Məhkəmə qərarları › İş №1(004)-244/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-244/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-244/2021 22.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmamış, Ali təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Yasamal rayonu “Kubinka” adlanan yerdən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,382 qram olan bozumtul rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamaqla daşımış, 27 mart 2021-ci il tarixdə saat 15:00-da Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, Yasamal rayonu Qədirli küçəsi ev 11 saylı ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,382 qram olan həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, özü isə heç bir yerdə işləmir. Heroin adlanan narkotik vasitəni 2021-ci ilin mart ayının 27-də səhər 10 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisindəki Kubinka adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyim kişi cinsli şəxsdən 15 manata bir ədəd şəffaf sellofan bükümdə öz şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitə olan heroini şəxsi istifadə məqsədi ilə üzərində daşıyıb saxlamışdır. 27 mart 2021-ci il tarixdə saat 15:00-da isə ünvan 3 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş, orada hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə aldığı narkotik vasitə heroini çıxardıb təqdim etmişdir. Sorğu zamanı həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və əvvəllər məhkum edilməməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, polis kapitanı xüsusi rütbəsində Yasamal RPİ-nin 26-cı PB-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İşlədiyi bölməyə Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev-11-də yaşayan, xx xxxxxx 1988-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi və üzərində narkotik vasitə daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlləri ifşa etmək məqsədi ilə ondan və bölmənin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bu səbəbdən 27 mart 2021-cı il tarixdə təxminən saat 15:00 radələrində əlamətləri məlum olan Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında yaxınlaşıb xidməti vəsiqəni göstərək, özlərini təqdim etmiş, həmin şəxsin şəxsiyyətini təsdiq üçün sənəd istəmişlər. O, üzərində sənəd olmadığını bildirirək, özünü 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PB-nə gətirib və dövlət hesabına dəvət edilmiş Bakı şəhəri, Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz gəzdirdiyi əşyaları masanın üstünə qoymaq təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf bükümdə sellofana bükülmüş spesifik iyə malik olan maddəni masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə baxış keçirildikdə digər qanunsuz əşya və maddələr aşkar olunmamışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs, həmin maddə narkotik vasitənin heroin olduğunu və onu Bakı şəhərinin «Kubinka» deyilən ərazidən adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən 15 manata əldə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 26-cı vərəqəsində olan 27 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 66-68-ci vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun 29 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasamal RPİnin MSY-dən azad edilmişdir. Cinayət işinin 69-70-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 29 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında 22 iyul 2021-ci il tarixdə saat 11:00-a təyin olunmuş məhkəmə iclasına məcburi qaydada gətirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmiş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və onun olduğu yer müəyyən edilib məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan 11 avqust 2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli iş üzrə icraatın təzələnməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı həmin tarixdə təzələnmişdir. Cinayət işinin 38-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2021-ci il tarixli, 6/1209 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülən bir ədəd bükümdə təmiz çəkisi 0,382 qram olan bozumtul rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 39-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (bir yüz on dörd) manat təşkil etmişdir. Cinayət işinin 104-108-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 27 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,332 qram çəkidə olan narkotik vasitə heroin və DVD disk sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, DVD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X2 ekspert komissiyasının 19 may 2021ci il tarixli, 1500 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. Cinayət işinin 77-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 aprel 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin 26-cı PBnin təhqiqatçısı, polis kapitanı İlqar Səfərovun əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı İlqar Səfərovun qarşısında sağ tərəfində masa arxasında əyləşmiş şəxs, 24 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçidur. Təhqiqatçının sol tərəfində Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 onun yanında şübhəli şəxs Təqsirləndirilən şəxs, ondan sonra isə Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 dayanmışdır. Video çəkilişin davamında təhqiqatçı İlqar Səfərov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs, əynindəki qara rəngli idman şalvarının sağ yan bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş kütləni çıxarıb masanın üzərinə qoydu. Sorğu zamanı bükülünün içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olduğunu, həmin narkotik vasitəni Kubinka adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirdi. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirələn baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmadı. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs R.B.Qafarova təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun 27 mart 2021-ci il tarixdən 29 mart 2021-ci il tarixədək, yəni 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 11 avqust 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X2 ekspert komissiyasının 19 may 2021-ci il tarixli, 1500 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,332 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili L.N.Mənsurovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili L.N.Mənsurovaya məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdən 29 mart 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,332 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar