Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-246/2024 23.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs X6 və onun müdafiəçisi, Bakı şəhəri “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X2 xx.xx.1976-cı ildə Şamaxı rayonunda anadan olmuşdur. Hazırda ünvan 2 ünvanında qeydiyyatdadır, evlidir. "xxxx" MMC-də baş direktor vəzifəsində çalışır. Bu günədək işlədiyi dövrdə ondan zərrə qədər də olsa hər hansı şikayət və narazıçılıq olmamışdır. Faktiki olaraq rəhbərlik etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti uzun müddətdir ki, Bakı şəhərində fəaliyyət göstərən və özündə peşəkar işçi komandasını birləşdirən tikinti şirkətidir. Şirkətin əsas fəaliyyət istiqamətini yeni yaşayış kompleksinin salınması və yaxud mövcud köhnə tikililərin sökülüb əvəzində yeni və müasir tələblərə cavab verən binaların inşa edilməsi təşkil edir. Yarandığı gündən yüksək keyfiyyəti, davamlı inkişafı və peşəkarlığı əsas tutan şirkət fəaliyyət göstərdiyi illər ərzində Bakı şəhərində bir çox yaşayış komplekslərinin layihələndirilməsi, tikintisi və təmirini həyata keçirmiş, bir tikinti şirkəti olaraq Bakı şəhərinin müasir görkəm alması istiqamətində əhəmiyyətli işlər görmüşdür. Qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 150 nömrəli və xx.xx.2022-ci il tarixli, 265 nömrəli Sərəncamlarına əsasən "xxxx" MMC-yə 623 saylı məhəllə, Z.Əhmədbəyov, İ.İsmayılov, C.Məmməquluzadə, İ.Əbilov, S.Salayev, F.İbrahimbəyov, M.Naxçivani və Ə.Abdullayev küçələrinin əhatəsində yerləşən cəmi 5,29 ha torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Artıq 1 ildən artıq müddətdir ki, şirkətin əməkdaşları ilə həmin ərazidə yaşayan sakinlər arasında danışıqlar aparılır, onların mülkiyyətində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin sökülməsi, onun əvəzində mövcud ərazinin ümumi sahəsindəndən 20 faiz və daha çox sahəyə malik yaşayış və ya qeyri-yaşayış sahələrinin verilməsi, bina tikilib istifadəyə verilənə qədər vətəndaşlara kirayə haqlarının verilməsi və digər məsələləri əhatə edən ilkin köçürmə müqavilələri bağlanır. Onların irəli sürdükləri şərtlərdən narazı olan bəzi sakinlər cari ilin müxtəlif vaxtlarında şirkətin tikinti ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu M.Naxçivani və Ə.Abdullayev küçələrinin kəsişməsinə media nümayəndələrini dəvət etmiş və həqiqəti əks etdirməyən məlumatlar səsləndirmişlər. Barəsində şikayət verilmiş şəxs olan X6 isə nəinki həqiqəti əks etdirməyən yalan məlumatlar səsləndirmiş, o, onun ünvanına təhqiredici və böhtan xarakterli ifadələr səsləndirmişdir. Rəhmanova Sevincin çıxışları müxtəlif internet kanalları vaitəsilə yayımlanmış və geniş izləyici kütləsinə çatdırılmışdır. Həmin çıxışlarda Rəhmanova Sevinc tərəfindən haqqında səsləndirilən nalayiq ifadələri diqqətə çatdırır. “Kanal 13 Xəbər” adlı Youtube kanalında xx.xx.2023-cü il tarixində yayımlanan videonun 4:28-ci dəqiqəsində onu “biqeyrət və binamus” adlandırmışdır (həmin Youtube kanalının ümumi 401 000 nəfər abunəçisi var, video 14 000 dəfə izlənilib, 100-dən artıq şərh yazılıb); “Kanal 13 Xəbər” adlı Youtube kanalında 11,06.2023-cü il tarixində yayımlanan videonun 12:28-ci dəqiqəsində “pulun yoxdur, rədd ol, çıx get” ifadəsini, həmin videonun 26:34-cü dəqiqəsində “gedirik Rəfailin başına daş salmağa”, həmin videonun 43:11-ci dəqiqəsində “bunlar maşennikdirlər, quldurdular, hamısının əli qandadır, gəliblər camaatı yerlə-yeksan etməyə” ifadələrini, həmin videonun 43:48-ci dəqiqəsində “bunlar dovşandır, Rafaeollo çıx bayıra, çıxmır qorxur” ifadələrini işlətmişdir (həmin Youtube kanalının ümumi 401 000 nəfər abunəçisi var, video 5 400 dəfə izlənilib, 20-dən artıq şərh yazılıb); “Azad söz” adlı facebook səhifəsində xx.xx.2023-cü il tarixində yayımlanan videonun 4:07-ci dəqiqəsində onun ünvanına “psixdiye bu Allaha and olsun, başı xarabdır bunun, getsin girsin dəlixanaya” ifadələrini işlədən zaman jurnalist ondan soruşur ki, “söhbət kimdən gedir?”, bu suala cavab olaraq R.Sevinc bildirir ki, “RR şirkətinin Rəfaili” deyə cavab vermişdir. Həmin videonun 4:21-ci dəqiqəsində “getsin Şamaxıda tiksin, nəslinə də yaxın olar, cinsinə də” həmin videonun 5:43-cü dəqiqəsində “bu lotudur, gəlib başımıza oyun açsın” ifadələrini işlətmişdir (həmin Facebook səhifəsinin ümumi 457 807 nəfər izləyicisi var, video 173 590 dəfə izlənilib, 600-dən artıq şərh yazılıb); “Abzasmedia” adlı səhifənin xx.xx.2023-cü il tarixində yayımladığı videonun 18:45-ci dəqiqəsində onun ünvanına “İlham Əliyevin düşmənidir, o deyir ki, İlham Əliyev mənə heçnə edə bilməz” ifadələrini işlətmişdir (həmin Facebook səhifəsinin ümumi 112 951 nəfər izləyicisi var, video 55 753 dəfə izlənilib, 100-dən artıq şərh yazılıb). Hesab edir ki, Rəhmanova Sevinc tərəfindən barəsində səsləndirilən aşağıdakı ifadələr təhqirdir: “biqeyrət və binamus”; “pulun yoxdur, rədd ol, çıx get”; “gedirik Rəfailin başına daş salmağa”; “bunlar dovşandır, Rafaeollo çıx bayıra, çıxmır qorxur”; “psixdiye bu Allaha and olsun, başı xarabdır bunun, getsin girsin dəlixanaya”; “getsin Şamaxıda tiksin, nəslinə də yaxın olar, cinsinə də” (Qeyd: cins sözü itə aid olan bir məfhumdur, insana yox). Hesab edir ki, Rəhmanova Sevinc tərəfindən barəsində səsləndirilən aşağıdakı ifadələr böhtandır: “bunlar maşennikdirlər, quldurdular, hamısının əli qandadır, gəliblər camaatı yerlə-yeksan etməyə”; “bu lotudur, gəlib başımıza oyun açsın”; “İlham Əliyevin düşmənidir, o deyir ki, İlham Əliyev mənə heçnə edə bilməz”. Göründüyü kimi, göstərilən məlumatlar həqiqətə uyğun deyil, ona qarşı təhqir və böhtandır ki, bu da məhkəmə tərəfindən araşdırılmaqla qanunamüvafiq tədbirlər görülməlidir. Çünki, Rəhmanova Sevinc öz yalan, böhtan və təhqir dolu statusunda şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, cəmiyyət içərisində onu nüfuzdan salan məlumatları yaymış, lakin həmin məlumatların həqiqət oimasını təsdiq edən heç bir sübut və mənbə göstərməmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, Rəhmanova Sevincin hərəkətləri nəticəsində o, arzuolunmaz vəziyyətə düşüb, onun barəsində bu cür yalan məlumatlar yayımlanması rəhbərlik etdiyi müəssisədə, cəmiyyət içərisində onun nüfuzuna ciddi xələl gətirmiş, xüsusilə ailəsinin psixologiyasına pis təsir göstərmiş, qanuni hüquqlarının və mənafeyinin pozulması ilə yanaşı, ailəsi onunla birgə mənəvi iztirab keçirmiş, əzab çəkmişdir. Hansı ki, ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Bundan başqa, yuxarıda qeyd etdiyi kimi o, cəmiyyət arasında gördüyü işlər, həyata keçirdiyi layihələrlə nüfuz qazanan insandır. Bu hal onun işgüzar nüfuzuna xələl gətirmiş, şərəf və ləyaqətini alçaltmışdır. Həmçinin, Rəhmanova Sevincin hərəkətləri nəticəsində ona fiziki iztirablar formasında da mənəvi zərər vurulmuşdur. Ona görə də hesab edir ki, onun barəsində təhqir və böhtan xarakterli məlumatlar yayan Rəhmanova Sevinc qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməlidir. Yuxarıda qeyd etdiyi kimi barəsində şikayət verilən şəxs onun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan, həmçinin təhqir, yəni kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları “Kanal 13 Xəbər” adlı Youtube kanalında, “Azad söz” adlı facebook səhifəsində, “Abzasmedia” adlı səhifəsində yaymaqla öz hərəkətində Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddəsində qeyd olunmuş cinayət əməllərini törətmişdir. Onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, barəsində təhqir və böhtan xarakterli məlumatlar yaymış X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2023-cü il tarixində “Kanal 13 Xəbər” adlı Youtube kanalında “biqeyrət və binamus”, “pulun yoxdur, rədd ol, çıx get”; “gedirik Rəfailin başına daş salmağa”; “bunlar dovşandır, Rafaeollo çıx bayıra, çıxmır qorxur”; “psixdiye bu Allaha and olsun, başı xarabdır bunun, getsin girsin dəlixanaya”; “getsin Şamaxıda tiksin, nəslinə də yaxın olar, cinsinə də”; “bunlar maşennikdirlər, quldurdular, hamısının əli qandadır, gəliblər camaatı yerlə-yeksan etməyə”; “bu lotudur, gəlib başımıza oyun açsın”; “İlham Əliyevin düşmənidir, o deyir ki, İlham Əliyev mənə heçnə edə bilməz” kimi ifadələri işlətməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. X4 törətdiyi cinayət əməli məhkəmə linqvistik ekspertizasının rəyi və digər iş materialları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi Nümayəndə xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək, bildirmişdir ki, işə video-materiallar da əlavə olunub, hesab edir ki, Rəhmanova Sevinc tərəfindən Abdullayev Rəfail barəsində “biqeyrət”, “binamus”, “pulun yoxdur, rədd ol, çıx get”, “gedirik Rafaelin başına daş salmağa”, “Rafael dovşandır, psixdir”, “başı xarabdırsa, getsin girsin dəlixanaya”, “Getsin Şamaxıda tiksin, nəslinə də yaxın olsun, cinsinə də yaxın olsun”. Hesab edir ki, bu ifadələr təhqir xarakterlidir, daha sonra “bunlar maşennikdir, quldurdur, gəliblər camaatı yerləyeksan etməyə”, “bu lotudur, gəlib başımıza oyun açsın”, “İlham Əliyevin düşmənidir”, “o deyir ki, İlham Əliyev mənə heç nə edə bilməz” - bunlar hamısı böhtandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 verilmiş şikayət üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, göstərilən ifadələrin xüsusi ittihamçının ünvanına söylədiyini təsdiq edir. O Rafaeli Youtube-da görəndən sonra nə deyə bilər, qeyrətli deyə bilməz. Rafaelə demişdir Rafaello, Rafaello pis söz deyil ki, konfetdir. O, onun anasını, atasını, nəslini, cinsini söyməmişdir. Demişdir ki, nəslinə, cinsinə getsin Şamaxıda tiksin. Bu vətəndaş, vəkil deyir ki, cins paroda deməkdir. Məhkəmədən sonra bu insan qonşusunun qohumunu vurmuşdular, o, ona görə bayıra çıxmışdır, bilmir şikayət yazıb ya yazmayıb, bu insan ona yaxınlaşıb ki, o niyə bura gəlib, o deyildir mi ona yalvaran, ağlayan? Onu təhrik edirdi bunlara bu sözləri deməyə. Məhkəmə iclasında iştirak edən Müdafiəçi bildirmişdir ki, böhtan məsələsi ilə bağlı məsuliyyət hesab edir ki, onu yayan media subyektlərinə aiddir. Çünki “Media haqqında” Qanuna əsasən yalan və böhtan xarakterli məlumatları yaymağa görə onlar Cinayət Məcəlləsi və digər qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Xanım o çıxışı etmiş olsa belə onu özü şəxsən yaymayıb, media subyektləri, hansı ki orada adı çəkilib Youtube kanalları, Facebook səhifələri tərəfindən yayılıb. Əgər onları narahat edən məsələ məruz qaldıqları böhtanın yayılması məsələsi olsaydı, onlar həmin subyektləri məhkəməyə verərdilər. Onların sırf Sevinc xanım barəsində şikayət etmələrindən görünür ki, onların məqsədi xanımla qərəz aparmaqdır. O mənada qərəz ki, məqsədləri xanımı mülki mübahsələr üzrə sıxışdırmaq, razılığa gəlmək məcburiyyətində qoymaqdır. Onlar əslində heç də özlərini böhtana və təhqirə məruz qalmış hesab etmirlər. Çünki onlar alqı-satqı müqaviləsində xanımı öz şərtlərinə razı salmağa çalışırlar və ona təklif də ediblər ki, onların şikayəti geri götürməklərini üçün onun şərtləri ilə razılaşsın. Ona görə hesab edir ki, ümumiyyətlə, bu şikayət əsassızdır, böhtan hissəsində də cinayət əlamətləri yoxdur, çünki orada yayma hərəkətini xanım həyata keçirməyib. Yayma media subyektlərinə aid olan hərəkətdir, burada cinayətin obyektiv cəhəti yoxdur. Təhqir hissəsində isə maddədə də qeyd olunur ki, orada qəsd yoxdur, bu xanımın məqsədi kimisə təhqir etmək deyil, bu xanım həmin adamı əvvəldən tanımayıb, onunla münasibəti olmayıb, onun üçün hər hansı bir yad şəxsdir, onun məqsədi sadəcə özünü onların qanunsuz hərəkətlərindən müdafiə etmək olub, çünki onlar daxil olaraq onu sıxışdırıblar, təhdid ediblər, hədə-qorxu gəliblər, öz şərtlərinə razı salmağa çalışıblar. Bundan əlavə onların yaşadığı ərazidə apardığı söküntü işləri xanımın həyat şəraitini olduqca ağır vəziyyətə salmışdır, çünki xanım özü İİ qrup əlildir, sağlamlığının 60-80%-dək itirmiş şəxsdir, o gözünə görə əlildir. Xanım həmişə infrastrukturun dağılması ilə bağlı əziyyət çəkib. O, emosional olub, öz çıxışında ehtiyyatsızlıqdan kobud ifadələrə yol vermiş ola bilər, amma orada birbaşa olaraq məqsədi kimisə təhqir etmək olmayıb. Ona görə hesab edir ki, orda da xanım təqsirli deyil. CPM-nin 34.2-ci maddəsinə qaldıqda isə, tərəf özü də bildirib ki, əvvəl eyni şikayəti veriblər, hesab edir ki, orda artıq mübahisə yoxdur. İş materiallarında olan: Məhkəmə tərəfindən təyin olunmuş və məhkəmə istintaqı zamanı araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2024-cü il tarixli, 4/997 saylı rəyindən görünür ki, “ay biqeyrət”, “ay binamus” , “Psixdiye bu Allaha and olsun, başı xarabdır bunun, getsin girsin dəlixanaya; Bunlar maşennikdilər, quldurdular, hamısının əli qandadır, gəliblər camaatı yerlə-yeksan etməyə; Bu lotudur, gəlib başımıza oyun açsın; Bunlar dovşandır,Rafaello çıx bayıra, çıxmır qorxur” şəklində deyilmiş söz və ifadələr linqvistik baxımdan yanaşdıqda şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan, onu nüfüzdan salan məlumatlar kimi dəyərləndirilməlidir. Məhkəmə iclasında flash disk tədqiq edilmiş və ona cinayət prosesi tərəflərinin iştirakı ilə baxış keçirilmişdir. Həmin video görüntülərdə X6 “Kanal 13 Xəbər” adlı Youtube kanalında xx.xx.2023-cü il tarixində “biqeyrət və binamus”, “Kanal 13 Xəbər” adlı Youtube kanalında xx.xx.2023-cü il tarixində “pulun yoxdur, rədd ol, çıx get” ifadəsi, “gedirik Rəfailin başına daş salmağa”, “bunlar maşennikdirlər, quldurdular, hamısının əli qandadır, gəliblər camaatı yerlə-yeksan etməyə” ifadələrini, “bunlar dovşandır, Rafaeollo çıx bayıra, çıxmır qorxur” ifadələri, “getsin Şamaxıda tiksin, nəslinə də yaxın olar, cinsinə də” “bu lotudur, gəlib başımıza oyun açsın” ifadələrini, həmçinin “Azad söz” adlı facebook səhifəsində xx.xx.2023-cü il tarixində yayımlanan videoda “psixdiye bu Allaha and olsun, başı xarabdır bunun, getsin girsin dəlixanaya” ifadələrini işlətmişdir, “Abzasmedia” adlı səhifədə xx.xx.2023-cü il tarixində “İlham Əliyevin düşmənidir, o deyir ki, İlham Əliyev mənə heçnə edə bilməz” ifadələri işlədərək təhqiredici və böhtan xarakterli məlumatları yaymışdır. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, qeydə alınmış videoyazılara, ekspert rəyinə, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin X6 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə tövsif edilir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X6 xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə “Youtube” internet sosial şəbəkəsində yayımlanan videolarda xüsusi ittihamçının ünvanına onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan və onu nüfuzdan salan ifadələr işlətmişdir. Belə ki, “biqeyrət və binamus”, “bunlar dovşandır, Rafaeollo çıx bayıra, çıxmır qorxur”; “psixdiye bu Allaha and olsun, başı xarabdır bunun, getsin girsin dəlixanaya” kimi ifadələr təhqir hesab edilir. Həmçinin məhkəmə hesab edir ki, “bunlar maşennikdirlər, quldurdular, hamısının əli qandadır, gəliblər camaatı yerlə-yeksan etməyə”; “bu lotudur, gəlib başımıza oyun açsın” kimi ifadələr böhtan hesab edilir. Məhkəmə bir daha qeyd edir ki, göstərilən ifadələrin şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldan, şəxsiyyəti nüfüzdan salan məlumatlar kimi dəyərləndirilməsi müvafiq ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi « ...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,...qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər». Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkib əlamətləri vardır. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o, halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Bundan əlavə, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”da və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CMin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan AR ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-17-7/2-R- 39920/2024 saylı arayışının sürətindən görünür ki, X6 2-ci dərəcə əlildir. Məhkəmə, təqsirləndirilən şəxs X4 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və 2-ci dərəcəli əlil olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X4 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, X4 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və cəzanın məqsədi ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və X5 cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, 01 ədəd flash disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək, CM-in 147.1-ci maddəsi ilə 1.000 (bir min) manat miqdarında cərimə cəzasına və CM-in 148-ci maddəsi ilə 1.000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X5 qəti olaraq 1.300 (bir min üç yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 150 (bir yüz əlli) manat X3 tutulub dövlət nəfinə keçirilsin. X5 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Ruslan Vəliyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-246/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-246/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver