Məhkəmə qərarları › İş №1(004)-247/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-247/2025

04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-247/2025 04.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:50 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, sonradan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hal-hazırda ƏN Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə etmiş, daşımış və üzərində saxlamışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Kubinka” deyilən ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısfna daxil edilmiş bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,195 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda 20 manat müqabilində əldə edib, ünvan 2 ünvanına daşımaqla üzərində saxlamış, 01 fevral 2025-cü il tarixdə saat 18:40 radələrində Yasamal RPİ-nin 27-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal 27-ci PŞ-nın inzibati binasına gətirilmiş, şöbənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş xeyli miqdarda ümuni təmiz çəkisi 1,195 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, xəstə olduğu üçün narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Rəsmi olaraq heç yerdə işləmir, yaşadığı evin yaxınlığında avtomobillərin parklanmasına nəzarət edir və pul qazanır. Xəstə olduğu üçün bədənində ağrılar olur və bu ağrıları azaltmaq çün narkotik vasitə və ya psixotrop maddələrdən istifadə edir. Adətən psixotrop maddə olan metamfetamindən çəkmək yolu ilə istifadə edir. Mahiyyəti üzrə bildirirmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında “Kubinka” deyilən ərazidə üzdən tanıdığı və əvvəllərdə narkotik vasitə aldığı şəxsdən 20 manat müqabilində bir büküm psixotrop maddə olan “şüşə” alaraq cibinə qoymuş ki, axşam saatlarında istifadə etsin. Həmin gün yəni xx.xx.2025-ci il tarixdə saat 18:40 radələrində “Statistika” deyilən ünvan 2 ünvanında tək dayanmış, bu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduğunu bildirib, özlərini təqdim edərək xidməti vəsiqələrini ona təqdim eləmiş, və ondan adını soruşmuşlar və o adının Elmir olduğunu bildirmişdir. Onlar onun narkotik vasitə və psixotrop maddə istifadə etməyini, psixotrop maddənin təsiri altında olmağınla bağlı şübhəli olduğunu bildirib Yasamal RPİ-nin 27-ci polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Orada onu xidməti otaqların birinə dəvət etmişlər və narkotik vasitələrin qanunsuz saxlanılmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirmiş, ona vəkillər siyahısını təqdim etmişlər və növbədə olan vəkillərdən o Müdafiəçi1 müdafiə etməsini istəmişdir. Bundan sonra vəkilin iştirakı ilə o, şübhəli şəxs qismində tutulma protokolu tərtib edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra onun üzərinə və üzərində olan əşyalara şəxsi axtarış keçiriləcəyini bildirmişlər, Bu zaman təhqiqatçının otağında polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Polis şöbəsində üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyini bildirdikdə o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən saxladığı bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edib içərisində psixotrop maddə vasitə olan “patı” yəni metamfetamin olduğunu bildirib masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və həmin aşkar olunmuş madənin “patı” yəni metamfetamin olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə “Kubinka” adlanan ərazidə üzdən tanıdığı və əvvəllər narkotik vasitə aldığı şəxsdən 20 manat müqabilində əldə etdiyini, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini etiraf etməsini və həmin əməldən peşman olmasını, xəstəliyini və himayəsində yetkinlik yaşına çatmayan bir övladının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin 27-cı PŞ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. xx.xx.2025-ci il tarixdə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan və şöbənin digər əməkdaşı əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və digər əməkdaşla birlikdə məlumat əsasında 01 fevral 2025-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31A ünvanın qarşısında əməliyyat mövqeyi seçmişlər. Həmin gün, yəni saat 18:40 dəqiqədə onlar Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və həmin şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olması barədə məlumat aldıqlarını bildirib baxış keçirilməsi üçün onu birlikdə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs onara etiraz etmədən onlarla birlikdə Yasamal rayon Polis İdarəsinin 27-cı polis şöbəsinə gəlmişlər. Şöbədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Həmin şəxs şöbədə xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquq və vəzifələri izah olunmuç və bundan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirləcəyi bildirmişdir. Bundan sonra video çəkilişdən istifadə edilməklə ilkin olaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin büküm açıldıqda onun içərisində ağ rəngli kristllardan ibarət maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “Şüşə” yəni metamfetamin olduğunu, həmin maddəni 01 fevral 2025-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat mqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə sübut əhəmiyyət kəsb etdiyindən və müvafiq ekspertizanın keçirilməsi üçün təhqiqatçı tərəfindən götürülmüş, zərfə qoyulmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 168 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan tərtib edilmiş protokol iştirakçılar və tərəflərdən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində iş üzrə digər Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01). xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 fevral 2025-ci il tarixdə (saat 18:40 dəqiqədən) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 25). xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması" haqqında protokoldan görünür ki, 01 fevral 2025-ci il tarixdə saat 18:40 radələrində Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 31A ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PŞ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmuş, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edimişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxarıb təqdim edərək içərisində psixotrop maddə olduğunu, həmin gün səhər saatlarında “Kubinka” adlanın ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin siqaret qutusuna baxış keçirilərkən içərisində ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə götürülmüş, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. (İ/V. 35-37). Məhkəmə istintaqı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilən zaman xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması" haqqında protokolda qeyd edilənlər öz təsdiqini tapmışdır. Belə ki, diskdə olan görüntü Yasamal RPİ-nin 27- ci PB-də qeydə alınaraq, Yasamal RPİ-nin 27-ci PŞ-nin CA üzrə ə/m, polis kapitanı Şahid1 və onun yanında həmin PŞ-nın CA üzrə ə/m polis leytenantı Şahid2 iştirakları ilə Yasamal RPİ-nin 27-cı PŞ-nin təhqiqatçısı, polis mayoru Səyyad Gözəlov tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyi müşahidə olunur. Görüntüdə Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunur, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristalşəkilli maddəni masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilir və həmin büküm təhqiqatçı tərəfindən açılır və içərisində ağ rəngli kristal şəkilli maddə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürüldüyü müşahidə olunur. Həmçinin narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edildiyi, protokolun ucadan oxunduğu və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokolandığı müşahidə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 6/441 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 168’ dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözlər, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,195 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-mütamfetamindir. (İ/V. 46-50). Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsin verdiyi xx.xx.2025-cü il tarixli, 558 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs Opiodlərin və Kannabinodilərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 113-114). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-104/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 80-86). Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə isə Nizami Rayon Məhkəməsinin qərarı ilə 01 ay 04 gün vaxtından əvvəl şərti azad edilib. (İ/V. 95-97). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,195 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 1,145 qram psixotrop maddə - metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (İ/V.119-126). Bakı şəhəri Yasamal rayon məhkəməsinin 1(004)-247/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicənin təyin edilə bilməsinə aydınlıq gətirmək məqsədilə ambulator məcburi-narkoloji tibbi ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-dən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli 6187 nömrəli əlavə ambulator məcburi-narkoloji tibbi ekspertizasının rəyindən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. İlkin Ambulator məcburi narkoloji tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs xəstəlikləri barəsində heç bir rəsmi tibbi sənəd ekspertiza komissiyasına təqsim olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 aprel 2000-ci il tarixli 32 saylı əmrinə əlavə olan Narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə yol verməyən xəstəliklərin siyahısının 19-cu bəndinə uyğun olaraq xroniki aktiv Hepatit və Qara ciyər serrozu-portal qan dövranının nəzərə çarpan pozğunluğu ilə olan hissəsinə uyğun olaraq Təqsirləndirilən şəxs son kliniki diaqnozuna əsasən hal-hazırda narkomaniyadan məcburi müalicə olunmasına əks göstərişi vardır. “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 2011-ci il təvəllüdlü Əli adlı bir yetkinlik yaşına çatmayan övladı varıdır. İş materiallarına əlavə olunmuş Ədliyyə nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli 478 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs təcridxananın Tibbi sanitar hissəsində ilin tibbi müayinədən keçirilmişdir və onada “” HİV infeksiyası İİ klinik mərhələ mərhələsi, anqulyar xeylit, xroniki virus hepatit C” aşkar olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlaması özünün etirafı və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 036 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı etiraf etməsi halını, əməlindən peşman olmasını bildirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını və xroniki hepatit və qaraciyər serrozu xəstəliklərindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində - bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş sonradan Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və Azərbaycan Respublikasının CM-nin 18-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halı ona təyin olunacaq cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 1 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsaən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1,145 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Prospekt” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)- 247/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Prospekt” Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 1 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə materiallarında olan məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,145 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntünü əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Prospekt” Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar