Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-247/2021 02.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olmuş, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Beləki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 aprel 2021-ci il tarixdə saat 21 radələrində müştəri qismində gəldiyi Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 147 A nömrəli ünvanda yerləşən “Qoç Ət” adlı restoranının birinci mərtəbəsindəki ümumi zala daxil olaraq mərkəz hissədə olan asılqana yaxınlaşıb orada asılmış vəziyyətdə olan gödəkçənin sinə cibində pul qabının olmasını müəyyən etdikdən sonra yaxınlıqdakı masada əyləşən müştərilərin qalxmasıdan istifadə edərək həmin asılqana yaxınlaşıb Zərərçəkmiş şəxs məxsus olan gödəkçənin sinə cibindən içərisində 520 (beş yüz iyirmi) manat məbləğində pul və milli məzənnə ilə 255 (iki yüz əlli beş) manat təşkil edən 150 (yüz əlli) ABŞ dolları olan 80 (səksən) manat dəyərindəki dəri materialdan olan “Fıocchı” markalı pul qabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 855 (səkkiz yüz əlli beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yasamal rayon məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 2 ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. O əvvəllər müxtəlif kafe və restoranlarda masa xidmətçisi kimi işləsə də son günlərdə iş tapmaqda çətinlik çəkdiyi üçün maddi sıxıntıları yaranmışdır. Bu səbəbdəndə 24 aprel 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Qoç Ət” adlı restorana müştəri kimi daxil olaraq orada olan asılqanların birində gödəkçə asılmasını görüb həmin gödəkçənin cibində pul olduğu tədqirdə həmin pulu götürməyi düşünmüşdür. Lakin həmin vaxt gödəkçə asılmış asılqanın yanındakı masada üç nəfər müştəri əyləşdiyindən o, ortalıqda gəzib şübhə çəkməmək üçün əynində olan gödəkçəni çıxararaq həmin asdıqdan asıb sonra üzərinə yemək siyahısı kitabçalarının qoyulduğu masaya yaxınlaşıb guya ki, yemək siyahısı kitabçasındakı qiymətlərə nəzər yetirirmiş kimi hərəkətlər edərək asılqanın yanındakı masada əyləşən şəxslərin qalxmasını gözləmişdir. Təxminən bir necə dəqiqə sonra həmin şəxslər masadan qalxdığından o, ətrafa diqqətlə nəzər yetirib heç kimin onu görmədiyinə əmin olduqdan sonra asılqana yaxınlaşaraq həmin gödəkçənin sinə cibində olan pul qabını ani olaraq götürüb dərhal yanaşı asılmış özünə məxsus olan gödəkçənin cibinə qoyaraq həmin gödəkçəni asılqandan götürüb geyinib iti yerişlə pilləkənlərlə yuxarı qalxıb oradan uzaqlaşmışdır. Bundan sonra o restorandan çıxıb yolun qarşı tərəfinə keçərək məhəllələrin arasına doğru hərəkət etmişdir. Müəyyən məsafə uzaqlaşdıqdan sonra yaşayış binalarından birinin həyətinə keçərək oğurladığı pul qabını açıb içərisinə baxan zaman orada 520 manat və 150 ABŞ dolları məbləğində pulun, müxtəlif bank kartlarının və şəxsiyyət vəsiqəsinin olduğunu görmüşdür. Bundan sonra o həmin pulları götürüb bank kartları və şəxsiyyət vəsiqəsi olan pul qabını kiminsə tapıb sahibinə qaytarması niyyəti ilə gözlə müşahidə olunan yerə tullayaraq oradan uzaqlaşıb kirayə yaşadığı evə getmişdir. Evə çatdıqdan sonra oğurladığı pullardan 100 ABŞ dollarını özünə məxsus pul qabının içərisinə qoyub, 520 manat məbləğində pulu və 50 ABŞ dollarını cibinə qoyaraq evi tərk etmişdir. Bundan sonra o “Salam” adlı mehmanxanaya getmiş və orada 200 manat məbləğində pul xərcləmişdir. Səhərisi gün isə yəni 25 aprel 2021-ci il tarixdə “Relax” adlı gecə klubuna gedərək orada əylənməyinə, bundan əlavə isə gündəlik siqaret və ərzaq məhsullarının alınması ilə əlaqədar 343 manat məbləğində pulu xərclədikdən sonra oğurladığı pullardan üzərində cəmi 62 manat məbləğində pul və evdə saxladığı 100 ABŞ dolları qalmışdır. 27 aprel 2021-ci il tarixdə saat 10 radələrində isə yaşadığı evin yaxınlığında hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Yasamal rayon Polis Bölməsinə dəvət edilmişdir. Daha sonra isə oğurladığı pullardan qalan 62 manat məbləğində pulu və evdə saxladığı 100 ABŞ dollarını təhqiqatçıya təqdim etmişdir. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş səxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 aprel 2021-ci il tarixdə saat 19 radələrində tanışları Şahid2 və Şahid1lə birlikdə şam etmək üçün Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının qarşısındakı ”Qoç Ət” adlı restorana getmişlər. Onlar həmin restoranın birinci mərtəbəsinə enib masalardan birinə yaxınlaşdıqdan sonra o, içərisində 520 manat məbləğində pul, 150 ABŞ dolları, özünə məxsus şəxsiyyət vəsiqəsi və bank kartları olan pul qabını gödəkçənin sinə cibinə qoyaraq çıxarıb asılqana asmış və həmin asılqanın yanındakı masada əyləşərək şam etmişlər. Təxminən üç saat sonra yəni saat 22 radələridə o, hesabı ödəmək istəyən zaman pul qabının gödəkçənin cibində olmadığını aşkar edib dərhal bu barədə restoranın inzibatçısına məlumat vermişdir. Bundan sonra onun da iştirakı ilə restoranda olan kamera qurğuları vasitəsi ilə qeyd edilən görüntülərə baxış keçirilən zaman bir nəfər şəxsin saat təxminən 21 radələrində restorana daxil olaraq onlar əyləşdiyi zala gəlməsi, bundan sonra əynində olan qolsuz gödəkçəni çıxarıb onun gödəkçəsinin yanına asması və bir neçə dəqiqəlik kənara uzaqlaşması, sonra isə yenidən onların masasının yanındakı asılqana yaxınlaşaraq onun gödəkçəsinin cibindən pul qabını götürüb yanaşı asdığı özünə məxsus olan qolsuz gödəkçənin cibinə qoyması və ani məqamda özünə məxsus olan gödəkçəni geyinib pilləkənlərlə qalxaraq restorandan uzaqlaşması ona məlum olmuşdur. Bundan sonra isə o, baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. Bununla bağlı aparılan araşdırma zamanı 26 aprel 2021-ci il tarixdə içərisində şəxsiyyət vəsiqəsi və bank kartları olan pul qabı tapılmış, 27 aprel 2021-ci il tarixdə isə cinayət əməli törətmiş şəxs tutulmuşdur. Ondan oğurlanmış pul qabının dəyəri isə 80 manat təşkil etmiş, icərisində isə 520 manat məbləğində pul beş ədəd 100 manatlıq və bir ədəd 20 manatlıq əskinaslarla, 150 ABŞ dolları isə bir ədəd 100 ABŞ dolları və bir ədəd 50 ABŞ dolları əskinaslarla olmuşdur. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın qismən ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 24 aprel 2021-ci il tarixdə saat 19 radələrində tanışları Zərərçəkmiş şəxs və Şahid2la birlikdə şam etmək üçün Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının qarşısındakı ”Qoç Ət” adlı restorana getmişlər. Onlar həmin restoranın birinci mərtəbəsinə enərək masalardan birinə yaxınlaşdıqdan sonra tanışı Zərərçəkmiş şəxs gödəkçəsini çıxarıb asılqana asmış və həmin asılqanın yanındakı masada əyləşərək şam etmişlər. Təxminən üç saat sonra yəni saat 22 radələrində Zərərçəkmiş şəxs hesabı ödəmək istəyən zaman özünə məxsus pul qabının gödəkçənin cibində olmamasını aşkar edərək dərhal bu barədə restoranın inzibatçısına məlumat vermişdir. Zərərçəkmiş şəxs pul qabının içərisində 520 manat məbləğində pul və 150 ABŞ dolları, həmçinin özünə məxsus şəxsiyyət vəsiqəsi ilə yanaşı bank kartları olmuşdur. Bundan sonra onların da iştirakı ilə restoranda olan kamera qurğularının qeyd etdiyi görüntülərə baxış keçirilən zaman bir nəfər şəxsin saat təxminən 21 radələrində restorana daxil olaraq onlar əyləşdiyi zala gəlməsini, bundan sonra əynində olan qolsuz gödəkçəni çıxarıb Zərərçəkmiş şəxs gödəkçəsinin yanına asması və bir neçə dəqiqəlik kənara uzaqlaşması, sonra isə yenidən onların masasının yanındakı asılqana yaxınlaşaraq Zərərçəkmiş şəxs gödəkçəsinin cibindən pul qabını götürüb yanaşı asdığı özünə məxsus olan qolsuz gödəkçənin cibinə qoyması və ani məqamda özünə məxsus olan gödəkçəni geyinib pilləkənlərlə qalxaraq restorandan uzaqlaşması onlara məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində şahid qismində dindirilmiş X4 ilə eyni məzmunlu ifadə verərək F.Əliyevin ifadəsində göstərdiklərini öz ifadəsində təsdiq etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 111-112-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 26 aprel 2021-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanda yerləşən iş yerinə gələn zaman yerdə bir ədəd qəhvəyi-qara rəngli pul qabının olmasının şahidi olmuşdur. Ətrafa nəzər yetirib sahibini axtardıqdan sonra həmin pul qabını yerdən götürüb içərisində hər hansı bir sənəd olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə açıb baxdıqda pul qabının içərisində Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və bir neçə bank kartı olmasını görüb bununla bağlı Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsinə məlumat vermişdir. Həmin pul qabının oğurlanması barədə ona məlumat verildikdən sonra isə qeyd edilən pul qabını Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsinin əməkdaşlarına təhvil vermişdir. Bundan başqa heç bir məlumatı yoxdur. Həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 aprel 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri “Elmlər Akademiyası” metro stansiyasının qarşısında yerləşən “Qoç ət” restoranıdır və İsayev bildirmişdir ki, həmin gün axşam saatlarında tanışları ilə birlikdə “Qoç ət” restoranında iftar açmışdırlar. Yeməkdən əvvəl gödəkçəni asılqana asmış sonra hesabı ödəmək istəyərkən cibində olan pul kisəsini oğurlandığını aşkar etmişdir. İsayev pul kisəsindən 520 manat, 150 ABŞ dolları pul və bank kartları, şəxsiyyət vəsiqəsinin olduğunu bildirdi. (i.v. 10-11) “Könüllü təqdim etmə barədə” 26.04.2021-ci il tarixli protokoldan görünür ki, “Universal inkişaf qrupu” firmasının nümayəndəsi Şahid3 işlədiyi ofisin qarşısında vətəndaş Zərərçəkmiş şəxs məxsus içərisində şəxsiyyət vəsiqəsi, bank kartları olan pul kisəsini tapmış, sonra bu barədə 28-ci PB-nin əməkdaşlarına məlumat vermişdir. (i.v. 13-14) “Əskinas pulların təqdim edilməsi haqqında” 27 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Qoç ət” adlı restorandan asılqanda olan gödəkçənin cibindən içərisində 520 manat və 150 ABŞ dolları pul olan pul qabını oğurlaması və həmin pulların əksər hissəsini xərclədiyini bildirib qalıq 62 (altmış iki) manat məbləğində pulu ona təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız pullar bir ədəd 50 (əlli) manatlıq, iki ədəd 5 (beş) manatlıq və iki ədəd 1 manatlıq əskinaslar olmaqla cəmi 62 (altmış iki) manatdır. (i.v. 19) “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 27 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildə olan şkafdan “İtaliano” restoranından oğurladığı mobil telefon və “Qoç ət” restoranından oğurladığı pul kisəsinin içində olan puldan qalan 100 ABŞ dollar pulu könüllü olaraq təqdim etmişdir. (i.v. 21-23) “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 27 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş pul qabılarının içərisində özünə məxsus olan pul qabını xüsusi əlamətlərinə görə tanımışdır. (i.v. 37-39) “Maddi sübut kimi tanınma haqqında” 28.04.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan 100 (yüz) ABŞ dolları və 62 (altmış iki) manat məbləğində pul baxış keçirildikdən sonra maddi sübut kimi tanınaraq ona qaytarılmışdır. (i.v. 65) “DVD-R diskinə baxış keçirilməsi barədə” 29 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 27 aprel 2021-ci il saat 11:30-da Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsinin əməkdaşları və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə yerləşən nömrəsiz mənzildə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında olan dolabın yuxarı gözündə saxladığı özünə məxsus pul qabının içərisindən Zərərçəkmiş şəxs məxsus olan 100 (yüz) ABŞ dollarını çıxararaq təhqiqatçıya təqdim etmişdir. (i.v. 90) “Maddi sübut kimi tanınma haqqında” 29.04.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə üzərində “4.7 GB SP 120 min” söz və rəqəmləri əks olunmuş “Princo” markalı DVD-R diski maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 91-92) “İfadənin yerində yoxlanılması haqqında” 29.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (i.v. 93-94) “CD-R diskinə baxış keçirilməsi barədə” 30 aprel 2021-ci il tarixli protokoldan görünür ki, sonuncu 24 aprel 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 147 A nömrəli ünvanda yerləşən “Qoç Ət” adlı restorana gələrək həmin restoranın birinci mərtəbəsindəki ümumi zalda asılqandan asılmış Zərərçəkmiş şəxs məxsus olan gödəkçənin cibindən pul qabını oğurlayaraq özünə məxsus olan gödəkçənin cibinə qoyub oradan uzaqlaşmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs görüntülərdə qeyd olunan cinayət törətmiş şəxsin özü olmasını etiraf etmişdir. (i.v. 100-101) “Maddi sübut kimi tanınma haqqında” 30 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə üzərində “700 MB 80 MİN 1-52X” söz və rəqəmləri əks olunmuş “Kodak” markalı CD-R diski maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 102-103) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli, 9/2831 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Ekspertiza tədqiqatına tədqiqatına təqdim edilmiş bir ədəd uzun müddət istifadədə olmuş “Fıocchı” markalı 9,5 sm x 11,5 sm ölçülü dəri materialdan hazırlanmış tünd qəhvəyi rəngli pul kisəsinin orta bazar qiyməti təxminən 40,0 manat müəyyən edilir. (i.v. 131-133) “Maddi sübut kimi tanınma haqqında” 03.06.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan “Fiocchi” markalı pul qabı baxış keçirildikdən sonra maddi sübut kimi tanınaraq ona qaytarılmışdır. (i.v. 142) “Sübutların qiymətləndirilməsi haqqında” 05 iyun 2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarına və elan olunmuş ittihamın mahiyyətinə tam uyğun olduğundan işdə olan pulların təqdim edilməsi protokolu, evə baxış keçirilməsi və götürmə aparılması protokolu, zərərçəkmiş şəxsin ifadəsi, əşyanın tanınmaya təqdim edilməsi protokolu, şahid ifadələri, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, ifadələrin yerində yoxlanılması protokolu, baxış keçirilməsi protokolları, CD-R diskinə baxış keçirilməsi protokolu, DVD-R diskinə baxış keçirilməsi protokolu, məhkəmə əmtəəşünaslıq ekspertizasının 31 may 2021-ci il tarixli 9/2831 nömrəli ekspert rəyi və digər istintaq materialları sübut növü kimi qiymətləndirilməklə, iş üzrə maddi sübut kimi tanınmış üzərində “4.7 GB SP 120 min” söz və rəqəmləri əks olunmuş “PRİNCO” markalı bir ədəd DVD-R diskinin və üzərində “700 MB 80 MİN 1-52X” söz və rəqəmləri əks olunmuş “Kodak” markalı CD-R diskinin cinayət işinə əlavə edilmiş, 100 (yüz) ABŞ dolları, 62 (altmış iki) manat məbləğində pulun və bir ədəd “Fıocchı” markalı pul qabının isə Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v. 147-159) Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, ona məxsus olan bir ədəd pul qabı və pul vəsaitləri onun özünə qaytarılmışdır. (i.v. 142) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Tutma haqqında 27.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 dəqiqədə tutulmuş, 28.04.2021-ci il tarixdə saat 17:40-da buraxılmışdır. (i.v. 51-52) “Qətimkan tədbirinin seçilməsi barədə” 28.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 84-85) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 06.05.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (i.v. 113) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan qalıq qalmış 543 manat məbləğində pulun 3 ay müddətinə ödənilməsi barədə razılığa gəlmişlər. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilməsini xahiş etmişdir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Fıocchı” markalı pul qabı, 100 (yüz) ABŞ dolları və 62 (altmış iki) manat məbləğində pul Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, üzərində “4.7 GB SP 120 min” söz və rəqəmləri əks olunmuş “PRİNCO” markalı bir ədəd DVD-R disk və üzərində “700 MB 80 MİN 1-52 X” söz və rəqəmləri əks olunmuş “Kodak” markalı CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Məhkəmə, hazırki iş üzrə ekspertiza tədqiqatının dəyəri 18 may 2021-ci il tarixli 9/2939 nömrəli rəy üzrə 75 (yetmiş beş) manat və 31 may 2021-ci il tarixli 9/2831 nömrəli rəy üzrə 50 (əlli) manat ümumilikdə 125 (bir yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 27.04.2021-ci il tarixdən 28.04.2021-ci il tarixədək 1 (bir) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baki Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Fıocchı” markalı pul qabı, 100 (yüz) ABŞ dolları və 62 (altmış iki) manat məbləğində pul Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, üzərində “4.7 GB SP 120 min” söz və rəqəmləri əks olunmuş “PRİNCO” markalı bir ədəd DVD-R disk və üzərində “700 MB 80 MİN 1-52 X” söz və rəqəmləri əks olunmuş “Kodak” markalı CD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 18 may 2021-ci il tarixli 9/2939 nömrəli rəy üzrə 75 (yetmiş beş) manat və 31 may 2021-ci il tarixli 9/2831 nömrəli rəy üzrə 50 (əlli) manat ümumilikdə 125 (bir yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN**********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun “xxxx” ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ013501**********1944; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-247/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-247/2021
02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver