondisionerin mühərrikinin dəyərinin 2.000 manat olduğunu göstərmiş, çünki həmin kondisionerin 1180 ABŞ dollarına alındığını bilir və mühərrik olmadığı halda qalan hissəsi tam istifadəsiz halda olur. xx xxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşlarına zəng edib hadisə barədə maraqlanarkən əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxsin saxlandığını və kondisionerin mühərrikinin həmin şəxs tərəfindən oğurlandığı eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Aqilin və ailə üzvlərinin maddi vəziyyəti ağır olduğu üçün əvvəllər ona məxsus olmuş “Daevo-Nexia” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə Aqilin istifadəsinə vermişdir. xx xxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən PB-nə dəvət olunarkən orada qardaşı Aqilin oğurluqlarda şübhəli olmasına görə saxlanıldığını bilmiş, hətta ona məxsus avtomobilin yük yerində oğurladığı kondisioner mühərrikinin olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, qardaşı Aqil oğurluq əməllərində ona məxsus nəqliyyat vasitəsindən istifadə etmişdir. Şahid3 əlavə olaraq ifadəsində bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs bir müddət narkotik vasitələrdən istifadə etmiş, hazırki cinayət əməllərini də hesab edir ki, həmin maddənin təsiri altında törətmişdir. O, qardaşının narkotik vasitədən istifadə etməsini öyrəndikdən sonra onu müalicə etdirmiş, onu narkoloji xəstəxanaya yerləşdirmiş və bundan başqa o, ambulator qaydada ev şəraitində müalicə almışdır. Göstərilənlərlə yanaşı qardaşı Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində azyaşlı övladları vardır, həmçinin anası ağır xəstəlikdən əziyyət çəkir və buna görə də onun barəsində ağır cəza təyin ediləcəyi təqdirdə ailə üzvlərinin həyat şəraitinə mənfi təsir göstərə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Kaktus” restoranının yanında metal qəbulu məntəqəsini işlədir, hər gün səhər saatlarında metal qəbulu məntəqəsinə gəlir, axşam saatlarında isə metal qəbulu məntəqəsini bağlayıb evinə gedir. O, metal qəbulu məntəqəsində müxtəlif çeşiddə köhnə metallar və plastmas qablar qəbul edir, qəbul etdiyi məmulatları bir qədər baha qiymətə ayda bir-iki dəfə məntəqəyə gələn şəxslərə zavoda verilməsindən ötrü satır. Təxminən 2-3 ildir ki, bu fəaliyyətlə məşğul olur. Metal qəbulu məntəqəsində işləyən Şahid2 3-4 il müddətdir tanıyır və ona təxminən 400- 600 manat məvacib verir. 2020-ci ilin mart ayından mövcud pandemiya ilə əlaqədar məntəqənin fəaliyyətini dayandırmış, lakin aradabir o və Ağadadaşla birlikdə məntəqəyə nəzarət etmək məqsədilə gəlib-getmişlər. O, əvvəllər Təqsirləndirilən şəxs məntəqəyə metal gətirməsini görməmiş və özü şəxsən Aqildən hər hansı bir metalı qəbul etməmişdir. Sadəcə bir dəfə, təxminən 2020-ci ilin aprel ayında məntəqədə nəzarət məqsədilə olarkən Təqsirləndirilən şəxs mis metal məmulatı gətirmişdir. Həmin məmulat isə səliqəsiz və əzik olduğundan tullantı əşya olduğunu düşünmüşdür. Daha sonra Ağadadaşdan öyrənib bilmişdir ki, Aqil üç dəfə sökülmüş kondisoner mühərriki hissələrini gətirib məntəqəyə satmış, həmin metalları satarkən onun şəxsiyyət vəsiqəsinin surətini almış və satdığı metal hissələrini orada qeyd etmişdir. Ağadadaş ona həmçinin demişdir ki, Aqil adlı şəxs məntəqəyə metal məmulatlarını ağ rəngli Daevo Nexia markalı avtomobildə gətirmişdir. Aqil gətirdiyi metallar, kondisioner mühərrikləri əzilmiş vəziyyətdə gətirildiyindən onların oğurluq yolu ilə əldə edilməsindən şübhələnməmişlər. Şahid4 əlavə olaraq qeyd etmişdir ki, Aqilin Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən mənzillərin çöl hissəsinə divara quraşdırılmış kondisionerlərin mühərriklərini talaması barədə məlumatı olmamış, onun işlədiyi metal qəbulu məntəqəsinə Aqil kondisionerlərin mühərriklərindən sökülmüş mis metallardan başqa hər hansı bir əşya satmamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Şahid2 lazımi qaydada məhkəmə bildirişlərinin verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o, Şahid4 işlətdiyi, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən metal tullantıları qəbulu məntəqəsində iki ilə yaxın müddətdir ki, sürücü, həmçinin metal qəbulu işində işləyir. Vüsalə ay ərzində işlədiyi, təhvil verilən metal faizi ilə ona məvacib verir. Ay ərzində 400-600 manat qazancı olur. İşdə olduğu müddətdə kənar ərazilərdən daxil olmuş sifariş əsasında ünvanlara gedib tullantı metal da alıb gətirir. İşdə olmadığı müddətdə onu Vüsalə özü və Həbib adlı şəxs əvəz edirlər. Hər növ metal tullantısı qəbul edir və qəbul olunan metalın növünə görə kiloqram qiyməti hesablanır və həmin qiymət Respublika ərazisində demək olar ki, hər yerdə eynidir. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı Yasamal rayon sakini olan şəxsi təxminən mart ayının əvvəllərindən tanımışdır. Belə ki, həmin şəxs onun işlədiyi metal tullantıları qəbulu məntəqəsinə onun olduğu müddətdə üç dəfə sökülmüş kondisioner mühərriki hissələrini gətirib satmışdır. Həmin metalları satarkən onun şəxsiyyət vəsiqəsinin surətini almış və satdığı metal hissələrini orada qeyd etmişdir. Aqil adlı şəxs onun işlədiyi yerə metalları ağ rəngli “Daevo Nexia” markalı avtomobildə gətirmişdir. Avtomobilin kimə məxsus olduğunu bilməsə də son vaxtlar onun tez-tez metal qəbulu yerinə gəlməsindən şübhə etməyə başlamış, lakin gətirdiyi metalların, kondisioner mühərriklərinin əzilmiş vəziyyətdə olmasından onların oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Bundan başqa Aqildən həmin metalları haradan gətirdiyini soruşmuş və Aqil isə ona işlənmiş vəziyyətdə sahibi atdıqdan sonra onları tapıb gətirdiyini demişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, xx xxxxx 2020-ci il tarixə keçən gecə saat 02 radələrində ünvan 7 ünvanında yerləşən “xxxx Supermarket”in daxilində quraşdırılmış “Mitsubishi” markalı kondisionerin supermarketin yerləşdiyi binanın çöl divarına bərkidilmiş 2000 (iki min) manat dəyərində mühərrikdən ibarət hissəsini, xx xxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 91 ünvanında yerləşən qarajın içərisində quraşdırılmış 1 ədəd “LG” markalı kondisionerin həmin qarajın çöl hissəsində damına bərkidilmiş bir ədəd 800 manat qiymətində mühərrikdən ibarət hissəsini və xx xxxxx 2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında ofis kimi işlətdiyi, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsində quraşdırdığı “Toshiba” markalı kondisionerin ofisin çöl hissəsində divara bərkidilmiş bir ədəd 400 (dörd yüz) manat qiymətində mühərikini və ofisin giriş-çıxış qapısının yerləşdiyi blokun giriş hissəsində dəmir çərçivəyə alınmaqla divara bərkidilmiş 450 (dörd yüz əlli) manat dəyərində bir ədəd “Ariston” markalı qızdırıcı aparatını oğurladığını bildirməklə ifadəsini əyani olaraq hadisə yerində təsdiqləmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Daevo-Nexia” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən 1 ədəd kondisioner mühərriki aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq təkrar talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etməsi, bununla da Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin digər iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 4(004)-256/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti məhkəmənin xx xxxx 2020-ci il tarixli 1(004)-450/2020 nömrəli qərarı ilə xx xxxxxxxx 2020-ci il tarixədək, xx xxxxxxxx 2020-ci il tarixli 1(004)-542/2020 nömrəli qərarı ilə xx xxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx xxxxx 2020-ci il və xx xxxxxxx 2020-ci il tarixlərdə verilmiş tələbnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu yoxdur. İş materiallarında müəyyən edilir ki, Təqsirləndirilən şəxs 1987-ci il təvəllüdlü X10 ilə rəsmi nikahda olmaqla evlidir. İş materiallarında olan “Biolab” Tibb Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli arayışından müəyyən edilir ki, Təqsirləndirilən şəxs “HCV” xəstəliyi aşkar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərər çəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tam ödəməsini və xəstəliyini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən etdi. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Bundan başqa, Məcəllənin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə və xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 06 (altı) ay 15 (on beş) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək dərhal azad edilməli və onun barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Qətimkan tədbirinin icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə rayon polis idarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir (m.15.5-1); azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır (51-2.1); azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir (51-3.1). Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və hazırda Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan “LG” markalı kondisionerin mühərrik hissəsi qanuni sahibi, iş üzrə zərərçəkmiş şəxs X6 qaytarılmalıdır. Həmçinin iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs və ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulmuş, daha sonra barəsində cinayət təqibi rədd edilmiş Şahid2 dövlət büdcəsi vəsaiti hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X5 və X2 əmək haqqları ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X5 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat və X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə və xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 06 (altı) ay 15 (on beş) gün müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və o, ev dustaqlığından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və qətimkan tədbirinin icrası Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə-ekspertizası tədqiqatlarının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Məhkəməyədək icraat zamanı iştirak etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X5 40 saata görə 240 (iki yüz qırx) manat və X2 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar