Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-250/2022 05.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi X2, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 21 sentyabr 2020-ci il tarixdə kirayədə qaldığı ünvan 2 ünvanında az müddət əvvəl tanış olduğu, ona həmin ünvanda bir otağı kirayə vermiş Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncuya məxsus 7500 manat dəyərində olan «Peugeot 307” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin tarixdə idarə edib günün sonunda qaytaracağına, eləcə də Zərərçəkmiş şəxs məxsus həmin tarixə olan Milli məzənnə ilə 2125 manat təşkil edən 1250 ABŞ dolları dəyərində 1 ədəd “HP Pavilion” markalı noutbuku viruslardan təmizləyərək həmin günün sonunda qaytaracağına dair Zərərçəkmiş şəxs yalan vəd verib inandırmaqla sonuncunu aldadıb həmin avtomobili və noutbuku vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 9625 (doqquz min altı yüz iyirmi beş) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, hazırda fəhləliklə məşğul olur, Binəqədi qəsəbəsi Mərkəz deyilən küçədə heyvan yeminin satışı ilə məşğul olur. Ailəlidir, himayəsində iki azyaşlı övladı var. Əvvəllər o, AR CM-nin 182-ci maddəsi ilə məhkum olunmuşdur. 2020-ci ilin sentyabr ayının əvvəlində o, evdəkilərlə mübahisə etdiyinə görə yaşadığı evi tərk etmişdir və müvəqqəti yaşamaq üçün özünə kirayə ev axtarırmış. 13 sentyabr 2020-ci il tarixdə o, internet səhifələrinin birində evin içərisində kirayə otaq verilməsi barədə elan görmüş və elanda yerləşdirilmiş ***-***-**- ** saylı mobil nömrəyə zəng etmiş, ona cavab vermiş şəxs özünü Murad kimi təqdim etmişdir. O da özünü Uğur Məmmədov kimi təqdim edərək kirayə verilən otaq barədə maraqlandığını bildirmiş və Murad ona ünvanı izah etdikdən sonra o, ünvan 3 Orada o, otağın və evin şəraiti ilə tanış olmuş, Murad ilə razılaşmışdır ki, o 200 manat aylıq kirayə haqqı verməklə həmin otaqda qalacaq. Bundan sonra o həmin evdə 2 gün qalmış, sonra isə ailə məsələləri ilə bağlı 3 gün həmin evə gəlməmişdir. Həmin vaxt ona şəxsi işləri ilə bağlı pul lazım idi və 18 sentyabr 2020-ci il tarixdə o, kirayə qaldığı evə qayıdaraq Muraddan borca 850 manat pul istəyərək 3 günə qaytaracağını demiş və Murad razılaşaraq ona növbəti günün səhər saatlarında həmin pulu ona bankomatdan çıxarıb vermişdir. Həmin vaxt Murad qaldıqları evin açarını da ona vermişdir. 20 sentyabr 2020-ci il tarixdə o Muraddan borca əlavə olaraq 350 manat pul götürmüşdür. Həmin günün axşam saatlarında o Murada bildirmişdir ki, növbəti gün ona mebel taxtası daşımaq üçün avtomobil lazım olacaq və Murada məxsus “Peugeot 307” markalı avtomobilini bir günlük ona verməsini xahiş etmişdir. Sonuncu razılaşaraq ona avtomobilini verəcəyini demiş, o da Murada bildirmişdir ki, işlərini həll etdikdən sonra axşam gəlib sonuncunu iş yerindən götürəcək. Bundan sonra növbəti gün yəni xx.xx.2020-ci il tarixdə səhər saatlarında Murad ona avtomobilin açarını vermişdir. Həmin gün saat 15 radələrində o evdən çıxarkən Murada məxsus 1 ədəd “HP” markalı noutbuku götürmüşdür ki, həm ustaya göstərsin, həm də gün ərzində başını qatsın. Yol getdiyi zaman o Murada zəng edib noutbuku götürdüyünü demiş, Murad isə əvvəlcə etiraz etsə də, o bildirmişdir ki, axşam evə qayıdanda sağ salamat gətirib yerinə qoyacaq. Murad isə etiraz etməmiş və onun noutbuku götürməyinə razı olmuşdur. Bundan sonra o, işlərinə görə Binəqədi qəsəbəsinə getmiş, orada qəsəbənin küçələrində avtomobili idarə edərkən idarəetməni itirərək avtomobilin qabaq hissəsini yolun kənarında olan daş hörüklərinə vurmuşdur. Bundan sonra o, həmin avtomobili yaşadığı evin yaxınlığına aparmış və orada küçədə saxlamışdır. Fikirləşmişdir ki, avomobili təmir etdirdikdən sonra Murada qaytarar. Buna görə də o, Muradın evinə qayıtmamış, sonuncu ilə telefon vasitəsi ilə danışmış və vəziyyəti başa salmışdır. Murad ona inanmayaraq avtomobilini və noutbukunu geri qaytarmağını istəyirmiş, o da avtomobilin şəkillərini çəkərək Muradın telefonuna göndərmiş, hətta avtomobilin yerini də Murada bildirmişdir ki, sonuncu gəlib baxsın. Noutbukun da özündə olduğunu bildirərək narahat olmamasını bildirmişdir. Lakin Murad avtomobili və noutbuku qaytarmadığı təqdirdə ondan şikayət edəcəyini demişdir. Bundan təxminən 20-25 gün sonra o, evdən küçəyə çıxanda görmüşdür ki, avtomobilin bir sıra ehtiyat hissələri yerində yoxdur. Avtomobilin salonuna baxdıqda avtomobilin arxa oturacağın arxa hissəsinə qoyduğu Murada məxsus noutbukun da yerində olmadığını aşkar etmişdir. Bundan əlavə o ifadəsində göstərmişdir ki, həmin vaxt avtomobili vurduğuna görə utandığından Muradla görüşmək istəmirmiş, fikirləşirmiş ki, avtomobili tam təmir etdirdikdən sonra həm avtomobili, həm də noutbukla pul borcunu Murada qaytaracaq. Avtomobilin ehtiyat hissələrinin oğurlanması ilə bağlı isə polisə müraciət etmədiyini, etməməsinə səbəb avtomobilin onun adına olmadığını və sonradan bununla bağlı ona problem yarana biləcəyini bildirmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə onun anası X6 məxsusdur. Lakin həmin nömrədən ona göndərilmiş mesajlar anası yox, yoldaşı tərəfindən yazılmışdır. Həmin mesajlarla onun yoldaşı bildirmək istəyirdi ki, o Zərərçəkmiş şəxs götürdüyü və evin qarşısında saxladığı avtomobili sonuncunun özünə qaytarsın, çünki Murad həmin vaxt ondan polisə şikayət etmişdir. O isə avtomobili təmir edib qaytaracağını demişdir. O, ailəsini dolandırmaq üçün bir neçə dəfə gecə saatlarında həmin avtomobil ilə Binəqədi qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Avtomobilin ehtiyat hissələrinin oğurlandığını aşkar etdikdə təkərlərinin yerində olmadığını görüb fikirləşmişdir ki, yagin təkərlərin hamısı yerindən çıxarılıb, çünki qabaq sağ təkərin yerində olub-olmadığına baxmamışdır. Eləcə də avtomobilin digər ehtiyat hissələrinin, o cümlədən maqnitofonun oğurlandığını da aşkar etmişdir, sadəcə ifadəsində qeyd etmək yadından çıxmışdır. Avtomobilin qabaq sağ işıq cihazı isə avtomobili səkiyə çırpdığı zaman sınmışdır. Avtomobilin qabaq hissəsini təmir etmiş Şaiq adlı şəxsi o əvvəllər tanımamışdır, anket məlumatlarını bilmir. Sonuncunun sadəcə adının Şaiq olduğunu bilir, təxminən 45-55 yaşlarında, arıq bədənli, üzü azacıq saqqallı şəxs olduğunu deyə bilər. Hazırda həmən avtomobil işlək vəziyyətdə olmasada Muradın ailə üzvlərinə qaytarılıb.Muradın rəhmətə getməyi onun üçün çox gözlənilməz olmuşdur.Bir neçə dəfə ailə üzvləri ilə barışmaq istəsədə, onlar qəbul etməyiblər. Bundan əlavə o gələcəkdə vurulan maddi ziyanı ödəməyə söz vermişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin, onun hüquqi varisinin, şahidin ifadələri, ekspert rəyləri, "xxxx" MMC-dən əldə edilmiş diskdə olan anten məlumatları və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən (məhkəmə prosesləri gedən dövrdə vəfat etmiş) Zərərçəkmiş şəxs oğlunun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o 2020-ci ilin sentyabr ayında əvvəllər yaşadığı özünə məxsus olmuş ünvan 4 ünvanında yerləşən 54 saylı mənzili kirayə verilməsi barədə internet səhifələrində elanlar yerləşdirmişdir. 13 sentyabr 2020-ci il tarixdə onun mobil nömrəsinə ***-***-**-** saylı nömrədən zəng gəlmiş və özünü Uğur kimi təqdim etmiş şəxs onun mənzilini kirayə götürmək istədiyini bildirmişdir. O sonuncuya cavab olaraq həmin mənzilin üç otağından birini kirayə verə biləcəyini demişdir. Həmin şəxs onun şərtləri ilə razılaşmış və həmin tarixdə onun mənzilinə gəlmiş, orada onlar razılaşmışlar ki, həmin şəxs aylıq 200 manat ödəniş etməklə onun mənzilində kirayə qalacaq. Həmin şəxs özünü Uğur Məmmədov kimi təqdim edərək əslən Ağdam rayonundan olduğunu və mebel ustası işlədiyini bildirmişdir. Həmin şəxs 2 gün onun mənzilində qaldıqdan sonra 3 gün ərzində mənzilə gəlməmiş, xx.xx.2020-ci il tarixdə mənzilə gələrək 3 gün olmamasına səbəb kimi anasının rəhmətə getdiyini bildirmiş, bununla bağlı həmin müddətdə yas mərasimi ilə məşğul olduğunu demişdir. Həmin vaxt sonuncu ondan borca 850 manat pul istəmiş, 3 günə qaytaracağını bildirmişdir. O da razılaşmış və səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə səhər saatlarından onlar işə getdikləri zaman o, bankomatdan həmin məbləğdə pulu çıxarıb həmin şəxsə vermişdir. Həmin tarixdə o həmin şəxsə etibar edib mənzilin açarını da vermişdir. 20 sentyabr 2020-ci il tarixdə həmin şəxs yenidən ondan borca pul istəmiş və o sonuncuya 350 manat pul vermişdir. Həmin pulu həmin şəxs ona 3 günə qaytarmalı idi. Beləliklə də o, Uğur adlı şəxsə borca ümumilikdə 1200 manat pul vermişdir. 20 sentyabr tarixində axşam saatlarında onlar mənzildə söhbət etdikləri zaman Uğur ona bildirmişdir ki, səhərisi gün sonuncuya mebel taxtalarını daşımaq üçün avtomobil lazım olacaq və ondan 1 günlük idarə etmək üçün avtomobilini istəmişdir. O da razılaşmış və 21 sentyabr 2020-ci il tarixdə səhər 08 radələrində həmin şəxsə özünə məxsus «Peugeot 307” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını vermiş və sonuncu ona bildirmişdir ki, axşam işdən qayıdanda onun avtomobili ilə onu iş yerindən götürəcəkdir. Bundan sonra Uğur onu taksi ilə yola salmış və o, iş yerinə getmişdir. Həmin gün axşam saatlarında o, işdən çıxanda Uğurun gəlmədiyini görmüş və sonuncuya zəng edərək harada olduğunu soruşmuş, sonuncu isə Xəzər rayonu Binə qəsəbəsində tıxacda olduğunu və gec gəlib çatacağını deyərək onun özünün evə getməli olacağını bildirdi. Həmin zaman o əsəbiləşib həmin şəxslə kobud danışmış və sonuncudan dərhal avtomobilini gətirib ona qaytarmasını tələb etmişdir. Sonra Uğur telefonunu söndürmüş və onun mobil nömrəsinə sms mesajlar yazaraq axşam evə gələcəyini, çoxlu miqdarda pulu olduğundan borclarını qaytaracağını bildirmişdir. Bundan əlavə Uğur bildirmişdir ki, ona məxsus “HP Pavilion” markalı noutbuku evdə tapmasa narahat olmasın, həmin noutbuku viruslardan təmizləmək üçün özü götürdüyünü və hazırda sonuncunun özündə olduğunu bildirdi. Bundan sonra o yaşadığı evə gəlib Uğuru gözləmiş, lakin həmin gecə Uğur evə gəlməmiş və telefonunu da söndürmüşdür. 22 sentyabr 2020-ci il tarixdə o, Uğura zəng etmiş və danışıq zamanı sonuncu ona demişdir ki, evə gəlməməsinin səbəbi kimi avtomobilinin qəzaya düşməsini bildirmiş, avtomobilin ustada olduğunu və düzəldikdən sonra gətirib ona təhvil verəcəyini demişdir. Sonra Uğur onun avtomobilinin şəkilini də göndərmişdir ki, o sonuncunun sözlərinə inansın. Şəkildən görmüşdür ki, avtomobilinin ön bufer hissəsi yerində yox idi. O həmin şəxsə bildirmişdir ki, ona məxsus avtomobili və noutbuku gətirib ona qaytarsın, avtomobilini özü təmir etdirəcək. Həmin şəxs isə avtomobili təmir etmək üçün artıq Biləcəri qəsəbəsində yerləşən “Məmmədoğulları” servisində işləyən tanış ustaya verdiyini bildirmiş, o da sonuncudan avtomobilin həmin servisdə hansı ustada olduğunu soruşmuş, lakin həmin şəxs heç bir məlumat verməyərək həmin məsələni özünün həll edəcəyini dedi. O, gedib həmin servisdə avtomobili ilə maraqlanmış və orada ona bildirmişlər ki, ona məxsus «Peugeot 307” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin servisə ümumiyyətlə gətirilməmişdir. Bundan sonra o, Uğurla danışıb avtomobilinin harada olduğunu və nə vaxt ona qaytaracağını soruşmuş, sonuncu isə yalandan demişdir ki, guya 1-2 günə gətirib avtomobili ona verəcəkdir, lakin həmin müddətdə də gətirməmişdir. Telefon danışığı zamanı o, sonuncunun hərəkətlərindən polisə şikayət edəcəyini bildirdikdə Uğur ona hədə-qorxu gələrək şikayət edəcəyi halda onu gəlib öldürəcəyini demişdir. Bundan sonra o daha sonuncu ilə əlaqə saxlamamış və polisə müraciət etmək qərarına gəlmişdir. Bundan bir neçə gün sonra sonuncu ona zəng edərək ötən gün dediyi sözlərinə görə üzr istəmiş, həmin vaxt nə danışdığını bilmədiyini bildirmiş və ondan şikayət etməməyini xahiş edərək avtomobilini, noutbukunu və pulunu yaxın zamanda gətirib qaytaracağını demişdir. Lakin bundan sonra xeyli müddətdə keçsə də, həmin şəxs ona heç nə qaytarmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs qeyd etmişdir ki, ona məxsus 1 ədəd “HP Pavilion” markalı noutbukun qiyməti 1250 ABŞ dolları, «Peugeot 307” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti isə 7500 manat təşkil edirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hüquqi varisi qismində dindirilmiş X5 mərhum qardaşının ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsini təsdiq edərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Verilən sualları cavablandıran zərərçəkmiş şəxsin hüquqi varisi A.A.Seyidbalayeva bildirmişdir ki, mərhum qardaşına məxsus «Peugeot 307” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq dövründə onlara qaytarılmasına baxmayaraq, avtomobil yararsız vəziyyətdə olmuşdur. Odur ki, o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, belə ki, onlar 2014-cü ildə ailə həyatı qurmuşlar və nigahlarından iki azyaşlı övladları var. 2020-ci ilin sentyabr ayının ortalarında Elsevər ilə onun ailə-məişət zəminində mübahisələri olmuşdur və həmin vaxt Elsevər müvəqqəti olaraq yaşadıqalrı evdən çıxıb getmişdir və bir neçə gün Yasamal rayonunda kirayədə yaşamışdır. Bir neçə gün sonra Elsevər yaşadığı evə qayıtmış, həmin vaxt sonuncu “Peugeot” markalı avtomobil ilə gəlmişdir və avtomobili evin qarşısında saxlamışdır. O Elsevərdən həmin avtomobilin kimə məxsus olduğunu soruşduqda sonuncu bildirmişdir ki, avtomobil onun dostunundur, sonuncu ona avtomobili müvəqqəti sürmək üçün vermişdir. Elsevər arada bir gecələr Binəqədi qəsəbəsi ərazisində həmin avtomobildən taksi kimi istifadə edirmiş. Bir müddət sonra ona məlum olmuşdur ki, Elsevər avtomobili qaytarmadığından dostu şikayət etmişdir və buna görə də, polis Elsevəri axtarırmış. Lakin o bunu Elsevərə bildirməsinə baxmayaraq sonuncu avtomobili özündə saxlayırmış. Sonradan ona məlum olmuşdur ki, Elsevər barəsində Yasamal polis idarəsində cinayət işi başlanıb və həmin avtomobil polis tərəfindən onun evinin qarşısından maddi sübut qismində götürülmüşdür. Əlavə olaraq Şahid qeyd etmişdir ki, həmin vaxt Elsevərdə noutbuk görməmişdir. ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs anası Atlas Məmmədovaya məxsusdur, lakin qeyd edilən nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə mesajları o yazmışdır. Həmin mesajlarla o Elsevərə bildirmək istəyirmiş ki, sonuncu dostundan götürdüyü və evin qarşısında saxladığı avtomobili dostuna qaytarsın, çünki Elsevərə görə polislər evə zəng edib sonuncudan şikayət olduğunu və avtomobilin harada olduğunu soruşmuşlar. Elsevər bir neçə il əvvəl həbs olunmuşdur və o, sonuncunun təzədən tutulacağından narahat idi. Cinayət işinin materiallarında olan 03 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 05 sentyabr 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2021-ci il tarixli 8/2801 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Peugeot 307” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq bamperdə, qabaq sağ farada, qabaq nömrə nişanında) olan zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontaktda olması, dəyməsi, o cümlədən maneyəyə dəyməsi nəticəsində yaranması mümkündür. Təqdim edilmiş «Peugeot 307” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinin bəzi yerində təmir işləri aparılmışdır. Bu səbəbdən də əvvəl olmuş zədələrin yaranma mexanizmini müəyyən etmək mümkün deyildir. Müvafiq elmi metodika olmadığından avtomobilin üzərində olan zədələrin yaranma müddətini müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 100 (bir yüz) manat təşkil etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli 9/6808 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “X10 Servis” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, 2004-cü il buraxılışlı “Peugeot 307 minik” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3359,00 müəyyən edilir. Cinayət işinin materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 50 (əlli) manat təşkil etmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus «Peugeot 307” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün özünə qaytarılması nəzərə alınmış, istintaq zamanı "xxxx" MMC-dən əldə edilmiş anten məlumatları əks etdirən 01 ədəd disk xx.xx.2022-ci il tarixli qərarla iş üzrə maddi sübut qismində tanınmaqla cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və onun olduğu yer müəyyən edilib məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş üzrə icraatın təzələnməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı həmin tarixdə təzələnmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə üzərində 02 il 06 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmaqla barəsində şərti məhkumetmə tətbiq edilmiş və ona 1 il sınaq müddəti təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə həmin cəzanın müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüldü Məmmədova Atlas və xx.xx.2016-cı il təvəllüdlü Məmmədova Rüqəyya adlı 2 övladı vardır. Cinayət işinin materiallarında olan və "xxxx" MMC-dən əldə edilmiş diskdə olan anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin istifadə edildiyi mobil telefon aparatı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək müddət ərzində mütəmadi olaraq “Bakı şəhəri Binəqədi qəsəbəsi 3-cü mədən” ərazisini əhatə edən anten dairəsi altında olmuşdur. Həmin mobil nömrəyə daxil olmuş sms mətnlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 21:04-də Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən həmin mobil nömrəyə “Uğur səni and verirəm ananın atanın qəbrinə mənim ürəyimi partlatma yerini de hardasan? Allahını sevirsənsə aç telefonu danış mənimlə yoxsa ürəyim partlayacaq” mətnli mesaj göndərilmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə saat 07:29-da ***-***-**-** saylı mobil nömrədən həmin mobil nömrəyə “Sən neynirsən o poxu niyə hələ də verməmisən sən necə adamsan gərək bir də pox qaynadasan bəsdir də adam ol da zibili soğanı ver bugün polis də evə yığmışdır get indi ver maşını yiyəsinə qayıt” mətnli mesaj göndərilmişdir. Həmin tarixdə saat 18:04-də ***-***-**-** saylı mobil nömrədən həmin mobil nömrəyə “Bu gün mütləq o maşını ver sürmə rədd elə sən Allah ömrüm mənim başıma iş açma yenə” mətnli mesaj göndərilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə zərəçəkmiş şəxsin, onun hüququ varisinin, şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, "xxxx" MMC-dən əldə edilmiş diskdə olan anten məlumatları və digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Onun ifadəsində qeyd etdiyi xüsusatlar həqiqəti əks etdirmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun 03 sentyabr 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək, yəni 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 14 oktyabr 2022-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Peugeot 307” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün mərhum Zərərçəkmiş şəxs qaytarıldığından onun ailə üzvlərinin istifadəsinə verilmiş hesab edilməli, digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1ə və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1ə ibtidai istintaq dövründə iştirak etdiyi 65 saata görə 390 (üç yüz doxsan) manat, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi A.A.Seyidbalayevaya hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X8 03 sentyabr 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 oktyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış «Peugeot 307” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün mərhum Zərərçəkmiş şəxs qaytarıldığından onun ailə üzvlərinin istifadəsinə verilmiş hesab edilsin. Digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq dövründə iştirak etdiyi 65 saata görə 390 (üç yüz doxsan) manat, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» və Bakı şəhəri 26 saylı Vəkil Bürolarının hesablarına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-250/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-250/2022
05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver