Məhkəmə qərarları › İş №1(004)-249/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-249/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-249/2024 16.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Cəbrayıl rayonu Maralyan kəndində anadan olmuş, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Cəbrayıl rayonu, Maralyan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, Ə.Əhmədov küçəsində yarımçıq məktəb binasında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə iş yoldaşı Şahid1 vasitəsi ilə tanıdığı sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 özünə təqaüd düzəldilməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs2 məxsus pulu ǝlə keçirmək məqsədi ilə onu aldadaraq sonuncunun Şahid1 göndərdiyi 2500 manat pulu 10 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2 unvanında yerlşən “Qismət” şadlıq sarayında alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə iş yoldaşı Şahid1 vasitəsi ilə tanıdığı sonuncunun qohumu Zərərçəkmiş şəxs1 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilǝ həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış Zərərçəkmiş şəxs1 pensiya kartı və sosial ev, övladlarına isə uşaq pulu və sosial yardım düzəldilməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs1 məxsus pulları ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə 10 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2 ünvanında yerlşən “Qismət” şadlıq sarayında 2800 manat, 05 fevral 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Bravo” marketin yaxınlığında 1200 manat, 15 mart 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, 20 Yanvar dairəsinin yaxınlığında 1500 manat olmaqla Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 5500 (beş min beş yüz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə Bakı şəhəri Yasamal rayonu “Qismət” şadlıq sarayında onunla birlikdə işləyən iş yoldaşı Səbuhinin vasitəsilə tanış olmuşdur. Səbuhi ilə söhbət edən zaman o, tanışının vasitəsi ilə sosial müavinat və prezident təqaüdü düzəldə bilməkdə köməklik edəcəyini demişdir. Bundan sonra Ramil ona zəng etmiş və onlar telefonla danışmışaraq razılaşmışlar. Yekun olaraq Ramil ona Səbuhinin vasitəsi ilə hazırki ittihamda qeyd edilən məsələ ilə bağlı 2500 manat məbləğində pul vermişdir. Zərərçəkmiş şəxs1 isə 2021-ci ilin noyabr ayından tanımışdır. Belə ki, Mansır Səbuhinin xalası oğludur. O, Mansıra özü üçün pensiya kartı, sosial ev, övladlarına isə uşaq pulu və sosial yardım düzəltdirmək məqsədi ümumilikdə 5500 manat pul vermişdir. Əməlindən peşmandır. Yekun olaraq o, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin noyabr ayında xalası oğlu Səbuhinin vasitəsilə tanış olmuşdur. Göyçəklə söhbət əsnasında Göyçək bildirmişdir ki, 5500 manat pul müqabilində onun yaxın əlaqələri vardır və onun maddi imkanı zəif olduğu üçün ona pensiya kartı, uşaqlarına isə sosial müavinat düzəldə bilər. Bundan sonra o Göyçəyin bu təklifi ilə razılaşaraq ona 5500 manat məbləğində pul vermişdir. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin oktyabr ayında qardaşım Səbuhinin vasitəsilə tanış olmuşdur. Göyçəklə söhbət əsnasında Göyçək bildirmişdir ki, onun yaxın əlaqələri vardır və 2500 manat müqabilində onun hərbidə işlədiyinə və travması olduğunda görə ona prezident təqaüdü düzəldə bilər. Bundan sonra o Göyçəyin bu təklifi ilə razılaşaraq ona 2500 manat məbləğində pul vermişdir. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayının sonlarından etibarən “Qismət” şadlıq sarayında administrator vəzifəsində işləyir. O həmin şadlıq sarayına işə gəldiyi zaman Təqsirləndirilən şəxs həmin şadlıq sarayında işləyirmiş. Təxminən həmin ilin sentyabr ayında işdə olduğu zaman Göyçək onun yanında kimləsə sənədlərin düzəldilməsində köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra Göyçək onun sualına cavab olaraq bildirmişdir ki, tanışları vasitəsi ilə ünvanlı sosial yardım, uşaq pulu, pensiya düzəltməklə məşğul olur. Bundan sonra Zərərçəkmiş şəxs1 və Şahid1 Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Bundan sonra pensiya duzətmək üçün Ramil onun vasitəsi ilə Göyçəyə 2500 manat pul vermiş, Mansir isə özü Göyçəyə 5500 manat pul vermişdir. Lakin yekun olaraq Göyçək verdiyi vədə əməl etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildən etibarən "xxxx" MMC 2 saylı poçt filialında 122 saylı Poçt şöbəsində əməliyyatçı vəzifəsində işləyir. Xidməti fəaliyyəti məktubların indeksləşdirilməsindən ibarətdir. Bu işindən əlavə ona müraciət edən şəxslər üçün ünvanlı sosial yardım ərizələrin yazılması və nazirliyin rəsmi saytına göndərilməsi işi ilə də evdə məşğul olur. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq özü üçün ünvanlı sosial yardım almaq istədiyini bildirmiş və ondan ərizə yazmasını və nazirliyin saytına göndərməsini xahiş etmişdir. O da, Göyçəyə ərizənin yazılmasına və göndərilməsinə kömək etmiş və nəticədə Göyçək ünvanlı sosial yardım almışdır. Bu minvalla Göyçək 3 dəfə ona ərizə yazdırmış və ünvanlı sosial yardım almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və onların əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi zərərçəkmış şəxslərin, şahidlərin ifadələri ilə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirməklə, Təqsirləndirilən şəxsv öz təkrak dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 300 manat pulu qəbul etmişdir. (i.v. 75) 28 sentyabr 2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı da deyərək bir daha təsdiq etmişdir. (i.v. 129-131) “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 142-143) Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 700 manat pulu qəbul etmişdir. (i.v. 145) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tərəfindən 11 aprel 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 202-203) 16 may 2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı da deyərək bir daha təsdiq etmişdir. (i.v. 225-228) İş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanı tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanı tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 4748 nömrəli "xxxx" ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2000 manat Maliyyə Nazirliyi – X1 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarını dövlət büdcəsinə ödəmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsi ilə bağlı cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmiş onlarla barışmış və dövlət büdcəsinə dəymiş ziyanın 25 faizi miqdarında ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 73-1.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4 maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar