Məhkəmə qərarları › İş №1(004)-244/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-244/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-244/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməkləməşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 22 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Şamaxinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən xeyli miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,173 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısına daşımış, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən o, şübhəli hərəkət etdiyi üçün saat 21:00-da saxlanılaraq 29-cu PŞ-nə dəvət edilmiş və həmin gün PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,173 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olduğu üçün narkotik vasitə heroin istifadə edir. 22 yanvar 2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisindəki "Şamaxinka" adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 10 manata bir ədəd göy rəngli siqaret qutusunun kağızına bükülmüş narkotik vasitə heroin almışdır. Qeyd etdiyi narkotik vasitə heroini şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Həmin tarixdə saat 21:00-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmişdir. Yolda olarkən xidməti avtomobildə polis əməkdaşlarından birinin diqqəti onun üzərində olduğu üçün o, üzərində saxladığı, içərisində narkotik vasitə olan 01 ədəd bükümü özümdən kənara atmaq imkan tapa bilməmişdir. Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-nin inzibati binasında xidməti otaqlardan birində onun hüquqlarının müdafiə olunmasından ötrü vəkil dəvət olunaraq ona təqdim edilmişdir. O, həmin vəkilə hüquqlarını müdafiə etməsinə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq, şübhəli şəxs qismində tutma haqqında qərarla tanış edilmişdir. Bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü şəkildə təqdim etməyini təklif etmişdilər. O, artıq ifşa olunduğunu başa düşərək, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı narkotik vasitə heroin olan 01 ədəd bükümü çıxarıb könüllü olaraq masanın üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. O, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni saxlanılmazdan əvvəl, yəni tanımadığı şəxsdən öz istifadə etmək üçün 10 manat pulun müqabilində aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmışdır, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi içərisində narkotik vasitə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və onun tərəfındən imzalanmışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş və iştirakçılar və onun tərəfındən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 22 yanvar 2025-ci il tarixdə saat 21:00 radələrində Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞnin CA üzrə kiçik inspektoru polis serjantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 5 ünvanının qarşısında olan zaman piyada hərəkət edən bir nəfər şəxsin özünü şübhəli aparması diqqətlərini cəlb etmişdir. Bundan sonra həmin şəxsə yaxınlaşaraq, onlar özlərini təqdim etmişlər. Saxladıqları şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra onu Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşmış və onlarla birlikdə həmin polis bölməsinin inzibati binasına gəlmişdir. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin göy rəngli kağıza bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Təqdim edilən həmin büküm Təqsirləndirilən şəxsla digər iştirakçıların gözü qarşısında açılan zaman içərisində tozkristal şəkilli, qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə hesab olunan heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bükümün içərisində olan narkotik maddənin konkret nə olması və haradan əldə edilməsi soruşulduqda o, bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan narkotik maddə heroindir və həmin maddəni 22 yanvar 2025-ci il tarixdə saat təxminən 17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidən üzdən tanıdığı, adını ve anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul ödəyərək aldığın və satış məqsədi olmadan üzərində daşıyaraq saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 82-84-cü vərəqlərində olan ifadəsində bildirmişdir ki, 29-cu Polis Şöbəsinin polis sahə inspektoru Şahid1 ilə birgə xx.xx.2025-ci il tarixdə saat 21 radələrində inzibati ərazidə xidmət apararkən ünvan 2 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə etmiş və ona yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxslə profilaktik söhbət aparmışlar. Profilaktik söhbət zamanı şəxsin özünü şübhəli aparışını davam etdirməsi səbəbilə onu Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə olduqları zaman həmin şəxsin xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, ünvan 6 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf etdiyi üçün Polis Şöbəsinin inzibati binasında, xidməti otaqlardan birində, hüquqlarının müdafiəsi məqsədilə ona vəkil təqdim olunmuşdur. Təqsirləndirilən şəxs vəkil təqdim edildikdə, o, təqdim olunmuş vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq, hüquq və vəzifələri izah edildikdən sonra, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet varsa, könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunun göy rəngli kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə – heroin olduğunu, onu 22 yanvar 2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərazidən tanımadığı şəxsdən 10 manat müqabilində əldə etdiyini və şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Təqdim olunmuş 1 ədəd bükümə baxış keçirilərkən, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik, narkotik vasitə heroinə bənzər maddə olduğu aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş və içərisində narkotik vasitəyə bənzər maddə olan 1 ədəd büküm sübut əhəmiyyəti daşıdığından, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair protokol tərtib edilmiş və şübhəli şəxs ilə digər iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin göy rəngli kağıza bükülmüş bükülünü çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olduğunu həmin narkotik vasitəni 22 yanvar 2025-ci il tarixdə saat təxminən 17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidən üzdən tanıdığı, adını ve anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul ödəyərək aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd göy rəngli kağıza bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində toz-kristal şəkilli, qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə hesab olunan heroinə bənzər maddə olması aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (i.v. 25-26) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin narkotik vasitələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 23 yanvar 2025-ci il tarixli 6/344 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,173 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azerbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasınin ərazisində, dövriyyəsi qadağan edilən narkotik vasitələri”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 34-36) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 nəticələrinə dair 23 yanvar 2025-ci il tarixli 355 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 60-61) “Diskə baxış keçirilməsi haqqında” 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, həmin fayla baxış keçirən zaman, Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim edir və həmin bükümün içərisində narkotik maddə olan heroin olmasını, həmin narkotik maddəni saxlanılmazdan əvvəl, yəni 22 sentyabr 2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Şamaxinka» deyilən ərazidən tanımadığı şəxsdən 10 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını polis əməkdaşlarına bildirir. Daha sonra Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik maddə olan heroinə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb 169 saylı möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır. (i.v. 87) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,173 qram, tədqiqatdan sonra qalıq qalmış 0,123 qram narkotik vasitə heroin, bir ədəd DVD-R disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır.(i.v. 88- 92) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 83-cü qrafasına əsasən təmiz halda 0,15 qram heroin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan metafetaminin təmiz çəkisi 0.173 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 22 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 20) “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və sonuncu Yasamal RPİ-nin MSY-dən azad olunmuşdur. (i.v. 66-68) “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 69-71) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 12 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (i.v. 78) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-244/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və sonuncu barəsində axtarış elan olunmuşdur. 06 may 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-244/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 7 ünvanının qarşısında saxlanılaraq həmin şöbəyə gətirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdən 24 yanvar 2025-ci il tarixədək 02 (iki) gün və həbsdə saxlanıldığı 06 may 2025-ci il tarixdən 08 may 2025-ci il tarixədək olan 02 (iki) gün, cəmi 04 (dörd) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini günün müəyyən saatlarında tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.123 qram qalıq çəkisi olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilsin. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli iclaslarında iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci i tarixli iclasında iştirak etdiyi 05 (beş) saata görə 55 (əlli beş) manat olmaqla, cəmi 175 (bir yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 22 yanvar 2025-ci il tarixdən 24 yanvar 2025-ci il tarixədək 02 (iki) gün və həbsdə saxlanıldığı 06 may 2025-ci il tarixdən 08 may 2025-ci il tarixədək olan 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.123 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmənin xx.xx.2025-ci il tarixli xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli iclaslarında iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat və məhkəmənin xx.xx.2025-ci i tarixli iclasında iştirak etdiyi 05 (beş) saata görə 55 (əlli beş) manat olmaqla, cəmi 175 (bir yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar